KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Qanlı yanvar

Cemil Hasanlı: Qanlı yanvar

Kafkassam Editör Kafkassam Editör - - 96 dk okuma süresi
310 0

Qanlı yanvar

Ötən əsrin 80-ci illərində Sovet cəmiyyəti böhran həddinə gəlib çıxmışdı. Bir-birinin ardınca dəfn olunan baş katiblər, əslində 70 il ərzində özünü doğrultmayan SSRİ-nin dəfninə cəmiyyəti hazırlayırdı. Siyasi sistemin yararsızlığı, iqtisadı həyatın səmərəsizliyi göz qabağında idi. İnzibati idarəçilik formalarının amirlik metodlarına söykənməsi artıq özünü doğrultmurdu. İdeoloji dayaqlar çürümüş, kommunizm haqqında nəzəri müddəalar ironiya mənbəyinə çevrilmişdi. Belə bir şəraitdə Mixail Qorbaçovun reformaları ideya olaraq cəlbedici görünsə də, praktiki baxımdan uğursuzluğa məhkum idi. Çünki planlaşdırılan reformaların iqtisadı təminatı yox dərəcəsində idi, siyasi təminatı isə dayanıqlı deyildi. Marksizm-leninizm təlimi meydana çıxan suallara inandırıcı cavab verə bilmirdi. Mixail Qorbaçov yeni ideoloji yanaşma axtarışına çıxsa da, lakin bu heç də həmişə uğurlu nəticələr vermirdi. Dünya sosializm sistemini bürümüş böhrana Sovet milli respublikalarında dərinləşən milli, sosial və iqtisadi çətinliklər də əlavə olunurdu.

Qorbaçov reformalarının milli respublikalarda işlək mexanizmi yox idi. Real iqtisadi göstəricilər elan olunan rəsmi rəqəmlərdən çox fərqli idi. Rəqəmlərin şişirdilməsi adi hal almışdı. Rəqəmlər şişirdildikcə sosial-iqtisadi həyat, əhalinin yaşayış səviyyəsi aşağı düşürdü. Böhran dərinləşdikcə partiya nomenklaturası real həyatdan daha çox ayrılıb kabinet həyatına üstünlük verirdi. Real həyatda cavabı tapılmayan sualların sayı çoxalır, dairəsi genişlənirdi. Yerli partiya təşkilatları onların rahatlığını pozan yuxarıdan başlanan islahatların nəticə verəcəyinə inanmırdılar. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1987-ci ilin yanvar ayında keçirilən plenumunda “aşkarlıq və demokratiya xəttinin” qəbul edilməsi mühafizəkarlarla islahatçılar arasında balansı ikincilərin xeyrinə dəyişdi. Lakin ən maraqlısı ondan ibarətdir ki, Mərkəzdən fərqli olaraq yerlərdə islahatçıların sosial bazası yox idi. Pribaltika respublikaları istisna olmaqla milli respublikalar öz təbiətinə görə mühafizəkar məzmuna malik idilər. Onlar bəzən aşkarlığı nəbz yoxlaması kimi dəyərləndirir, demokratiyanı dövlət təhlükəsizliyi orqanlarının yerli idarəçilərin ağzını araması kimi başa düşür və bütün vasitələrlə gedən proseslərdən ehtiyatlanırdılar. Uzun müddət rəhbər partiya orqanlarında çalışmış Azərbaycan DTK-nın sonuncu sədri Vaqif Hüseynov 2013-cü ildə Moskvada nəşr olunmuş xatirələrində etiraf edir ki, “Azərbaycanın siyasi rəhbərliyi Qorbaçov kursunun qısamüddətli xarakter daşıyacağına əmin idi.”

Baş verən proseslər Azərbaycan üçün də gözlənilməz idi. 1987-ci ilin oktyabr plenumunda uzun müddət (1969-1982-ci illərdə) respublika partiya təşkilatına rəhbərlik etmiş SSRİ Nazirlər Sovetinin birinci müavini (1982-1987-ci illər) Heydər Əliyevin vəzifədən və Siyasi Büro üzvlüyündən azad edilməsi Azərbaycanda yerli rəhbərliyin dəyişməsini qaçılmaz edirdi. Belə də oldu. Lakin Heydər Əliyevi yüksək partiya və dövlət vəzifəsindən kənarlaşdırmaq elə də asan olmadı. Məsələ burasında idi ki, Qorbaçovun hakimiyyətə gəlişindən az sonra Sovet rəhbərliyində, Siyasi Büroda o, həm islahatçılar, həm də mühafizəkarlar arasında qəbul edilmirdi. Yeni formalaşan komandanın Yeltsin, Liqaçov, Yakovlev, Şevarnadze kimi üzvləri onun rəhbərlikdən uzaqlaşdırılmasını dəfələrlə Qorbaçova eşitdirmişdilər. Bu məqsədlə müxtəlif variantlar hazırlanırdı. Bunlardan biri Azərbaycandan şikayət məktublarının hazırlanması idi. Bu məktublar MK katibliyində toplanır və Qorbaçov tərəfindən “tanış olmaq” üçün Heydər Əliyevə təqdim edilir, Əliyev isə “zəhmətkeş” məktublarına göz gəzdirib qovluğu Qorbaçova qaytarırdı. Bir qayda olaraq o, qovluğu özü ilə götürmürdü. Görünür bunu nəzərə alaraq Heydər Əliyev Kremildəki kabinetdində Azərbaycan KP MK-nın katibi Ramiz Mehdiyevlə söhbətdə Kamıran Bağırovun respublikanın birinci katib vəzifəsinə təyin edilməsinin doğru seçim oldmağını etiraf etmişdi.

Heydər Əliyevə qarşı ikinci maraqlı məqam onun İvanov və Qdilyan tərəfindən araşdırılan Özbəkistan işinə cəlb edilməsi idi. Bu istiqamətdə bəzi cəhdlər olsa da, lakin bunlar bir nəticə vermədi. Bu eyhamlara baxmayaraq Heydər Əliyev könüllü olaraq vəzifədən getmək barədə ərizə vermədi.

1987-ci ilin yazında əvvəlcə Siyasi Büro üzvü kimi Heydər Əliyev və ailəsinə xidmət edən həkim uzaqlaşdırıldı. Bunun maraqlı tarixçəsi var idi. İşdən sonra Əliyevin mühafizə və xidmət personalı mühafizəçilərin birinin evində təşkil edilmiş qonaqlıqdan çıxanda səhiyyə naziri Yevgeniy Çazov onu Əliyevin şəxsi həkimin blokda yaxaladı və onu Siyasi Büro üzvünün şəxsi həkimi vəzifəsindən azad etdi. 1987-ci ilin may ayının 9-u Qələbə bayramı qeyd edildi, may ayının 10-u, bazar günü isə Heydər Əliyevin ad günündə demək olara ki, Siyasi Büro üzvlərindən heç kim onu təbrik etmədi, yalnız axşama doğru Baş katib Qorbaçov ona telefon açdı. Mayın 11-i sahat 11-ə SSRİ Nazirlər Sovetinin sədri Rıjkov Kremildə müşavirə təyin etmişdi. Lakin müşavirəyə qədər Heydər Əliyev kabinetində özünü pis hiss etməyə başladı, yeni təyin edilmiş səxsi həkim tapılmadı və onu müşavirə üçün növbə çəkən təcili yardım maşınında Kremlin xəstəxanasına apardılar.

Tibbi müayinəsən sonra Çazov “tövsiyə” etdi ki, Heydər Əliyeviç sizin sağlamlığınız rəhbər işdə işləməyə imkan vermir. Buna baxmayaraq o, bərpa olunduqdan sonra işə qayıtsa da, iş günün tam işləyə bilmirdi. Siyasi büroda qərara alındı ki, o, saat 3-ə qədər işləsin. Lakin şəxsən Siyasi Büro üzvünə çatmalı olan sənələri bir qayda olaraq feldyeger saat 3-dən sonra gətirir və onun iş yerində olmadığını aktlaşdırıb sənədi geri qaytarırdı. Amma bu proses uzun sürmədi və 1987-ci ilin oktabr plenumu ərəfəsində Qorbaçov, Rıjkov, Liqaçov və Yakovlev onunla söhbət edib istefa vermək lazım gəldiyini xatırlatdılar. Söhbətdən sonra Əliyev kabinetə çox əsəbi döndü və dedi ki, bilmirəm neynəmiş bunlar mənimlə belə rəftar edirlər? O vaxt Mir Cəfər Bağırovla da belə rəftar etdilər, indi mənimlə də belə rəftar edirlər. 1987-ci ilin oktyabr plenumunda Əliyevin vəzivədən və Siyasi Büro üzvlüyündən azad edilməsi haqqında qərarı Yeqor Liqaçov üzünü Əliyevə tutaraq dedi ki, “Heydər Əliyeviç partiya rəhbərliyi sizin yüksək postda olmağınızı məqsədəuyğun hesab etmir”. Əliyev sıravı partiya üzvü kimi işləmək arzusunda olduğunu ifadə etsə də, Liqaçov bildirdi ki, hələlik səhhətinizlə məşğul olun, bir sıra məsələlərin aydınlaşdırılmasını başa çatdırdıqdan sonra hər şey aydın olacaq. Bununla da Heydər Əliyevin yüksək partiya və hökumət postundan uzaqlaşdırılması başa çatdırıldı.

Şübhəsiz ki, bu məsələ respulikanın daxili həyatına da öz təsirini göstərdi. Heydər Əliyevin kadrı kimi tanınan Kamran Bağırov az sonra birinci katib vəzifəsindən uzaqlaşdırıldı. Uzun müddət Azərbaycandan kənarda diplomatik işlərdə çalışan keçmiş komsomol kadrı Əbdürrəhman Vəzirov 1988-ci ilin may ayında respublika partiya təşkilatının birinci katibi seçildi. Azərbaycanda dəyişikliklərə start verildi. Lakin bu dəyişikliklər Əiyev kadrlarının vurulmasından, vəzifələrdən uzaqlaşdırılmasından uzaq getmədi. Vəzirov MK katibi Ramiz Mehdiyevin kabinetinin qarşısından keçəndə gördü ki, yeni birinci katibin, yəni Vəzirovun partreti artıq onun başının üzərindədir və Vəzirov otağa girərək portreti Mehdiyevin özünə çıxartdırdı. Az sonra Mehdiyevi vəzifədən çıxaranda Vəzirov ona qarşı ittiham irəli sürdü ki, sən respublikada Heydər Əliyevin əsas adamlarından biri olmusan. Mehdiyev isə bildirdi ki, o, heç vaxt Heydər Əliyevin adamı olmayıb və onu komsomol və partiya işinə Heydər Əliyev yox, Teymur Əliyevlə, Həsən Həsənov irəli çəkiblər.

Cəmiyyətin həyatının ən müxtəlif sahələrində yığılıb qalmış çoxlu problemlərə regionu bürümüş milli münaqişələr də əlavə olunmağa başladı. SSRİ-də təxminən 20-yə qədər münaqişəli ərazilər var idi. Bunlardan ən üzdə olanı Dağlıq Qarabağ ətrafında başlanmış müzakirələr idi. (Bax: Александр Яковлев. Перестройка: 1985—1991. М., Международный фонд «Демократия», 2008. С.182). 1988-ci ilin fevralında Dağlıq Qarabağ muxtar vilayətində separatist meyllərin açıq müstəviyə keçməsi və xüsusilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında vilayət sovetinin qərarı Azərbaycanda hadisələrin dramatik mərhələyə keçməsi ilə nəticələndi. Fevral ayının 21-də Siyasi Büro Dağlıq Qarqabağda başlanmış separatçı çıxışları müzakirə edərək belə qərara gəldi ki, hazırkı şəraitdə heç bir sərhəd dəyişiklikləri ola bilməz. Stepanakertdəki (Xankəndi) hadisələri qiymətləndrərkən Qorbaçov Siyasi Büronun iclasında etiraf edirdi ki, “impuls Ermənistandan gəlir”. (Session of the Politburo: on events in Azerbaijan and the Armenian SSR.29.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13152, p.89). Lakin bu “impulsun” qarşısını almaq üçün praktiki olaraq heç bir iş görülmür, hətta Moskva tərəfindən ermənilərin separatist tələbləri bəzən “aşkarlıq və plüralizm şousunda” himayə edilirdi. Bunu hadisələrin ilk başlanğıcında Əfqanıstan məsələsinin tənzimlənməsi, Dağlıq Qarabağda vəziyyət və digər məsələlərlə bağlı kütləvi informasiya vasitələri rəhbərləri ilə Sov.İKP MK-da keçirilən görüşdə yenidənqurmanın baş ideoloqu sayılan Aleksandr Yakovlev açıq şəkildə ifadə edirdi. Qarabağda baş verən hadisələri Qorbaçov Heydər Əliyevin üzərinə yönəltmək istəyirdi və Siyasi Büronun iclasında qeyd edirdi ki, ” çox tez-tez Əliyevin familyası bu işlərdə hallanır”. (Session of the Politburo: on events in Azerbaijan and the Armenian SSR.29.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13152, p.88).

Həmin ilin fevral ayının 28-də Sovet xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıt hadisələrinin baş verməsi, “gənclik” şəhərində 26 erməni və 6 azərbaycanlının qətlə yetirilməsi milli qarşıdurmaları barışmaz müstəviyə yönəldirdi.(Daha geniş məlumat üçün bax.: Исмаилов Аслан. Сумгаит начало распада СССР. Баку, 2010). Çox təəssüf ki, Sumqayıt hadisələri başlanana qədər yox, məhz faciə baş verdikdən sonra Siyasi Büro qərara gəldi ki, “orada “hakimiyyətin yumruğunu” göstərmək lazımdır”. (Session of the Politburo: on events in Azerbaijan and the Armenian SSR.29.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13152, p.88)

Sov. İKP MK Siyasi Bürosunun hadislərdən dərhal sonra, fevral ayının 29-da keçirilmiş iclasının materiallarından aydın olur ki, Mərkəz istər Azərbaycanda, istərsə də Ermənistanda baş verən hadisələrdən xəbərdardır. Həmin iclasda qarşıdurmanın gərginləşməsini Qorbaçov belə izah edir: “Azərbaycanlılar onlara divan tutulacağından qorxaraq və Ermənistanda onlara göz verib işıq vermədiklərini bəyan edərək, qaçmağa (Ermənistandan – C.H.) başladılar. Məhz bu, təkan oldu”.( Session of the Politburo: on events in Azerbaijan and the Armenian SSR.29.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13152, р.82).

1988-ci ilin payızında Ermənistanın yalnız Quqark rayonunda 70 azərbaycanlı dinc vətəndaş qətlə yetirilmişdi. Silahlı dəstələrin hücumlarından canlarını qurtarmaq üçün azərbayanlı əhali tez-tez Ermənistan-Türkiyə sərhədlərinə sığınmalı olurdular. Qorbaçovun 1988-ci ilin fevral ayının 23-də hər iki xalqa müraciəti, Sov.İKP MK-nın Dağlıq Qarabağda sosial-iqtisadi inkişafı sürətləndirmək haqqında 24 mart tarixli qərarı, SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağ hadisələri ilə bağlı hər iki respublikaya 23 mart tarixli müraciəti, mövcud ixtilafı hər iki xalqın xeyrinə həll etmək barədə 18 iyul tarixli qərarın vəziyyətin sabitləşməsinə ciddi təsiri olmadı.
Ardı var…

1988-ci ilin may ayının 18-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tələbi ilə Bakının baş meydanında mitinqlərə start verildi. Həmin ilin payızında Ermənistan SSR-dən qovulmuş azərbaycanlı qaçqınlara Dağlıq Qarabağ muxtar vilayəti ərazisindən qovulmuş azərbaycanlı qaçqınlar da əlavə olundu. Qaçqın dalğası altında respublikanı xaos bürüdü. Məhz, ərazi bütövlüyü uğrunda mübarizə fonunda genişlənən xalq hərəkatının gedişində SSRİ tərkibində suverenliyə nail olmaq ideyası ətrafında Xalq Cəbhəsinın yaradılmasına təşəbbüs edildi.

Bu məqsədlə yaradılmış təşəbbüs qrupu 1988-ci ilin 17 noyabrından – 5 dekabrına qədər keçirilən 18 günlük fasiləsiz mitinqlərdə Xalq Cəbhəsinin proqram layihəsini əhali arasında yaydılar. Həmin ilin noyabr ayının 24-də Bakı şəhərində fövqəladə vəziyyət elan olundu və “milli və irqi ayrıseçkiliyi” qızışdıranlara qarşı mübarizə adı altında 344 cinayət işi qaldırıldı və 1300 nəfər şəxs isə inzibati qaydada cəzalandırıldı. (Bax: Красная звезда. 1989. 2 февраля). Fövqəladə vəziyyətdən istifadə edərək Dağlıq Qarabağı Azərbaycanın nəzarətindən çıxarmaq üçün Moskva daha bir addım atdı. 1989-cu ilin yanvar ayının 12-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbayca SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi. Arkadi Volski bir başa Moskvaya tabe olan müvəqqəti yaradılmış Xüsusi İdarə Komitəsinin sədri təyin edildi və konstitusiya üzrə vilayətin Azərbaycana və yerli hakimiyyət orqanlarına aid olan idarəçilik funksiyaları ona verildi. Əslində belə bir təkliflə hələ bir il əvvəl Sov.İKP MK katibi Aleksandr Yakovlev Mixail Qorbaçova müraciət etmişdi. O, 1988-ci ilin yanvarında Baş katibə yazırdı ki, ” Dağlıq Qarabağın vilayət idarəetmə orqanlarının fəaliyyəti vilayətin müvəqqəti olaraq ölkənin mərkəzi orqanlarının bilavasitə nəzarəti altına keçməsinə şərait yaradacaq”. Bunun ardınca Yakovlev təklif edirdi ki, “gələcəkdə bu iş vilayətin muxtar respublikaya çevrilməsinə aparıb çıxarıla bilər”. Onun fikrincə, ” bu yanaşma… heç bir tərəfin etirazına səbəb olmamalıdır – Azərbaycanlılar ərazi-inzibati status-kvonu qoruyub saxlayacaqlar. Ermənilər üçün bilavasitə mərkəzin nəzarəti altında olan idarəetmə orqanlarının fəaliyyəti fakta çevriləcək”. (Записка А.Н.Яковлева М.С.Горбачеву о Карабахской проблеме. Январь 1988.// Государственный Архив Российской Федерации . Ф. 10063. Оп. 1. Д. 390.Л. 1)

Hadisələrin sonrakı gedişində 1989-cu ilin iyul ayının 16-da yarım-leqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirildi və respublika nazirlər soveti həmin ilin oktyabr ayının 5-də xalq kütlələrinin təzyiqi altında Xalq Cəbhəsini qeydiyyata almağa məcbur oldu. Artıq 1989-cu ilin yayından başlayaraq vəziyyətə nəzarət kommunist partiyasından tədricən Xalq Cəbhəsinə keçirdi. Bu rəsmi qeydiyyatdan bir neçə həftə əvvəl məhz, Xalq Cəbhəsinin təşəbbüsü ilə Azərbaycan Ali Soveti 1989-cu ilin sentyabr ayının 23-də növbədənkənar sessiya çağırıb “Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etdi. Sənəddə respublikanın SSRİ-nin tərkibindən çıxmasınının reqlamentini müəyyənləşdirən bəndlər salınmışdı. Bakıda qəbul edilmiş suverenlik qanunu SSRİ-də bu tipli ilk qanun idi və onun qəbul olunması istər Sovet respublikalarında, istərsə də dünyada çox böyük marağa səbəb oldu. Bu qanun Azərbaycan milli hərəkatının beynəlxalq nüfuzunu xeyli artırdı. Sentyabr ayından başlayaraq ölkəni tətillər dalğası bürüdü və bundan sonra etiraz aksiyaları yüksələn xətlə getməyə başladı. Gündən-günə genişlənən xalq hərəkatının təzyiqi ilə 1989-cu ilin noyabr ayının 28-də SSRİ Ali Soveti Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etməli oldu. Elə həmin qərarla muxtar vilayətin idarəsi SSRİ Ali Soveti xüsusi komissiyasının nəzarəti altında Azərbaycan SSR təşkilat komitəsinə tapşırıldı. Bundan 3 gün sonra dekabr ayının 1-də Ermənistan Ali Sovetinin “Dağlıq Qarabağın Ermənistan SSR-yə birəşdirilməsi haqqında” qərar qəbul etməsi Azərbaycanda vəziyyəti Sovet orqanlarının nəzarətindən çıxardı. Ermənistan Ali Sovetinin bu qərarı ilə bağlı Azərbaycan kompartiyasının birinci katibi Vəzirov Qorbaçova zəng etdikdə Mixail Sergeyeviç cavab verdi ki, “onlar birtərəfli qaydada birləşdirdilər, siz birtərəfli qaydada ayırırsınız”. Vəzirov cavab verdi ki, “Onlar Sovet Ordusunun hissələrindən istifadə edir, Mixail Sergeyeviç, buna dərhal son qoyulmalıdır! İnanın, Azərbaycan Qarabağı itirərsə, siz ölkəni itirəcəksiniz!”. Qorbaçov əsəbləşərək deyir: “Məni hədələmə! Hələ bir buna bax! Ölkəni itirəcəyəm… Bəlkə Stalindən başqa, rəhbərlərdən heç biri mənim qədər xalqın dəstəyini almayıb” (Перец Савелий. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан». 2001. 17 декабря).

1989-ilin dekabr ayının 27-də respublikanın cənub rayonlarından birində (Cəlilabad rayonu) kommunist partiyasının rayon təşkilatının və payon milisinin binaları dağıdıldı, Sovet orqanlarının fəaliyyəti dayandırıldı. İki gün sonra rayonda “Xalq hökuməti” adlanıdılan hakimiyyət fəaliyyətə başladı. Az sonra analoji hadisə Lənkəran və digər qonşu rayonlarda da baş verdi. Dekabr ayının 31-i axşamı isə Araz çayı boyunca 137 km-lik məsafədə SSRİ-nin İranla Azərbaycandan keçən sərhəd qurğuları dağıdıldı. Arazın hər iki sahilində yaşayan azərbaycanılar çayı keçərək görüşdülər.
Maraqlıdır ki, tam heyətdə xidməti yerində olan sərhəd qoşunları baş vermiş hadisəyə biganə qaldılar və Azərbaycan SSR tərəfindən İranla sərhəd xəttinin dağıdılmasına müdaxilə etmədilər. Yalnız bundan sonra Moskva anladı ki, müttəfiq respublikalardan birinin SSRİ-dən çıxmaq təhlükəsi yaranıb və baş vermiş hadisələr özünün dramatik mərhələsinə daxil olub. İndi artıq heç kimdə şübhə doğurmurdu ki, 1990-cı ilin martında keçirilməsi planlaşdırılan Azərbaycan SSR Ali Sovetinə seçkilər Xalq Cəbhəsinin qələbəsi ilə nəticələnəcək.

Yeni il bayramları olmasına baxmayaraq Sov.İKP MK katibliyi təcili olaraq toplanıb Azərbaycandakı vəziyyəti müzakirə etdi. Katibliyin qərarında göstərilirdi: “Azərbaycan SSR-in sərhədyanı rayonlarında vəziyyətin gərginləşməsi ilə bağlı respublikanın partiya, sovet və hüquq mühafizə orqanlarına praktiki baxımdan kömək məqsədiylə Sov.İKP MK katibi yoldaş Andrey Girenko, SSRİ Ali Soveti Millətlər Sovetinin sədri yoldaş Rafik Nişanov, Vladimir Pirojkov (SSRİ DTK), Stasis Lisauskas (SSRİ DİN), Anatoli Kleymenov (SSRİ MN), İvan Abramov (SSRİ Prokurorluğu) yoldaşların Azərbaycana göndərilməsi zəruri hesab edilsin. Onlar Azərbaycan SSR-də yaranmış şəraitin təhlili əsasında işin mahiyyətindən asılı olaraq Sov.İKP MK-ya, SSRİ Ali Soveti Rəyasət Heyətinə və SSRİ Nazirlər Sovetinə təkliflər versinlər”. (Выписка из протокола № 110 Секретариата ЦК КПСС «О командировании в Азербайджанскую ССР группы ответственных работников партийных, советских и правоохранительных органов СССР». 03.01.1990. // The National Security Archive at the George Washington University. Doc. 9512, p.1)

Bu zaman Moskvadan yeni dönən birinci katib artıq proseslərə nəzarətlə yanaşı, Kremildən olan dəstəyini də itirmişdi. Vaqif Hüseynov yazır ki, “Moskvaya növbəti səfərindən sonra o, Qorbaçovla söhbətdən ənənəvi iqtibaslarla qayıtmadı. Aydın oldu: Moskva keçmiş diplomatı və sovet komsomolunun sevimlisindən məyus olub” ( Гусейнов Вагиф. Больше, чем одна жизнь. Книга вторая, с.262).

Sov.İKP MK katibi Andrey Girenko Bakıya gələn kimi yanvar ayının 6-da respublika partiya təşkilatında müşavirə keçirdi və Moskvanın mövqeyini açıqladı. O, qeyd etdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti – ölkədə milli hissləri dağıdan detonatordur. Hadisələr nəzarətdən çıxa bilər”. Müşavirədə çıxış edən Vəzirov məsələnin belə qoyuluşu ilə razılaşmadı. O, əsas hücumu Heydər Əliyev tərəfdarlarının üzərinə yönəltdi və dedi: ” Gözlərimizin önündə yenidənqurma əleyhinə olan qüvvələr baş qaldırıb. Bu şəraitdə emosiyalara uymaq olmaz. Ən önəmlisi heç bir panika, panik əhva-ruhiyyə olmamalıdır”. (Перец Савелий. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан». 2001. 17 декабря)

Bir sıra MK üzvləri yaranmış vəziyyətlə bağlı Mərkəzin siyasətini kəskin şəkildə tənqid etdilər. Çıxışlarda qeyd olundu ki, ” Azərbaycan sərvət anbarı, ölkənin yeganə yardıma ehtiyacı olmayan respublikasıdır, amma digər respublikalardan daha pis vəziyyətdə yaşayır”, “Azərbaycan xalqı milli yalnızlıq hiss edir”, “Ölkə DQMV haqqında həqiqətləri bilmir”, ” Berlin divarını yıxdılar – bu yaxşıdır, divar kimi bir xalqı ikiyə bölən məftil istehkamı dağıtdılar – bu pisdir”, ” Respublika uçuruma yuvarlanır, rəhbərliyi isə aparat oyunları oynayır” və sair (Перец Савелий. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан». 2001. 17 декабря). Azərbaycan KP MK katibi Həsən Həsənov öz çıxışında dedi ki, “Monqolustan müəssisələrində ərazi bütövlüyü şüarı ilə keçirilən tətilləri ədalətli adlandırırıq, Azərbaycan müəssisələrində buna bənzər tətillər yenidənqurma əleyhdarlarının əməlləridir deyirik”. O, respublika yüksək rəhbərliyini və Moskvanı kəskin şəkildə tənqid edərək bildirdi ki, Azərbaycan KP MK, Ali Sovet və Nazirlər Soveti öz işini köklü şəkildə dəyişməli, ictimai rəyi nəzərə almalı, demokratik dəyişiklikləri gücləndirməli, suverenlik haqqında qanunu işçi sənədə çevirməli, Azərbaycana münasibətdə Sov.İKP MK, ittifaq mətbuatı və ittifaq ictimai rəyi köklü şəkildə dəyişməli, respublikanın sosial-iqtisadi ehtiyaclarına Moskvanın diqqəti artırılmalı, Ermənistandan qovulmuş 160 min qaçqının və Özbəkistandan gəlmiş 30 min mesheti türk qaçqınların iqtisadi-maliyyə təminatı üçün İttifaq orqanları qərar qəbul etməli, Xüsusi İdarəçilik Komitəsi dövründə buraxılmış səhvləri düzəltmək üçün İttifaq orqanları addımlar atmalı, “DQMV-də qanunsuz yaşayan, xalq arasında “saqqallılar” adlandırılan və davam etməkdə olan gərginliyi təhrik edən əsas qüvvələr olan silahlı ekstremistləri oradan tamamilə deportasiya etmək lazımdır”, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Sov.İKP MK və SSRİ Ali Sovetinin birgə qərarı ilə birmənalı formada pislənməli və “DQMV-nin Azərbaycana məxsusluğu haqqında güzəştsiz məqsədyönlü ittifaq müqaviləsi qəbul edilməlidir”. Həsənov Moskva nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə tələb edirdi ki, Ermənistan Ali Sovetinin DQMV–nın Ermənistana anneksiya edilməsi ilə bağlı 1 dekabr 1989-cu il qərarı ləğv edilməli və günahkarlar cəzalandırılmalı, “o cümlədən şəxsiyyətinə baxmadan, rəhbər işçilər də”. (Вестник Гянджи. 1990. 20 января). MK Katibi Həsən Həsənovun respublika partiya təşkilatının müşavirəsində səsləndirdiyi bu fikirlər həmin günlərdə Xalq Cəbhəsinin Bakı meydanlarında səsləndirdiyi tələblərlə əsasən səsləşirdi.

Həmin günlərdə Azərbaycan DTK-si vəziyyəti təhlil edərək “Hadisələrin mümkün inkişaf istiqamətləri haqqında” adlı qeydlər hazırlamışdı və sənəd SSRİ DTK-na də göndərilmişdi. DTK-nın sədri Vaqif Hüseynov bu barədə müşavirədə məlumat verdi və qeyd etdi ki, “Sov.İKP MK sanki qarşısına Vəzirovu gözdən salmaq və Azərbyacan kommunist partiyasını birdəfəlik məhv etmək məqsədi qoymuşdu” (Гусейнов Вагиф. Больше, чем одна жизнь. Книга вторая, с.266). Mərkəzi Komitədəki müşavirə ilə eyni vaxtda, yanvar ayının 6-da Azərbaycan SSR Elmlər Akademiyasının binasında Xalq Cəbhəsinin qurultay səlahiyyətli III konfransı işə başlamışdı. İki günlük müzakirələrdə respublikada və onun ətrafında yaranmış vəziyyət ətraflı şəkildə dəyərləndirildi. Əbülfəz Əliyev (Elçibəy) başda olmaqla əsasən hərəkat daxilindəki liberal düşərgəni təmsil edən 14 nəfərdən ibarət yeni idarə heyəti seçildi. Lakin hərəkat daxilində olan radikal xəttin tərəfdarları bununla razılaşmadı və yanvarın 13-də keçirilən mitinqdə Milli Müdafiə Şurasının yaradıldığı haqqında məlumat elan edildi. Şuranın sədri Əbülfəz Elçibəy olsa da qalan 4 üzvü (Etibar Məmmədov, Nemət Pənahov, Xaliq Bahadur, Rəhim Qazıyev) bilavasitə radikallardan ibarət idi. “Bu mahiyyəti etibarilə paralel hakimiyyət strukturu elan etmək idi. O, öz üzərinə erməni təcavüzünə silahlı müqavimət göstərməklə yerlərdə şəraitə nəzarət etməyi götürmüşdü”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.166). Mitinqin gedişində Bakıda erməni talanlarının başlandığı və hakimiyyət orqanlarının, xüsusilə milis orqanlarının hadisələrə müdaxilə etmədikləri barədə məlumatlar gəlməyə başladı. Talanlar başlandıqdan sonra SSRİ Daxili işlər nazirinin Bakıda olan müavini Liskauskas, Daxili qoşunların Bakıda yerləşdirilmiş 12 min şəxsi heyətindən talançılara qarşı istifadə edilməsinə icazə vermədi və ona qarşı deyilən tənqidlərə çox qısa olaraq belə cavab verdi: “Məsələni Moskva ilə həll edin. Qayda-qanun yaratmaq üçün mənə əmr və əlavə qüvvələr lazımdır”.( Гусейнов Вагиф. Больше, чем одна жизнь. Книга вторая, с.276).

Yanvarın 13-dən 14-nə keçən gecə baş vermiş hadisələr zamanı erməni millətindən olan 32 nəfər qətlə yetirilmişdi. Hakimiyyət orqanlarının, xüsusilə, daxili qoşunların Bakıda olan hissələrinin qətllərin qabağını almağa heç bir cəhd göstərməməsi Moskvanın hansısa niyyətindən xəbər verirdi. Xalq Cəbhəsinin rəsmi orqanı olan “Azadlıq” qəzeti hələ 1989-cu ilin dekabr ayının 30-da çıxan sayında əhalini xəbərdar edirdi ki, milli zəmində hər hansı zorakılıq aktlarının baş verməsi yaxın dövrdə keçirilməsi gözlənilən Ali Sovetə seçkilər ərəfəsində Bakıda fövqəladə vəziyyət rejiminin və komendant saatının tətbiqi üçün hakimiyyət orqanlarına bəhanə verə bilər. (Azadlıq. 1989. 30 dekabr). Yalnız Xalq Cəbhəsi fəallarının səyi nəticəsində həmin dəhşətli günlərdə yüzlərlə erməninin həyatını xilas etmək və qırğını dayandırmaq mümkün oldu. Yanvarın 15-də AXC idarə heyəti xüsusi bəyanatla çıxış edib bildirdi ki, “13 yanvar 1990-cı il axşam və 14 yanvar 1990-cı ilə keçən gecə Bakı şəhərinin ayrı-ayrı yerlərində şəhərin erməni əhalisinə qarşı zor işlədilməsi halları olmuşdur. Növbəti gün ərzində də kiçik miqyaslı cinayətlər olmuşdur. Rəsmi məlumatlara görə, iki gün ərzində 32 erməni öldürülmüşdür. Azərbaycanlılar arasında da qurbanlar var. AXC idarə heyəti baş vermiş cinayətləri nifrətlə pisləyir…Faktların ilkin araşdırması göstərir ki, cinayətlər hadisə yerindən dərhal yoxa çıxan xüsusi adamlar tərəfindən törədilmişdir. Bu, həmin adamların qabaqcadan hazırlandığını göstərir. Bəs onların arxasında hansı qüvvələr dayanır, təşkilatçı kimdir?” (Balayev Aydın, Rasim Mirzə. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər. Bakı, 2000. S.56-57). Bu sual axıra qədər müəmmalı olaraq qaldı. Amma hadisələrin Bakıda fövqəladə vəziyyət elan etmək istəyən qüvvələrin gizli əli ilə təşkil olunduğu bir fakt idi. Yanvarın 13-də Bakıda talanlar başlayandan sonra Moskvadan şifroqram gəldi ki, yanvar ayının 14-də Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Maksimoviç Primakov partiya və hərbi ekspert qrupu ilə birlikdə Bakıya gəlir.

Əbdürrəhman Vəzirov 2018-ci ildə Moskvada çap olunmuş “Parterin birinci sırasında” adlı publisistik xatirələrində 1989-cu ilin payızında və 1990-cı ilin ilk günlərində respublikada yaranmış dramatik vəziyyəti belə təsvir edirdi: “1989-cu ilin 25 dekabrında silahlı cəbhəçilər Cəlilabad rayonunda qanuni hökuməti devirərək rayon partiya komitəsini, milis şöbəsini darmadağın etdilər; 31 dekabrda Naxçıvan Muxtar Respublikasının ərazisi boyunca SSRİ-nin İranla sərhədini dağıtdılar; 1990-cı ilin 11 yanvarında AXC silahlı birləşmələri Lənkəranda qanuni hökuməti devirdilər; 15 yanvardakı mitinqdə “ermənisiz Bakı” şüarı səsləndi, mitinqçilərin arasından bir neçə quldur dəstəsi formalaşaraq hərəkətə keçdi, 2 mindən çox soyğunçuluq, quldurluq, dağıntı, 33 ölüm hadisəsi törədildi”. Lakin bunlar baş verən həqiqətlərin hamısı deyildi. O, həqiqətlər yalnız Əbdürrəhman Vəzirovun dilindən açıqlana bilərdi, lakin üzərindən 30 il keçməsinə baxmayaraq o, öz kitabında bu məsələlərə nöqtə qoymadı.

1989-cu ilin payızından etibarən Vəzirovla Moskva arasında ciddi ziddiyyətlər yaranmışdı. Mərkəzin, xüsusi ilə Qorbaçovun ermənilərə meylliliyi, gərəkli məqamlarda hərəkətsizlik nümayiş etdirməsi Vəzirovu məyus etmişdi. Qorbaçovla onun arasında ilk fikir ayrılığı Ermənistandan qovulan azərbaycanlı əhalinin yerləşdirilməsi ilə bağlı olmuşdu. Münaqişə başlayandan bəri Ermənistanda azərbaycanlıların yaşadığı 185 kənd dağıdılmış, qovulan əhalinin sayı 230 min nəfər çatmış, 31 min yaşayış evi, 165 kolxoz və sovxoz qarət edilmiş, əsasən Quqark və Masis rayonlarında 216 nəfər azərbaycanlı öldürülmüş, 1154 nəfər yaralanmışdı. Vəzirov Ermənistandan qovulan azərbaycanlı əhalinin Dağlıq Qarabağda və Ermənistanla sərhəd olan Azərbaycan rayonlarında yerləşdirilməsi ilə bağlı təkid etsə də, Moskva buna razılıq verməmişdi. Hətta o, bunları qeyd edilən ərazilərdə respublika büdcəsi hesabına yeni yaşayış məntəqələri və qəsəblər salmaq hesabına edəcəyini bildirsə də, Qorbaçov onu müdafiə etməmişdi. Böyük qaçqın dalğasının Bakı, Gəncə, Sumqayıq kimi mərkəzi şəhərlərə axışması ölkədə xaotik vəziyyət yaratmaqla yanaşı, rəhbərlik üçün də xeyli problemlər yaratmışdı.

Mərkəz tərəfindən müdafiəsini itirən Vəzirov 1989-cu ilin payızında iki dəfə Qorbaçova istefa ərizəsi ilə müraciət etmişdi. Moskvada Qorbaçovla görüşəndə o, açıq şəkildə bildirmişdi ki, siz böyük vədlərlə məni Azərbaycana birinci katib göndərsəniz də, həmin vədlərin heç birini yerinə yetirmədiniz və faktiki olar mərkəz məni müdafiəsiz qoydunuz. O, hər dəfə Sov.İKP MK-ya gedəndə “təsadüfən” ermənilərin MK katibi Aleksandr Yakovlevin və Qorbaçovun Bakıda doğulmuş köməkçisi Georgi Şahnazarovun yanında toplandığının şahidi olmuş və təhlükənin bilavasitə haradan gəldiyinə əmin olmuşdu. O, punktual sovet kadrı olduğundan nə mərkəzin göstərişlərindən çıxa bilmir, nə də gündən-günə artan probleləri, Xalq Cəbhəsinin simasında xalqın tələblərini həll edə bilirdi. Hadisələrin böhran həddinə yüksəldiyi 1989-cu ilin noyabrında Bakıya səfər edən ABŞ-ın SSRİ-dəki səfiri Çek Metlok (Jack Matlock) “İmperiyanın ölümü: Amerika səfirinin Sovet İttifaqının dağılmasına baxışı” (Autopsy on an Empire: The American Ambassador’s Account of the Collapse of the Soviet Union) kitabında onunla bağlı yazırdı: “Əbdürrəhman Vəzirovun on illərlə Azərbaycana başçılıq edən Heydər Əiyev hakimiyyət maşını ilə birbaşa bağlılığı yox idi. Vəzirov, ola bilsin ki, bir çıxış yolu tapa bilərdi, lakin o, müstəqil hərəkət etmək imkanına malik deyildi. O, Moskvanın passivliyi ilə vətənində qaynayan siyasi ehtiraslar arasında sıxılıb qalmışdı”. 1989-cu ilin sonu 1990-cı ilin ilk günlərində respublikanın kommunist hakim elitası arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi də Moskva ilə xalq arasında qalmış Vəzirovun mövqeyini xeyli sarsıtmışdı. Vəzirov Qorbaçovun bütün kombinasiyalarda ermənilərə sərf edən oyunlarından mütəssir olmuşdu. (Xalq Cəbhəsi ilə Vəzirov arasında münasibətlərin gərginliyi haqqında şərh bölümündəki linkə bax)

Əbdürrəhman Vəzirov mərkəzin “etimadını” doğrultmadığı üçün Bakıya xüsusi missiya ilə gələn Yevgeni Primakov faktiki olaraq respublikaya rəhbərliyi öz əlinə almışdı. Yanvarın 14-də bazar günü o, və digər Moskva nümayəndələrinin iştirakı ilə respublika rəhbərliyinin toplantısı keçirildi. Vəzirov respublikada yaranmış vəziyyət haqqında məlumat verdi. Primakov şəhərdəki erməni talanları ilə maraqlandıqda faktiki olaraq Vəzirovun mətbuat xidməti vəzifəsini icra edən “Azərinform”un sədr müavinə Saveliy Perets öldürülən ermənilərin sayı barədə məlumat verib əlavə etdi ki, “hələ Xalq Cəbhəsinə çox sağ ol deyin ki, öz xalqının simasını qoruyub saxlayaraq, ermənilərin bərə ilə təxliyəsini təşkil edib. Yeri gəlmişkən, sizin yerinizə… Yoxsa, öldürülənləri onlarla deyil, yüzlərlə sayardınız”. (Перец Савелий. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан». 2001. 17 декабря). Bu sözləri eşidəndə Primakov əsəbi formada çımxırdı ki, “bəsdirin!” və əlavə etdi ki, “bizdə belə bir təəssürat yaranıb ki, respublika partiya orqanlarının nəzarəti altından çıxıb. Hərbi hissələr mühasirəyə alınıb, şəhərdə erməni qırğını gedir… Siyasi Büro Bakıdakı vəziyyətdən ciddi şəkildə narahatdır. Vəziyyəti düzəltməliyik, əks təqdirdə, respublika ağır zərbə alacaq və təkcə respublikaya deyil, bütövlükdə ölkəyə ağır zərbə dəyəcək. Operativ qərargah yaratmağı, bir sıra təcili tədbirlər görməyi təklif edirəm”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.167). Moskvadan Bakıya ezam olunmuş Primakov, Girenko və digərləri, habelə Azərbaycan rəhbərliyi belə hesab edirdilər ki, “qarşıda duran aksiya talan, ermənilər əleyhinə deyil, ilk növbədə anti-hökumət xarakteri daşıyacaq”. (Перец Савелий. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан». 2001. 17 декабря).

Qəribə də olsa, Primakov başda olmaqla “operativ qərargahın” birinci işi müxalifət liderləri ilə görüşmək və habelə, idarə və müəssisələrdə görüşlər keçirib könüllü dəstələr yaratmağa cəhd göstərməkdən ibarət oldu. Yanvar ayının 15-də respublika televiziyası axşam birinci katib Əbdürrəhman Vəzirovun Bakı soyuducular zavodunda fəhlələrlə görüşünü verdi. Burada o, əli silah tutan bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırır və onlara silah da veriləcəyini bildirirdi. Məhz, partiya komitələri könüllülərin siyahısını tuturdu, açıq-aydın görünürdü ki, sənaye müəssisələrində səfərbərlik işi həyata keçirilir. Kimə qarşı idi bu səfərbərlik? Bu sirr olaraq qaldı. Partiya orqanlarının şübhəli şəkildə “cəsarətə gəlməsi” çoxlu suallar doğururdu. Lakin yanvarın 14-də toplantını yekunlaşdıran Primakov respublika rəhbərliyinə belə bir təklif vermişdi ki, Siz cəbhəçilərlə ümumi dil tapmalısınız, O, qeyd edirdi ki, “bizim Siyasi Büroda hər şey o qədər də asan deyil. Dirənənlər də var, amma Mixail Sergeyeviç hamı ilə ümumi dil tapır. Üzbəsurət hücumlar çoxdan tarixə çevrilib. İndi güzəştlər vaxtıdır”. Həmin günlərdə (14-16 yanvar) Xalq Cəbhəsi rəhbərliyi ilə Primakov 4 görüş keçirdi. Əsas müzakirə mövzusu hərbi obyektlərin və hərbi hissələrin, yolların blokadasının götürməsindən ibarət idi. O, Bakı qırğınından sonra keçirilən ilk plenumda qeyd edirdi ki, “demək olar ki, biz onlara yalvarırdıq ki, ordu ilə zarafat etmək olmaz. Ordu necə olursa olsun, blokadanı yaracaq”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.168-170)

MK-dakı toplantıdan bir gün sonra Bakı şəhər partiya komitəsinin fövqəladə plenumu keçirildi və orada da Xalq Cəbhəsi nümayəndələri ilə danışıqların nəticələri müzakirə edildi. Bütün danışıqlarda cəbhəçilərin bilavasitə iki tələbi var idi: Qarabağ məsələsinin həlli və Vəzirovun istefası. Cəbhəçilərin bu tələbinə qarşı Andrey Girenko açıq şəkildə bildirmişdi ki, respublika rəhbərliyini Sov.İKP MK deyil, kütlənin dəyişməsi yolverilməzdir. Xalq Cəbhəsi nümayəndələri ilə görüşdə Primakov hərəkatın lideri Əbülfəz Elçibəyə belə bir sual verdi: “Sizin məqsədiniz nədir?” Elçibəy cavab verdi ki, “demokratik seçkilərdə qələbə çalmaq”. Onda Primakov dedi ki, “bundan sonra Sovet İttifaqından ayrılmağa bir addım qalır”. Azərinformun yanvarın 15-də “Bakıda vəziyyətə dair” yaydığı məlumatda göstərilirdi ki, “Yevgeni Primakov və Andrey Girenko Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri ilə görüşmüşlər. Uzun sürən söhbətlər zamanı diqqət buna cəlb edilmişdir ki, vəziyyəti normal hala salmaq, qayda – qanunu təmin etmək üçün bütün tədbirlər görülməlidir. Qeyd edilmişdir ki, SSRİ-də demokratikləşmə ilə mövcud qanunların pozulması arasında heç bir əlaqə yoxdur, əksinə, demoratikləşmə qanunlara ciddi əməl edilməsini nəzərdə tutur”. (Kommunist qəzeti.1990. 16 yanvar).

Xalq Cəbhəsi ilə razılığa gəlmək mümkün olmadıqda, Primakov Şeyxülislam Allahşükür Paşazadəyə təklif etdi ki, “respublikaya başçılıq etməyi” öz üzərinə götürsün. Görünür bu təklif Azərbaycanda baş verənləri islam fundamentalizmi ilə əlaqələndirmək zərurətindən irəli gəlirdi. Qanlı yanvar günlərində da ABŞ və Qərb ölkələrinin rəhbərləri ilə telefon danışıqlarında Mixail Qorbaçov Bakıya ordu yeridilməsini Azərbaycanda islam fundamentalizminin yayılması ilə izah edirdi. Qərb mətbuatına bu tezis məhz Moskvadan ötürülmüşdü.

Dağlıq Qarabağda hadisələrin silahlı müstəviyə keçdiyi və respublikada gərginliyin günbəgün artdığı bir məqamda nəhayət ki, 1990-cı ilin yanvar ayının 15-də Moskvanın çoxdan planlaşdırdığı qərar verildi. SSRİ Ali Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında” fərmanında Azərbaycan Ali Soveti Rəyasət Heyətinə tövsiyə edilirdi ki, Gəncə və Bakı şəhərlərində komendant saatı tətbiq etsin. Fərmanın 7-ci bəndində deyilirdi: “Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə təklif edilsin ki, əhalinin, müəssisələrin və təşkilatların təhlükəsizliyini təmin etmək üçün qüvvədə olan qanunvericiliyin… tələblərini pozmaqda müqəssir olan şəxsləri məsuliyyətə cəlb etmək üçün Bakı, Gəncə və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün”. (Воротников В.И. А было это так…Москва, 1995. С.343)

Bu fərmanla bağlı yanvar ayının 16-ı axşam saat 19:00-da Azərbaycan televiziyasının “Planetimizin mənzərəsi” proqramında mənim çıxışım oldu. Proqram canlı getdiyi üçün Moskvanın siyasətini, mərkəzdən verilən fərmana respublika rəhbərliyinin səssiz qalmasın kəskin tənqid etdim. Planetimiz qaldı bir tərəfdə, verlişi bütövlükdə respublikadakı dramatik vəziyyətə, partiya rəhbərliyinin bacarıqsızlığına, dövlət və hökumət orqanlarının iflic vəziyyətə düşməsinə, Moskvanın yedəyində getməsinə həsr etdim. 15 dəqiqəlik veriliş qurtaranda aləm dəymişdi bir-birinə. Sədr, müavinlər və informasiya redaksiyasınnın müdiri həyəcan içərisində idi. Lakin biz proqramın rəhbəri Qulu Məhərrəmli ilə binadan çıxanda, artıq AzTV-nin giriş qapısı adamlar və maşınlarla dolu idi. Yanvarın 17-də “İnşaatçı” qəzetinin baş redaktoru Oqtay Cəfərov həmin çıxışın mətnini öz qəzetində dərc etdi. Bu yazı Oqtay müəllimə baha başa gəldi, məni isə bir müddət siyasi icmallardan uzaqlaşdırdılar.

“Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında” fərmanı imzaladıqdan sonra Mixail Qorbaçov artıq Azərbaycan rəhbərliyinə namizəd axtarırdı. Yanvar ayının 16-da o, Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nin sədri Vaqif Hüseynova zəng edərək respublika partiya təşkilatına rəhbərlik etməyi ona təklif edir. Onun ardınca SSRİ DTK-nin sədri Vladimir Kryuçkov Vaqif Hüseynova zəng edib vəziyyət haqqında məluat alır. Vaqif Hüseynov soruşur: ” Vladimir Aleksandroviç, nə baş verir? Minlərlə insan Ermənistandan Azərbaycana köçürülür. İndi Bakıda insanları öldürürlər, paralel olaraq saatlarca davam edən müşavirələr, Moskvaya məruzələr. Orada isə müəmmalı susqunluq. Heç kim heç nə etmək istəmir. Bunların arxasında nə durur?”. Kryuçkov cavabında deyir ki, “bilirsiniz ki, bizdə qərarlar, təəssüf ki, ya gec qəbul edilir, ya da ümumiyyətlə qəbul edilmir, Primakov Bakıya göndərilib. Onun geniş səlahiyyətləri var. Qorbaçovla daim əlaqə saxlayır. Vəziyyətlə bağlı Primakovu məlumatlandırın. Sonra o, Qorbaçovla söhbətinə toxunaraq əlavə etdi ki, “yeni böyük vəzifəyə hazırlaşın”. (Гусейнов Вагиф. Больше, чем одна жизнь. Книга вторая, с.280)

Bu zaman artıq Azərbaycan KP MK-nın birinci katibi Vəzirov üçüncü istefa ərizəsini Qorbaçovla razılaşdırmışdı. Yanvarın 18-dən etibarən onun kabinetində və onun masasında Primakov oturur, respublikadakı proseslərə biləvasitə rəhbərlik edirdi. Həmin vaxt fasiləsiz mitinqlər artıq respublika kommunist partiyasının binasının qarşısında gedirdi və MK-nın binası hər tərəfdən mitinqçilər tərəfindən mühasirəyə alınmışdı. Yanvarın 18-də Moskva nümayəndələri başda olmaqla MK binasında olan rəhbərlik mitinqə gəldi və Primakov mitinqçilər qarşısında çıxış edib bəyan etdi ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi müdirinin müavini Vyaçeslav Mixaylov respublika televiziyası ilə çıxışında təkrar etdi. Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün son hərbi hazırlıq işlərini başa çatdırmışdı. Demək olar ki, bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, o cümlədən DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət etməyə start vəziyyətdə idi. (Джангир Араслы. Армяно-азербайджанский конфликт : военный аспект. Баkу, 1995. С.8-9)

Yanvarın 19-da səhər kompartiyanın birinci katibi Vəzirov MK binasına gələndə mitinqçilər hər tərəfdən binaya yolu bağlamışdılar. O, MK binasına buraxılmayanda respublika DTK-nın binasına yollandı. Son günlər həmin binada sahiblik edən SSRİ DTK-nin birinci müavini Geniy Ageyev məlumat verdi ki, səhər saat 8-də SSRİ Müdafiə naziri Dmitri Yazov və SSRİ Daxili işlər naziri Vadim Bakatin Bakı yaxınlığındakı Qala hərbi aerodramuna gəlmişlər. Bakıya yola düşməzdən öncə Yazov Qorbaçovla görüşdü və xahiş etdi ki, ordunun Bakıya girməsi üçün yazılı əmr verin. Qorbaçov “bu kağızla sonra sən nə edəcəksən…?” deyib ritorik sualla məsuliyyəti öz üzərinə götürməkdən yayındı. SSRİ müdafiə naziri Dmitri Yazov sonralar xatırlayırdı ki: “Qorbaçov zəif xarakterli bir insan idi. Onun əlində ordu var idi, DTK. DİN var idi. Nə olsun? Dağlıq Qarabağın qarşısını almaq olmazdı bəyəm? Amma etmədi. Bakıda fövqəladə vəziyyət tətbiq etdi. Məni, Kryuchkovu və Puqonu çağırdı. Uçduq (Bakıya), amma hələ də yazılı əmr yox idi”.

Qala hərbi aeroportundan 4-cü ordunun qərargahına gələn nazirlər operativ müşavirə keçirdilər. Şəhərdəki vəziyyət haqqında məlumatı onlara artıq çoxdan Bakıda olan müavinləri, hərbi kəşfiyyat və əks kəşfiyyatın rəhbərləri məruzə etmişdilər. Burada Yazov elan etdi ki, yaxın 2-3 gündə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman çıxacaq və əlavə edib ki, AXC liderlərini mümkün qədər tez təcrid etmək lazımdır. (Гусейнов Вагиф. Больше, чем одна жизнь. Книга вторая, с.285)

Yanvar ayının 19-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin fövqəlada sessiyası Ermənistan SSR tərəfindən edilən hərbi təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığından, 1921-ci ilin oktyabr ayında RSFSR-in iştirakı ilə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi. (Şərq qapısı. 1990. 20 yanvar)
1990-cı ilin yanvar ayının 19-da də Sov.İKP MK-da müttəfiq respublikaların mühəndis-texniki işçilərinin geniş müşavirəsi çağırılmışdı. Həmin müşavirə mərkəzi televiziyanin ikinci kanalı ilə translyasiya olunurdu. Həmin müşavirənin gedişində köməkçisi Qorbaçova gətirib bir kağız verdi. Qorbaçov tribunada çıxış edəni dayandıraraq Azərbaycandakı vəziyyət haqqında yeni aldığı məlumatı verdi və dedi: Bakıdan xəbər verirlər ki, orada vəziyyət çox gərgindir, Azərbaycanda islam respublikası yaratmaq istəyirlər. Həmin müşavirədə Azərbaycan nümayəndələri də iştirak edirdilər. Əlbəttə, Qorbaçovun bu məlumatı həmin axşam Bakıya qoşun yeridilməsinə ictimai rəyi, o cümlədən xarici ictimai rəyi hazırlamağa hesablanmışd və Bakı əməliyyatının informasiya hazırlığı idi.

Yanvarın 19-da müşavirədən sonra Mixail Qorbaçov Moskva yaxınlığındakı “Barvixa” sanatoriyasında dincələn Heydər Əliyevə zəng edib onu hədələdi. O dedi ki, “Azərbaycanda iğtişaşlar baş verir və bu iğtişaşların günahkarı odur”. Qorbaçov xəbərdarlıq etdi ki, respublikada faktiki olaraq Sovet hakimiyyəti devrilib və bunun günahkarı da Heydər Əliyevdir və o, təcili olaraq hadisələrə təsir etmək barədə tədbirlər görməlidir. (Ахундова Э. Гейдар Алиев: личность и эпоха. Кремлёвская пятилетка. Баку, 2008. С.790)

Yanvarın 19-da günorta Moskvadan gələn güc nazirləri 4-cü ordunun qəragahında son əməliyyat müşavirəsi keçirdilər. Bu zaman artıq kommunist partiyasının birinci katbi Vəzirov da DTK-dan ora gətirlilmişdi. Primakov və geniralitetlə qısa müşavirdən sonra Yazov Vəzirovu yanına çağıraraq dedi ki, o, Siyasi Büronun tapşırığını yerinə yetirir. Siyasi Büro Azərbaycandakı vəziyyəti həddindən artıq mürəkkəb hesab edir və ona möhürlənmiş paket verib. Orada qısaca olaraq məlumat verilirdi ki, “Vəzirov Sov. İKP MK Siyasi Bürosunun sərəncamına cağırılır”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.175). Beləliklə, ən elementar partiya nizamnaməsinə əməl etmədən, formal da olsa respublika partiya təşkilatının qərarı olmadan Azərbaycan partiya təşkilatının birinci katibi “demokratik islahatlar” adı ilə tarix səhnəsinə çıxmış Mixail Qorbaçov tərəfindən geri, Siyasi Büronun sərəncamına çağrılırdı. Həmin axşamı 4-cü ordunun qərargahında gecələyən Vəzirov yanvarın 20-si səhər tezdən Binə aerodromundan hərbi təyyarə ilə Moskvaya göndərildi.

Azərbaycan KP MK bürosunun üzvləri yanvarın 19-da Yazovla görüşüb Bakıya hücum əməliyyatını sabaha qədər təxirə salmağı xahiş etsələr də Yazov dedi ki, ” biz sizə kifayət qədər vaxt verdik”. Respublika rəhbərliyi SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovla əlaqəyə girib dedilər: “sizə yalvarırıq, xahiş edirik Yazova tədbirləri səhərə qədər dayandırmağı əmr edin. Səhər Büronu toplayıb bütün məsələləri həll edəcəyik”. Onlar Rıjkova xəbərdarlıq etdilər ki, respublikada çoxlu rus əhalisi yaşayır və “onları çətin vəziyyətə qoyursunuz. Qoşunların yeridilməsi onlara qarşı nifrət hissi oyada bilər. Bunu etmək lazım deyil. Bizə səhərə qədər bu problemi həll etmək imkanı verin”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.181) Lakin Moskvanı öz qərarından döndərmək mümkün olmadı.

SSRİ DTK-nın “Alfa” qrupunun yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatması ilə Bakının işğalı əməliyyatı başladı, respublikada televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Partlayış anında siyasi icmalçı professor Həmid Əliyev studiyada canlı olaraq “Planetimizin mənzərəsi” verilişini aparırdı. Proqramın gedişində, saat 19:27 dəqiqədə enerji ploku partladı və ekranda ani olaraq qığılcımlar kimi şüa görsəndi və ekran söndü. Həmin gün nədənsə televiziya və radio əməkdaşları evə tez buraxılmış, yayımın dayandırılacağı barədə şayiələr yayılmışdı. Milli Müdafiə Şurasının üzvü Etibar Məmmədov teleradio komitəsinin sədri Elşad Quliyevə zəng edib bunu dəqiqləşdirmək istədikdə sədr dedi ki, televiziya verilişləri dayandırılır və işçilər artıq evə buraxılıb. Ondan bunun səbəbini soruşanda, dedi ki, Xalq Cəbhəsinin nümayəndələri gəlib tələb ediblər ki, televiziya verilişləri dayandırılsın və o da bu səbəbə görə işçiləri buraxıbdır. Etibar Məmmədov bildirdi ki, belə “göstəriş ola bilməz, verilişlər bərpa olunmalıdır və axşam saat 8-də də mən özüm gəlib çıxış etmək fikrindəyəm”.
Yanvarın 19-da axşama yaxın Teleradio Şirkəti Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin 160 kursantı tərəfindən mühasirə olunmuşdu. Yanvarın 19-da saat 19-da teleşirkətə yarı hərbi, yarı idman forması geymiş 4 nəfər silahlı gəldi. Gələnlər növbə rəisləri İ.Hüseynov və növbətçi elektrik V.Romanovdan ehtiyat dizel-generatorun olub-olmadığını, habelə teleşirkətin enerji təchizatının sıradan çıxarılmasının mümkünlüyünü öyrəndilər. 19.27-də enerji bloku partladılır. Partlayış və yanğın haqqında Bakı Baş Milis İdarəsinə saat 19.30 dəqiqədə məlumat daxil oldu. Hadisə yerinə gələn milis işçilərini mühafizəçilər içəri buraxmadılar. Ertəsi gün hadisə yerində olan Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin operativ istintaq qrupunun rəis müavini Mansurov aydın bir nəticəyə gələ “bilmədi”. Ekspertlər isə qeyd etdilər ki, “enerji bloku Sovet Ordusu və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi təyinatlı dəstəsi tərəfindən partladılmışdır”.

Elşad Quliyevlə söhbətdən sonra Etibar Məmmədov təxminən saat 18:00-də Mərkəzi Komitəyə getdi. Orada kabinetlərin demək olar ki, hamısında sovet əsgərləri oturmuşdu. O, yalnız MK katibi Polyaniçkonu və Əfrand Daşdəmirovu otağında tapa bildi. Polyaniçko bildirdi ki, “artıq hər şey həll olunubdur. Sizin iki saat vaxtınız qalıb” və əlavə etdi ki, “siz silahlı çevriliş hazırlayırsınız, xalq silahlanıb, Mərkəzi Komitənin binasına hücum hazırlanıb. Hücum olsa, atəş açılacaq”. E. Məmmədov bildirdi ki, “heç bir hücum yoxdur, ancaq xalqın etirazı var. Xalq, ilk növbədə, Bakıya qoşun yeridilməsinə etiraz edir. Ən başlıcası isə, Vəzirovun istefasını tələb edir”. O, əlavə etdi ki, Vəzirovun istefa verdiyi elan olunarsa, bəlkə də, xalq sakitləşər, digər məsələləri həll etmək olar. Polyaniçko bildirdi ki, “Vəzirov yoxdur, ancaq onun da məsələsi artıq həll olunubdur”. E. Məmmədov qeyd etdi ki, “əgər Vəzirovun məsələsi həll olunubdursa, bunu xalqa elan etmək lazımdır”. Polyaniçko cavab verdi ki, bunun üçün plenum çağrılmalıdır, qərar verilməlidir, plenum çağıra bilmirik”. Etibar Məmmədov deyir: “Oradan çıxanda mən Daşdəmirovu gördüm, onun yanında tanımadığım başqa bir adam vardı. Daşdəmirov da bildirdi ki, vəziyyət belədir. Dedim, əgər Vəzirov yoxdursa, ərizə yazaraq qaçıbsa, tez bunu elan etmək lazımdır. Bunun üçün əgər plenum çağrılmalıdırsa, bizim köməyimiz lazımdırsa, gedək, lazım olan adamları evlərindən gətirək. O mənə dedi ki, burada heç kim yoxdur. Dedim ki, plenum keçirə bilmirsinizsə, Mərkəzi Komitə bürosunun üzvlərini yığıb qərar qəbul edin. Mən ona dedim ki, indi xalqın taleyi sizdən, verəcəyiniz qərardan asılıdır. Daşdəmirov mənə dedi ki, biz heç bir qərar verə bilmərik, çünki heç bir rəsmi səlahiyyətimiz yoxdur. Mərkəzi Komitədə bildirdilər ki, plenum çağırmaq və büro üzvlərini yığmaq mümkün deyildir. Həmin vaxt, təxminən saat 19.30 olardı, indiki kimi yadımdadır, biz qəbul otağında söhbət edərkən, siyasi icmalçı Həmid Əliyev televiziyada çıxış edirdi. Birdən ekranda partlayışı xatırladan işartı göründü. Aşağı düşəndə mənə bildirdilər ki, televiziya studiyasında enerji bloku partladılıbdır. Mən Mərkəzi Komitənin qarşısında çıxış etdim, Polyaniçkonun dediklərini, o cümlədən bizə iki saat vaxt verdiyini camaata çatdırdım. Sonra biz bu məsələni dəqiqləşdirdik. Məlum oldu ki, doğrudan da televiziya studiyasında enerji bloku partladılıbdır. Bununla da xalqa hər hansı müraciətin qarşısı alınıbdır.

Qoşun Bakıya girməzdən bir neçə gün əvvəl bir sıra hərbi hissələr artıq şəhərin içindəki kazarmalara yerləşdirilmiş və yerli milis şöbələri tərksilah edilmişdi. Yanvarın 19-da, hadisədən bir gün əvvəl bütün xəstəxanalar boşaldılmış, xəstələrin demək olar ki, hamısı evlərinə buraxılmışdı. MK aparatından bütün rayon partiya kömətlərinə gizli göstəriş verilmişdi ki, hər kəs hazır olsun, çağırılan kimi gəlsin. Rayon partiya komitələrinin binaları hərbi komendaturalar üçün ayrılmış, komendatların kimliyi təsdiq edilmiş və yerlərə məlumat verilmişdi. Yerli rəhbərlik, xüsusi ilə MK Bürosunun bəzi üzvləri bütün bunlardan xəbərdar, bir sıra hallarda isə bu prosesin iştirakçıları idilər. Həmin dövrdə Mərkəzi Komitə katibi işləyən Telman Orucov qeyd edir ki, yanvarın 19-da axşam saat 8-də Vəzirov ona zəng edib qarşıdakı 2-3 gün ərzində Bakıya qoşun yeridilməsinə münasibətin soruşdu və o, bunun əleyhinə olduğun bildirib.

Gecə saat 12-yə işləmiş Bakıya qoşun yeridilməsi haqqında məlumat almış MK Bürosunun bəzi üzvləri Nazirlər Sovetinin sədri Mütəllibovun kabinetinə toplanıb Moskvadan gələnlərlə birbaşa əlaqə saxlamağa çalışdılar. Onlar əvvəlcə Cənub qoşunlarının komandanı, ordu generalı Popovla danışdılar. Onun idarəsi Bakıda yerləşirdi və o, özü Mərkəzi Komitə bürosunun üzvü idi. Lakin general Popov yaxasını dərhal kənara çəkdi. Böyük çətinliklə onlar qoşunların Bakıya daxil olmasından bir neçə dəqiqə əvvəl SSRİ müdafiə naziri Yazovla telefonla danışdıqda o, qəti surətdə bildirdi ki, ordunun Bakıya yeridilməsi haqqında qərarı Sov.İKP Mərkəzi Komitənin Siyasi Bürosu verir, bu, mənim işim deyil, siyasi məsələdir. Mən əsgər kimi ancaq əmri yerinə yetirirəm. Bu söhbətlər heç bir nəticə vermədi.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman imzaladı. (Чёрный Январь. Баку, 1990, c.82). Respublika televiziyasının enerji bloku partladıldığından nə televiziya, nə də radio vasitəsi ilə fövqəladə vəziyyət haqqında fərman əhaliyə çatdırılmadı. Bununla da yanvarın 19-dan 20-nə keçən gecə ordu hissələri qabaqcadan xəbərdar edilmədən Bakı üzərinə hücuma keçdi. Bu əməliyyatda iştirak etmiş “əfsanəvi” general Aleksandr Lebed ordunun şəhərə doğru hərəkətini belə təsvir edirdi: ” Mənim də içərisində olduğum təyyarə Bakıdan 30 kilometr məsafədə Qala aerodromunda sıx toranlığa endi. Ətrafda atəş açırdılar. Məni diviziyanın qərargah rəisi polkovnik N.N.Nikiforov və Ryazan alayının komandiri polkovnik Y.A.Naumov qarşıladılar… Qərargah rəisi vəziyyəti məruzə etdi: Ryazanlılar və kostromlular cərgəyə düzüldülər. Kəşfiyyat göndərirdilər və mühafizə qoydular. Əməliyyatlara hazırdırlar!.. Vəzifə – deyə qərargah rəisi qaranlıqda mızıldadı, – vəzifəni … alay komandiri bildirəcək. Mən yox idim, o isə vəzifəni şəxsən müdafiə nazirindən alıb…
– Məruzə edin, Yuri Alekseyeviç (Naumov – C.H.), məsələ nədir? – dedim.
– İcazə verirsiniz, söyləyim, cənab polkovnik?
– Söylə!
Müdafiə naziri yumruğunu burnuma yaxınlaşdırdı və dedi: “Sizin ananızı… hünəriniz var, götürməyin, Lebedə də beləcə çatdırırn.”
– Bu qədər?
– Bu qədər!
– Bəs nəyi götürməliyik?
– Bakını. Burada başqa götürəcək bir şey yoxdur”.
Vəzifə aydın və sadədir – iki milyon əhalisi olan şəhəri ələ keçirmək. Amma həmin an məni telefona çağırdılar. Hərbi Desant Qüvvələri komandanı general-polkovnik Açalov vəzifəni dəqiqləşdirdi və konkretləşdirdi. Mənzərə ortaya çıxdı. Mən ilkin göstərişləri verdim və məsələni aydınlaşdırmaq üçün Nəzarət Buraxılış Məntəqəsinə getdim. Bakıya 30 km var, vəzifəni uğurla yerinə yetirmək üçün əvvəlcə uğurla aerodromdan çıxmaq lazım idi…” (Александр Лебедь. За державу обидно…М.: Редакция газеты «Московская правда», 1995. С.289; General Aleksandr Lebed 1989-cu ilin aprel ayının 8-9-da Tbilisidə çıxışın yatırılmasında iştirak etmişdi. Həmin əməliyyat zamanı 18 nəfər dinc əhali öldürülmüşdü).

Yanvarın 19-u axşamı hələ fövqəladə vəziyyət haqqında fərman qüvvəyə minmədən Biləcəri, Qurd Qapısı, Qala-Aeroport və digər istiqamətlərdən Bakıya hücum başladı. Qala istiqamətdən hücuma komandanlıq edən general Aleksandr Lebed yazır: “Göstərişə uyğun olaraq Bakı şəhərini götürdük – tanklarla qarşımıza çıxan hər şeyi, təbii ki, insanlarla birlikdə, şumladıq və yerlə yeksan etdik”. (Александр Лебедь. За державу обидно…М.: Редакция газеты «Московская правда», 1995. С.289) Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Şəhərdə fövqəladə vəziyyət elan olunana qədər Sovet ordusunun hərbi müdaxiləsi nəticəsində artıq 102 nəfər dinc vətəndaş öldürülmüşdü.

Həmin gecəni Azərbaycan Dövlət Universitetinin fəal tələbələrindən olan, bir qurup tələbə gənclə birlikdə Əbülfəz Elçibəyin başçılıq etdiyi Milli Müdafiə Şurasına qoşulmuş Əli Kərimli belə xatırlayırdı: “Mən və dostlarım- yurd birliyinin və tələbə hərəkatının fəalları MMŞ-də çalışırdıq. Ordu Bakı ətrafına cəmləşdikcə adamlar kortəbii şəkildə şəhərə giriş yolları üzərində barrikadalar qururdular. Yolların bağlanması üçün daha çox ağır yük maşınlarından istifadə olunurdu. Sovet qoşunlarının şəhərə girişinin qarşısını almaq əsl ümummilli ideyaya çevrilmişdi. Bakı əhalisinin tam əksəriyyəti bu prosesdə iştirak edirdi. Adamlar çox cəsarətli olmuşdular. Gözlənilən təhlükənin çox böyük və real olması dərk olunsa da heç kim qorxmurdu. Bəlkə də qorxanlar var idi. Amma onlar da ümumi fona xələl gətirməmək üçün qorxularını gizlədirdilər. 19 yanvarda axşam televiziyanın enerji bloku partladılanda hiss etdik ki, Sovet Ordusu həmin gecə şəhərə girəcək. MMŞ-nin qərərgahı o zamankı Şmit adina zavodun Mədəniyyət Sarayında yerləşırdi. MMŞ- nin fəalları olaraq sərəncamımızda olan telefonlu taksilərlə (o zaman bu yeganə mobil rabitə idi) şəhər ətrafında olan barrikadalardakı vəziyyəti yoxlayırdıq. Qurd Qapısı deyilən yerdə toplaşanlarla görüşüb vəziyyəti öyrəndikdən sonra 20 yanvar tərəfə yollandıq. Biz maşında sürücüdən başqa 3 nəfər idik. Tələbə hərəkatının fəallarından olan dostum Seymur Babayev, Rabitə Nazirliyində çalışan bir cəbhəçi və mən. 20 yanvardakı taksidən bizə məlumat verdilər ki, ordu atəş açaraq şəhərə daxil olur. Dərhal taksiyə 20 yanvara sürməsini söylədik. Yolda düşündük ki, 20 yanvara əliboş getməyək. Mətbuat prospektində BDU -nun yataqxanalarının yanında maşını saxladıq. Ertədən oğlanların birtəhər dilə tutub yataqxanaya göndərdiyi qızlar atəş səslərinə küçəyə çıxıb ağlaşırdılar. Onların köməyi ilə 1-2 dəqiqə ərzində xeyli yandırıcı, partlayıcı qarışıqlarla dolu şüşə qablar hazırlayıb (o zaman belə yandırıcı şüşələrlə hərbi texnikanın şəhərə girişının qarşısını qismən də olsa alacağımızı düşünürdük.) sürətlə 20 yanvar tərəfə yollandıq. Prospekt boyu qarşımıza çoxlu sayda 20 yanvar tərəfdən qaçan adamlar gəlirdi. Onlar bizim yolumuzu kəsib maşınımızı saxlatmaq, bizi geri döndərmək istəyirdilər. Maşını saxlamadığımızı görüncə qışqıraraq, əl-qolları ilə bizə başa salmaq istəyirdilər ki, ora getmək olmaz, atirlar, adamları qırırlar. Amma biz sürətlə 20 yanvara doğru ğedirdik. Tbilisi prospektinə çıxmaq üçün sağa döndük. Tbilisi prospektinə çatan yerdə qəfildən yolun sağında, ağacların altında tankı, yanında da əsgərləri gördük. Maşının işığı əsgərlərə düşəndə onların atəş açmağa hazırlaşdığını gördük və instiktiv olaraq nə qədər mümkünsə o qədər maşının döşəməsinə doğru əyildik. Dərhal və davamlı atəş açıldı. Maşın dərhal dayandı təkərlərini vurmuşdular. Möcüzə baş vermişdi, maşınımıza 7-8 metrlik məsafədən 30-40 güllə atılmışdı, güllələr maşını deşık-deşık etmişdi, biz isə sağ-salamat idik… Yalnız sürücümüz əlindən yüngülcə yaralanmışdı… Bizi maşından düşürüb faktiki əsir aldılar. Əmr etdilər ki, üzümüzü divara çevirib, əllərimizi də yuxarı qaldıraq. Üzümüzü çevirdiyimiz divar isə indiki Nəqliyyat Nazirliyi binasının həyətinə açılan (Tbilisi prospektini kəsən küçə tərəfdən) dəmir şəbəkə qapı idi). Üstümüzü yoxlayıb silahımız olmadığına əmin oldular. Maşını yoxlayıb yük yerindəki yandırıcı qarışıqlarla dolu şüşə qabları tapdılar. Asvalta çırpıb şüşə qabları sındırdılar. Hər şeyin bitdiyini düşündük. Komandir əsgərlərinə əvvəlcə atəşə hazır ol! əmrini verdi, sonra da bizi güllələmək əmrini verdi… Əsgərlər əmri yerinə yetirib atəş açdılar. Atəşdən sonra ilk ağlıma gələn oldu ki, mən sağam, ani olaraq düşündüm ki, yəqin yaralanmışam, yara isti olduğundan hələ ağrını hiss etmirəm. (https://akarimli.wordpress.com/tag/20-yanvar/).

Şəhərə hücum belə bir dramatik mərhələyə daxil olmuşdu. Bu faciəni təhqiq edən Azərbaycan Respublikası Ali Soveti Komissiyasının rəyində göstərilirdi ki, şəhərin tutulması əməliyyatı nəticəsində 131 nəfər həlak olmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-ı rus, 3-ü yəhudi, 3-ü tatar idi. Onların 124 nəfəri kişi, 7 nəfəri qadın, 7 nəfəri isə yetkinlik yaşına çatmamış uşaqlar idi. İki nəfər “təcili tibbi yardım” işçisi həmin gecə öz xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdu. Bundan əlavə rəydə göstərilirdi ki, hərbi əməliyyatın gedişində 744 insan yaralanmış, dörd nəfər itkin düşmüşdü, 400 nəfər həbs edilmişdi. Orata qeyd edilirdi ki, yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olmuş və əhaliyə divan tutmağa başlamış, əməliyyat zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdi (Bax: Xalq qazeti. 1992. 18 yanvar). Əməliyyat başa çatdıqdan sonra “İzvestiya” qəzetinin müxbiri Sovet qoşunlarının nə məqsədlə Bakıya girdiyini Müdafiə naziri Dmitri Yazovdan soruşduqda, o, cavab vermişdi ki, qoşun şəhərə Azərbaycan Xalq Cəbhəsinin mövcud strukturlarını dağıtmaq üçün daxil olub. Sonralar bu məsələyə qayıdaraq Yazov bidirmişdi ki, “ordu Bakıda sovet hakimiyyətini xilas etdi” (Независимая газета. 2000. 12 февраля).

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə girməsi, dinc adamları qətlə yetirməsi ilə bağlı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova yanvarın 20-də xüsusi bəyanatla çıxış etdi. O, bildirdi ki, respublikanın ali hakimiyyət orqanları Bakıda fövqəladə vəziyyət elan olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinə razılıq verməmiş və onda iştirak etməmişdir. Elmira Qafqarova tökülən günahsız qanların məsuliyyətini bu qərarı qəbul və icra edən SSRİ orqanlarının üzərinə qoydu. Bəyanatda deyiirdi: Həmin bəyanatda deyilirdi: “SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür” (Balayev Aydın, Rasim Mirzə. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər, s.131).

Bakı hadisələri ətrafında sərt informasiya blokadası yaradılmışdı. Hətta, həmin günlərdə Azərbaycanda yayılan “Pravda”, “İzvestiya”, “Krasnaya zvezda” və digər mərkəzi mətbuatın eyni sayları Moskva və SSRİ-nin digər qalan yerlərindən bir sıra fərqliliklərlə çıxırdı. Respublika əleyhinə verilən materiallar, ordunun Bakı əməliyyatının “ümumxalq müdafiəsi” ilə bağlı aparılan geniş kampaniyalar mərkəzi qəzetlərin Bakıda nəşr olunan nömrələrinə daxil edilmirdi. İlk dəfə idi ki, Sovet mətbuatında belə fərqlilik müşahidə edilirdi. 20 yanvar Bakı hadisələri ilə bağlı yanvarın 20-də səhər Sov, İKP MK Siyasi Bürosu Bakı hadisələrini müzakirə etmək üçün gizli toplantı keçirdi. Baş katibin köməkçisi Anatoli Çernyayev “SSRİ prezidentinin köməkçisinin gündəliyi” kitabında yazır ki, 21 yanvar 1990-cı il yeri gəlmişkən Leninin vəfatı günü…səssiz keçdi. Dünən (yanvarın 20) Siyasi Büro GİZLİ olaraq Azərbaycanda vəziyyəti müzakirə etdi…Bu “sirli axşamın detalları gec-tez Azərbaycan xalqına məlum olacaq (А. С. Черняев. Дневник помощника президента СССР. М. : Терра, 1997. C.420-421. Yeri gəlmişkən Siyasi Büronun 20 yanvar 1990-cı il tarixli gizli iclasının stenoqramı Rusiya Prezidenti Arxivində qapalı fondda saxlanılır və tədqiqatçılara açıq deyil. Lakin Azərbaycan rəhbərliyi dövlət xətti ilə çalışsa həmin stenoqaramı və 20 yanvar hadisələri ilə bağlı qapalı fondlarda saxlanılan digər sənədləri ala bilər).

Siyasi Büronun gizli iclasından sonra Qorbaçov saat 14:00-da televiziya ilə çıxış etdi və SSRİ Xarici İşlər Nazirliyində mətbuat konfransı keçirdi. 1990-cı ilin yanvar ayının 21-də Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvü Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış etdi və Bakıya qoşun yeridilməsini, bu hadisəni törədən şəxsləri tənqid etdi və bəyan etdi ki, bu akt qanunaziddir. O, dedi: “19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir? Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı.”

Məhz bu faciəli anlarda uzaqlardan “Azadlıq radiosu”nun, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: “Yaxşı yadımdadır 20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər – yerə girmək üçün! Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar gecəsi – Mirzə Xəzərin səsi – möcüzə idi! Bəlkə “ah, nalədən” boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər – 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi.” “Azadlıq”ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Moskva öz xəlvəti Bakı əməliyyatını sakitliklə sona çatdıra bilmədi. Hadisələr ətrafında beynəlxalq ictimai rəyi səfərbər etdiyinə görə Sovet orqanları “Azadlıq” radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından, dinc əhalinin, qadın və uşaqların gülləyə tutulmasından xəbər tutdu. Sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır” (Правда. 1990. 22 января).

Həmin günlər “Amerikanın səsi” radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi ilə bağlı Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə etmişdir. O, bu aksiyanı ermənilərlə azərbaycanlıların münasibətlərini qaydaya salmaq kimi şərh edirdi. Amerikada yaşayan azərbaycanlılar Bakıda baş vermiş 20 yanvar hadisələri ilə bağlı yanvar ayının 26-da Vaşinqonda nümayiş keçirmişdilər və bu aksiya Bakı qırğını haqqında həqiqətlərin yayılmasına kömək etmişdi. (Ə.Tahirzadə. Meydan: 4 il 4 ay, s.65)

Bu zaman Qərbin və ABŞ-ın diqqəti bilavasitə Pribaltika respublikalarında idi. Bunu Birləşmiş Ştatların dövət katibi James Baker 1990-cı ilin aprel ayının 10-da Kanada Baş naziri Brine Mulroney ilə görüşdə açıq şəkildə ifadə etmişdi. O, qeyd edirdiki, “Litva ilə bağlı biz bildirdik ki, onlar Litva ilə döyüşməyə davam edərlərsə, hətta tanksız olsa belə, Amerika-Sovet münasibətlərində heç bir irəliləyiş olmayacaq. Biz dedik ki, narahatçılığımız və ağrımız daha çox Litva ilə bağlıdır, nəinki Azərbaycanla”. (“Regarding Lithuania, we made it clear that we could not sustain progress in US – Soviet relations if they continued to crack down on Lithuania, even without tanks. We said that our pain threshold was lower redarding Lithuanian than Azerbaijan” – Memorandum of conversation. Meeting with Prime Minister Brian Mulroney of Canada. 10.04.1990.//The National Security Archive at the George Washington University. Doc. 12958, p.2).

Yanvarın 21-də Ali Sovetin deputatlarının 1/3 hissəsinin təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin fövqəladə iclası keçirildi. Sessiyada SSRİ xalqlarına və dünyanın bütün xalqlarına və parlamentlərinə müraciət qəbul edildi. Sessiyada Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi. Baş vermiş hadisələri təhqiq etmək üçün 21 nəfərdən ibarət deputat istintaq komissiyası yaradıldı. Yanvar ayının 22-də Bakının işğalı zamanı həlak olmuş insanların dəfn mərasimi keçirildi. Orada 1 milyondan çox adam iştirak etdi. Xalq tərəfindən “Azadlıq” meydanı adlandırılan ərazidə və MK-nın binasının qarşısındakı divarlara bu sözlər yazılmışdı: “Tbilisi, Bakı. Bəs sonra hansı şəhər qətlə yetriləcək?”, “Qorbaçov sən cəllad, yalançı, yeniudənqurmanın düşmənisən”, “Qatil Yazov, Azərbaycandan rədd ol!”. Dəfn mərasimi kommunist partiyasının üzvlük biletlərinin kütləvi şəkildə atılması və yandırılması ilə müşayiət olunurdu.

Düz bir il sonra bu hadisələr kiçik miqyasda Vilnyusda təkrar edildi. Lakin nə 18 nəfərin həyatı hesabına başa gəlmiş 1989-cu ilin aprelindəki Tbilisi hadisələri, nə də 13 nəfərin həyatı hesabına başa gəlmiş 1991-ci ilin yanvarındakı Vilnyus hadisələri Bakı qırğını ilə müqayisə edilə bilməz. Məsələ ölənlərin sayında deyildi, əməliyyatın miqyasında, keçirilmə formasında idi. Bu baxımdan 20 yanvar 1990-cı ilin Bakı əməliyyatı öz miqyasına və strateji hədəflərinə görə Sovet Ordusunun 1956-cı ilin Macarıstan, 1968-ci ilin Çexoslovakiya əməliyyatları ilə müqayisə edilə bilər. Sovet ordusu şəhəri işğal etməklə qələbə çalsa da bu, Qızıl (Qırmızı) ordunun “Pirr qələbəsi” oldu. Bakı əməliyyatından sonra SSRİ-nin dağılması qarşısı alınmaz prosesə çevrildi.

Yanvarın 22-də gecədən xeyli keçmiş Azərbaycan KP MK plenumu işə başladı. Əvvəlcə respublika partiya təşkilatının rəhbərliyinə 4 nəfərin namizədliyi irəli sürüldü: Ayaz Mütəllibov, Həsən Həsənov, Vaqif Hüseynov və Telman Orucov. Sonuncu iki nəfər öz namizədliklərini geri götürdü. Qorbaçov Vəzirovun yerinə yeni təyinat üçün Bakıdan 3 rəhbər işçini dəvət etdi (Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov, Azərbaycan KP MK katibi Həsən Həsənov və Bakı şəhər partiya komitəsinin katibi Müslüm Məmmədov). Seçim edərkən Moskva Ayaz Mütəllibovun üzərində dayandı. Gecə saat 12-də başlanan Plenumun işi isə Moskvanın qərarını rəşmiləşdirmək oldu. Lakin birinci şəxs təyin olunsa da respublika rəhbərliyinə inam yox idi. Yanvarın 27-də Rıjkov, Şevarnadze, Kryuçkov, Axromeyev, Çernyayev, Şahnazarov, Yakovlev, Falin və Fedorovun iştirakı ilə Qorbaçovun kabinetində keçirilən toplantıda Almaniya Demokratik Respublikasındakı vəziyyət müzakirə edilirdi. Toplantıya Qorbaçov bu sözlərlə başladı: “Bizim indi Almaniya Demokratik Respuvlikasında vəziyyətimiz özümüzdə, öz Azərbaycanımızda olduğu kimidir: arxalanacağımız, etibarlı münasibətlər quracağımız heç kim yoxdur”. (Chernyaev notes. 27.01.1990.//The National Security Archive at the George Washington University. Doc. 13112, p.1)

Lakin tək Mərkəzin respublikaya deyil, respublikanın da Mərkəzə etimadı itmişdi. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra bu etimadı bərpa etmək mümkün olmadı. “Qanlı Yanvar” hadisəsindən iki ay sonra keçirilən Xalq Cəbhəsinin məclisi Azərbaycanın SSRİ-dən kənarda tam dövlət müstəqilliyi uğrunda mübarizə apardığını bəyan etdi və 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Prof Dr Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir