Elhan Şahinoğlu: Netanyahu odla oynayır

İsrailin baş naziri Benyamin Netanyahu odla oynayır. İsrailin Suriyanın İdlib vilayətində tərk edilmiş Əbu-Zuhur aviabazasına zərbə endirməsi bölgədə yeni gərginlik ocağı yaradıb. Netanyahu zərbəni belə izah edib ki, Suriya hakimiyyəti aviabazanı Türkiyənin ixtiyarına vermək istəyir, bu isə İsrailə təhlükə yaradır. Türkiyə Xarici İşlər Nazirliyi İsrailin zərbələrini Suriyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirib.

Ankara haqlıdır. Suriyanın hansı ölkə ilə hərbi əməkdaşlığa üstünlük verməsi bu ölkənin müstəsna hüququdur. İsrailin Türkiyə ilə münasibətlərində gərginlik var deyə, Dəməşq Ankara ilə hərbi sahədə əməkdaşlıq etməməlidir? İsrail Suriya ərazisində keçmiş SSRİ və Rusiyanın hərbi bazasına heç vaxt etiraz etməyib. İsrailin Türkiyə sərhədinə 72 kilometr məsafədə olan aviabazanın bombardman etməsi Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın da sərt açıqlamasına səbəb olub. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək.

Netanyahunun Türkiyə ilə gərginliyi artırması İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ilə əlaqəlidir. Netanyahu ölkə içərisindəki mühafizəkarların səsini almaq üçün Türkiyə ilə münasibətlərdəki gərginliyi artırmaq yolunu seçib. İş o yerə çatıb ki, hakim “Likud” partiyası reklam lövhələrində Rəcəb Tayyib Ərdoğanın şəklini yerləşdirərək onu düşmən obrazında əks etdirib. Bu siyasət İsrailə yaxşı heç nə vəd etmir. Müxtəlif ölkələrlə münasibətlərdə problemi olan İsrailin bölgənin aparıcı ölkələrindən biri Türkiyə ilə gərginliyi artırması iki ölkə arasında toqquşma riskini artırır.

Türkiyə Xarici İşlər Nazirliyinin son olayla bağlı bəyanatında beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirməyə yönəlik çağırışı da var. Ağ Ev sahibi İranı ram etməyə çalışarkən, bölgədə İsrail-Türkiyə gərginliyinin alovlanması ABŞ-ın təhlükəsizlik maraqlarına cavab vermir. Təsadüfi deyil ki, ABŞ administrasiyası İsrail, Suriya və Türkiyə arasında münaqişələrin aradan qaldırılması mexanizmi yaratmaq üzərində işləyir. İsrail-Türkiyə gərginliyi Azərbaycanın da maraqlarına cavab vermir. Ancaq əgər İsrail Türkiyə ilə gərginliyi artırmaq yolunu seçibsə, Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyanat yaymasına ehtiyac yarana bilər.

Kafkassam Editör
YAZAR

Kafkassam Editör

Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.

Yorum Yaz

Share a useful thought, question, or feedback.