Şimdi yükleniyor

Kənan Novruzov: Putin özünü sığortalamağa çalışır?

Putin özünü sığortalamağa çalışır?: “Moskva gözləməyə hazırdır” bəyanatının pərdəarxası…

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər Kiyev hesab edirsə ki, indi danışıqlar üçün vaxt deyil, Moskva gözləməyə hazırdır.
O, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşləri ümumiyyətlə müsbət qiymətləndirib: “Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yaxınlaşmaq üçün ətraflı danışıqlar aparmaq lazımdır, lakin açıq şəkildə deyil”.

Rusiya Prezidentinin sözlərinə görə, ölkə bir il əvvəl Ukraynada nizamlanma ilə bağlı öz məqsədlərini formalaşdırıb.

Putin vurğulayıb ki, Ukraynada müvəqqəti məhdudiyyətləri olmayacaq uzunmüddətli sülhə nail olmağın tərəfdarıdır.
Kreml rəhbərinin açıqlamasında diqqətçəkən bir neçə məqam var.

Məsələn, dövlət başçısının “əgər Kiyev hesab edirsə ki, indi danışıqlar üçün vaxt deyil, Moskva gözləməyə hazırdır” fikirləri öz- özlüyündə maraqlıdır. Belə ki, onun dediklərinsən belə çıxır ki, Moskva müharibəni davam etdirməyə də hazırdır. Halbuki ABŞ Rusiyaya danışıqlara başlamaq üçün avqustun səkkizinə qədər vaxt verib. Deməli, dolayısı ilə Moskva həm də Vaşinqtonun bu mövqeyi ilə razılaşmadığını bildirir.

İkinci bir tərəfdən, Putinin dediklərindən belə çıxır ki, hər şey Ukraynadan asılıdır və qərarı Ukrayna lideri Volodimir Zelenski verməlidir. Halbuki Ukrayna torpaqlarını işğal edən Rusiyadır və Kiyev tamamilə haqlı, təbii olaraq işğalla barışmaya bilər.
Putinin Ukraynada müvəqqəti məhdudiyyətləri olmayacaq uzunmüddətli sülh arzusu rəsmi Kiyevin işğal altındakı torpaqlarından imtina etməsi kimi başa düşülməlidir. Fikrimcə, Zelenski buna hazır deyil. O, yaxşı başa düşür ki, ərazi güzəştinə getsə, və müharibədən hansısa formada qazanclı çıxmasa, hakimiyyətini itirəcək, vətən xaini kimi qiymətləndiriləcək.

Onu da demək lazımdır ki, Putin sülhün baş tutmamasına görə, Ukraynanı günahlandırmağa çalışır. Yəni elə fon yaratmağa çalışır ki, guya müharibənin başa çatmasına mane olan Zelenski və onun Rusiyanın şərtlərini qəbul etməməsidir. Bu, indiki anda Kremlə çox lazımdır. Belə ki, Rusiya Prezidenti ona danışıqlar üçün “son tarix” qoyan ABŞ-yə göstərmək istəyir ki, danışıqların baş tutmamasına görə Moskva yox, Kiyev məsululiyyət daşıyır. Yəni Rusiya bir növ “qabaqdan gəlmişlik edir”, ABŞ-nin mümkün təzyiqlərinin qarşısını almağa çalışır. Halbuki Ağ Ev də Moskvanın planlarını yaxşı anlayır.

Putinin açıqlamaları bir daha göstərir ki, avqustun səkkizinə qədər heç bir ciddi nəticə əldə olunmayacaq. Əksinə, perspektivdə gərginliyin artması tamamilə gözləniləndir.

Kənan Novruzov

Share this content:

Yorum gönder