Şimdi yükleniyor

Cemil Hasanlı: 2026-cı ilin büdcəsi qəbul edildi

Adını yenə sosial yönümlü büdcə qoyublar. Bu sosial yönümün “göstəricilərindən” biri qarşıdakı il üçün dəfn xərclərinin artırılmasıdır. Deyəsən həşəmətli hökumətimiz gələn il ölənlərin sayının çoxalacağını proqnozlaşdırır.

Qarşıdakı ildə büdcəni gəlirləri 38 609 000,0 min manat olacaq, xərcləri isə 41 703 600,0 min manat müəyyən edilib. Həm daxilolmalar, həm xərclər üzrə artım 2025-ci illə müqayisədə 0,7 faiz çoxdur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat məbləğində təsdiq edilib. 0,7 faiz artımla indi deyirlər bu son 30 ilin ən yüksək büdcə göstəricisidir.

Manat dollarla müqayisədə məzənnəni saxlasa da, bazarla müqayisədə alıcılıq qabiliyyətini xeyli itirib. Məsələn 2025-ci ilin əvvəllərində vətəndaş 13-14 manata aldığı mal ətini hələ 2026-cı il gəlməmiş 18-19 manata alır. Yağ da belə, şəkər də belə, bütün ərzaq və gündəlik tələbat mallarının qiyməti kəskin şəkildə artıb. Bu meyarla baxılsa büdcə artıb, ya azalıb? Rəqəm göstəricisinə görə artsa da, alıcılıq qabiliyyətinə görə orta hesabla 30-40 faiz azalıb.

“Sosial yönümlü” büdcədə uşaq pulu verilməsi nəzərdə tutulurmu? Əlbəttə yox. 2006-cı ildə tamamilə saxta bir rəqəm uyduraraq ölkədə uşaq pulunu dayandırıblar. Ancaq necə ediblərsə İlham Əliyevin uşaqları daha da zənginləşib, adə ailələr kütləvi şəkildə yoxsullaşdığı üçüm millətin balalarının qida çatışmazlığı və tibbi xidmət yarıtmazlığı ucbatından boy artımı da normal fiziki inkişafdan geri qalır.

İlham Əliyevin 2006-cı ildə uşaq pulunu kəsdiyi uşaqlar artıq 2 ildir əsgəri xidmət yaşına çatıblar. Azərbaycanın korrupsiener, kleptokratik rejimin daldaladığı korrupsiya pullarının hər manatında Azərbaycan körpələrinin göz yaşı, ah-naləsi, iztirabları var.

Ölkədə 0-17 yaş arası orta hesabla 2, 6 milyon uşaq var və 19 ildir bu uşaqların halal haqqı yeyilir. Ailələr böyük maddi çətinliklər içərisindədir. İmkansızlıqdan rayon yerlərində valideynlərin xeyli hissəsi uşaq qidası ala bilmir, uşaqları üçün məktəb ləvazimatı ala bilmir. Uşaqlar xüsusi ilə qız uşaqları) məktəbdən çıxmalı olurlar. Uşaq pulu öz sosial mahiyyətinə görə dövlətin uşaqlar qarşısında öhdəliyidir. 19 ildir Azərbaycanda bu öhdəlik yerinə yetirilmir. Və bu azmış kimi uşaqların analarının da pensiya yaşını 65-ə qaldırıblar.

Balaca Estoniya hər uşağa ayda 80 Avro uşaq pulu verir. Bizi əhatə edən coğrafiyada Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Türkiyə, Ermənistan, Gürcüstan hər uşaq başına hər ay uşaq pulu ödəyir. Azərbaycan hökuməti sanki buğda yeyib cənnətdən çıxdığı üçün 19 ildir uşaqların pulun kəsir və buna görə ən azından bu uşaqlar qarşısında bir az utanmaq lazımdır. Bəs bizi əhatə edən bu ölkələr uşaq pulunu hansı mənbədən tapırlar?

Qazaxstanda adam başına düşən ÜDM 14,3 min dollardır, Azərbaycanda 7,6 min dollar. Bu o deməkdir ki, Qazaxstanda əhalinin həyat şəraiti Azərbaycandan 2 dəfə yüksəkdir. Amma bununla belə Qazaxstan nəinki uşaq başına aylıq uşaq pulu verir, bundan əlavə 8 adda uşaq müavinətləri, yardımları və sair təminatları həyata keçirir.

2,6 milyon uşağın haqqını kəsən, yaşayışını kəsən, güzaranını oğurlayan büdcə sosial yönümlü ola bilərmi?

İlham Əliyev iftixarla deyir ki, bizim xarici borcumuz ümumi daxili məhsulun 6,5 faizi qədərdir və dünyada ən yaxşı göstəricidir. Bəs daxili borcunuz nə qədərdir? Millətin körpələrinin boğazından, güzaranından, yaşayışından 19 ildir kəsdiyiniz uşaq pulu daxili borc deyilmi?

Share this content:

Yorum gönder