KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: HÜSEYN CAVİDİN “İBLİS”ƏSƏRİNDƏ İBLİSLƏŞƏN ÇAĞDAŞ DÜNYAMIZ

ATİF İSLAMZADƏ: HÜSEYN CAVİDİN “İBLİS”ƏSƏRİNDƏ İBLİSLƏŞƏN ÇAĞDAŞ DÜNYAMIZ

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
289 0

Hüseyn Cavid yaradıcılığı mütəfəkkirin adı kimi həmişə diri və əbədi yaradıcılıqdır. Bunun əsas səbəbi sənətkarın istedadıyla bərabər əsərlərindəki milli-bəşəri və ictimai ideyaların qabarıq olmasıdır. Şairin ictimai məfkurəsi hər zaman diqqət çəkir. Onu da qeyd etmək lazımdır ki, ictimai məfkurə milli-bəşəri mövzuları özündə cəmləyir. Əgər məfkurə deyildikdə ideyalar məcmuusu ifadə olunursa, bu ideya məhəlli, milli, bəşəri ola bilər. İctimai məfkurə isə bütün toplumu özündə ifadə etdiyi üçün lokal, regional, qlobal səviyyələri bir termin adı altında ehtiva edə bilir. H.Cavid yaradıcılığı həm milli, həm də bəşəri yaradıcılıqdır. Bu baxımdan ictimai məfkurə daşıyıcılığının bədii ifadəsi daha əhatəli şəkildə bu aspektdə öyrənilə bilər.

demonizmin xalq arasında xtonik qüvvələri ifadə edən təcəssümü bir çox əsərlərə mövzu olmuşdur. Şair məhz bu motivdən I dünya müharibəsinin dəhşətlərini qələmə almaq üçün istifadə etmişdir. Demonizmi özündə əks etdirən, xüsusilə də iblis və yaxud şeytan obrazının əsərin leytmotivində iştirak etməsi müəlliflərin ideoloji baxışlarının bədii ifadəsi idi. Bu əsərlər təbiidir ki, H.Caviddən əvvəl də yazılı ədəbiyyatda mövcud idi, ancaq birbaşa iblis obrazının süjet xəttində əsas təşkil etməsi daha çox Y.V.Hötenin “Faust”, M.Lermantovun “Demon” əsərlərində qabarıq səviyyədə ədəbi auditoriyaya məlum idi ( 1; 2 ). Məhz H.Cavidin “İblis” əsəri də bu baxımdan diqqətəlayiq əsərdir. Əgər H.Caviddə iblis obrazı süjetin əsasını təşkil edirsə, “Faust” əsərində mefistofel ( 1 ), “Demon” əsərində isə demon obraz olaraq eyni struktur təşkil edir  ( 2 ). Müəlliflər məhz bu obrazlar vasitəsilə öz məfkurələrini bədii səviyyədə ifadə etmişlər.

  Eyni zamanda demonizmin daha arxaik dövrlərini izah etmək üçün təbiidir ki, ilkin olaraq mifoloji ədəbiyyata müraciət etmək lazımdır. Mifoloji sistemin əsas strukturunu təşkil edən esxatoloji anlayışlar obraz şəkillənməsində eyni xtonik təzahürlərlə müşaiyət olunur. Mifik mətnlərdə mövcud olan marginal obrazların, xtonik qüvvələrin kökündə məhz iblis və yaxud şeytan arxetipi durur. Təsadüfi deyil ki, iblis mifoloji mətnlərdə məhz marginallığı ilə də diqqət çəkir ki, bu da mənfi baxış əsasında bu şəkildə formalaşır. Bu barədə “Türk mitoloji ansiklopedisi”ndə oxuyuruq ki,  Türk ve Altay mitolojisinde İblis. Tayran da denir. Tek ayaklı, tek kollu, tek elli, tek bacaklı ve tek ayaklıdır. Tek gözlüdür ve o gözünü de uzun kirpikler örter ( 3, 282).

  Eyni obraz xalq ağzında müxtəlif deyim, lətifə, rəvayət, nağıl və s. janrlarda da “kor şeytan” kimi marginallığını qoruyub saxlayır. Bu klişe tam olaraq “lənət kor şeytana” və yaxud “lənət sənə kor şeytan” şəklində xalq ağzında işləkdir (4, 473; 5, 330, 331).

   H.Cavidin “İblis” əsərində də iblis məhz zülmətin səciyyəsi olaraq sakrallığın əksini, periferik və xaotik anlayışları ifadə edir. Dramın baş surəti Arif iblisə deyir:

                          Uymam sana, hər mələnətin bəncə əyandır,

                          Dəf ol da, get, azğınları, sapqınları qandır;

                          Hürriyyətə əsla bəni sən irdirəməzsin,

                          Bir zülmət ikən nuri-həqiqət verəməzsin     ( 6, 12).

  İblis obrazının folklorda mifoloji qatlardan gələn və demək olar ki, bütün folklor mətnlərində ifadə olunan paradiqmaları H.Cavidin “İblis” əsərində ictimai məfkurə olaraq təzahür edir. Müəllif bu əsərində iblis obrazından istifadə edərək dünyada baş verən dəhşətli situasiyaları, I dünya müharibəsinin vəhşətlərini, insanlığın çöküşünü, dünyanı idarə edənlərin mövcud durumda və gələcəkdə maddi mənfəətlərin əldə edilməsi üçün iblisanə baxış və siyasət qurduğunu diqqətə çatdırır. Yalnız iblisin son monoloqu nəinki Cavid dövrünü, ondan sonrakı bütün dövrləri, eyni zamanda bu günü təcəssüm etdirir:

                  Bənsiz də, əmin ol sizə rəhbərlik edən var:

                  Qan püskürən, atəş savuran kinli krallar,

                  Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər,

                  Altın və qadın düşkünü divanə bəbəklər.

                  Bin hiylə quran tilki siyasilər, o hər an

                  Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

                  Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,

                  Onlar duruyorkən bəni təhqirə nə hacət?!

                  Onlar, əvət onlar sizi çignətməyə kafi,

                  Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi…  ( 6, 104).

    Beləliklə, H.Cavid bu əsərində xalqa söykənən, xalq düşüncəsində köklü olaraq sabit obraz olan iblis anlayışından milli-bəşəri ideyaları ifadə etmək üçün məharətlə istifadə etmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, H.Cavid iblis obrazına yalnız bədii surət olaraq baxmamış, sözün həqiqi mənasında səmavi kitablarda bəyan olunan iblisin varlığına sözün həqiqi mənasında inanmış, lakin iblis obrazından bədii şəkildə də bəhrələnməyi qarşısına məqsəd qoymuşdur. Bu onun aşağıdakı misralarından da aydın görünür:

                      Ya Rəb, bu nə dəhşət, nə fəlakət?

                      Ya Rəb, bu nə vəhşət, nə zəlalət?

                       Yoq kimsədə insafü mürüvvət,

                       İblisəmi uymuş bəşəriyyət!?   (6, 8).

  Təsadüfi deyil ki, əsərin baş qəhrəmanı Arifin ilk monoloqu da yuxarıda təqdim etdiyimiz mələyin monoloqu kimi Uca Allaha müraciətlə “Dünyaları yoqdan yaradan ey Ulu Tanrı!”  xitabı ilə başlanır (6, 8). Əslində H.Cavid dünyanı bu vəhşətlərdən xilas edəcək olan Allahu-Təalaya sığınmaq və Allah inancı daşımaq, iblisləşmədən qurtulmaq, nəfsi tərbiyəyə üstünlük vermək və sosial ədalətin bərpasına çalışmaq kimi ideyaları ortaya qoymaqla qeyd etdiyimiz kimi yalnız öz dövrünün deyil, bütün dövrlərin qiymətli əsərini meydana qoyduğunu təsdiq etmiş olur.

            Qaynaqlar

1. Gete V.Y. Faust. Bakı: Azərnəşr, 1970.

2. Lermontov M.Y. “Şeirlər, poemalar, mənzum dram, romanlar”. Bakı: Yazıçı, 1989.

3. Karakurt D. Türk mitoloji ansiklopedisi. I baskı, ağustos, 2011 / Türkiye.

4. Atalar sözü  / toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Ə. Hüseynzadə Bakı: Yazıçı, 1985.

5. Adilov M. Niyə belə deyirik (IV cild) I-II hissə. Bakı: Elm və təhsil, 2019.

6. Cavid H. Əsərləri. Beş cilddə, III cild. Bakı: Lider nəşr, 2005.

3

 ATİF İslam oğlu İSLAMZADƏ

  Filologiya üzrə fəlsəfə doktoru, dosent                                                              

     e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir