KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: Qaynar qazan”da kim “yanacaq”?- Tehran görüşünün perspektivləri

Kənan Novruzov: Qaynar qazan”da kim “yanacaq”?- Tehran görüşünün perspektivləri

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
13 0

Artıq xeyli vaxtdır ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Tehranda görüşünün keçiriləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Ancaq dəqiq tarix hələ açıqlanmayıb.
Əlbəttə, son vaxtlar xüsusilə cənub qonşumuzun qeyri- adekvat davranışları fonunda regionda “qaynar qazanın” yarandığını nəzərə alsaq, bu, gözləniləndir. Belə ki, İran müharibədən əvvəl olduğu kimi, sonra da Ermənistanı dəstəkləməkdə, Qarabağa yüklər daşımaqda davam edir. İran dini nümayəndələrinin son bəyanatları, o cümlədən təhdid xarakterli açıqlamaları isə heç bir əndazəyə sığmır. Prezident İlham Əliyev bu günlərdə Türkiyənin “Anadolu” agentliyinə müsahibəsi zamanı İranı konkret faktlarla ifşa etdi. Bu, ciddi xəbərdarlıqdır. Düşünürəm ki, Tehran deyilənlərdən dərs götürməsə “odunu atdığı” “qaynar qazanda” özü “yanmalı olacaq”.
Nazirlərin görüşündə, şübhəsiz, bu məsələlər müzakirə ediləcək. Görüşün Tehranda keçirilməsinə rəğmən, iki qardaş dövlətin eyni masa arxasında olması “əlimizi daha güclü edəcək”. Üstəgəl, bizim konkret “kozur”larımız da var. Bunlardan ən başlıcası isə Tehranın qonşuluq və müsəlmanlıq dəyərlərinə zidd şəkildə İrəvanı dəstəkləməsi və beləliklə, regiondakı sabitliyi təhdid etməsidir.
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə region və regionətrafı dövlətlərdən ibarət altılıq platformasının yaranması məsələsi gündəmə gəlmişdi. Ermənistanın mənfi cavabı istisna deyildi. Lakin, görünür, İran da buna o qədər isti yanaşmır. Əks halda provokativ addımlar atmazdı.
Ərdoğan iddialı, dediyini edən siyasətçidir. Altılıq platforması tez- gec yaranacaq. Soçi görüşündə Türkiyə liderinin rusiyalı həmkarı Vladimir Putin qarşısında konkret “kartlar” qoyacağı istisna deyil. Ola bilsin, altılıq platforması barədə də danışılacaq. Və müzakirənin nəticəsinə uyğun olaraq xarici işlər nazirlərinin görüş proqramının əsas istiqamətləri müəyyənləşəcək. Moskva buna razılıq verəcəyi təqdirdə, Tehrana müəyyən təzyiqlərin göstərilməsi mümkündür.
Eyni zamanda Qarabağ ətrafında bəzən ictimailəşməsə belə, ciddi proseslər baş verməkdədir. Fikrimcə, digər torpaqlarımızın, o cümlədən Xankəndinin yaxın gələcəkdə diplomatik yolla qaytarılması mümkündür. Bunun üçün isə yenə də Putinlə konkret razılaşmalar əldə olunacağı halda, İranın tam “oyundan kənar” vəziyyətə salınması üçün tutarlı addımlar atıla bilər.
Sözsüz ki, ən mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. İran bunu istəmir. Lakin təsir mexanizmlərindən istifadə edilsə, “dilini dinc saxlaya bilər”. Çünki regiondakı “təzyiqi artırmaq” cənub qonşumuz üçün ciddi riskdir. İran- fars rejimi heç bir halda oradakı soydaşlarımızı görməzdən gələ bilməz. İkinci bir tərəfdən, İran- Rusiya- Ermənistan üçlüyü (əgər belə bir üçlük varsa) əsla Azərbaycan- Türkiyə- Pakistan birliyi ilə bacarmaz.
Fikrimcə, İran aqressiv ritorikasını davam etdirdikcə getdikcə “dalana dirənəcək”. Odur ki, “qatar keçmədən” normal qonşuluq siyasəti yeritməyə başlamalıdır. Hər halda Ermənistana və Ermənistan vasitəsilə həyata keçirilən şəxsi ambisiyalara görə regionun əsas “oyunçuları” olan Azərbaycan və Türkiyə ilə münasibətləri daha da pisləşdirməyə dəyməz. Cənub qonşumuzun üçtərəfli görüşdə bunu anlayacağına ümid edirəm.
Kənan Novruzov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.