KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemil Hasanlı: Qarabağın Dağlıq hissəsində Azərbaycanın suverenlik atributları işləmir

Cemil Hasanlı: Qarabağın Dağlıq hissəsində Azərbaycanın suverenlik atributları işləmir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
241 0

Soçi görüşü və yekunları haqqında bizim camaat lazım olduğundan çox optimistdir. Soçidə yeni bir şey olmadı deyə yorumlar var. Bunu İlham Əliyevin, Azərbaycan diplomatiyasının qələbəsi, Putinin (Vladimir padşah) planlarının iflası kimi təqdim edənlər də var. Əlbəttə, ilk baxışda bəlkə də, yeni bir şey yoxdur. Amma suallar doğuran bəzi məqamlar da yox deyil.

Əvvəlcə məsələnin müsbət tərəfini qeyd edək. İlham Əliyev Vladimir padşahın hüzurunda bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Biz də inanmaq istəyirik belədir. Amma gercək mənzərə bunu təsdiq etmir. Qarabağın Dağlıq hissəsində Azərbaycanın suverenlik atributları işləmir.

Valdimir padşah Valday ritorikasını axıra qədər Soçidə reallaşdıra bilmədi. Məlum oldu ki, razılaşdırılmayan məqamlar razılaşdırılanlardan daha çoxdur.

Digər diqqəti çəkən məqamlar:

1.Vladimir padşah dedi ki, Söçi görüşü onun yox, Azərbaycan və Ermənistan rəhbərlərinin xahişi, müraciəti və təşəbbüsü ilə keçirilib. Ermənistanla bağlı məsələ aydındır. Azərbaycan rəhbərliyi niyə bu görüşün təşəbbüsçüsü olmalıydı və onun keçirilməsin Vladimir padşahdan xahiş etməli idi? Burada Brüssel və Praqa prosesi ilə yanaşı Rusiyanın yolunu saxlamaq cəhdi, regionda möhkəm və uzunmüddətli sülhün bərqərar edilməsinə yönəlmiş Vaşinqton nizamlanmasını pozmaq niyyəti yoxdur ki?
2.Valdimir padşah elan etdi ki, biz ekspertlərin hazırladığı sənəddən bir sıra məsələləri çıxardıq, onu olduğu kimi imzalamadıq. Bu ekspertlər kimlərdir və onların hazırladığı sənədin məzmunu nədən ibarət olub? Azərbaycanın ekspertləri o sənədin hazırlanmasında iştirak edibmi? Həmin sənəddən çıxarılan məqamlar hansılar olub? Rusiya sülhməramlılarının vaxtının uzadılması ilə bağlı maddə ekspertlərin hazırladığı sənəddə yer alıbmı? Bu ekspertlər məsələsi də xeyli suallar doğurur.
3. Bizim bir sıra təhlilçilər qeyd edirlər ki, Putinin Valday çıxışında səsləndirdiyi “Qarabağın özünə məxsusluğunu”, Qarabağda sülhməramlıların vaxtının uzadılması, Zəngəzur dəhlizi və sair məsələlər Soçi görüşündə müzakirə edilməyib. Əgər bu məslələr yekun bəyanatda öz əksini tapmayıbsa bu o demək deyil ki, müzakirə olunmayıb. İstər ikitərəfli, istər üç tərəfli danışıqlar bağlı qapı arxasında keçirilib, orada nəyin və necə müzakirə edildiyi ictimaiyyətə bəlli deyil.
4. Bizim ziyanımıza bəyanatda nə var? Bu ilk növbədə Rusiya sülhməramlıları və onun perspektivi ilə bağlıdır. Sənəddə qeyd edilir: “Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğuladıq”. Vladimir padşah maraqlı gediş etdi. O, Əliyevə xatırlatdı ki, siz bu sülhməramlıların öz missiyasını nümunəvi yerinə yetirməsi ilə bağlı dəfələrlə bizə təşəkkür etmişiniz. Valday çıxışında isə sülhməramlıların missiyasını Putin daha açıq ifadə etmişdi. “Qarabağın özünə məxsusluğunu” təmin etmək və bu özünə məxsusluğu statusla tamamlamaq. Əlbəttə, Vladimir padşah ehtiyat edirdi ki, bu açıqlamadan sonra Azərbaycan Rusiya sülhməramlıların bölgədən vaxtından əvvəl çıxarılması məsələsini qoya bilər. Çünki “Qarabağın özünə məxsusluğu” məsələsi onların mandatına aid deyil. Amma Əliyev bu məsələni qoymadı. Əvəzində onların təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edildi və sülhməramlıların regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğu rəsmi sənəddə vurğulandı. Biz isə sevinirik sülhməramlıların müddəti uzadılmadı. Halbuki, onların müddətinin uzadılmasına iki il yarım vaxt var. Bu gün Rusiya sülhməramlılarının “töhfəsini” və onlara “ehtiyac” olduğunu rəsmiləşdirmək sabah onun vaxtını uzatmaq üçün Rusiyanın əlində bir vasitə olacaq. Ona görə də Vladimir padşah nə etdiyini yaxşı bilir və bu məsələdə Rusiya diplomatiyası alt yapı hazırlayır.
5. Və nəhayət “Azərbaycan Respublikasının və Ermənistan Respublikasının liderləri Rusiya Federasiyasının bundan sonra da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olmasını alqışladılar”. Ermənistan üçün aydındır. Rusiyanın Cənubi Qafqazda missiyası ilə bağlı 3-4 gün əvvəl Lzarev klubu adı ilə Moskva – Yerevan tele körpüsündəki (75 nəfər Ermənistan tərəfdən, Zatulin başda olmaqla 45 nəfər Rusiya tərəfindən) və Xankəndi mitinqindəki ritorika göz önündədir. Valdayda İsgəndəryanın sualı göydən düşməmişdi. Sual da, cavab da məxsusi olaraq Soçi “ab-havası” üçün əvvəlcədən Rusiya polittexnoloqları tərəfindən hazırlanmışdı. Yəni diplomatik dildə desək biz bu sənəddə Rusiyanın “Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olmasını” alqışlamaqla, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş siyasəti alqışlamış oluruq.
6. Soçidəki müzakirələrlə və qəbul edilmiş yekun bəyanatdakı bəzi suallar doğuran müddəalarla Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesinə yol açmır, əksinə onu qeyri-müəyyən vaxta ertələyir. Mübahisəni saxlayır, məşhur təmsildə olduğu kimi hər dəfə tərəflərin birinin payını çox etməklə mübahisə sonsuzluğa doğru uzanır. Həm də bizim BMT və beynəlxalq birliklər tərəfindən tanınan ərazilərimizin mübahisələndirilməsi hesabına.
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir