KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Aliyev Putinə hesabat verir ki, Azərbaycanda rus məktəblərinin sayı 35 faizdir

Cemil Hasanlı: Aliyev Putinə hesabat verir ki, Azərbaycanda rus məktəblərinin sayı 35 faizdir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
250 0

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib və Ilham Əliyev də orada atəşin bir çıxış edib. Deyib ki, Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir, türk dünyası böyük bir ailədir və sair. Hətta bir qədər də irəli gedərək deyib ki, “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”. Xub, çox gözəl. Qızıl kimi sözlərdir! Amma bir xalq məsələndə deyildiyi kimi “avazın yaxşı gəlir, oxuduğun quran olsa”.

Adam hər kvaratal gedib Putinə hesabat verir ki, Azərbaycanda rus məktəblərinin sayı 35 faizdir. Yəni onun rəhbərlik etdiyi ölkədə hər üç uşaqdan biri rus dilində oxuyur. Bir az da kəsir qalır. Yəni İlham Əliyevin idarəçiliyi dövründə rus dili yenidən Azərbaycanda əsas ünsiyyət dillərindən birinə çevrilib. Ankara Universitetinin deyil, Moskva Dövlət Universitetinin Bakıda filialı açılıb, müasir tibb təhsili verən Hacətəpə Tibbin deyil, öz ölkəsində bir şeyə yaramayan Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakıda filialı açılıb.

Hələ mən Təhsil Komissiyasının üzvü olanda təklif verdim ki, Azərbaycanın ali məktəblərinin hər biri hər dərs ilində Güney Azərbaycandan çox yox, beşcə nəfər pulsuz tələbə qəbul etsin, bunlar isə öz gücünə, öz puluna Bakı universitetində oxuyan Güneyli gəncləri tutub İrana rejiminə təhvil verdilər.

Ana dili ana südü kimi halal, dağ çiçəyi kimi təmiz ruhu oxşayan mənəvi bir varlıqdır. Asılı xalqlarda milli kimliyə tapınmağın yolu ana dilindən keçir. İlham Əliyev ki, müstəqil Azərbaycanın hüdudlarından kənar 40 milyon azərbaycanlının ana dilində təhsil almaq imkanı olmamasından şikayətlənir, bu yaxşı əlamətdir. Bəs, onun rəhbərlik etdiyi müstəqil Azərbaycanda ana dilinin tədrisi vəziyyəti necədir?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə 4-5 il əvvəl təhsilin şıdırğı vaxtında Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55,85 faizi ana dili fənni üzrə “2”, “2,5” və “3” qiyməti almışlar. 11-ci siniflər üzrə bu göstərici 45.67 faiz olub. Bəyənmədiyimiz Sovet dövründə bu göstərci heç vaxt 10 faizdən yuxarı olmayıb. 40 milyonluq soydaşlarımızın ana dilində təhsil almasını arzulamaq əlbəttə mütərəqqi ideyadır. Ancaq ilk növbədə öz ana dilində maarifdən yetim qalmış bu 55,85 faizin dərdinə carə qılmaq lazımdır.

Şübhəsiz ki, bizim ölkədə rus məktəblərinin 35 faizə çatması yalnız siyasi məsələ deyil, həm də Azərbaycan dilində təhsilin belinin qırılması hesabınadır. Yeri gəlmişkən hər iki buraxılış siniflərində riyaziyyat fənni üzrə göstəricilər də ana dili göztəriciləri kimidir. Bu gün ölkədə təhsil məktəblərin yox, az-çox repititorluğun hesabına qalıb. Bizim ölkədə rus məktəblərinin xüsusi çəkisinin sürətlə artması (İlham Əliyev hakimiyyətə gələndə hər beş nəfərdən biri rus məktəblərində oxuyurdu, indi hər üç nəfərdən biri rus məktəblərində oxuyur) bir tərəfdən Putinə yaraınmaqla bağlıdırsa, digər tərəfdən Azərbaycan dilində təhsilin keyfiyyətinin sürətlə aşağı düşməsi, bu dildə internet resursalarının ana dilli məktəblərə daxil ola bilməməsi, hakim elitanın (o cümlədən hakim ailənin) rus dilli olması, öz aralarında rus dilində danışması ilə bağlıdır. Yənə 40 milyon qalsın bir tərəfə, biz öz ölkəmizdə assimliyasiya oluruq, rus dilində məktəblərin sayının 35 faizə çatması bu deməkdir.

Ölkəmizin hüdudlarından kənardakı 40 milyon soydaşımızın hüquqlarının, təhlükəsizliyinin təmin edilməsinə gəldikdə, burada da vəziyyət ruscadır. İlham Əliyevin idarəçiliyi dövründə ölkənin əmək qabiliyyətli 5 milyondan bir qədər artıq əhalisinin 35 faizi Azərbaycanı tərk edib, cəlayi-vətən olub və indi də sərhədlər bağlı olduğundan öz ölkələrinə qayıda bilmirlər. Aylarla 10 minlərlə Azərbaycanlı Dağıstanda sərgərdan vəziyyətdə qalıb qeydiyyatda olduğu ölkəsinə gələ bilmir. Pandemiya bütün dünyada leksikondan çıxıb İlham Əliyev nəinki sərhədləri o 40 milyonun üzünə bağlayıb, hətta qonşu ölkələrə iş, çörək, dolanışıq dalınca gedən bizim 10 milyonluq əhalinin 2 milyondan çoxu öz vətəninə qayıda bilmir. O 40 milyonun bir zərrəsi olan Gürcüstan azərbaycanlıları öz doğmalarını ziyarət edə, dirisinin toyuna, ölüsünün yasına gedə bilmir. Nə isə təmtəraqlı bəyanatlar vermək asandır…

Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir