KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Çin yeni ərazilərə iddialıdır

Çin yeni ərazilərə iddialıdır

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
387 0

Dünyada koronavirusla mübarizə davam edərkən, böyük dövlətlərin geosiyasi planları yenidən ön plana keçir. Amerika Birləşmiş Ştatlarında koronavirusla mübarizə və daxili çəkişmələr, o cümlədən polisin qaradrəili amerikalının ölümündən sonra kütləvi nümayişlər Vaşinqtonun xeyli enerjisini alsa da, Ağ Ev, Dövlət Departamenti və Pentaqon dünyadakı əsas rəqiblərini izləməkdə davam edirlər.
Çin Amerikanın əsas başağrısı olaraq qalmaqdadır. Vaşinqtonun “koronavirusun dünyada yayılmasına və böyük itkilərə görə Çin cavabdehdir” ittihamları sonda Ümumdünya Səhiyyə Təşkilatında da təsdiqini tapdı. Təşkilatın rəsmiləri uzun müddət susmalarına rəğmən, sonda etiraf etdilər ki, koronavirus Çində yayıldıqda onlara məlumatlar zamanında ötürülməyib, bu da gərəkli zamanın itirilməsinə səbəb olub. Bu səbəbdən bir sıra dövlətləri koronavisun necə yaranması və yayılmasıyla bağlı beynəlxalq araşdırma qrupunun yaradılmasını təklif ediblər. Amerika ilə yanaşı bu təşəbbüsü irəli sürən ölkələrdən biri də Avstraliyadır. Pekin Vaşinqtona gücü çatmadığına görə əsas təzyiqi Avstraliyaya yönəldib. Pekin Avstraliya hökumətini beynəlxalq araşdırma qrupunun yaradılması ideyasından vaz keçməyə çağırır. Avtstrliyadan rədd cavabı alan Pekin bu ölkəyə qarşı müxtəlif istiqamətlərdə təzyiqlərini artırıb.
Hazırki vəziyyətdə Çinin yeganə ümid yeri Rusiyadır. Çinin hakim partiyasının mayın sonunda keçirilən qurultayında Rusiya Çinin təbii strateji tərəfdaşı adlandırılıb. Pekinin başqa seçimi qalmayıb. Çünki, koronavirusun yayılmasına görə Pekini tənqid etməyən yeganə ölkə Rusiyadır. Halbuki, ölümcül virusun yoluxma miqyasına görə Rusiya dünyada üçüncü sıraya qalxıb, anti-rekord vuran bu ölkədə gündəlik yoluxma sayı 7-8 mindən aşağı enmir, ən mürəkkəb vəziyyət Moskvadadır.
Buna baxmayaraq, amerikalı rəsmilərdən və diplomatlardan fərqli olaraq Kreml virusun yayılmasına görə Çinin adını tələffüz etmir. Bu da Pekinin işinə yarayır. Əgər keçmiş illərdə Pekin Rusiya ilə tərəfdaşlığına rəğmən, ABŞ-la da münasibətlərini üst səviyyədə saxlamağa və bir növ balansı pozmamağa çalışırdısa, hazırda bu siyasətdən əsər-əlamət qalmayıb. Pekin birmənalı Rusiyaya tərəf yönəlmək məcburiyyətində qalıb. Öz növbəsində Pekinin bu siyasəti Kremlin işinə yarayır. Çinin adını çəkməməklə ona minnət qoyan Rusiya şərq qonşusunu siyasi mənada özündən asılı vəziyyətə salıb. Kreml bu yolla nəhəng bazar olan Çinlə iqtisadi və enerji əməkdaşlığını genişləndirməyə çalışır. Məsələn, Kreml elə etmək istəyir ki, Çin ən azı neft və qazı yalnız Rusiyadan alsın.
Əlbəttə, Çin bir müddət Rusiyanın istəklərini yerinə yetirə bilər, ancaq Pekin heç zaman bir istiqamətdən asılı qalmasını istəməyəcək və zaman keçdikcə xarici və təhlükəsizlik siyasətində korrektələrə üstünlük verəcək. Hələliksə, Pekin beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Rusiya ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Çin Rusiya ilə tərəfdaşlığa ümid edərkən, qonşularını hədələməkdə davam edir. Çinin əsas hədəfi Hindistandır. Son həftələrdə iki ölkə arasındakı sərhəddə gərginlik yaşanır. Çin Hindistan ərazisinə iddia edir və bu məqsədlə sərhəd qoşunlarını dağlıq massivlərdə irəli çəkməyə çalışır. Hindistanın müdafiə naziri Radjnatx Sinqxin sözlərinə görə, Rəsmi Dehli Çinin sərhəd boyu irəliləməsinə imkan verməyəcək. Pekin bu siyasəti uzun onilliklərdir davam etdirir. Çin ordusu 1962-ci ildə Hindistan ərazisinə daxil olaraq Himalay dağlarının bir hissəsini işğal etmişdi.
Çin dünyanın başının koronavirusla mübarizə qarışdığı vaxtda nədən sərhəddə irəriləməyə və qonşusunun torpaqlarına göz dikib?
Görünür, Çinin hakimiyyət dairələrində düşünürlər ki, beynəlxalq aləmdə elə hazırki ağır vəziyyətdən istifadə edərək geosiyasi hədəflərə çatmaq olar. Bunlardan biri Hindistan ərazisinə doğru irəriləməkdirsə, digəri Honkonq və Tayvan adasını ələ keçirməkdir. Ancaq Pekinin hər iki “hədəfi” beynəlxalq aləmdə kəskin reaksiya doğurub. Beynəlxalq aləmdə Çinin Honkonqa münasibətdə “bir dövlət, iki sistem” prinsipindən geri çəkilməsinə qarşı müqavimət artır. İki nüvə dövləti və əhalisinin ümumi sayı 3 milyard olan Çinlə Hindistan arasındakı gərginlik də beynəlxalq aləmdə müzakirə predmetidir və dünyanı ciddi narahat edir.
Dehli danışıqlara və dialoqa üstünlük verir. Ancaq qarşı tərəf gücə üstünlük verdikdə Dehli cavab verməkdən də çəkinmir. Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Anuraq Şrivastavanın sözlərinə görə, Dehli Pekinlə istənilən məsələni müzakirə etməyə hazırdır. Hindistan rəsmisi iki ölkə aarsında müxtəlif anlaşmalarda da mübahisəli məsələlərin məhz müzakirə yoluyla həlli vacibliyinin göstərildiyini xatırladıb.
Buna baxmayaraq, Çin sərhəddə hərbi-sənaye kompeksinin istehsal etdiyi müxtəlif növ silahlar toplayır. Çin Hindistanla sərhəddə əlavə olaraq 5 min hərbçi göndərib. Hindistan buna seyrçi qalmayaraq sərhəddə əlavə qüvvələr yerləşdirib.
Vəziyyətin bu həddə çatması Vaşinqtonu narahat edir. Aydındır ki, Ağ Ev Çin-Hindistan qarşıdurmasında ikincini dəstəkləyir. Epidemiyadan əvvəl ABŞ prezidenti Donald Trampın Hindistana rəsmi səfəri və imzalanan anlaşmalar da Dehli ilə Vaşinqton arasındakı münasibətlərin inkişafından xəbər verirdi. Təsadüfi deyil ki, Tramp bir neçə gün əvvəl Hindistanın baş naziri Narenda Modiyə zəng edərək onunla ikitərəfli əlaqələri və bölgədəki son vəziyyəti müzakirə edib. Bundan başqa ABŞ və Hindistanın müdafiə nazirləri də zəngləşərək bir-birləriylə əlaqə saxlayaraq fikir mübadiləsi aparıblar.
Beləliklə, söhbət yalnız iki – Çinlə Hindistan arasında qarşıdurmadan getmir. Hər iki dövlətin söykəndiyi beynəlxalq platformalar və müttəfiqlər var. Bölgədə qarşıdurma yaranacağı halda haqqında danışılan platformalar və müttəfiqlər seçim etmək məcburiyyətində qalacaqlar.
Bu arada, müəssisələrini Çindən çıxartmağı planlaşdıran ABŞ və Avropanın iri korporasiyaları fəaliyyətlərini davam etdirmək üçün özlərinə başqa münbit ərazilər axtarırlar. Gələn xəbərlərə görə, ucuz işçə qüvvəsinin varlığı Hindistanla Vyetnamı ABŞ və Avropa şirkətləri üçün yeni cazibə mərkəzinə çevririr. Hindistan və Vyetnam Çini əvəz etməyə hazır olduqlarını nümayiş etdiriblər.

Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir