KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Qərblə “rus ruletkası” oynamaq nə vəd edir ?

Fuad Gahramanlı: Qərblə “rus ruletkası” oynamaq nə vəd edir ?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
87 0

Azərbaycan hakimiyyəti nə etmək istəyir?

Azərbaycan hakimiyyəti nə etmək istəyir? Daxili siyasətdə bu aydındır. Mövcud idarə etmə üsulunu və siyasi kursu dəyişmək niyyətində olmayan iqtidar cəmiyyətin tələblərini, getdikcə pisləşən iqtisadi göstəriciləri nəzərə almaq, islahatlar barədə düşünmək yerinə daha çox zorakılığa, repressiyalara əl ataraq cəmiyyətin etiraz potensialını beşiyindıcə boğmağa və “status kvonu” qoruyub saxlamağa çalışır. Ölkədə mövcud problemlər görməzdən gəlinir, islahatlar yönündə hər hansı addım atılmır, insanların gündən- günə ağırlaşan həyat şərtlərinə baxmayaraq dövlət siyasətinə çevrilmiş korrupsiya ənənəvi qaydada davam etdirilir.

Xarici siyasətdə isə vəziyyət bir qədər fərqlidir. Çünki burada qaydaları Azərbaycan hakimiyyəti müəyyənləşdirmir. Əksinə, bu sahədə qayda qoyanlar başqalarıdır və onlar həm də öz qaydalarını tətbiq edəcək gücə, ona qarşı gələnləri “başa salacaq” cəza mexanizmilərinə sahibdirlər Bu baxımdan indi Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məsələ onun bu yeni oyun qaydalarına, şərtlərə münasibətdə hansı yolu seçəcəyi, necə davranacağıdır.

Belə görünür ki, hələ də Azərbaycan hakimiyyəti Rusiya və Qərb arasında öz strateji seçim qərarını verə bilməyib. Demokratiyaya, Qərb dəyərlərinə nifrət edən Azərbaycan hakimiyyəti özünü Rusiyanın yanında, hətta onun bir quberniyası kimi görmək istəsə də, Qərbin təzyiqləri və mümkün cəza mexanizmləri onun üçün geosiyasi seçim məsələsini xeyli çətinləşdirir, risqlər yaradır.

Ona görə də bu gün iqtidar yeni geosiyasi reallıqlar və tələblər qarşısında aydın cavablar vermək, konkret addımlar atmaq əvəzinə, Qərbi oyalamaq, vaxt qazanmaq taktikasını seçib. ABŞ Dövlət katibinin köməkçisi Obrayanın Bakıya səfəri zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünə razılıq verilsə də, indi məlum olur ki, Bakı bu məsələdə verdiyi sözü yerinə yetirmək istəmir.

İlham Əliyevin son mətbuat konfransında “Azərbaycan və Ermənistan arasında sülh danışıqları geosiyasi məsələ deyil, iki tərəfin öz arasında həll edəcəyi ikitərəfli bir problemdir” deməsi onu göstərir ki, o, indi də Qərbin bu prosesdə vasitəçiliyinə qarşı olmaqda davam edir. Çünki Azərbaycan və Ermənistan özləri sülh məsələsini həll etməlidir demək hazırda tərəflər arasında vasitəçilik edən Qərbə “sənə ehtiyac yoxdur, kənarda dur” deməkdir. Bu həm də tərəflərdən hər hansı biri bu məsələni həll etmək, sülh müqaviləsi imzalamaq istəmirsə, kənardan kimsə gəlib buna görə təzyiq etməməlidir deməkdir.

Bir neçə gün öncə ABŞ Dövlət Departamentinin Qafqaz üzrə təmsilçisi Lui Bonon Ermənistandan sonra Bakıya gəlməli idi. Onun səfərinin məqsədi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünə hazırlıq işlərinə yekun vurmaq idi. Ancaq onu Bakıda qəbul etməkdən imtina etdilər. Bununla da Azərbaycan hakimiyyəti Dövlət katibinin köməkçisi Obrayanın məlum səfərinin nəticələrini şübhə altına almış oldu.

Bu günlərdə ABŞ-n Bakıya gəlmiş səfiri Libbi də bir qədər gözlədikdən sonra etimadnaməsininin dövlət başçısı tərəfindən qəbul edilməməsinə görə ölkəni tərk edib geriyə qayıtmalı olub. Azərbaycanı Qərblə üz üzə qoymağa sürükləyən bu cür addımlar indiki halda daha çox Rusiyanı məmnun etməyə xidmət edir. Aydın görünür ki, Azərbaycan hakimiyyətinin mövqeyi çox ziddiyyətlidir və hansısa kənar müdaxilələrin təsirinə məruz qalır. Bir tərəfdən Azərbaycan hakimiyyətinin təmsilçiləri Hikmət Hacıyev, Elçin Əmirbəyov dönə- dönə Azərbaycanın Qərbin sülhlə bağlı vasitəçilik təşəbbüslərinə müsbət yanaşdığını, sülh müqaviləsi imzalamağa hazır olduğunu deyərək pozitiv mesajlar verirlər, o biri tərəfdən də İlham Əliyev tam əks mövqe ortaya qoyaraq Qərbin vasitəçiliyini bloklamaqla məşğul olur.

O zaman belə çıxır ki, Azərbaycan xarici siyasətlə bağlı öz qərarlarını müstəqil şəkildə verə bilmir. Qərbin təzyiqlərindən sonra Azərbaycan Ermənistanla sülh danışıqlarının davam etməsinə müsbət reaksiya göstərən kimi, Rusiya dərhal müdaxilə edir və proses yenə əvvəlki ölü nöqtəyə qayıdır. Ancaq bu da bir yerə qədər. Çünki hazırkı situasiyada Azərbaycan hakimiyyətinin təkrarlanan bu tip manevrləri artıq qarşı tərəfin dözüm limitini tükətmək üzrədir və belə davam edərsə bu Qərblə qarşıdurmaya , daha sərt gərginliyə yol açacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir