KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Zelenski və Cənubi Qafqazın taleyi necə olacaq, Qarabağda “Abxaziya modeli” ola bilərmi?

Hasan Oktay: Zelenski və Cənubi Qafqazın taleyi necə olacaq, Qarabağda “Abxaziya modeli” ola bilərmi?

Hasan Oktay Hasan Oktay - - 12 dk okuma süresi
131 0

Ukrayna-Rusiya müharibəsi iki ilə yaxındır ki, davam edir. Lakin hələ də sülhlə bağlı bir nəticə əldə edilməyib. Sülhün nə vaxt olacağı da bəlli deyil. Heç üfüqdə də belə bir perspektiv gözlənilmir. Savaş hər gün yeni faciə və fəlakətlər gətirir. Minlərlə insan həyatına son qoyulur, şəhərlər xarabalığa çevrilir.

Müharibə uzandıqca hər iki ölkə rəhbərinin gələcək taleyi sual altına düşür. Bu müharibədən kim qalib ayrılacaq, Putin istədiyinə nail olub, dünyaya güc nümayiş etdirə biləcəkmi? Analitiklərin bəziləri bu müharibənin Putinin sonunu gətirdiyini düşünür. Bəzi araşdırmaçılar isə belə hesab edirlər ki, savaşdan sonra Zelenski üçün vəziyyət qəliz olacaq.

Ukrayna-Rusiya savaşı tək bu iki ölkənin deyil, həm də regionun, Rusiyanın əli çata biləcək hər bir coğrafiyanın taleyini sual altında qoyur. Savaşın sonu ilə bağlı suala cavab yoxdur. Amma o bəllidir ki, Rusiya-Ukrayna savaşı yeni dünya düzəninə səbəb olacaq.

Qaynarinfo bu suallara cavab axtarmağa çalışıb və Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, tanınmış politoloq Həsən Oktay ilə məsələni müzakirə edib:

– Həsən bəy, Rusiya-Ukrayna müharibəsinin sonu görünmür. Kreml bütün dünyaya meydan oxuyur. İndi hər kəsi bir sual düşündürür – Rusiyanın taleyi necə olacaq?

– Rusiya-Ukrayna savaşının bitməsinə hələ çox var, lakin daha dərindən təhlil etdikdə görünür ki, münaqişə finişə doğru gedir. Ukrayna işğal altında olan ərazilərini geri qaytarmağa başlayıb. Kiyev Rusiyanın daxilindəki bəzi nöqtələrə də hücumlar edir. Ukrayna Qərbin dəstəyi ilə rus ordusunu işğal etdiyi ərazilərdən çıxarmağa davam edir və savaşın taleyində ciddi dəyişikliklərin olacağını təxmin edə bilərik. Müharibə və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin sənaye və ordusunu acınacaqlı duruma salıb. Müharibə Rusiya üçün ağır geosiyasi nəticələr də doğurub. Orta Asiya və Cənubi Qafqazda Kremlin təsiri azalmağa başlayıb. Ona görə də bu müharibənin yeni mərhələyə qədəm qoyduğunu demək olar.

“Qalıcı sülhə nail olmaq mümkün olmasa, münaqişə zonaları genişlənə və “üçüncü ölkə”lər hədəf seçilə bilər…”

– Rusiyanın Orta Asiya və Qafqazda təsiri ciddi şəkildə azalmasını söylədiniz. Müharibə başqa bölgələrə də keçə bilərmi? Məsələn, “qanlı teatr səhnəsi” Cənubi Qafqaza transfer edə bilərmi?

– Maraqlı sualdır. Amma bu suala cavab vermək elə də asan deyil. Hər şey Rusiya-Ukrayna müharibəsinin gedişindən asılı olacaq. Əgər, qalıcı sülhə nail olmaq mümkün olmasa, münaqişə zonaları genişlənə və “üçüncü ölkə”lər hədəf seçilə bilər. İlk ağla gələn coğrafiya Polşadır. Bundan əlavə, Cənubi Qafqazdakı münaqişə ocaqları dərinləşə bilər. Belə olacağı təqdirdə, Rusiyanın diqqəti Ukraynadan yayınacaq. Qərbin istədiyi yeni dünya müharibəsi deyil, Rusiyanın Ukraynadan məğlub vəziyyətdə çıxmasına nail olmaqdır. Bu isə artıq yeni dünya düzənidir.

– Çox maraqlı təhlil etdiniz. Lakin suala tam cavab ala bilmədim – müharibə necə bitəcək? Müharibə Rusiyanın dünyadakı gücünə, nüfuzuna necə təsir edəcək? Statistik izləyici bu suala cavab tapa bilmir. Amma siz ciddi araşdırması olan bir ekspertsiniz. Daha sadə, anlaşıqlı dildə izah edə bilərsinizmi – müharibənin sonunu necə görürsünüz?

– Onu deyə bilərəm ki, bu müharibə Rusiyanın xeyrinə bitməyəcək. Müharibə başlayandan Rusiyanın keçmiş SSRİ coğrafiyasında nüfuzu demək olar ki, sıfıra enib. Bu gün Rusiyanın dünyadakı imicinə baxın – işğalçı və fəlakət gətirən ölkə kimi tanınır. Rusiyanın imici bütün dünyada mənfidir. Üstəlik, hətta Çin də Rusiyanın zəiflədiyini görüb, Orta Asiyanı “ələ keçirir”. Ona görə də müharibə Ukrayna ilə Rusiya arasında danışıqlarla bitsə belə, Moskvanın üstünlüyü ilə müharibənin bitmə ehtimalı çox aşağıdır.

“Putin çarəsizdir, məğlub olduğunu anlayır, müharibəni bitirmək istəyir, amma Kremlin sahibi arzulayır ki…”

– Putin zaman-zaman çıxış edərək öz hədələyici ifadələrindən vaz keçmir. Dünyaya hələ də Rusiyanın supergüc olduğunu isbat etməyə çalışır. Putin anlamır ki, Rusiya artıq de-fakto məğlub olub?

– Putinin başqa yolu qalmayıb. O, müharibəni davam etdirmək əzmindədir, lakin bu gün vəziyyət Rusiyanın əleyhinədir. Putin anlayır ki, zaman onun əleyhinə işləyir. Müharibə uzandıqca, Kremlin vəziyyəti lap çətin olacaq. Ona görə də Putin müharibəni bitirmək istəyir, amma Kremlin sahibi arzulayır ki, işğal etdiyi bütün ərazilərin bir hissəsini nəzarətində saxlaya bilsin. Rusiyada məğlubları sevmirlər. Putin işğal etdikləri əraziləri “sakitcə” tərk etsə, onun imici darmadağın ola bilər. Rus xalqı “məğlub çara” itaət etməyəcək.

– Məlum olduğu kimi Rusiya “taxıl dəhlizi” sazişindən imtina etdi. Sazişi yeniləmək üçün yeni şərtlər irəli sürdü. “Taxıl dəhlizi” ilə bağlı problem necə həll olunacaq? Rusiya irəli sürdüyü şərtləri qəbul etdirə biləcəkmi?

Ətraflı
– “Taxıl dəhlizi” müqaviləsi ilə bağlı Kreml manevr edir. Rusiya problemləri davam etdirməklə vəziyyətdən öz xeyrinə istifadə etmək istəyir. Biz bunu “Afrika sammiti”ndə də müşahidə etdik. Əvvəllər böhran Türkiyənin vasitəçiliyi ilə həll edilirdisə, bu dəfə Türkiyə Qərbə daha yaxın münasibət göstərdiyindən vəziyyət daha çətinləşdi. Dediyim kimi, zaman Rusiyanın ziyanına işləyir.

“Zelenski müharibəni Ukraynanın xeyrinə bitirə bilsə, tarixdə milli qəhrəman kimi qalacaq…”

– Gəlin bir az da Zelenskidən danışaq. Zelenski bu gün Ukrayna xalqının xilaskarı kimi görünsə də, müharibənin taleyi onun imicinə təsir edə bilər? Ukrayna-Rusiya müharibəsi bitəndən sonra Zelenskini nə gözləyə bilər?

– Söhbət yalnız Zelenskidən getmir. Burada “Zelenski amili” həlledici deyil. Məsələ ondadır ki, Zelenski Ukraynada mövcud olan etnik problemləri demək olar ki, tamamilə həll edib. Müharibədən sonra Ukraynada etnik savaş olmayacaq. Bilirsiniz, Ukraynada Rusiyaya qarşı düşmənçilik hissləri həmişə olub. Odur ki, Zelenskini etnik savaşı qızışdırmaqda heç kəs ittiham etməyəcək. Amma yanaşmanız düzgündür. Müharibədən sonra rəsmi Kiyev bir çox iqtisadi problemlərlə üzləşəcək. Amma Ukraynada iqtisadi və mədəni infrastrukturlar mövcuddur, ona görə də ölkənin yenidən inkişaf etdirilməsi elə də çətin olmayacaq.

– Zelenskini bir xalq qəhrəmanı hesab edirsinizmi?

– Zelenski siyasi liderdir və Ukraynada ona hörmət günü-gündən artır. O müharibəni Ukraynanın xeyrinə bitirə bilsə, tarixdə milli qəhrəman kimi qalacaq.

“Qərb Saakaşvilini meydanda tək qoymuşdu, Zelenskini də tək qoysa…”

– Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin bildirib ki, Zelenski Saakaşvilinin taleyini yaşayacaq. Savaş bitdikdən sonra Zelenskiyə də korrupsiya və müharibəni qızışdırmaq ittihami irəli sürülə bilərmi?

– Düşündürücü sualdır. Bu suala cavab vermək üçün Saakaşvilinin Rusiyaya qarşı açıq demarşlarını təhlil etməliyik. 8 avqust 2008-ci ildə Gürcüstan öz ərazi bütövlüyünü təmin etmək istədi. Nəticədə, Rusiya müstəqil ölkə olan Gürcüstan ərazilərini bombaladı, Abxaziya və Cənubi Osetiyanın qondarma rejimlərini, o cümlədən “müstəqilliyini” tanıdı. Rusiya Ukraynada da eyni senarini oynamaq istədi – Donbas və Luqansk separatçılarının əli ilə “müstəqillik paradı”na başladı, Kiyevi savaşa təhrik etdi. Bir sözlə, Kreml Ukraynada “gürcü modeli”ni tətbiq etməyə çalışırdı. Amma bu dəfə bir fərq var. Qərb Saakaşvilini meydanda tək qoymuşdu və bunun bədəlini Ukraynada ödədi. Əslində, Zelenski də Saakaşvilinin aqibətini yaşayır və savaş Rusiyanın istədiyi kimi bitsə, Moskvanın həyata keçirdiyi tanış siyasət uğurlu olacaq. Bu, faciə demək olacaq. Sıra Qarabağa gələcək, “Abxaziya-Donbas” modelinin sayı artacaq.

“Putin hesab edirdi ki, bir aktyoru asanlıqla məğlub edəcək, bu, onun ən böyük səhvi idi”

– Zelenskinin hakimiyyətə gəlişinin özü də ayrıca təhlil edilməldir. Ukraynanın ən çətin dövründə peşəkar siyasətçilər və oliqarxlar yox, sadə bir aktyor hakimiyyətə gəldi. Qısa zamandan sonra bu sadə aktyoru dünya ayaqda alqışladı. Bəlkə elə baş verənlər də bir filmdir? Qanlı və gerçək bir film…

– Bəli, Zelenski aktyor idi, amma ilk növbədə vətəndaş idi. O, aktyor olduğa zamanlarda da hakimiyyəti sərt tənqid edirdi və dövlətə baxışını öz filmlərində nümayiş etdirirdi. Daha sonra korrupsiya kimi problemlərlə mübarizə aparmaq üçün öz partiyasını yaratdı. Zelenski problemin sülh yolu ilə həllinin tərəfdarı idi. Lakin Rusiya bütün təklifləri rədd elədi və müstəqil Ukraynaya müharibə elan etdi.

İctimai rəyə söykənən Zelenski xalqın dəstəyini qazanaraq müqavimət göstərdi. Müharibə zamanı ölkədə oliqarxların gücü xeyli azaldı və opponentlər də Zelenski ilə birlikdə Rusiyaya qarşı vuruşurdular. Beləliklə, müharibə Zelenskinin aktyor simasını ciddi şəkildə dəyişdi. O bu gün bir sərkərdədir. Putinin başlıca səhvi o idi ki, Zelenskinin potensialını qiymətləndirə bilmədi. Rusiya lideri inanmırdı ki, Zelenski uzun müddət müqavimət göstərəcək. Bu, onun ən böyük səhvi idi.

Günay İlqarqızı
https://qaynarinfo.az/az/zelenski-ve-cenubi-qafqazin-taleyi-nece-olacaq-qarabagda-abxaziya-modeli-ola-bilermi-muesahibe?fbclid=IwAR2DVFezyGfPrZnY4-NSCxUzeCOlxbCTIq7xgVinW3YBFJjKFaWWPo7tnLk

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir