Ermənistan sərhədlərin demarkasiyası prosesi ilə əlaqədar yaranmış mübahisədən istifadə edərək Azərbaycana qarşı növbəti dəfə ərazi iddiası irəli sürməyə çalışır.
Baş nazir Nikol Paşinyan Azərbaycan ərazisində Sovet Ermənistanına məxsusus ərazilərin olduğunu bildirib və həmin torpaqların geri qaytarılması şərtini irəli sürüb.
“Ermənistanın nəzarəti altında vaxtilə Sovet Azərbaycanın tərkibində olan ərazilər var və indi də Azərbaycanın tərkibində olan Sovet Ermənistanının əraziləri var.
Bu məsələlər üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır” – Paşinyan parlamentdə çıxışı zamanı belə deyib.
Siyasi ekspertlərin rəyinə görə, Nikol Paşinyan Azərbaycanda Ermənistana məxsusu ərazilər ifadəsini işlədərkən Gədəbəy rayonunun Başkənd kəndini nəzərdə tutur. Rəsmi İrəvanın Qazax rayonunun işğal altında olan 7 kəndini və Sədərək rayonunun 1990-cı ilin yanvar ayında işğal edilmiş Kərki kəndini Azərbaycana qaytarılması müqabilində Başkəndin Ermənistana verilməsini təklif etdiyinə dair məlumatlar yayılıb.
Qeyd edək ki, Gədəbəy rayonunun Başkənd kəndi Sovet hakimiyyəti illərində Ermənistanın SSR-in Azərbaycanda yeganə anklav ərazisi olub. Amma fərq ondadır ki, bu kəndin ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Başkənd Ermənistan SSR-in tərkibinə inzibati ərazi vahidi kimi 1920-ci ildə daxil edilib. 1978-ci il yanvarın 25-də isə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə kəndin adını dəyişdirilərək Arsvaşen (Qartalkənd) qoyulub.
Beləliklə, ermənilər Başkəndi tamamilə erməniləşdirməyə cəhd göstərib. Birinci Qarabağ müharibəsi başladıqdan sonra ermənilər Başkənddən Gədəbəy və Tovuz rayonlarının kəndlərini atəşə tutur, strateji əhəmiyyətə malik bu mövqedən hücuma keçərək Azərbaycanın qərb bölgəsini işğal etməyə cəhd göstərirdi. Hətta 1991-ci il yanvarın 31-də erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 nəfər azərbaycanlını qətlə yetirmişdi. 1992-ci ildə Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində Başkənd düşməndən azad edilib.
Lakin Ermənistan yenidən Başkəndə iddialı görünür. Ermənistanın siyasi dairələrində sərhədlərin demarkasyası ilə bağlı Baş nazir Paşinyanın yeni sənəd imzalamağa hazırlaşdığı bildirilir. Məsələyə münasibət bildirən Paşinyan həmin sənədin detallarını açılqmasa da, Ermənistan üçün əlverişli məqamların olduğunu deyib.
O, həmin təkliflərin nədən ibarət olduğunu açıqlamasa da, Başkənd məsələsinin sənəddə yer aldığı ehtimal edilir. Doğrudur, nə Ermənistan rəhbərliyi, nə də Azərbaycan tərəfi Başkəndə İrəvanın iddiası ilə bağlı rəsmi açıqlama verməyib. Ancaq bu məsələnin qapalı danışıqlarda Ermənistan tərəfindən səsləndirildiyi istisna olunmur.
Azərbaycanın Başkəndi Ermənistana qaytaracağı inandırıcı hesab edilmir. İlk növbədə, həmin ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Digər tərəfdən, Ermənistanı susdurmaq üçün Azərbaycanın əlində kifayət qədər arqumentlər var. Belə ki, rəsmi Bakı Başkəndin müqabilində SSRİ dövründə Ermənistana verilmiş bir çox Azərbaycan torpaqlarının qaytarılması şərtini irəli sürə bilər. Bu halda Paşinyan hökuməti daha çox ərazi itirməmək üçün Başkənd iddiasından imtina edə bilər.
Azərbaycanın tələb edəcəyi ərazilərdən biri Gədəbəy rayonunun Tağlar kəndidir. Tağlar kəndi 1969-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının qərarına uyğun olaraq Ermənistan SSR-nin tərkibinə verilib. 1969-cu ilin noyabr ayının 17-də imzalanmış 3 bənddən ibarət razılaşma əsasında Azərbaycan KP MK, Ermənistan KP MK və SSRİ Kənd Təsərrüfatı Nazirliyi Sov.İKP MK katibliyinin qərarına uyğun meydana çıxmış əlavə halları nəzərə alaraq, Tağlar kəndinin Ermənistana verilməsini qərara alır.
Həmin sənəddə qeyd edilir ki, Azərbaycan SSR Gədəbəy rayonunun Tağlar kəndinin gələcək inkişafının olmadığını nəzərə alaraq, iki il ərzində həmin kəndin sakinlərinin Azərbaycan SSR Gədəbəy rayonun digər yaşayış məntəqəsinə köçürülməsinin məqsədəuyğunluğu qəbul edilsin.
Gələcək insidentlərin aradan qaldırılması üçün respublika sərhədi yaxınlığında inşa edilmiş Ermənistan SSR Şəmşəddil rayonu Ayqedzor kolxozunun mal-qara ağılı Tağlar kəndi köçürüləndən sonra hazırda onun sakinlərinin istifadə etdiyi meşə sahəsinə köçürülsün.
Bundan sonra Tağlar kəndinin əhalisinin zorla öz evlərindən çıxarılmasına başlanılır. Ermənilər yerli sakinlərə qarşı hücuma keçir. Kənd əhalisi arasında qətlə yetirlənlər və xəsarət alanlar olur. Sağ qalanlar öz evlərini məcburi tərk edib Tovuz, Gədəbəy rayonlarına və Bakı şəhərinə üz köçür. Hazırda Tağlar kənd sakinlərinin bir qismi Tovuz rayonunda, bəziləri isə Bakı şəhərinin Ramana qəsəbəsində məskunlaşıb.
2017-ci ildə AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyevin Ermənistan SSR Ali Sovetinin sədr müavini Həbib Həsənova istinadən yazdığına görə, 1969-cu ildə Azərbaycan SSR Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev Ermənistanın ərazi iddiasının qarşısını alıb. “Heydər Əliyev 1969-cu il avqust plenumunda respublika rəhbərlərinin 1968-ci ildə Ermənistan rəhbərləri ilə torpaq məsələsi üzrə bir neçə dəfə görüşdüyünü və Azərbaycan ərazisindən Ermənistana torpaq verilməsi haqqında protokol imzalanmasını qeyd etmişdi. Həmin protokola görə ermənilər Naxçıvanın Ermənistanla sərhəddində indiki Sədərək rayonunun ərazisindəki torpaqların bir hissəsinə, Ordubad tərəfdən Mehri ilə sərhəddə olan torpaqlara, Gədəbəy rayonundakı Tağlar kəndinə, Qazax, Qubadlı və Laçın rayonlarının bir hissəsinə iddia edirdilər. Təəssüf ki, Azərbaycanın ovaxtkı rəhbərləri bununla razılaşmışdılar.
Heydər Əliyev o hadisəni belə xatırlayır: “İndi mən o günləri xatırlayıram. Bir neçə gün idi ki, işləyirdim, bu məsələləri gətirib qarşıma çıxardılar. Moskvadan da çox böyük təzyiq edirdilər ki, qərar qəbul olunub, tez edin, icrasına sərəncam verin. Dedim, bilirsiniz, bu qərar mayda qəbul olunub, əgər iyul ayına qədər icra edilməyibsə, imkan verin mən onu bir araşdırım. Şübhəsiz ki, mən araşdırandan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Mən razılıq vermədim. Nə qədər ki, mən Azərbaycanda işlədim, o qərar həyata keçmədi”.
Buna baxmayaraq görünür, SSRİ rəhbərliyi Tağlar kəndinin Azərbaycandan alınıb Ermənistana verilməsinə nail olunub. Çünki Tağlar kənidinin Ermənistana verilməsinə dair 1969-cu il mayın 7-də qərar qəbul olunmuşdu.
Gədəbəyin sabiq millət vəkili Nazim Baydəmirli Cebhe.info-ya açıqlamasında bildirib ki, SSRİ dönəmində Başkənd və Tağlar kəndləri məcburi şəkildə Ermənistana verilib:
“Yəni Başkənddə ermənilər yaşasa da, ora tarixən Azərbaycana məxsus olub. Bu proses Moskvanın qərarı ilə kolxozların arasındakı münasibətləri tənzimləmək üçün, yaylaq, otlaq və örüş sahələrini tənzimlənməsi adı altında həyata keçirilib.
SSRİ zamanı Azərbaycan və Ermənistan arasında sərhədlər formal xarakter daşıyırdı. Ona görə də indi sərhədlərin müəyyənləşməsində hansı dövrün xəritəsindən istifadə edilməsindən çox şey asılıdır. Əgər 1920-ci illərin xəritəsi əsas götürülsə, o halda Ermənistanın çox hissəsi Azərbaycana qaytarılmalıdır. Ancaq ermənilər Ermənistanla Azərbaycan arasında 1991-1992-ci ilə aid inzibati sərhəddə istinad edir. Həmin dövrdə Gədəbəyin Şınıx bölgəsində yaşayan əhali Ermənistanın işğalçılıq siyasətindən çox əziyyət çəkib. Çox şükürlər olsun ki, Azərbaycan milli ordusu erməni daşnaklarının qəsb etdiyi, qədim torpaqlarımız olan Başkəndi özümüzə qaytarıb.
Mənim ailəmdən də bir neçə nəfər şəhid olub. Başkənd uğrunda döyüşlərdə Milli Qəhrəmanımız, böyük xidmətlər göstərmiş şəxslərimiz var. Həmin insanların qanı bahasına Başkənd azad edilib. Ermənilər 1992-ci ildə Şınıxın Mutudərə və Qasımağalı kəndlərini yandırmışdılar. Yerli əhali Başkənddən keçə bilmirdi. Onlar təhqir olur, qətlə yetirlirdilər. Başkənd Azərbaycanın daxilinə anklav kimi salınmışdı. Hesab edirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, ərazi mübadiləsi aparıla bilər. Amma bu o demək deyil ki, ermənilər Başkəndə qayıda bilər və yenidən Gədəbəyin ərazisində anklav kimi yaşaya bilər. Çünki Başkənd Dağlıq Qarabağın kiçik ərazi modeli kimidir.
Hər tərəfdə azərbaycanlılar, ortada ermənilər yaşayır. Ona görə də ermənilər istəsə də, oraya gəlməz. Ona görə də bu məsələni gündəmə gətirmək Azərbaycanın ağrılı yerinə toxunmaq və Rusiyanın əli ilə Azərbaycanı çətin vəziyyətə salmaq məqsədi daşıyır. Kərki kəndi Ermənistanın daxilində esklav olduğuna görə, bəlkə də ərazi mübadiləsi aparmaq olar. Qazax rayonunun kəndləri isə sərhəddə yaxın və bitişik olduğuna görə Azərbaycana birləşdirilməlidir. Ancaq Başkəndi Ermənistana vermək mümkün deyil. Mən hesab edirəm ki, Azərbaycanla Ermənistanın sərhədləri tam ayrılsın və ölkəmizin ərazi bütövlüyü tam təmin olunsun. Eyni zamanda, Ermənistan tərəfi Azərbaycana vurduğu maddi ziyanı ödəsin. Ermənistanla sülh müqaviləsi o zaman baş tutacaq ki, işğalçı tərəf törətdiyi bütün cinayətlərinə görə cavabdehlik daşısınlar”.
Nazim Baydəmirli qeyd etdi ki, Ermənistanın Başkəndə iddiasına qarşılıq olaraq Azərbaycan tərəfi Gədəbəyin Tağlar kəndinin geri qaytarılmasını tələb edə bilər:
“Əgər söhbət Sovet dövrünün xəritələri əsasında sərhədlərin bərpasından gedirsə, o zaman Ermənistan Tağlar kəndini geri qaytarmalıdır. Bu zaman Ermənistan Başkəndə iddiasından imtina etməli olacaq. Məhz söhbət SSRİ-nin süqutundan sonrakı xəritələrdən gedirsə, Ermənistan Azərbaycandan güzəşt əldə etməyə çalışır. Məndə olan məlumata görə, sərhədlərin demarkasiyası ilə bağlı SSRİ hərbçilərinin çəkdiyi xəritələrdən istifadə olunur. Ancaq Azərbaycan Ermənistanın qarşısında digər ərazilərin, o cümlədən Tağlar kəndinin qaytarılması məsələsini qaldıra bilər. Sovet dövründə vahid bir dövlətin tərkibində olmuşuq. Postsovet dövründə isə iki müstəqil dövlət kimi münaqişə yaşamışıq. Bu münaqişə ağrısız ötüşməyib.
Ermənistan SSRİ-dən ayrıldıqları vaxt olan məsləni indi yenidən gündəmə gətirmək etik, dini, mənəvi baxımdan düzgün deyil. Yəni onların buna mənəvi haqqı çatmır. Ermənilərin SSRİ-nin süqutu zamanı mövcud olan xəritə əsasında sərhədləri müəyyən etməyə mənəvi hüququ yoxdur. Çünki onlar bizim kəndlərimizi yandırıb, əhalimizi qətlə yetiriblər. Ermənistanın Başkənd məsələsini gündəmə gətirməsi əhalini qıcıqlandırmaq məqsədi daşıyır. Buinlar doğru deyil və onlar hansızdırlar”.
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlının sözlərinə görə, Azərbaycanın işğal altındakı kəndlərinin qaytarılması məsələsi Ermənistanın siyasi dairələrində müzakirə olunur:
“Hətta Ermənistanda Qazax rayonunun yeddi kəndini və Sədərək rayonunun Kərki kəndini Azərbaycana qaytarmaq istədiyinə görə Paşinyanı tənqid edirlər. Başkənd SSRİ ərazisində Ermənistanın inzibati ərazisinə daxil olduğuna görə onlar bu məsələni qaldıracaq. Ancaq Başkəndin Ermənistana verilməsi o bölgədə strateji vəziyyəti Azərbaycanın əleyhinə dəyişə bilər. Çünki Şınıx bölgəsinin orta hissəsində anklav kimi yerləşir.
Əgər Ermənistan Başkənd məsələsini qaldırsa, Azərbaycan da Zəngilan rayonunun Nüvədi kəndinin qaytarılmasını tələb edə bilər. Nüvədi kəndi 1929-cu ildə Ermənistanın Meğri rayonuna verilib və 1969-cu ildə Azərbaycan SSR Ali Soveti bu qərarı təsdiq edib. Ermənilər Başkəndi istəyirsə, o zaman Azərbaycan da Nüvədinin qaytarılmasını müzakirəyə çıxartmalıdır.
Qazax rayonunun kəndləri 1990-cı illərdə işğal olunub. Nüvədi isə qanunsuz olaraq Ermənistana verilib. Başkəndi yenidən Ermənistana vermək isə Azərbaycanın ziyanına işləyə bilər. Ermənistanın Başkəndə olan iddiasına qarşılıq olaraq başqa alternativlərimiz də var. Biz həm Gədəbəy rayonunun Tağlar kəndinin, 1984-cu ildə Qazax rayonunun Kəmərli kəndinin Ermənistana verilmiş bir neçə min hektar torpaq sahəsinin geri qaytarılması məsələsini qaldıra bilərik. Həmin vaxt Azərbaycan SSR-in Baş nazirinin müavini Şamil Rəsizadə oraya gəlmişdi və əhali etiraz olaraq onun maşınını çevirmişdi. Yəni alternativlərimiz var.
Amma sərhədlərin demarkasiyası zamanı bu məsələ müzakirə oluna bilər. Bu prosesin baş tutması üçün Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Ermənistan isə nə sülh sazişi imzalamağa, nə Türkiyə ilə sərhədləri açmağa tələsmir. Son günlər Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresinin qurultayı keçirildi və orada belə bir layihə irəli sürüldü.
Orada qeyd edilir ki, bu məsələlərə baxılsın və Azərbaycanla inteqrasiya prosesinə gedilsin. Revanşist qüvvələr isə buna qarşı çıxır. Çox güman ki, iyunun 20-də parlament seçkiləri keçirildikdən və hakimiyyət formalaşdıqdan sonra bu məsələlər gündəmə gətiriləcək və baxılacaq.
Müşfiq Abdulla
Cebhe.info