Şimdi yükleniyor

Hasan Oktay: Vatikan-Türkiyə xəttində yeni səhifə: Papa Levın kritik səfəri

Vatikan-Türkiyə xəttində yeni səhifə: Papa Levın kritik səfəri | TÜRKİYƏLİ EKSPERT ŞƏRH EDİR

Roma Papası XIV Levın ilk xarici səfərini Türkiyəyə etməsi diplomatik müstəvidə diqqətçəkən addım kimi dəyərləndirilir. ABŞ-dan seçilən ilk papa kimi tarixə düşən XIV Lev bu səfəri ilə həm dini irsə ehtiramını, həm də dinlərarası dialoqa verdiyi önəmi nümayiş etdirir.

Səfərin əsas məqsədi, 1700 il əvvəl İznikdə (o zamankı Nikiya) keçirilmiş Birinci Ümumdünya Kilsə Şurasının ildönümüdür. Üç gün davam edən səfər çərçivəsində Papa XIV Lev bir sıra tarixi və dini əhəmiyyətli məkanlara baş çəkib, daha sonra isə Livana yollanıb. Onun çıxışları və mesajları dünya ictimaiyyəti tərəfindən yaxından izlənir.

Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay EDnews-a açıqlamasında bildirib ki, bu səfər dinlərarası problemlərin həlli və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir:

“Bu ziyarət həmçinin katolik və ortodoks məzhəbləri arasındakı fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində ciddi addımların atılacağına işarə edir. Papa həm də Vatikan dövlətinin başçısı olduğundan, bu səfər Vatikan-Türkiyə münasibətlərinin, eləcə də Katolik-İslam dünyası əlaqələrinin gələcəkdə daha sağlam və konstruktiv əsaslar üzərində inkişaf edəcəyini göstərən mühüm siqnaldır. Bununla yanaşı, İsrailin son dövrlərdə Qəzzada həddindən artıq güc tətbiq etməsi fonunda bölgədəki vəziyyəti nəzarət altına almaq və normallaşdırmaq üçün Katolik-İslam əməkdaşlığının gücləndirilməsi xüsusi önəm daşıyır. Bu kontekstdə Papa XIV Levın Türkiyə səfəri Katolik–İslam həmrəyliyinin simvolik addımı kimi qiymətləndirilə bilər və İsrailin bölgədəki siyasətinin normallaşma prosesinə maneələr yarada biləcəyi ehtimalını da gündəmə gətirir”.

Aytac Kərimova | EDnews
https://ednews.net/az/news/analytical-wing/705990-vatikan-turkiye-xettinde-yeni-sehife

Yorum gönder