Şimdi yükleniyor

Kənan Novruzov: Ukrayna üçün həlledici gün: ABŞ-dəki görüşlər nə ilə nəticələnəcək ?

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq məqsədilə ABŞ-yə gedən nümayəndə heyəti üçün əsas vəzifələri müəyyən edib.
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və nümayəndə heyətinin rəhbəri Rustem Umerov komandası ilə artıq Birləşmiş Ştatlara yollanır. O, bu gün məruzə ilə çıxış edib və vəzifə aydın şəkildə qoyulub – müharibənin başa çatması üçün addımların operativ və məzmunlu şəkildə müəyyən edilməsi”, – V.Zelenski qeyd edib.
O əlavə edib ki, Ukrayna ABŞ ilə son dərəcə konstruktiv şəkildə işləməyə davam edir və Cenevrədə keçirilən görüşlərin nəticələrinin artıq Birləşmiş Ştatların ərazisində tamamlanacağına ümid edir.
“Bu, bazar günü aparılacaq danışıqların nəticələri ilə bağlı nümayəndə heyətimizin hesabatını gözləyirəm. Ukrayna layiqli sülh naminə çalışır”, – məlumatda deyilir.
Artıq məlum olduğu kimi bu gün keçiriləcək görüş Kiyev üçün çox önəmlidir. Bu danışıqlar müharibənin və geniş anlamda həm də Ukrayna ilə Şərqi Avropanın taleyini həll edə bilər.
Zelenskinin fikirləri ona işarədir ki, o, müharibənin bitməsini istəyir. Daha doğrusu, bunu istədiyini deyir. Əslində isə onun işi çox çətindir. İndi Ukrayna dövləti və hakimiyyəti ölüm- qalım savaşı verir.
Məsələ burasındadır ki, ABŞ-nin təklif etdiyi şərtlər Ukrayna üçün faktiki məğlubiyyət deməkdir. Lakin Kiyev buna razı olmasa Vaşinqtonun dəstəyindən tamamilə məhrum ola bilər. Elə buna görə Zelenski bu günlərdə xalqa müraciətində “biz ya ləyaqətimizi, ya da ən yaxın tərəfdaşımızı itirməliyik” demişdi.
Əslində məsələ təkcə ABŞ-nin perspektivdə dəstəyi dayandırmasında da deyil. Vaşinqton hətta lazım gəlsə Kiyevə təzyiq göstərə də bilər. Bunun üçün kifayət imkanı var. Beləliklə, Zelenski hakimiyyəti indi faktiki olaraq pislə ən pis arasında qalıb.
Bu günkü səfərin Kiyev üçün çətin keçəcəyini, eyni zamanda konkret nəticələrin əldə olunacağını proqnozlaşdırmaq olar. İstisna deyil ki, bu, ictimaiyyətə açıqlanmasa belə, “kulis”də ABŞ Ukraynaya “diş qıcıyacaq”.
Zelenskinin müzakirələrdən gözləntilərlə bağlı qeydlərində “müharibənin başa çatması üçün addımların operativ və məzmunlu şəkildə müəyyən edilməsi” fikirləri artıq belə düşünməyə əsas verir ki, o, ABŞ-nin şərtlərinə razı olmağa hazırlaşır. Ona görə də indidən ictimai rəydə bu fikri yaratmağa çalışır ki, hansı şərtlərlə olursa- olsun müharibənin bitməsi Kiyevin prioritetidir və Ukrayna ABŞ-nin diktəsinə görə yox, öz təhlükəsizlik maraqlarına görə buna gedir.
Bu günkü görüşün müharibənin bitməsi istiqamətində mühüm addımlardan biri olacağını proqnozlaşdırmaq olar. Ancaq bu, Ukrayna siyasi elitasında ciddi siyasi böhranlarla müşahidə olunacaq.
Kənan Novruzov

Yorum gönder