KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Türkiyə Üçüncü dünya müharibəsinin qarşısını bu yolla ala bilər

Kənan Novruzov: Türkiyə Üçüncü dünya müharibəsinin qarşısını bu yolla ala bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
106 0

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş dünən, noyabrın 7-da Ordu şəhərində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə deyib ki, Türkiyə Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını almağa çalışır. Onun sözlərinə görə, rəsmi Ankara bunun üçün səylərini davam etdirir: “Qətiyyətimizi, mübarizəmizi davam etdirəcəyik. Ümid edirik ki, nəticəsi olacaq”.
N. Kurtulmuş daha əvvəl də bu barədə danışıb, oxşar açıqlamalar verib.
Türkiyə bunu bacararmı? Öncə onu deyək ki, Türkiyənin fərqli müharibələrlə bağlı mövqeyi bu dövlətin ABŞ-dan fərqli olaraq Üçüncü dünya müharibəsində maraqlı olmadığını göstərir. Çünki qardaş ölkə alova odun atmır, əksinə, alovu söndürməyə çalışır. Bunu Türkiyənin Şərqi Avropadakı vəziyyətlə bağlı mövqeyi sübut edir. Ankara müharibənin ilk günündən etibarən həm Kiyev, həm də Moskva ilə danışıqları davam etdirir, bu dövlətləri dialoqa çağırır. Bunu Türkiyədən başqa edən varmı? Həmçinin Cənubi Qafqaz regionunda “suların durulmasında” da Ankaranın mühüm rolu olub.
Bəlkə də, bir az qəribə görünəcək, amma Türkiyə, həqiqətən, hər gün daha çox yaxınlaşan Üçüncü dünya savaşının qarşısını ala bilər. Çünki Ankara qlobal qütbləşmə prosesində iştirak etmir. Əksinə, böyük güclərin hər biri ilə, o cümlədən Rusiya, ABŞ, Fransa və İranla münasibətini davam etdirir, balanslı siyasət yeridir. Türkiyənin balanslı xarici siyasət kursu bu dövlətin beynəlxalq vasitəçilik missiyasına imkan yaradır. Amma nəzərə almaq lazımdır ki, bu, təkcə Türkiyənin səyləri nəticəsində mümkün olan məsələ deyil. Necə deyərlər, tanqo iki nəfərlə oynanılır. İndi iki tərəfin də yox, daha çox iştirakçının səyinə ehtiyac var. Yəni böyük dövlətlərdən sadəcə birinin və ya bir neçəsinin Türkiyənin səylərini dəstəkləməsi ilə nə isə düzəlməyəcək. Gərək bütün aktorlar bunu eləsin, böyük fəlakət ssenarisi üzərində qurulan ambisiyalarından əl çəksin.
Onu da nəzərə almaq lazımdır ki, qardaş ölkənin vasitəçilik məsələsində xeyli təcrübəsi var. Amma indi Türkiyəni daha böyük sınaq gözləyir. Sözsüz ki, bu dəfə daha çətin olacaq.
Rəsmi Ankara müxtəlif səviyyələrdə apardığı görüşlər, danışıqlarla əslində bu və ya digər formada Üçüncü dünya müharibəsinin qarşısını almağa çalışır. Türkiyə bunu bacarsa, Türkiyə yüz ilinə yaxşı mənada möhür vurulacaq. Amma dediyimiz kimi, gərək dünya gücləri “daşı ətəklərindən töksünlər”. Əks halda itirən dünya olacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir