Kənan Novruzov: Ukrayna Kremli vuracaq?: Siyasi qərar…
Ukrayna Quru Qoşunlarından ehtiyatda olanların şurasının sədri, polkovnik İvan Timoçko bildirib ki, Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verilsə belə, bütün bunlar tənzimlənəcək və müzakirə olunacaq. Onun sözlərinə görə, hər şey bu uzaq mənzilli raketlərin taktiki-texniki xüsusiyyətlərindən və uçuş radiusundan asılı olacaq:
“Çox güman ki, bunlar 300 kilometrə qədər radiuslu raketlər olacaq. Moskva, Kreml bundan xeyli uzaqda yerləşir. Əgər, raket istehsalçı ölkə tərəfindən qoyulmuş taktiki-texniki xarakteristikalara uyğun olarsa və zərbə radiusu, şərti olaraq 1000 kilometrdən çox olarsa, onda hətta Moskvada yerləşən hərbi obyektlər potensial zərbə zonasında olacaqlar”.
Bununla belə İ.Timoçko hesab edir ki, Ukraynaya Rusiyanın havadan hücum müdafiəsini yarmaq üçün kütləvi şəkildə istifadə edilə biləcək bu qədər raket verilməyəcək:
“Əlbəttə, bəzi ayrı-ayrı hərbi obyektlər, aerodromlar, strateji anbarlar və ya hərbi bazalar potensial hədəf kimi nəzərdən keçiriləcək, lakin bu kifayət qədər şərtidir. Yəni şərait yaradılsa belə, Kremli vurmaq imkanımız yoxdur”.
Məlum olduğu kimi, Ukrayna döyüşləri artıq Rusiya ərazisinə keçirməyi bacarıb. Kurs bölgəsindəki əməliyyatlar bunun bariz nümunəsidir. Hərbi əməliyyatların Rusiya ərazisinə keçməsi bir neçə cəhətdən rəsmi Kiyev üçün əhəmiyyətlidir. Birincisi, artıq Rusiya hakimiyyəti və xalqı savaşın ağrısını hiss etməyə başlayıb. İkincisi, bu, Rusiya üçün psixoloji təzyiqdir. Üçüncüsü, beləliklə, Kiyev mümkün danışıqlarda əlini gücləndirib.
Təsadüfi deyil ki, döyüşlərin Rusiya ərazisinə keçməsindən sonra müharibənin inkişafında yeni mərhələ başlanıb və Rusiyada hakimiyyətin siyasətindən narazılıq artıb.
Ukraynanın Kremli vurmasına gəldiksə isə bununla bağlı siyasi razılığın əldə olunacağını düşünmürəm. Aydındır ki, bu barədə razılığın əldə olunması o deməkdir ki, ABŞ Ukraynaya “yaşıl işıq yandırıb”. Və əgər Vaşinqton bunu etsə, Moskva ilə münasibətlər kifayət qədər gərginləşə, üçüncü dünya savaşı real təhlükəyə çevrilə bilər. Bu, Şərqi Avropadakı müharibəni bitirməyə, Rusiya ilə münasibətləri mümkün qədər qorumağa çalışan ABŞ-yə lazım deyil.
İkinci bir tərəfdən, bəlkə də, Avropa Ukraynanın Kremlə zərbələr endirməsinə şərait yarada bilər. Amma Kiyev ABŞ-dən icazəsiz bu addımı atarsa, bu, Vaşinqtonla münasibətlərin kəskinləşməsinə gətirib çıxarır. Bu mənada demək olar ki, Kremlin hədəf alınması hərbi kontekstdən əvvəl siyasi cəhətdən də mümkün deyil.
Kənan Novruzov
Share this content:
 
								


 
                                     
                                     
                                     
                                    
Yorum gönder