KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elhan Şahinoğlu: Pekinin Baydenə olan ümidləri özünü niyə doğrultmadı?

Elhan Şahinoğlu: Pekinin Baydenə olan ümidləri özünü niyə doğrultmadı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
299 0

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 4 illik hakimiyyəti dövründə Çinlə münasibətlər xeyli gərginləşdi. Pekin ümid edirdi ki, Trampın əsas rəqibi Co Bayden Ağ Evdə əyləşəndən sonra gərginlik nisbətən azalacaq və münasibətlər keçmişdə olan dövrə qayıdacaq. Ancaq münasibətlər əvvəlkitək gərgindir. Əksinə Vaşinqton Çinə qarşı yeni addımlar barədə düşünür.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Çinlə mübarizədə yeni mərkəz təsis edib. “Qlobal çağırışlarla” mübarizə mərkəzinin əsas hədəfi Çindir. Çin Xarici İşlər Nazirliyi yeni mərkəzin yaradılmasını münasibətlərə daha çox zərər vuracağıyla bağlı bəyanatla çıxış edib. Rusiya da yeni təsis olunan mərkəzə etirazını bildirib. Moskvada hesab edirlər ki, yeni mərkəz Çinlə yanaşı Rusiyanı da hədəf götürəcək.

Çini Vaşinqtonla münasibətlərdə son zamanlar iki hadisənin qeydə alınması da narahat edib. Birincisi, ABŞ-ın sualtı gəmisi Çin sahillərinə yaxınlaşaraq bəlli olmayan insidentlə üzləşib. Vaşinqton bu insident barədə beynəlxalq aləmə səhih məlumat verməyib. İkincisi, ABŞ Tayvanda hərbi fəaliyyətini genişləndirir.

ABŞ və Çin təmsilçiləri bu məsələlərə aydınlıq gətirmək üçün İsveçrənin Sürix şəhərində bir araya gəlsələr də, müzakirələrdən nəticə çıxmayıb. Görüşdə ABŞ-ı prezidentin milli təhlükəsizlik məsələləri üzrə Ceyk Sallivan, Çini isə hakim Kommunist Partiyasının beynəlxalq məsələlər üzrə şöbə müdiri Yan Tseçi təmsil edirdilər.

ABŞ-Çin münasibətlərinin gərginləşməsinə baxmayaraq, tərəflər toqquşma istəmirlər, bu kimi risqləri azaltmaq barədə bəyanat verirlər. Ancaq hadisələrin inkişafı toqquşma ehtimalını getdikcə artırır. Vaşinqton Çinin artan hərbi gücünə və Tayvan adasını ələ keçirmək planlarına seyrçi qalmayacaq.

Tayvan rəhbərliyinin açıqlamalarına görə, Çin 2025-ci il üçün Tayvan adasını ələ keçirmək üçün plan hazırlayıb. Pekin bu iddiaları təkzib etməyib. Belə olan halda Amerika Tayvan adasında hərbi varlığını artırmağa qərar verib. Amerikanın nüfuzlu “The Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, Mərkəzi Kəşfiyyat İdarəsi Tayvana 20 təlimçi göndərib. Həmin təlimçilər Tayvan ordusunun xüsusi qruplarına intensiv təlimlər keçirirlər. Amerikanın məqsədi Tayvanın müdafiə qabiliyyyətini artırmaqdır.

Pekinin Vaşinqtondan tələbi budur ki, ABŞ Tayvanı silahlandırmaqdan əl çəksin. Elə bu tələbin özü göstərir ki, Pekinin Tayvan adasını rahatlıqla ələ keçirmək üçün planlar üzərində işləyir. Cəmi bir neçə gün ərzində Çin təyyarələri Tayvan adası üzərində 150 uçuş həyata keçiriblər. Bundan narahat olan Vaşinqton da Tayvan adasına yaxın əraziyə sualtı gəmilərini göndərib.

Beləliklə, Pekinin Baydenə olan ümidləri özünü doğrultmayıb. Başqa cür olması da çətindir. Çin öz hərbi gücünü artırdıqca, qonşu dövlətlərə qarşı əzələ nümayişi həyata keçirdikcə, o cümlədən Tayvan adasını ələ keçirmək üçün planlar hazırlayarkən, Amerikanın heç bir prezidenti Pekinlə münasibətləri normallaşdıra bilməyəcək.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir