Şimdi yükleniyor

Kənan Novruzov: Venesuelada dövlət çevrilişinə hazırlıq gedir?- Tramp xəbərdarlıq etdi

“The Wall Street Journal” mənbələrə istinadən bildirib ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro telefon danışığı baş tutub.
Mənbələrin sözlərinə görə, Tramp Maduroya bildirib ki, əgər vəzifədən könüllü getməsə, ABŞ Venesuelaya qarşı güc tətbiqi də daxil olmaqla müxtəlif variantları nəzərdən keçirəcək. Nəşr iddia edir ki, iki lider telefonla Maduro və onun yaxın ətrafı üçün mümkün əfv məsələsini də müzakirə ediblər.
Trampın ilk səlahiyyət müddəti ərzində, 2020-ci ilin martında, ABŞ Maduro və bir neçə digər hökumət məmurunu narkoterrorizmdə ittiham edib, Venesuela Prezidentinin həbsinə və ya məhkum edilməsinə səbəb olan məlumat üçün 15 milyon dollar mükafat vəd verib. 2025-ci il avqustun əvvəlində rəsmi Vaşinqton Maduronun tutulmasına səbəb olan məlumat üçün mükafatı 50 milyon dollara qədər artırıb.
ABŞ-nin Ədliyyə Nazirliyinin versiyasına görə, Venesuela lideri dünyanın ən böyük narkotik qaçaqmalçılarından biridir və ölkənin milli təhlükəsizliyinə təhdid yaradır.
ABŞ mediası dəfələrlə ABŞ-nin tezliklə Venesuela ərazisinə zərbələr endirə biləcəyi barədə məlumat yayıb.
Tramp daha əvvəl Vaşinqtonun quruda Venesueladan gələn narkotik ticarəti ilə mübarizəyə başlayacağını söyləyib, lakin mümkün hərbi əməliyyatlar barədə ətraflı məlumat verməyib. ABŞ lideri, həmçinin Venesuela və onun ətrafındakı hava məkanının tamamilə qapalı olduğunu hesab etməyə çağırıb.
Məlum olduğu kimi, ABŞ-nin Venesuela ilə bağlı radikal siyasəti uzun müddətdir davam edir. Narkotacirlərə qarşı mübarizə adı altında başlayan təzyiqlərin birbaşa olaraq Maduro hakimiyyətinə qarşı olduğu aydındır. Bu təzyiq siyasəti hər gün bir az da artır. Maduro isə Trampla “dil tapmaq istəyən”ə oxşamır.
Aydındır ki, ABŞ Venesuela ilə bağlı planlarından asanlıqla imtina etməyəcək. Maduro isə hələlik geri çəkilənə oxşamır. Bu iso o deməkdir ki, ABŞ ilə Venesuela arasında gərginlik arta bilər.
Qarşıdakı dönəmdə ABŞ-nin Venesuelaya hərbi müdaxilə ehtimalını istisna etmək olmaz. Hər halda bununla bağlı ilkin siqnallar var. Bəlkə də, Venesuelada hakimiyyət dəyişikliyinin astanasındayıq.
Kənan Novruzov

Yorum gönder