KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kimin kimdən xoşu gəlmirsə, FETÖ-çü adlandırır”

Kimin kimdən xoşu gəlmirsə, FETÖ-çü adlandırır”

Kafkassam Editör Kafkassam Editör - - 17 dk okuma süresi
458 0

Slavyan-Türkdilli Xalqlar Birliyi Hərəkatının lideri Adıgözəl Məmmədov Admiral.az-a müsahibə verib. Müsahibədə son günlər ölkədə, eləcə də, qonşu dövlətlərdə baş verən siyasi məsələlər, Rusiya-Türkiyə münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinə toxunulub.

Həmin müsahibəni təqdim edirik:

– Adıgözəl müəllim, hazırda Rusiya Ermənistan münasibətlərini necə xarakterizə edərdiniz ?

– Rusiya siyasi rəhbərliyinin Azərbaycana xoş münasibətini başa düşdükcə Ermənistanda etirazlar başladı. Ermənistanda “rədd olsun Rusiya”, “rədd olsun Kreml”, “rədd olsun Putin” və s. şüarlar səsləndi. Bu istiqamətdə Ermənistanın Avropaya inteqrasiyası, hətta NATO perspektivlərindən danışmağa başladılar. Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, bu arada Rusiya-İran-Azərbaycan siyasi rəhbərlərinin Bakıda tədbir keçirməsi Ermənistanda böyük narahatlıq doğurdu. İrəvanın atdığı addımları izləmək lazımdır. Bu proseslərin kimə xeyir verəcəyini analiz etməliyik.

– Aprel döyüşlərində Azərbaycan müəyyən üstünlük qazanmışdı. Həmin döyüşlərdən sonra Azərbaycan hadisələrdən öz xeyrinə, səmərəli istifadə edə bildimi?

– Ən azı nəzərə alaq ki, dar bir vaxtda bizim əldə etdiklərimiz maksimumdur. Bir məsələ də var. Həmin ərəfədə Moskva kanallarına müsahibələr verirdim və təxribatçı tərəfin də Ermənistan olduğunu deyirdim. Bu da İrəvan hakimiyyətinin növbəti təxribatı idi. Azərbaycanın siyasi rəhbəri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi birbaşa Rusiya prezidentinin xahişindən sonra hərbi əməliyyatlar dayandırıldı. Bu həm Azərbyacan Silahlı Qüvvələrinin gücünün göstəricisi, həm də Azərbaycan xalqının vətənpərvər və torpağına bağlılığının göstəricisi oldu. Uzun illər idi mənfi azərbaycanlı obrazı yaratmağa çalışırdılar. Sanki azərbaycanlıların döyüş əzmkarlığı, torpağa bağlılığı yoxdur. Bu fikirlər xüsusən Türkiyədə və digər ölkələrdə yayılmışdı. Aprel döyüşləri bu fikirləri darmadağın etdi və Azərbaycan xalqının milli qeyrətinin yüksək olduğunu, şəhidlik zirvəsinə yüksəlmək qabiliyyətini göstərdi. Bu keyfiyyətlərimizi dostlarımız da, düşmənlərimiz də gördü.

– Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey bildirib ki, PKK-nın erməni lobbisi və erməni dövləti ilə əməkdaşlığı bu gün də davam edir. O bildirib ki, aprel döyüşlərində 400 PKK-çı Suriyadan gəlib Ağrı bölgəsində Tendürek dağı üzərindən Ermənistana keçib və Azərbaycan ordusuna qarşı döyüşüb. Bu barədə nə düşünürsüz?

– Bu, 400 nəfərlik qrupun içində 120 nəfəri erməni əsilli Suriya vətəndaşı idi. PKK siyasi cəhətdən sol xətdir və bu xüsusən SSRİ KQB-si tərəfindən formalaşdırılan təşkilatlardan biri idi. Bu tipli təşkilatlar tək radikal sol düşüncəli kürdlər arasında formalaşdırılmamışdı. O vaxtki sosializm-kapitalizm çəkişməsinin təzahürlərindən biri də bu idi. Sovet KQB-si zaman-zaman ASALA və PKK terror təşkilatının da xidmətlərindən istifadə edib. Bu barədə yetərincə məlumatlar ictimailəşdirilmişdir. SSRİ dağılandan sonra bu təşkilatlar, öz maliyyə qaynaqlarını digər mənbələrdən təmin etmək üçün Türkiyəyə susamış xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək, Ankaraya qarşı yeni şantaj üsullarını işə saldılar. Düşünmürəm ki, PKK ilə Ermənistanı birləşdirən hansısa ideoloji xətt olsun. Amma ola bilsin ki, müəyyən maddiyyat qarşılığında onlar bu döyüşlərdə iştirak edə bilərlər. Buna qədər də bir məsələni qeyd etmək istəyirəm. Erməni xüsusi xidmət orqanları Ermənistanda yaşayan kürd mənşəli Ermənistan vətəndaşlarından öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bəziləri vardır ki, Ermənistan televiziyasında çıxışında kürdlərə müraciət edərək, onları Kəlbəcərə, Laçına, Qubadlıya və Qarabağın digər hissələrinə qaytımağa təşviq edirlər. Bu təşviqatçılardan heç kim, heç vaxt kürd xalqını təmsil etməyib. Sadəcə onlar Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək onların sifarişini yerinə yetirirlər. Onlar Əlikram Hümbətov kimi insanlardır. Məqsəd budur ki, bu insanlar vasitəsilə Azərbaycanda daxili ixtişaşlar yaratsınlar. Bəzi Kütləvi İnformasiya Vasitələrinin mənbələrinə istinadən deyirəm ki, hətta PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və burada Azərbaycan əleyhinə təxribatçı qüvvələr hazırlayacaqlar. Bu işlər birbaşa Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında həyata keçirilir. Burada başqa strateji xətt də var. Orta Şərq içərisində ixtişaşların yaradılmasında, terror aktlarının tətbiqində iri miqyaslı “fəaliyyətlər” göstərsinlər. Zamanında Livanda vətəndaş müharibəsi zamanı bunlardan çox “səmərəli” istifadə edildi. Dünənə qədər KQB-nin nəzarətində olan PKK-nın fəaliyyət istiqaməti artıq bilinmir. PKK da artıq çeşidlənib. Onun Suriya “qanadı”, İraq “qanadı” ilə razılaşmır. Bir sözlə, kim pulu verirsə, ona da işləyirlər.

– Rusiya mətbuatında yayılıb ki, Putin hakimiyyəti növbəti hakimiyyətə Vyaçeslav Volodini hazırlayır. Putinin əvəzinə həmin siyasətçi prezident olacaq. Sizcə, bu nə dərəcədə realdır. Bu baş verərsə, Azərbaycan nə qazanacaq?

– Rusiya siyasi hakimiyyətini anlamaq üçün müəyyən məqamları bilmək lazımdır. Putinin kimin üzərində dayanıb-dayanmamasından asılı olmayaraq, Rusiya reallığı da burada mühüm rol oynayır. Rusiya siyasi hakimiyyəti monoton deyil. Heç kim düşünməsin ki, bütün siyasi proseslər Putinin “iki dodağının arasından çıxan sözlər”lə idarə olunur. Rusiyada milli şüurun daşıyıcısı olan qüvvələr, imperialist düşüncəli insanlar, xüsusi xidmət orqanlarının xəttinin daşıyıcısı olan qüvvələr var. Rusiyada hərbi-sənaye kompleksinin maraqlarını ifadə edən qüvvələr mövcuddur. Bu gün Rusiyada Slavyan-Türkdilli xalqlar-müsəlman xəttinin maraqlarını qoruyan qüvvələr formalaşıb. Bu balanslardan biri pozulsa, Putinin nə deməyindən asılı olmayaraq, vəziyyət tamam dəyişə bilər. Bu zaman Putinin sözlərinin heç bir əhəmiyyəti olmayacaq.

Mən güman etmirəm ki, Putin siyasi hakimiyyətini kiməsə verməyə hazırlaşır. Hətta hazırlaşsa belə, bu balansı qoruyan qüvvələr buna razı olacaqmı?

Volodin sələfindən çox fərqli bir adamdır. Sergey Narışkin əgər siyasi cəhətdən strateq idi isə, Volodin texnokratdır. Əslində bunu bir varis kimi yox, başqa formada izah etmək olar. Putin Volodin kimi insanları önə çəkməklə siyasi hakimiyyətinin ömrünü uzadır. Əslində bu Kreml tarixində həmişə təbii proses sayılır.

Biz Rusiya-Azərbaycan münasibətlərindən çox danışırıq. Amma bu balansı yaradan qüvvələrlə işləməyi də bacarmalıyıq. Liderlərlə işləmək öz yerində, digər qüvvələri də özümüzdən kənarlaşdırmamalıyıq. Yəni Rusiya liderləri bir məsələni fikirləşərkən sağa da baxır, sola da. Biz həm sağla, həm də solla işləməyi bacarmalıyıq.

– Ərdoğanla Putinin yeni görüşünü necə xarakterzə edərdiz?

– Rusiya-Türkiyə münasibətlərinin, iki ölkə arasında əməkdaşlığın Ərdoğan və Putinin istəklərinin sayəsində olduğunu düşünmürəm. Çünki əməkdaşlığın da bir həddi var. Hətta Ərdoğan bu həddi keçmək istəsə belə bu alınmayacaq. Çünki Türkiyənin reallıqları buna imkan vermir. Ona görə də münasibətlərə bu konteksdən baxmaq lazımdır. İnsanlar nə qədər bir-birinə yaxınlaşmağa çalışsalar da, mövcud reallıq tam başqadır. Ona görə ki, Türkiyə-Rusiya münasibətlərinin çərçivəsi var.

– Həmin çərçivədə Azərbaycan üçün mövqe nə yerdədir?

– Azərbaycanın işi yaxınlaşdırıcı bir xətdir. Azərbaycanın müstəsna xətti elə azərbaycançılıqdır. Mənim təmsil etdiyim Slavyan-Türk Birliyi kontekstində bir azərbaycançılıq xətti də olmalıdır. Yəhudiləri necə birləşdirən dini xətt varsa, bizi də birləşdirən nöqtələr çoxdur. Moskvada namaz vaxtı məscidə gedəndə hər bir milləti görmək olur. Lakin Moskvada ermənilər “Olimpiski” yaxınlığında yeni bir möhtəşəm kilsə tikiblər. Orada ancaq ermənilər olur. Sinaqoqda isə yalnız yəhudiləri görmək mümkündür. Yəni bizim dinimiz azərbaycanlıları milli kimlik kimi yox, yalnız müsəlman kimi birləşdirir. Bu amil bizim milli məfkurəmizin bir hissəsi ola bilər, amma bizi birləşdirən milli şüur ola bilməz. Həmin milli şüur da bizim azərbaycançılığımız olmalıdır. Bəli, müəyyən strateji xətt üçün biz türk dilli xalqlara mənsub olduğumuzu deməliyik və bu istiqamətdə slavyan xalqları ilə istənilən inteqrasiyalarda iştirak etməliyik. Ona görə ki, biz Avrasiyanın bir parçasıyıq. Amma bütün Azərbaycanda məskunlaşan xalqları milli məfkürəmizin ətrafında birləşdirmək üçün azərbaycançılıq əsas xəttimiz olmalıdır. Özümüzü tanımaq üçün azərbaycançılığımızdan bərk yapışmalıyıq. Azərbaycanlı olmağımızla fəxr etməliyik. Fəxarət hissini yaratmaq üçün bəzi məmurlarımızın üzərinə də məsuliyyət düşür. İnsanları yaşadığı həyat tərzindən iyrəndirmək lazım deyil. İstənilən rəhbərin xofu var. Mircəfər Bağırovun həyatını yazanda görürdüm ki, onunla danışanda insanlar ya qorxudan bir hal keçirir, ya da xəstəliyə tutulurdu. Amma bizim cənab prezidentin sadə xalqla rahat danışmağı onun necə insan olduğunu göstərir. Sadə vətəndaş da İlham Əliyevlə rahat danışa bilir. Onun rahat aurası var. Xalqın adamıdır. Amma gəlin baxaq. Elə məmurlar var ki, qəbuluna düşmək çox müşkül məsələdir. Halbuki cənab prezidentlə görüşmək bir o qədər asandır. Belə məqamlar həm ölkə rəhbərlərinə, həm də Azərbaycandakı müəyyən reallıqlara qarşı insanlarda küskünlük yaradır. Amma şükürlər olsun ki, Azərbaycan xalqında vətənpərvərlik hissləri var. Kənara çıxan kimi hər kəsdə azərbaycançılıq, vətənpərvərlik hissi yaranır.

– Azərbaycan uzun illər idi siyasi məsləhətləşmə baxımdan Moksva ilə hesablaşırdı. Son zamanlar prezidentin Ərdoğanla yaxınlaşması, iki qardaş ölkənin rəhbərlərinin səmimi və isti münasibətləri cəmiyyətə belə mesaj verdi ki, artıq Azərbaycan Kremllə yox, Ankara ilə hesablaşır. Yəni, sonuncu söz sahibi Ankaradır. Siz necə düşünürsüz?

– Azərbaycan yerləşdiyi geopolitik coğrafiyasına görə siyasi güc mərkəzlərinin varlığını tanıyır. Bu o demək deyil ki, Azərbaycan hansısa güc mərkəzinin əlində oyuncaqdır. Qətiyyən belə deyil! Mərhum prezident Heydər Əliyevin vaxtında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi “şirin ağzı”ndan şikarını götürmək kimi bir şey idi. Görün bunu Qazaxıstan, Türkmənistan edə bildimi? Hansı biri edə bildi? Həmişə Azərbaycan özünün müstəsna və milli maraqlarına söykənən siyasət yürüdüb. Bu siyasətin təməlini Böyük Öndər, rəhmətlik Heydər Əliyev qoyub.

Vaxtı ilə Milyonerlər İttifaqı yaratmışdılar. Hətta heç kimin gözləmədiyi insanlar da orada təmsil olunmuşdu. Əslində bu kürəkdən sancılmış xəncər idi. Onlar Azərbaycanın siyasətinə, daxili siyasətə təsir göstərərək, Azərbaycanda hakimiyyətə iddia etmək həvəsinə düşdülər. Amma nəticə olaraq, bir daha sübut olundu ki, Azərbaycanda siyasi hakimiyyətin mənbəyi xalqdır və etimad göstərilən lider isə cənab prezident İlham Əliyevdir. Onun həyata keçirdiyi siyasət isə yalnız Azərbaycan xalqının milli maraqlarına söykənir. Bu səbəbdən bəzi məmurlara səslənirəm: ” İnsanları incitməyin, xalqı küskün salmayın”.

Bu gün bizim milli hakimiyyətimiz, milli dövlətçiliyimiz var. Bəzən deyirlər ki, Sovet dövründə yaxşı idi. Bu fikiri yaradan da vətəndaşlarımızı siyasi hakimiyyətdən küsdürən bəzi məmurlarımızdı. Belə məmurlarla həmişə mübarizə aparmalıyıq və onları ifşa etməkdə ölkə başçısına dəstək verməliyik!

– Türkiyədə yeni FETÖ-çülər siyahısı hazırlanır. Həmin siyahı əsasında bir çox tanınmışların, vəzifəli insanların həbs olunacağı deyilir. Siyahıda Azərbaycandan da məmurların, tanınmış şəxslərin, iş adamlarının adlarının olduğu bildirilir. Sizcə, bu siyahı açıqlanandan sonra nələr olacaq?

– Bu məsələlərə üç aspektdə yanaşıram. Birincisi, burada psixoloji məsələ var. İkincisi, burada siyasi təzyiq xətləri mövcuddur. Üçüncüsü də, kallıq var.

Bizim ideoloji xəttimiz azərbaycançılıqdır. Bu nə qonşu dövlətlərin maraqlarına xidmət edir, nə də yaxın bildiklərimizin maraqlarını əsas götürür. Yəni azərbaycançılığımız bizim milli identifikasiyamızdır. Bu milli identifikasiyanı qorumaq üçün çox çalışmalıyıq. Çünki bu gün bir çox ziddiyyətli xətlərlə qarşılaşacağıq. Bu gün kimin kimdən xoşu gəlmir, onu FETÖ-çü adlandırır. Özü də, söylədiyi fikirə heç bir məsuliyyətlə yanaşmadan, insanın şərəf və ləyaqətini təhqir edərək. Tanımadığın birini, əlində ciddi sübut və sənədlər olmadan necə fəthullahçı adlandırmaq olar?

Bəzi insanlar da var ki, mövcud abı-havaya gəlir mənbəyi kimi baxır. Əlində bir qədər imkanı olan şəxsləri şantaj edərək, insanlardan pul qopartmağa çalışır. Müəyyən mətbu qurumlarda anons verir. Pul alandan sonra mövzudan uzaqlaşır. Bu fəthullahizim son dövrlər bir qrup insanların biznes marağına çevrilib. Bu biznesdə böyük miqdarda pul fırlanır. İndi bəzi KİV nümayəndələri də, heç bir məsuliyyət hiss etmədən istənilən adamı fəthullahçı adlandırırlar. Bəziləri isə təmiz insanları ləkələməklə sankı psixoloji rahatlıq tapırlar. Məsələnin digər tərəfinə nəzər salaq: Fəthullah Gülən, yəni “hizmət hərəkatı” əslində zərərli bir xətdir. Bu xətt bizim milli məfkurəyə uyğun deyil. Onlar sülh, sakitlik adı ilə milli ruhu sındıran ideoloji bir xətt qurublar.

Düzdür, elə insanlar var ki, FETÖ təşkilatının əlaqələrindən yararlanıblar. Bəziləri bizneslərini qurmaq üçün bu qrupa yaxınlaşıb. Məsələn, Asiya Bankının müəyyən payçıları azərbaycanlılardır. Hətta bu payçılar Bakıda Asiya Universiteti də təsis etmişdilər. Hətta onlar müəyyən dövrdə ABŞ-da lobbiçilik baxımından xidmətlərini də təklif ediblər.

Ziya SƏCCAD

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir