Zeynal Emraliyev: HİNDİSTANI QORXUYA SALAN SAZİŞ SƏUDİYYƏ – PAKİSTAN İTTİFAQI BÖLGƏYƏ NƏ VERƏCƏK ?
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, səfərdə olan Pakistanın baş naziri Şərif paytaxt Ər-Riyaddakı Yamama sarayında bin Salmanla görüşüb. Rəsmi görüş zamanı nümayəndə heyətləri iki ölkə arasında tarixi və strateji əlaqələri və bir sıra birgə iş sahələrini nəzərdən keçiriblər. Sonda tərəflər ölkənin təhlükəsizliyini artırmaq, regionda və dünyada təhlükəsizlik və sülhü təmin etmək səylər çərçivəsində “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar. İmzalanan saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır. Razılaşmada vurğulanır ki, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Bu saziş bir çox ölkəyə, xüsusilə də Hindistana təsir göstərəcəyi şübhəsizdir. Əldə edilən razılaşma eyni zamanda İsrailin Qətərə hücumundan sonra Səudiyyə Ərəbistanının öz təhlükəsizliyini qorumaq üçün atdığı mühüm addım olaraq da dəyərləndirilə bilər. Müqavilə də ən mühüm tərəflərdən birinə edilən hücumun, hər iki ölkəyə qarşı hücum kimi qəbul edilməsidir. Bu, NATO modelinə bənzəyən bir yanaşmadır. Eyni zamanda kəşfiyyat, texnologiya və silah sahəsində əməkdaşlığın genişlənməsi nəzərdə tutulur ki, bu iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Kəşfiyyat sahəsində əməkdaşlığın Pakistan üçün əhəmiyyəti böyükdür. Məlum olduğu ki, Səudiyyə kəşfiyyatı əsas etibarı ilə ABŞ ilə geniş əməkdaşlıq içərisindədir. Qərbdən alınmış ən yüksək texnologiya ilə təchiz edilib. Pakistanın onların köməyindən istifadəsi regionda Hindistanın davranışlarını öncədən müəyyən etmək baxımdan olduqca əhəmiyyətlidir. Nəzərə alaq ki, ötən ilə Modi hökumətinin hər iki ölkənin ortaq istifadə etdiyi su hövzələri üzərində həyata keçirdiyi təxribatçı fəaliyyətə görə tərəflər arasında şiddətli toqquşma baş vermişdi. Bu cür toqquşmaların gələcək də baş verməsi istisna deyil. Buna görə rəsmi İslamabad özünün təhlükəsizlik və müdafiə məsələsindəki mövqeyini gücləndirməklə məşğuldur. Tərəflər arasında həmçinin silah sahəsində də əməkdaşlıq barədə razılıq əldə edilib ki, bu həm silahların alqı – satqısı, həmçinin birgə hərbi təlimləri özündə ehtiva edə bilər. Əldə edilmiş bu saziş Hindistanın Körfəz bölgəsində uzun illərdi əldə etməyə çalışdığı ” yumşaq güc ” siyasətinə böyük zərbədir. Rəsmi Dehli Səudiyyə Ərəbistanı və Körfəzin digər ölkələri ilə enerji – iqtisadi sahədə əməkdaşlıqda maraqlıdır. Ancaq Pakistan bu razılaşma ilə Hindistanın planlarını alt – üst etmiş oldu. Bu saziş eyni zamanda Səudiyyə Ərəbistanına Qərbdən müstəqil təhlükəsizlik arxitekturası qurmağına da əhəmiyyətli dərəcədə yardım göstərəcək.
Share this content:
Yorum gönder