KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Avropadan Trampa İran müqaviməti

Avropadan Trampa İran müqaviməti

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
335 0

“Qoca qitənin” dirənişi Bakı üçün nə vəd edir?

Avropa Birliyi İrana sanksiyalar məsələsində Vaşinqtona müqavimət göstərməyə davam edir. Birliyin xarici məsələlər üzrə komissarı Federika Mogerini deyib ki, ABŞ Avropaya öz siyasətini diktə edə bilməz.

AB rəsmisi Birliyin Vaşinqtona İranla ticarət siyasətini müəyyən etməsinə imkan verməyəcəyini qeyd edib. Sitat: “Biz, 28 üzv dövlətin ittifaqı olaraq Dünya birliyinin qalan hissəsi ilə bir yerdə İranla imzalanan və Beynəlxalq atom enerjisi üzrə agentlik tərəfindən verilən 13 hesabat üzrə böyük həcmdə yerinə yetirildiyi təsdiq edilən sazişi qoruyub saxlamaq üzərinə çalışırıq”.

Avropa Birliyinin baş diplomatının sözlərinə görə, bu işin içində İranla qanuni yolla çalışmaq istəyən şirkətlərə təminat verilməsi məsələsi də var.
“Biz avropalılar, bizimlə hətta yaxın və müttəfiq olsa belə xarici bir ölkənin başqa bir dövlətlə qanuni ticarəti barədə qərar qəbul etməsi ilə razılaşa bilmərik. Bu suverenliyin əsas elementini təşkil edir və belə bir mövqe həm Avropa, həm də digər dünya ölkələri tərəfindən paylaşılır”, – deyə, Mogerini sonda qeyd edib.

Məsələ ondadır ki, 2015-ci ildə İranla “altılıq” ölkələri arasında nüvə anlaşması imzalandıqdan sonra Avropa Birliyi ölkələri İranla iqtisadi əlaqələri sürətlə bərpa edib. Avropanın “nəhəngləri” Fransanın “Total”, “Airbus”, Almaniyanın “Mercedes” kimi firmaları İranla əməkdaşlığı bərpa edib, milyard dollarlıq müqavilələr imzalanıb. Təkcə Almaniyadan 100-dən çox şirkət İrana iş qurmaq üçün gəlib. Ancaq 2018-ci ilin mayında ABŞ hökuməti birtərəfli qaydada nüvə sazişindən çıxıb və paralel olaraq İrana qarşı sanksiyaları bərpa edib. eyni zamanda dünya ölkələrinə müraciət edərək İranla əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq olunacağını bəyan edib. Bu qərardan dərhal sonra bir çox iri şirkətlər İranla əməkdaşlığı könülsüz olsa da dayandırıb.

Lakin Avropa Birliyi həm Vaşinqton administrasiyası ilə olan fikir ayrılıqları, həm də İran kimi perspektivli bazarı ititrməmək üçün Vaşinqton sanksiyalarına qarşı müqavimət göstərməyə çalışır. Hətta ötən ilin mayında Avropa Komissiyası İranla iş görən Avropa şirkətlərini Amerika sanksiyalarından qorumaq üçün 1996-cı ildə qəbul olunmuş “Blocking Statute” adlı qanunu yenidən aktivləşdirəcəyini elan edib. Bu qanun avropalı şirkətlərə İranda işləməsi üçün təminat verir. Avropa Komissiyası prezidenti Jan Klod Yunker bəyan edib ki, əsas məqsəd Avropa firmalarını qorumaqdır. Sitat: “Komissiyanın əsas məqsədi Avropa firmalarını qorumaqdır”.

Lakin bu addımların hələlik ciddi təsiri hiss olunmur. Əksər iri Avropa şirkətləri İranı tərk edir. Aydın məsələdir ki, avropalı biznesmenlərin İranda qazandıqları ilə ABŞ sanksiyaları nəticəsində itirəcəkləri arasaındakı fərqi bilirlər. lakin AB-nin bu şəkildə Vaşinqtona dirəniş göstərməsi beynəlxalq ictimai rəydə Vaşinqtonun mövqelərini zəiflədir. Eyni zamanda Azərbaycan kimi sanksiyalara qoşulmamaq istəyən ölkələr üçün fürsətlər deməkdir.

Məsələ ondadır ki, Azərbaycan hakimiyyəti indi İranla isti münasibətləri qoruyub saxlamağa çalışır. Bunun əsas səbəblərindən bir odur ki, Bakı mümkün qədər olduqca həssas regionda dərin münaqişədə olan iki gücün toqquşmasına meydan olmaq istəmir, necə deyərlər, “iki od arasında” qalmamağa çalışır. Aydın məsələdir ki, Vaşinqton və Tehran arasında gərginlik heç də iqtisadi sanksiyalarla yekunlaşmayacaq, Vaşinqton rəsmilərinin də dediyi kimi İranın hazırkı siyasi sistemini zəiflətmək üçün bir çox addımlara əl atılacaq. Bu8nların sırasında İran daxilindəki siyasi qrupları dəstəkləməkdir. Hansı ki, ötən il ABŞ prezidentinin müşaviri Con Bolton Parisdə İslam Respublikasının əsas müxalifi olan “Xalqın Mücahidləri” təşkilatının konqresində iştirak edərək 2019-cu ildə İranda hakimiyyət dəyişikliyi haqda anons verib. İran dini lideri də bəyan edib ki, 2019-cu ildə. Yəni İranda İslam İnqilabının 40-cı ilində ölkədə ciddi təxribatlar ola bilər. Təbii ki, Bakı belə bir vəziyyətdə “savaş meydanı” olmaq istəmir. Ona görə də maksimum dərəcədə bu gərginlikdən uzaq durmağa çalışır.

Digər tərəfdən, söhbət həm də iqtisadi maraqlardan gedir. Bakı indi regionun etibarlı iqtisadi tərəfdaş ölkəsi olaraq siyasi provokasiyaların mərkəzinə çevrilməkdən qorunur. Azərbaycan hökuməti hər addımda İranla isti münasibətləri qoruyub saxlamaqda və inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirməyə çalışır. Eynisini Tehran haqqında da demək olar. Yola saldığımız il ərzində yüksək səviyyədə qarşılıqlı səfərlər, əməkdaşlıq toplantıları, anlaşmaların uzun siyahısı bunu təsdiqləyir.

Məsələ ondadır ki, Azərbaycan ağır sanksiyalar dövründə İranın xarici ticarət yollarından birini təşkil edə bilər. Bakı son illərdə güclü nəqliyyat infrastrukturu yaradıb, İranla dəmir yol xətlərini birləşdirir. Bu isə Tehranın Rusiya da daxil olmaqla, Avropa ilə yeni əlaqə vasitəsi deməkdir. Təbii ki, Azərbaycan üzərindən Tehran embarqolar dövründə ciddi həcmdə ticarət fəaliyyəti apara bilər. Təbii ki, hətta sırf maraqlar prizimasından yanaşdıqda belə kasıb, beynəlxalq tranzit yollarından kənarda qalan Ermənistanla müqayisədə Azərbaycan daha sərfəli tərəfdaşdır.

Bu mənada beynəlxalq arenada Vaşinqtona qarşı müqavimətin artması Bakının mövqelərini gücləndirir. Doğrudur, ABŞ hökuməti daha öncəki sanksiyalar dövründə olduğu kimi, indi də İranla qonşu ölkələrə müəyyən güzəştlər tanıyır. Lakin istənilən halda Tramp administrasiyası İranı sıxmaqda davam edəcək və dünya ölkələrinə də təzyiq etməyə çalışacaq. Bu mövzuda Rusiya və Çindən daha çox Avropa Birliyinin mövqeyi daha çox önəm daşıyacaq.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir