KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Prezident son nöqtəni qoydu: Bu məsələni sülh müqaviləsinə daxil etsək…

Turan Rzayev: Prezident son nöqtəni qoydu: Bu məsələni sülh müqaviləsinə daxil etsək…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
79 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Lokal xarakterli antiterror tədbirlərindən sonra Prezidentin belə bir müsahibə verməsi gözlənilirdi.
Müsahibə zamanı verilən sualları cavablayan ölkə başçısı bir çox məqama aydınlıq gətirib. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən danışan Prezident deyib ki, “Əsas məsələ odur ki, mən hesab edirəm, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ona görə mətn üzrə işlər fəal getməlidir”.
Aydın məsələdir ki, hazırda danışıqlar masasında konkret bir sülh sənədi var və bu sənədin bir çox maddəsi ilə bağlı razılıq əldə edilib. Bununla belə, fikir ayrılığı yaşanan və uzlaşmanın əldə edilmədiyi maddələr də var. Prezidentin vurğuladığı “mətn üzrə işlər fəal getməlidir” nüansı da əslində bununla bağlıdır. Yəni tərəflərin razılıq əldə edə bilmədiyi maddələr ətrafında gedən danışıqlar prosesi ləngiyir. Prosesin ləngiməsi isə rəsmi Bakının maraqlarına uyğun deyil.
Ölkə başçısının qeyd etdiyi “Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır” məqamı da diqqət çəkir.
Hazırda sülh müqaviləsinin imzalanması istiqamətində ciddi bir siyasi yarış gedir. Aİ, ABŞ, Rusiya hər biri sülhün öz platformasında imzalanmasını istəyir. Ermənistan da bunu əsas gətirərək “sülh müqaviləsinin zəmanətçiləri olsun” deyir. Lakin Ermənistanın bu təklifi həm də prosesi uzada bilər.
Məsələ ondadır ki, Azərbaycan Ermənistanla ikitərəfli danışıqlarda maraqlıdır. Bu həm etimad mühitinin yaranması, həm də böyük güclərin sülh müqaviləsi bəhanəsi ilə prosesi ləngitmək və regiona müdaxilə imkanlarını bloklamaq baxımından vacibdir. Prezidentin dediyi kimi, “Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik, ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.
Rəsmi Bakı indiki məqamda Ermənistan-Azərbaycan münasibətlərinin geosiyasi mövzuya çevrilməsini istəmir. Buna görə də sülh danışıqlarının vasitəçilər olmadan, iki ölkə arasında imzalanmasını dəstəkləyir. İki ölkə razılığa gəlməsə, danışıqlar dayandırıla bilər.
Prezident İlham Əliyev sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələyə də aydınlıq gətirib. Belə ki, ölkə başçısı deyib ki, “Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər, ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, bizim dost və qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb”.
Prezidentin qeyd etdiyi bu məqam aktualdır. Delimitasiya və demarkasiya həqiqətən də uzun və qəliz bir prosesdir. Bunun bir gündə həll edilməsi o qədər də inandırıcı deyil. Sözügedən məsələnin zamana buraxılması iki ölkə arasında sülh müqaviləsinin imzalanıb, diplomatik siyasi münasibətlərin qurulması fonunda daha intesiv həll edilməsi mümkündür. Əgər sülh müqaviləsi və delimitasiya-demarkasiya prosesi arasında paralellik olsa, proses uzana bilər.
Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir