KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Qarabağda rus ordusunu kim saxlayır?

Fuad Gahramanlı: Qarabağda rus ordusunu kim saxlayır?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
108 0

Türkiyə Rusiya ilə geosiyasi şərikliyə razıdırmı ?

Qarabağdakı rus ordusu orada nə qədər qalacaq? İndi bu sual həm də Azərbaycan qarşısında bir tələb kimi qoyulub. ABŞ Konqresində keçirilən dinləmələrdə Dövlət katibinin müavini Ceyms Obraynın rus “sülhməramlılarının” regionu tərk etməsi ilə bağlı səsləndirdiyi fikirlər onu göstərir ki, Qərb Azərbaycandan bu məsələyə aydın cavab istəyir. Düzdür, bu gün Azərbaycan hakimiyyəti ruslarım Qarabağdakı varlığına görə daxili ictimai rəy qarşısında hər hansı izahat, hesabat vermək zərurəti hiss etmir. Ancaq xarici siyasətdə bu mövzunun üstündən sükutla keçmək mümkün deyil və Qərb Bakının bu məsələyə necə baxmasını onun strateji seçim qərarını aydınlaşdıran məsələ hesab edir.

Bu gün İlham Əliyev üçün əsas çətinlik odur ki, əvvəllər rus hərbiçilərinin Qarabağdakı mövcudluğunu atəşkəsə nəzarət fəaliyyəti ilə əlaqələndirmək olurdusa, indi ortada hər hansı ağlabatan səbəb qalmayıb . Belə bir şəraitdə artıq ermənilərin yaşamadığı Qarabağda rus ordusunu saxlamağın məntiqli bir gərəkçəsi göstərilməli və məqsəd deyilməlidir.

Belə bir gərkçə yoxdursa, məqsədin nə olduğuna Bakı cavab verməkdən yayınırsa və hətta Rusiya Müdafiə Nazirliyinə qoşulub bu məsələ ilə bağlı qeyri ciddi əsaslar uydurursa, bu o deməkdir ki, Azərbaycan rusların Qarabağdan çıxarılmasında heç də maraqlı deyil. Bakının son vaxtlar həvəslə anti – Qərb ritorikasını gücləndirərək Rusiya ilə yaxınlaşması onu göstərir ki, ruslar heç də Qarabağda Moskvanın təzyiqi hesabına qalmırlar.

Azərbaycan hakimiyyəti hesab edir ki, Gürcüstan və Ermənistanın Avropaya üz tutması fonunda, Cənubi Qafqazda Qərbin mövqeləri getdikcə güclənir. Belə bir vəziyyətdə isə Cənubi Qafqazda Rusiyanın hərbi mövcudluğunun qalması, Azərbaycandakı avtoritar rejimin ömrünü uzada bilməsi üçün mühüm əhəmiyyət daşıyır. Demək ki, Azərbaycan hakimiyyəti öz avtoritar mahiyyətinə görə bu gün rus ordusunun Qarabağdakı varlığını hazırkı beynəlxalq geosiyasi rəqabət şəraitində öz mövcudluğunum əsas təminatı hesab edir.

Eyni zamanda bu məsələyə Qərb tərəfdən baxanda belə görünür ki, öz ərazisində rus ordusunu saxlamaq Moskvanın imperiya maraqlarını hərbi yolla qoruması üçün ona imkan yaratmaq, Qərbə qarşı ortaq strateji məqsədləri bölüşmək deməkdir. Bununla Bakı 22 fevralda Moskvada imzalanmış müttəfiqlik müqaviləsinə heç də formal sənəd kimi yanaşmadığını və müttəfiq kimi Rusiyanın Qərbə münasibətini bölüşdüyünü, ortaq maraqlardan çıxış etdiyini göstərir.

İndi əsas məsələ Türkiyənin bu məsələyə necə yanaşacağıdır. Türkiyə prezidenti Ərdoğan Azərbaycanın bir günlük antiterror əməliyyatından xeyli öncə demişdi ruslar 2025 – ci ildə Qarabağdan çıxmalıdırlar. Belə görünür ki, onun bu mövqeyi ilə Bakının indiki yanaşması heç də tam üst- üstə düşmür. Çünki rus ordusunun Qarabağda qalması üçün bu gün heç bir səbəb olmadığına görə, daha oturub 2025- ci ili gözləməyə ehtiyac yoxdur. Ancaq indi aydın görünür ki, Ərdoğanın məlum mövqeyinin əksinə i olaraq Azərbaycan hakimiyyəti rusların Qarabağda qalmasında maraqlıdır.

Türkiyə Azərbaycanda Rusiya ilə geosiyasi şərikliyə nə qədər müddətə dözəcək, bu sualın cavabını isə zaman göstərəcək. Ancaq Rusiya Ukraynada məğlub olaraq geri çəkiləcəksə, belə bir şəriklik regional güc kimi Türkiyənin təsir imkanlarını məhdudlaşdırdığına görə onun tərəfindən etirazla qarşılanacaq. O zaman Qarabağdakı rus ordusunun varlığı bu gün Qərblə olduğu kimi, həm də Türkiyə ilə münasibətlərdə gərginlik yaradan problemə çevriləcək.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir