KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elhan Şahinoğlu: Asiya da Rusiyanı məyus edib

Elhan Şahinoğlu: Asiya da Rusiyanı məyus edib

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
36 0

Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri banklarının ABŞ-ın ikinci dərəcəli sanksiyalarından ehtiyatlanmaları səbəbindən Rusiya şirkətlərinin xam neft və yanacaq ödənişlərində bir neçə aylıq gecikmələrlə üzləşməsi Kremli ciddi narahat etməyə başlayıb. Ödənişlə bağlı gecikmələr aylarla uzanıb. Bu isə Rusiyanın valyuta ehtiyatının tükənməsinə səbəb ola bilər. Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki bir sıra banklar ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. Banklar Rusiyaya pul köçürmək istəyən müştəriləri diqqətlə yoxlayır, onların ABŞ-ın sanksiya siyahılarında olub-olmadığını araşdırırlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov problemi etiraf edib. Peskovun sözlərinə görə, ABŞ və Avropa İttifaqının pul köçürmələriylə bağlı Çinə təzyiqi artıb. Maraqlıdır, Çin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsinə baxmayaraq, Pekin bu ölkəyə pul köçürmələrində Vaşinqtonun və Brüsselin qərarlarıyla hesablaşır.

Rusiya başqa problemlə də üzləşib. Rusiya pul köçürmələriylə bağlı üzləşdiyi çətinliklə yanaşı neft satışında da problemlərlə üzləşib. Hindistan Rusiyadan neft alışını xeyli azaldıb. Dehli Hindistanın neft emalı zavodlarının qərarlarına qarışmır. Hindistanın neft emalı zavodları neftin hansı ölkələrdən alınması məsələsində sərbəstdirlər. Görünür, Hindistanın neft emalı zavodları da Qərb ölkələrinin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalarla hesablaşır. Rusiya öz neftini ucuz satmağa çalışsa da, Hindistan ərəb ölkələrindən neft alışının həcmini artırıb.

Beləliklə, Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi Rusiya iqtisadiyyatına ciddi problemlər yaradıb. Qərb ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladıqdan sonra Kreml Asiya bazarlarına üz tutdu. Asiya ölkələri Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmasalar da, Vaşinqton və Brüsselin sərt qərarlarıyla hesablaşmaq məcburiyyətində qalıblar. Çünki Çin və Hindistan Rusiyadan yanacaq və xammal məhsulları alsalar da, bu iki dövlətin əsas iqtisadi tərəfdaşları Qərbdədir.

iran Rusya işbirliği

Rusiya və İran strateji tərəfdaşlığı dərinləşdirən yeni saziş imzalamağa hazırlaşırlar. Mətn üzərində çalışmalar bitmək üzrədir, iki ölkənin diplomatları son bəndləri razılaşdırırlar. Sazişi iki ölkənin prezidentləri Vladimir Putin və İbrahim Rəisi imzalayacaqlar. Yeni sazişə ehtiyac o səbəbdən yaranıb ki, son illərdə iki ölkə arasında strateji əməkdaşlıq dərinləşib, siyasi və iqtisadi əlaqələrə hərbi-texniki yardımlaşma da əlavə olunub. Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi İran istehsalı olan dron və raketlər buna sübutdur. Bu arada, Moskva İsrailin İranın Suriyadakı konsulluq binasına raket zərbəsini qətiyyətlə pisləyib. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin İran konsulluğuna zərbəsini təşkilatın müzakirəsinə çıxarıb. Halbuki, Rusiyanın keçmiş illərdə İsraillə tərəfdaşlıq münasibətləri var idi, Kreml sahibi bu ölkəyə səfər də etmişdi. Kreml İranı seçib.

Rusiya-İran strateji tərəfdaşlığının və yeni sazişin Cənubi Qafqaz, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər? Azərbaycanla İran arasında münasibətlərdə sualların sayı azalmır. Azərbaycanın Rusiya ilə münasibətlərində isə hazırki mərhələdə dərin fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Rusiya İranın strateji tərəfdaşı, hətta müttəfiqi kimi çıxış edəcəksə, bu, Kremlin Tehranın Azərbaycana yönəlik siyasətini də dəstəkləməsi anlamı daşıyacaq. Bu isə artıq Azərbaycan maraqlarına toxunacaq.
Nato Ermenistan

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalına müsahibəsində Moskvanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regionda vəziyyətin gərginləşməsi zamanı Ermənistana kömək etməməsi ilə bağlı bəyanatları yalan adlandırıb. “Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib” deyən Zaxarova İrəvanın Qarabağla bağlı qərarlarını NATO-nun təsiri altında verdiyini bildirib. Zaxarova bununla demək istəyib ki, İrəvan NATO-ya deyil, Rusiyaya arxalansaydı, Kreml Qarabağın Azərbaycanın nəzarətinə keçməsini əngəlləyərdi. Birincisi, NATO Ermənistana təhlükəsizlik təminatı verməyib ki, İrəvan Qarabağla bağlı Şimali Atlantika Blokundan dəstək gözləyərdi. İkincisi, İrəvan Kremlə arxalanaraq KTMT-dən dəstək istəsəydi belə, bu Azərbaycanın Qarabağı nəzarətə götürməsinə mane olmayacaqdı.

Mariya Zaxarova Brüsselə səfərə hazırlaşan baş nazir Nikol Paşinyana Kremlin növbəti xəbərdarlıq mesajını da gönərib: “Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır”. Zaxarova bu cümləsi ilə Azərbaycanın yerinə qərar verib. Azərbaycan 4 kəndin geri qaytarılmasını istəyir, ancaq İrəvanın ABŞ, Avropa İttifaqı və ya Böyük Britaniya ilə yaxınlığına görə yeni müharibəyə başlamayacaq.

Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir