KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Qarabağdakı gərginliyin pərdəarxası

Fuad Gahramanlı: Qarabağdakı gərginliyin pərdəarxası

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
15 0

Yeni toqquşmalar da ola bilərmi

Qarabağda baş verənlər gözlənilən idi. Bu ilk olmadığı kimi belə görünür ki, son da olmayacaq. Sülhməramlı adı altında Qarabağa yerləşdirilən Rusiya ordusu lazım olan vaxt erməni mövqelərindən bizim əsgərlərimizə atəş açılmasını təşkil edəcək, sonra Azərbaycanın da “qisas” alması üçün səbəb yaranacaq və beləcə hərbi gərginlik davam edəcək. Bu elə bir tələdir ki, rusların əlində bu imkan qaldıqca, biz bu qapalı dairədən çıxa bilməyəcəyik. Zamanında biz Rus ordusunun Qarabağa gətirilməsinin fəsadlarından danışanda, o vaxt bizləri qələbəyə kölgə salmaqda ittiham edənlərin indi səslıri batıb.
Biz əvvəlki yazılarda baş verənlərin uzun müddətli və geniş miqyaslı müharibəyə çevrilmək perspektivinin olmadığını yazmışıq. (Bu barədə olan yazının linki rəy bölümünə qoyuram.) Ancaq problem ondadır ki, Rusiya vaxtaşırı ermənilərin əli ilə bu cür təxribatlar törədib Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını pozmağa çalışacaq. Bu dəfə baş verənlər, əslində, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin vasitəçisiz Tiflis görüşünə Moskvanın pozucu reaksiyası idi.
Ancaq məsələ təkcə bununla da məhdudlaşmır. Rusiya öz hərbi varlığını sürdürmək üçün davamlı gərginliklər, qan tökülməsini təmin etməlidir ki, özünü geniş miqyaslı müharibənin qarşısını alan tərəf kimi təqdim edə bilsin. Yoxsa, toqquşmalar yoxdursa, ruslara nə ehtiyac? Bu cür gərginliklər həm də hərbi ritorikanı və düşmənçilik əhval ruhiyyəsini körükləyərək Ermənistandakı revanşist müharibə tərəfdarı müxalifətin mövqeyini gücləndirir. Həm də Azərbaycanın daha böyük hesabla cavabı qarşısında aciz qalan Paşiniyanın mövqeləri zəifləmiş olur. Göründüyü kimi bir güllə ilə iki dovşan vurulur.
Ancaq məsələnin ən mürəkkəb tərəfi odur ki, artıq Paşiniyan Qarabağa nəzarət edə bilmədiyi üçün, Azərbaycan və Ermənistan arasındakı danışıqlar yolu ilə bu cür təxribatların qarşısını almaq mümkün deyil. Heç Qərbin də bu məsələyə diplomatik müdaxilə imkanı yoxdur. Əksinə, Qarabağdakı separatçı qrunm və silahlı birləşmələr bütövlükdə Rusiyanın nəzarətində olduğuna görə Moskva istədiyi vaxt bu silahlı qüvvələr vasitəsilə Azərbaycan və Ermənistan arasındakı danışıqları pozmaq üçün silahlı təxribatlar törədə bilir.
Ona görə də bu bataqlıqdan çıxmağın yeganə yolu, rus ordusunun Qarabağda qalacağı təqdirdə sülh danışıqlarının hər an pozula biləcəyi məsələsini ABŞ və Aİ ilə müzakirəyə çıxarmaq və 9 noyabr Bəyanatındakı öhdəliklərin yerinə yetirilmədiyini əsas götürərək rusların ərazidən çıxarılmasını tələb etməkdir. Bunsuz danışıqların nəticəyə gedib çıxması mümkün deyil. Təəssüf ki, Azərbaycan rəhbərliyi Rusiyanın təsirindən çıxmağa hazır olmadığı üçün, bu məsələ indi elə də real görünmür. Ona görə də ən real variant budur ki, Qərb öz vasitəçilik missiyasında hər iki tərəfdən bu məsələdə ortaq mövqe göstərməyi tələb etsin. Əks təqdirdə sülh danışıqları hər dəfə pozulacaq və yenidən təkrar – təkrar sıfır nöqtəsinə qayıdılacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.