KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. NOVRUZ MÜXTƏLIF COĞRAFIYADA YAŞAYAN INSANLARI RUHI, EMOSIONAL VƏ PSIXOLOJI BIRLƏŞDIRƏN BAYRAMDIR

NOVRUZ MÜXTƏLIF COĞRAFIYADA YAŞAYAN INSANLARI RUHI, EMOSIONAL VƏ PSIXOLOJI BIRLƏŞDIRƏN BAYRAMDIR

Gülnara İnanç Gülnara İnanç - - 10 dk okuma süresi
314 0

Min illərlə tarixə malik ən qədim bayramlardan biri olan Novruzun yarandığı məkandan daha geniş bir coğrafiyaya yayılaraq müxtəlif din və etnik kimlik daşıyıcılarının sevimli bayramına çevrilməsi insanı onun Yaradanı ilə birləşdirən ruhu və yaradılışla – torpaq, su, hava, alov, insan və canlı aləm ilə bağlıdır. Bu amillər isə dinindən və milli mənsubiyyətindən asılı olmayaraq insanları birləşdirən şərtlərdir.
2010 cu il fevralın 23-də Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyənin təşəbbüsü ilə BMT -nin Baş Assambleyası 21 mart gününü Beynəlxalq Novruz günü kimi qəbul etdi. Lakin Novruz kürdlərin yaşadığı bölgələrdə ,Rusiyanın cənubunda da qeyd olunur. Rusiyanın cənubunda bu bayramı yalnız orada yaşayan Azərbaycan türkləri deyil, bölgənin digər xalqları da qeyd edir. Ləzgilərdə 21 mart Yaran Suvar (Günəş bayramı) kimi qeyd olunur. Gürcüstanda Azərbaycan türklərinin sıx yaşadığı bölgələrdə Novruz bayramı qeyd olunduğu üçün dövlət rəsmiləri təbrik üçün həmin məntəqələrə gəlir.

Digər bir faktı da qeyd edək ki, kürdlər Novruzu yeni ilin gəlişi şərəfinə deyil, dəmirçi Gavənin əcdahanı öldürərək kürd xalqını azadlığa çıxarması kimi qeyd edirlər. Rəvayətə görə, Gavə günəşin doğması ilə dağda tonqal qalayıb xalqa əcdahanı öldürdüyünü xəbər verib. Beləliklə, Novruzu kürd xalqının azadlıq simvoluna çevirib.

Əfqanıstanda Novruz gecəsi dağlarda tonqal qalayıb günün doğuşunu gözləyir və bir səslə “Qoduxan” mahnısını oxuyurlar. 1

Bundan əlavə, Novruz bayramı dövlət bayramı səviyyəsində qeyd olunduğundan bu ölkələrdə yaşayan digər xalqlar da şənlikdən emosional payını alır. Azərbaycanda yaşayan xalqlar isə dini və etnik mənsubiyyətindən asılı olmayaraq öz bayramları ilə yanaşı Novruz bayramını sevir və qeyd edir.

Bayramlar və ayinlər insanın ən ibtidai şüuru və alt şüurunda formalaşdığı üçün fərdləri toplumda , toplumları cəmiyyətlərdə, cəmiytətləri isə xalqlarda birləşdirir. Bayramların emosinal ahəngini hiss etmək üçün əsrlər tələb olunur. Bədən şüurundan qidalanan emosiyalar isə birləşdirici amillərə əsaslanır.

Zərdüştilik dövründə yaranan Novruz bayramını qeyd edən bütün xalqlarda birləşdirici amillərdən biri yenidən doğuluşdur-Günəşin doğuluşu. Novruz bayramının adı onu qutlayan xalqlarda bəzi hallarda dəyişsə də köhnənin dağılıb yeninin doğulması kimi mahiyyəti qalır. Islamın Yaxın Şərq və Asiyada yayılmasından sonra belə Novruz yaşamaqda davam etdi və İslami dəyərlərlə daha da zənginləşdi. Maraqlı bir faktı qeyd edək ki, İran İslam Respublikası olandan sonra belə yeni il günəş təqvimi ilə müəyyənləşir. İranda ruhanilər ara-sıra Novruzu İslama yad bayram kimi qadağan etməyə çağırışlar etsələr də, nəticəsiz olur.
Kainatın mövcudıuğu yeni günün aparıcı simvollarından biri olan Günəşdən asılıdır. Elə bu səbəbdən də ən ibtidai inanclarda, daha sonra isə Zərdüştilikdə Günəş həyat mənbəyi, arilik və həyatın davamı simvoludur. Hər günəş batanda Köhnə bitir, hər günəş doğanda Yeni başlayır. Bu proses kainat durduqca vardır.
Zərdüşt on il tənhalıqda qaldığı mağaradan çıxıb üzünü ona (günəşə) tutub dedi: “Ey həşəmətli bürc, əgər nurlandırmalı bir şey olmasa, sənin nə dəyərin olardı? Düz on il sərasər bu ənginlikdəki mağaradan işığını əsirgəmədin. Mən olmasaydım, mənim qartalım, ilanım olmasaydı, bu yol səni bezdirərdi. Amma biz hər səhər sənin pişvazına çıxır, səni salamlayırıq. Kim bilir, bəlkə sənin yorğunluğunu çıxarırmışıq. 2.
Maraqlıdır ki, Quranda da ayrıca Şəms surəsi var. 1. And olsun günəşə və onun şüasının vüsətinə,2. And olsun (günəşin) ardınca çıxmaqda olan aya. 3. And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.
Novruz bayramı əsasən irandilli və türkdilli xalqlar, o cümlədən onlarla yanaşı yaşayan Dağıstan xalqlarının da bayramına çevrilib. Rusıyanın Başkortostan, Tatarstan cümhuriyyətlərində də Novruz qeyd olunur. Maraqlıdır ki, ərəblər Novruzu qeyd etmirlər.
Tenqriçi olan türklərin zamanla Novruzun emosional havasına qoşulmasında da təbiət amillərinin, o cümlədən Günəşin yaradıçı-mistik rolunu qeyd etmək lazımdır. Yaşadığımız zaman silsilələrdən ibarətdir. Zaman dövrə, dövr vaxta, vaxt aya, günə, saata, dəqiqə və saniyəyə çevrilir. Təbiətlə sıx bağlı olan köçəri türklər zamanı cilovlamaq ustası kimi vaxt silsiləsinin girovunda olduqlarını anladıqlarından Kainatı Tenqri seçmişdilər. Kainat isə martın 21-də yenidən doğulur. Novruz bayramı türk çöllərinə gələndə çılğın tenqriçilər bunda bir aram gördülər – inanca görə günəş təqvimi ilə yeni il təhvil olanda bütün təbiət bir neçə anlıq durur. Bundan sonra isə yeni Gün-yeni çılğınlıq doğulur.
Tenqriçilikdə alov, su, torpaq, hava elementlərinə xüsusi hörmətlə dualar edir, amma bütün təbiəti yaradan Tenqriyə isə səcdə edirdilər. Günəş isə Tenqrinin köməkçisi kimi yad edilir. 3.
Zərdüştilik və tenqriçilikdə movcud olan təbiətə bağlılıq Novruzun bu qədər geniş coğrafiyada yayılmasına , onun ilkin adətlərini saxlamaqla hər xalqın özünə məxsus adətlərlə daha da zənginləşməsinə səbəb oldu.

Novruzun İrandan dünyaya yayılması və belə dərin kök salmasının başlıca səbəblərindən kimi Yaradana məxsus olan paylaşmaq istəyidir – Günəş də, torpaq da, hava da, su da, bütün canlılar da öz nemətlərini paylaşır. Bu proseslərin axarında isə insan dayanır. Əgər yenilənmə prosesini dərk edən İnsan olmasa Yeni Gün-Novruz yalnız növbəti gün olaraq qalır.
Zərdüşt üzünü ona (günəşə) tutub dedi: “Bax, indi də mən öz müdrikliyimdən bezmişəm. Bu saat mənim qədərindən artıq bal yığan arılara bənzərim var. Mənə açılan əllərə ehtiyac duyur, sərvətimi bölüşdürmək istəyirəm.Biliklərimi ta o vaxtacan bölüşdürmək istəyirəm ki, adamlar arasında bütün fərqlər silinsin, bütün sədlər uçulub dağılsın.”4.
Novruz bayramı günü paylaşmaq ənənəsi-sevincini, süfrəni, arzularını…
İnsan ruh və bədəndən ibarətdir. Novruz ruhun və bədənin – maddi və ruhani dünyanın təmizlənməsi və təzələnməsidir. Novruz ərəfəsində bədəni, evimizi təmizləyir, yeni paltarlar geyinir, ağız dadımızı xoş edən yeməklər bişirir, ruhumuzu təmizləmək üçün isə dua edir, ürəyimizdə arzular tutur ,tonqalın üzərindən atılırıq.
Novruzun başqa bir aparıcı simvolu olan Tonqal-Alov da yenilənmək rəmzidir. Alov pislikləri yandırır və eyni zamanda ocağı isidir. Alov bərəkətdir, Simurq quşu kimi yenidən doğuluşdur. Atəş Simurqun özüdür-yanıb kül olub yenidən doğulan Simurq əbədilik, canatma, diriliş simgəsidir.
Qoca Zərdüştü görcək dedi: “Bu adam mənə tanış gəlir-neçə il əvvəl burdan keçib. Adı Zərdüştdür,amma çox dəyişib. O vaxt dağlara külü gedirdi, indi atəşiylə dərələri yandırmaqmı istəyir?5

Mənbələr:
1.Афганистан.Ру | Навруз — праздник весны (afghanistan.ru)
2..Fridrix Nitsşe “Zərdüşt belə deyirdi” ,Bakı, Qanun Nəşriyyatı, 2013
3.Тенгрианство – древняя религия тюрков | Древняя этническая культура Казахстана (wordpress.com)
4.Fridrix Nitsşe “Zərdüşt belə deyirdi” ,Bakı, Qanun Nəşriyyatı, 2013
5. Fridrix Nitsşe “Zərdüşt belə deyirdi” ,Bakı, Qanun Nəşriyyatı, 2013

Gülnara İnanc
, “Etnoqlobus” Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru, ekspert

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir