KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Hazırda Hatayda yaşayanların heç bir yolla Suriyaya qoşulmaq hüququ yoxdur.

Hasan Oktay: Hazırda Hatayda yaşayanların heç bir yolla Suriyaya qoşulmaq hüququ yoxdur.

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
305 0

“Suriya rejimi Türkiyədə terrora cəhd edə bilər” – Türkiyəli ekspert Əsəd rejiminin Hatay eşqi barədə

“Suriya rejimi Türkiyədə terrora cəhd edə bilər” – Türkiyəli ekspert Əsəd rejiminin Hatay eşqi barədə
Suriyanın Bəşər Əsəd rejimi Türkiyəyə qarşı daha bir iddia ilə çıxış edib. Belə ki, Suriya parlamentinin dünənki iclasında Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı bəyanat qəbul olunub.

“Hatay vilayətinin Türkiyəyə birləşdirilməsinin 82-ci ildönümü ilə əlaqədar bəyanat” adlı sənəddə bildirilir ki, Hatay vilayəti və eyniadlı şəhər “Suriya ərazilərinin tərkib hissəsidir”. Sənəddə “əlimizdən gələni edəcəyik ki, Hatay Türkiyədə qalmasın və bu əraziləri vətənimizə qaytaraq,” kimi kəskin fikir yer alıb.

Mortar shells hit near Syrian parliament, kill 5

Ərazisi 5678 kvadrat kilometr olan bu vilayət Birinci Dünya Müharibəsi 1918-ci ildə başa çatanda Türkiyədən qoparılaraq o dönəmdə Fransanın idarəçiliyində (protektoratında) olan Suriya və Livan birləşmiş ərazilərinə qatılmışdı.

1936-cı ildə Türkiyə hökuməti Millətlər Liqasına müraciət edərək ölkədən qoparılmış əzəli Türkiyə ərazisi olan Hatayın geri qaytarılmasını tələb etmişdi. Elə həmin ilin noyabrında rəsmi Parisin qərarı ilə Hatay vilayətinə Suriyanın tərkibində muxtariyyət statusu verilib.

İki il sonra – 1938-ci ildə Suriyadakı fransız işğal administrasiyası əhalinin siyahıyaalınmasını keçirib və nəticələrə görə Hatay Sancağında (Nümayəndələr Məclisi) 22 yer türklərə, 9 yer ələvi ərəblərə, 5 yer ermənilərə, 2 yer sünni ərəblərə, 2 yer də xristian ərəblərə verilib.

Hatay Sancağı həmin ilin sentyabrın 2-də Hatay Respublikasını elan edib və növbəti ildə Hatayda keçirilmiş ümumxalq referendumunun nəticələrinə əsasən bu məkan Türkiyəyə qayıdıb, yəni Türkiyənin hüquqi vilayəti olub.

Bu gün Əsəd rejiminin diktəsi altında fəaliyyət göstərən Suriya parlamenti, tarixi faktları qulaqardına vuraraq, ağılsız bir bəyanatla dünyanın nəzərlərini üzərinə cəlb etmək niyyətindədir. Bu həm də Türkiyəyə qarşı bir savaş açmaq kimi də anlaşıla bilər.

Əsəd hökumətinin belə bir qərarı və bunun nəticələri barədə türkiyəli tarixçi və siyasi analitik, “KAFKASSAM” Siyasi Araşdırmalar Mərkəzinin prezidenti, Şimali Makedoniyanın Qostivar şəhərində Beynəlxalq Vizyon Universitetinin prorektoru Həsən Oqtay EDNews.net-ə açıqlama verib.

Həsən Oqtay məsələyə tarixi faktlarla əsas gətirərək Suriyanın ərazi iddialarının arxasında dayanan bəzi geosiyasi məqamlara toxunub.

“Suriya əraziləri Osmanlı İmperiyası dağılana qədər Osmanlı hakimiyyəti altında idi. Daha dəqiq desək, Suriya coğrafiyası Osmanlı İmperiyasından əvvəl də türklərin hakimiyyəti altında olub. Bu, uzun tarixi prosesdir. Lakin Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperiyası Suriyadan çəkilmək məcburiyyətində qaldıqda, Hatay vilayəti 1939-cu ilə qədər xüsusi statusa malik müstəqil dövlət kimi mövcudluğunu saxladı. Suriyanı işğal edən fransızlar Hatayın Suriya ərazisini öz nəzarəti altına keçmək üçün böyük mübarizə aparırdılar. Atatürkün böyük səyləri nəticəsində ölümündən bir il sonra Hatay dövləti qərar qəbul edərək Türkiyəyə qatıldı.

Suriya dövləti müstəqilliyini əldə edəndən sonra Hatay gözləntisini davam etdirdi. Ata Hafiz Əsəd və oğul Bəşər Əsəd dövründə bu iddialar zaman-zaman xəritələrdə öz əksini tapdı.

Bundan əlavə, Suriyanın ABŞ tərəfindən işğalından sonra bölgədə baş verən proseslər Türkiyə ilə Suriyanı üz-üzə qoydu. İndi Suriya Türkiyəni bölgədən uzaqlaşdırmaq üçün köhnə ideologiya olan Hatay məsələsini tez-tez gündəmə gətirərək Fransanın və dünyanın diqqətini bu bölgəyə yönəltməyə çalışır”.

Həsən Oqtay Suriya tərəfindən irəli sürülən bu iddianın gələcəkdə Hatay ərazisində silahlı insidentə səbəb olma ehtimalı və orada yaşayan əhalinin buna təhrik edilməsi ilə bağlı fikir bildirib.

“Hatay 1939-cu ildə plebissitlə Türkiyəyə qatılıb. Hazırda Hatayda yaşayanların heç bir yolla Suriyaya qoşulmaq hüququ yoxdur. Baş verən böyük siyasi hadisələri nəzərə alsaq, Suriyanın terrora əl ata biləcəyi istisna edilmir. Lakin Suriya bir şeyi unudur ki, o, Hatay ərazisini iddia etdiyi halda, Türkiyə Hataydan üç dəfə böyük olan Suriya ərazisini öz nəzarəti altında saxlamaqdadır. Yəni, bu o deməkdir ki, Suriya Türkiyəyə qarşı gələcəyi halda o, itirən tərəf olacaq.

Bir də onu da əlavə edim ki, hazırda Türkiyəyə sığınmış 5 milyon suriyalı türk adət-ənənəsinə və həyat tərzinə öyrəşdikləri üçün yenidən Suriya rejimi altında yaşamaq istəmir. Bu səbəbdən Əsəd rejiminin təbliğatçı ünsürləri, Türkiyədəki suriyalıların dincliyini pozmaq üçün təbliğat fəaliyyətini artırır və sanki suriyalıları Türkiyədə yerli camaat istəmirlərmiş kimi bir atmosfer yaradır.

Bu səbəbdən də Türkiyə Suriyada fəaliyyətini artırır və bölgədə hökmranlığını genişləndirməklə Suriyada Əsəddən sonrakı yeni sistem üzərində işləyir. Suriya günahı bizim üzərimizə atmağa ümid etdiyi halda, indi bütün Suriya əraziləri Türkiyə ilə yaşamaq istəyən insanların birliyinə çevrilib.

Türkiyənin müasir və dünyəvi quruluşunun heç kimin inancına qarışmaması müstəqil və çağdaş cəmiyyətlər arasında böyük diqqət və maraq doğurur. Bu baxımdan Suriyanın indiki rejiminin öz xalqına edə biləcəyinin gələcəyi yox səviyyəsindədir”.

Elnur Ənvəroğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir