KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ganimet Zayidov: Yeni bir şüar olacaqmı, yoxsa elə, « Yaşasın xarı bülbül !» kifayətdir?

Ganimet Zayidov: Yeni bir şüar olacaqmı, yoxsa elə, « Yaşasın xarı bülbül !» kifayətdir?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
306 0

Əlbəttə, bütün bunlar çox yaxşıdır. Qürurlu və fərəhlidir. Şuşa bizdədir, oraya hətta başqa ölkələrin də dövlət başçılarını dəvət edə bilirik. Şuşada imzalanan Azərbaycan – Türkiyə əməkdaşlıq bəyannaməsi də, bundan ermənilərin cırnaması da çox yaxşıdır.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma geciksə də, hətta qismən məskunlaşma baş verəcəksə, bu da yaxşıdır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinin gedişində müdhiş korrupsiya olacaq və olacaqsa, bu da adət etdiyimiz reallıqdır : korrupsiya, artıq, azərbaycanlıları heyrətləndirən fenomen deyil.
Amma bütün bu yaxşıların, fərəhin- qürurun fonunda bir də irəliyə baxmaq imkanlarımız var. Bu barədə bir-iki cümlə sonra. Şuşa bəyannaməsində nəzərdə tutulan hərbi əməkdaşlıq maddələri yenilik deyil. Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq sazişləri, anlaşmalar, müxtəlif hərb sahələri üzrə birgə fəaliyyətin tarixi Azərbaycanın müsətqillik tarixi ilə səsləşəcək qədər adiləşmiş məsələdir. Şuşa bəyannaməsi siyasi əhəmiyyətli sənəddir, onun praktik tərəfləri bu zamana qədərki birgə fəaliyyətin bundan sonra daha da dərinləşdirilməsində və genişləndirilməsində özünü təsdiq etməlidir, bu, belə də olacaq.
Azərbaycan və Türkiyə arasında hərbi strateji əməkdaşlıq sazişi vardı!
İki ölkə arasında hərbi əməkdaşlıq sahəsində anlaşma yeni deyil, 1990- lardan başlayır, hətta Şuşada imzalanan Bəyannamə də fərqli siyasi əhəmiyyəti olsa da yeni normaları müəyyən etmir.
Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir.
Strateji Əməkdaşlıq Sazişi var. Onu Azərbaycan adından İlham Əliyev və Türkiyə adından Abdullah Gül imzalayıb, əməkdaşlıq və qarşılıqlı dəstək andlaşmasıdır. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan dövlətlərindən birinə qarşı hərbi hücum olarsa hücuma uğramayan ölkə “bütün imkanlarını istifadə edərək” hücuma məruz qalan ölkəni dəstəkləyəcək. Razılaşma 23 maddə və beş hissədən ibarətdir: “Hərbi-siyasi və təhlükəsizlik problemləri”, “Hərbi və hərbi-texniki əməkdaşlıq”, “Humanitar məsələlər”, “İqtisadi əməkdaşlıq” və “Ortaq və Son müddəalar”.
Müqavilə 21 dekabr 2010 tarixində Azərbaycan Milli Məclisində, 2 Fevral 2011 tarixində də Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.
Daha sonra. 2020-ci ildə, fevral ayında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli müdafiə naziri Hulusi Akar “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi haqqında Protokol”u imzalayıblar.
Başqa sazişlər və anlaşmalar da var. Onların hamısını təsvir etmək istəmirəm.
Amma bütün bunlara baxmayaraq, üzr istəyərək sizi bir qədər düşünməyə məcbur edəcəm. Azərbaycanın ərazi bütünlüyü təmin edilməyib. Biz əldə etdiklərimizin bayram eyforiyasından bir qədər qırağa çəkilib ölkənin xəritəsinə soyuqqanlı baxmağı bacarmalıyıq. Bayramlar, atəşfəşanılq çox yaxşı nəsnədir, bir qədər də insanı məsuliyyətsizləşdirən fenomendir. Buna görə də məsuliyyətli, ən azı, məsuliyyətli olmalı olan adamlar bu eyforiyadan qopub Azərbaycanın indiki xəritəsinə, dövlət başçısının və ya onun dəvət etdiyi başqa dövlətlərin başçılarının, dünya dövlətlərinin başçılarının, böyük siyasəti yönəldən insanların və təşkilatların açıqlamalarına diqqət etməlidirlər. Azərbaycanın ərazi bütünlüyü təmin edilməyib. Bu faktı Azərbaycan rəsmən etiraf və elan etməlidir. Bu fakt nə etiraf edilir, nə də elan edilir. İlham Əliyev də bu barədə danışmayıb, bizim müttəfiqlərimiz də bu barədə, bircə kəlmə də olsun, danışmayıblar, danışmamaqdadılar.
Əgər, Dağlıq Qarabağ ərazisi Azərbaycan üçün ögey ərazilərdisə, bunu da rəsmən bildirmək lazımdır. Elan etmək lazımdır ki, o ərazilərdə xüsusi iddiamız yoxdur. Şuşa, xarı bülbül, muğam festivalı, dambadurum,.. bütün bunlar hamısı, dediyim kimi, çox gözəldir, amma ölkənin ərazisi muğam festivalları ilə, xarı bülbül nişanları ilə bütünləşməz. Alim Qasımov bir dəstgahı gecədən sabaha qədər oxusa da, bununla Xankəndi və o biri rayonlarımız xəritəmizə birləşməz.
Baş verənlərə mən də sevinirəm, amma sevinmək də bir yerə qədər, axı. « Qarabağ Azərbaycandır » şüarlarını Bakının və ölkənin bütün posterlərində yelləndirə bilərik. Hələ bu müharibədən əvvəl rəsmi təbliğat «işğal edilmiş rayonların azad edilməsi » ritorikasını guruldadanda da, Şuşa deyirdilər, Laçın deyirdilər, Kəlbəcər deyirdilər,..
Dəyərli azərbaycanlılar ! Sevinin, şadlanın, Ərdoğanın şərəfinə mahnılar qoşun, qurbanlar kəsin, nə istəyirsiz, eləyin. Amma mütləq və mütləq soruşun : Xankəndi bizimdirmi, oraya iddiamız varmı ?
Bəlkə, gerçəkdən də, İlham Əliyev Putinlə və başqaları ilə məsləhətləşib – razılaşıb bu savaşı başlayanda «Dağlıq Qarabağ ərazisinə iddiamız olmayacaq » razılığını verib ? Bəlkə, belə bir razılıq verilməyib ? Bəlkə, hətta Ərdoğan da bu razılığı bilib və öz razılığını da əlavə edib ? Bəlkə, söhbət, gerçəkdən də Lavrov planı deyilən o mübhəm xəritənin üzərində olub ?
Sevinin, şadlanın, fərəhlənin, odur, Ərdoğan da gəldi, Şuşada bəyannamə imzaladı, şəkərbura yedi, çay içdi, ermənilərin paxıllıqdan ürəyi partladı… Sevinin, şadlanın, amma bu sevinc duyğularının aöuşundan qopmaq vaxtınızı da bəlirləyin. Təqvim tutun özünüz üçün : nə vaxt bu eyforiya bitəcək ?
Ermənilər heç nə itirməyiblər, sadəcə mifik təəssüratlar üzərində qurduqları əsassız planlarının bir kənarı qırılıb. Qarabağda söz və hökm sahibi olduqlarını iddia edirlər. Bu çağırışların- açıqlmaların düşük səsləndiyini onlar da bilirlər, amma bunu edirlər. Niyə edirlər ? Ona görə ki, o ərazilərə sahiblik haqlarının siyasi- psixoloji əsaslarını hazırlayıb bərkidirlər. Biz isə xarı- bülbül və muğam festivallarını, Ərdoğanın səfərini, Əliyevin həftədə bir dəfə baş verəcək Şuşa reyslərini özümüz üçün təntənəli gerçəklik kimi qəbul etməliyik.
Amma bir də özünüzə sual verin, hamıya sual verin : Xankəndi bizimdirmi ? Rəsmi və ictimai qaydada bunu özümüz üçün yeni hədəfi müəyyən edən şüara çevirməlyikmi, yoxsa, unudaq getsin ? Hesab edəkmi ki, oralar bizim deyil ? Sual vermirsizsə, cəhənnəmə verin, eləcə gedin sevinin, şadlanın, xarı- bülbülləyin, özünüzü sevincdən dəli olmuş kimi çılğınlar kimi təqdim edin…
Xankəndinin yuxarı yamaclarında da xarı bülbül bitir…
Ganimet Zayidov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir