“Əfqanıstan bataqlığı”: ruslar üçün kədərli olan bu tarix yenidən kimlər üçün yazılacaq, yoxsa, Talibanın yaratdığı Əfqanıstan İslam Əmirliyi bəyan etdiyi kimi radikal mövqeyindən əl çəkib normal münasibətlərə üstünlük verəcəkmi?
Bjeziniskinin “Böhranlı Aypara”sının əsas hissəsi olan Əfqanıstanda baş verənlərlə bağlı birdən çox sual var və müxtəlif fikirləri önə çıxarır. Hərçənd, prosesləri anlamaq üçün diqqətçəkən sual birdir: ABŞ 20 ildən sonra Əfqanıstandan niyə çıxır və terror təşkilatı kimi tanıdığı Talibana niyə “yaşıl işıq” yandırdı?
Vaşinqton əsgərlərini çıxarmaq qərarını Trampın hakimiyyəti dövründə verdi, Talibanla masa arxasında da o zaman əyləşdi və Baydenin sələfinin davam etdirdiyi nadir qərarlarından biri də Əfqanıstan oldu: amerikalılar “sonu görünməyən müharibə”dən bezmiş kimi görünürlər(?); Vaşinqton milyardlarla dollar xərclədiyi, minlərlə əsgərinin ölümünə səbəb olan Əfqanıstandan “arxasına baxmadan qaçdı(?);
Bunun belə olmadığı şübhəsizdir və nə baş verir sualına böyük tabloda baxmaq lazımdır: ABŞ-Çin mübarizəsi, Pekinin önünü sərhədlərində kəsmək və Vaşinqtonun 2025-ci il planı;
– 2008-ci il maliyyə böhranından sonra dünyanın geosiyasi şərtlərinin dəyişməsi sürətləndi, ABŞ-dan fərqli olaraq, böhrandan güclü çıxan “yatmış əjdaha” – Çin oyanmağa başladı.
– 2013-cü ildə Çin lideri Si Cinpin “Bir kəmər bir yol” rəsmən elan etdi: məkan Qazaxıstan idi və sonradan məlum olacaqdı ki, Pekin layihədə Qazaxıstanın da yer adlığı Orta Dəhlizi ön plana çəkir.
– 2016-cı ilin sentyabr ayı – Xançjo şəhərində keçirilən G-20 sammiti: Pekin Vaşinqtonla mübarizəni açıq müstəviyə keçirdi; Obamanı öz torpaqlarında soyuq qarşılayan Si Cinpin “dünyanın çoxqütblü olduğunu və bunu hər kəsin anlamasının vaxtının çatdığını” bəyan etdi;
– 2020-ci il pandemiyanın, həm də haqqında bəhs edilən yeni dünya nizamının başlanması: yeni dünya Avrasiyada qurulur və əsas onurğası gələcək 50 ilin iqtisadi-siyasi mənzərəsini müəyyən edəcək “Bir kəmər bir yol” layihəsidir;
Dəniz və quru olmaqla iki ana istiqaməti özündə birləşdirən layihədə quru dəhlizləri 2016-cı ildən sonra ön plana çıxdı: səbəb ABŞ-ın Çini dənizdən mühasirəyə almasıdır;
Vaxtilə SSRİ-yə qarşı Çindən istifadə edən Vaşinqton “Soyuq müharibə”dən sonra Pekinin səssiz böyüməsini gələcək təhlükə olduğunu anladı və təxminən 2005-ci ildən sonra Çinlə mümkün toqquşma ssenariləri üzərində hazırlıqlar başlandı. Amerikalılar Çinə qurudan – Orta Asiyadan müdaxilənin nüvə təhlükəsi yaratdığını anlayırdılar, buna görə də Pekinin dənizdən mühasirəyə alınması strategiyası hazırlandı. Dənizdən mühasirəyə almaqla Çin torpaqlarına birbaşa müdaxilə edilməyəcək və beləliklə, Pekinin nüvə təhlükəsi yarada biləcəyi təhlükəsi sıradan çıxacaq, əvəzində əsas ixrac və idxal yolları bağlanaraq, “diz çökdürüləcək”. Xüsusilə Obama dövründə bu strategiyanın tətbiqi sürətləndi.
Çin dəniz istiqamətində ABŞ-a qarşı müdafiə taktikasına keçdi: Hind-Çin yarımadası marşrutu üzrə yerləşən ölkələrə investisiya yatırır; 2017-ci ildə Şərqi Afrikada bu marşrutun üzərində yerləşən Cibutidə xaricdə ilk hərbi bazasını qurdu; Pakistanın Qvard limanı, Şri Lankanın Hambantota limanı kimi ərazilərdə də yeni hərbi baza üçün hazırlanır;
Dənizdə müdafiə zolaqları quran Çin həm idxal və ixrac yollarına alternativ yaratmaq, həm də Avropa bazarına çıxmaq üçün quru istiqamətinə yönəldi: Şimal, Orta və Cənub dəhlizi.
Rusiya üzərindən keçən Şimal, İran üzərindən keçən Cənub dəhlizlərində risklər var, xüsusilə Qərb sanksiyaları bu istiqamətlərdə daşımalarda problemlər yarada bilər və s.
Mərkəzi Asiya ölkələrindən keçərək, Azərbaycana və Türkiyəyə, oradan da Avropaya çıxan Orta Dəhlizin perspektivləri daha yüksəkdir:
– Bu marşrut üzərində yerləşən ölkələrdə silahlı münaqişələr, yaxud belə bir perspektiv yoxdur;
– Bu ölkələri bir-birinə bağlayan millət və din faktoru marşrutun davamlılığını poza biləcək gərgin münasibətlər ehtimalını sıradan çıxarır;
– Hazır nəqliyyat xətləri mövcuddur: Bakı-Tbilisi-Qars dəmir yolunu, neft və qaz kəmərləri və s;
Bunun üçün iki mühüm addım atıldı:
Birincisi, Qarabağ münaqişəsinin həlli: Bakı geosiyasi dəyişikliyi doğru oxudu və yaranmış fürsətdən istifadə edərək, məsələni həll etdi;
İkincisi, Zəngəzur dəhlizinin açılması: bu dəhliz türk dünyasının coğrafi parçalanmasını aradan qaldırmaq, Ankara və Bakının strateji maraqlarına xidmət etməklə yanaşı, ABŞ-ın Cənubi Qafqazda yarada biləcəyi maneələrə alternativ olaraq nəzərdə tutulur; Azərbaycanın Qərbə – Avropa bazarına əsas çıxışı Gürcüstan üzərindəndir və Vaşinqtonun Tbilisi üzərindəki təsiri bu istiqamətdə problemlər yarada bilər; Bakı, eləcə də layihənin müəllifləri olan böyük oyunçular üçün Gürcüstan marşrutu aktual olaraq qalır, lakin mümkün risklərə qarşı alternativ marşrut – Zəngəzur dəhlizi də yaradılır və burada həm də Azərbaycanın geosiyasi prosesləri öz maraqları istiqamətinə yönəldə bilməsi də ayrıca diqqət çəkir;
Qarabağ müharibəsindən sonra regionda yaradılması təklif olunan “altılıq platforması”nın (Azərbaycan Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstan) hədəfi də məhz “Bir kəmər, bir yol” layihəsinin quru dəhlizlərinin – Şimal və Cənub – Azərbaycanın üzərində Orta Dəhlizlə birləşdirilməsidir: Şimal və Cənub dəhlizlərində daşımalarda yarana biləcək problemlər Orta Dəhliz üzərindən çıxmaqla həll edilir; Rusiya və İran bunu qəbul etmək istəməsələr belə, reallıqla barışmağa məcbur olurlar; əslində Moskva və Tehranın müharibədən sonra Bakıya qarşı siyasətinin təməlində də Ora Dəhliz faktoru dayanır;
Və “Amerika qayıdır” şüarı ilə hakimiyyətə gələn Baydenin Çinə qarşı iki cəbhədə – Cənubi Qafqaz və Mərkəzi Asiyada mübarizə aparacağı gözlənilən idi.
Cənubi Qafqaz cəbhəsi:
1. Qondarma “erməni soyqırımı”nın tanınması: Bayden bununla kommunikasiyanın bərpası ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına qarşı son kartını istifadə etdi;
2. Minsk qrupu və sərhəddə müşahidəçi: Vaşinqton həmsədrlik institutunu aktual saxlamaqla Bakıdan istədiyini almaq istəyir; Gürcüstan marşrutunu əsas istiqamət olaraq saxlayır və açılacaq Zəngəzur dəhlizindən Mərkəzi Asiya coğrafiyasına çıxış üçün istifadə etmək imkanı əldə etməyə çalışır;
3. “Beynəlxalq müşahidəçi” kimi sərhəd prosesində iştirak etməklə münaqişənin həllində kənar düşdüyü bölgəyə qayıtmaq niyyətindədir;
Bu gedişlərlə ABŞ istəyinə nail ola bilmədi, yaxud hələ də aktual olsa da, çətin olacağını anlayır. ABŞ-ın Cənubi Qafqaz cəbhəsində əsas rıçağı Gürcüstandır: Tbilisini “altılıq platforması”ndan kənarda saxlamaqla üç dəhlizin birləşəcəyi Böyük Habın yaranmasının qarşısını alır; Bakının enerji dəhlizinə nəzarətlə Azərbaycan və Türkiyəni öz cəbhəsinə çəkir;
Mərkəzi Asiya cəbhəsi:
Cənubi Qafqazda kartları tam əlinə ala bilməyən ABŞ Əfqanıstan gedişi ilə ikinci cəbhəni işə saldı.
1. Talibanın gəlişi Əfqanıstanda qeyri-stabilliyi artırır;
2. “Bir kəmər, bir yol” layihəsinin dəhlizləri üzərində xaos yaradır: Əfqanıstan İrana uzanan Cənub dəhlizi üzərində yerləşir və taliblərin olduğu ölkədə mümkün qeyri-stabillik bu dəhlizi sual altına atır;
3. Mərkəzi Asiya coğrafiyasının cənub-şərq qapısı olan Əfqanıstan bu coğrafiyadan keçən və ən prioritet marşrut olan Orta Dəhlizin stabilliyini təhdid edir;
4. Talibanın yaratdığı Əfqanıstan İslam Əmirliyi terrorçular üçün çətir rolunu oynaya bilər:
– “Ərəb baharı”ndan sonra yaradılan İŞİD həm də terrorçuların yetişdirilməsi missiyasını yerinə yetirirdi: Mərkəzi Asiyadan (Özbək İslam Hərəkatı, Tacikistanda olan radikallar) Çindəki uyğurlara qədər müxtəlif qruplar “islam dövlətinin bayrağı altında” təlim keçdilər; İŞİD-in “yox olması”ndan sonra bu terrorçular “yer altına” çəkildi və mümkündür ki, Talibanın İslam Əmirliyinin bayrağı altına toplanacaqlar;
– Yaxın Şərq müharibəsində Özbəkistan, Qırğızıstan və Tacikistanı birləşdirən Fərqanə vadisi terrorçuların Əfqanıstana keçidi və əks istiqamətə hərəkəti üçün əsas marşrut idi: mümkündür ki, bu marşrutu Əfqanıstan İslam Əmirliyinə doğru yenidən aktivləşəcək;
– ABŞ terrorçu kimi tanıdığı Talibanın Əfqanıstanda hakimiyyətə gəlişinə və İslam Əmirliyi yaratmasına “yaşıl işıq” yandırmaqla terroru legitim gücə çevirə bilər: Əl-Qaidə, İŞİD kimi təşkilatlar legitim güc deyildi, Əfqanıstan İslam Əmirliyi isə hazır dövlətdir;
5. Terrorun Mərkəzi Asiyaya – Çin sərhədlərinə daşınması ssenarisi mümkündür və bu, Pekin üçün daxili problemlər də yarada bilər;
6. Və ən vacib amillərdən biri Bjeziniskinin SSRİ-yə qarşı tətbiq olunan “Böhranlı Aypara” strategiyası, kommunizmin yayılmasının qarşısını almaq üçün SSRİ ətrafında dini dövlət modeli taktikası (nümunə: İranda dini kəsimin hakimiyyətə gətirilməsi) indi Çinin qarşısını almaq məqsədilə istifadə olunur;
ABŞ-ın Əfqanıstan gedişinin hədəfi belə görünür: hegemonluğuna təhdid gördüyü “bir kəmər, bir yol” layihəsinin dəhlizlərində – xüsusilə hədəfdə Orta Dəhlizdir – stabillik pozulur; Əfqanıstan İslam Əmirliyi ilə terroru legitim dövlət qanadında toplayır; Çin sərhədlərində radikalizmi gücləndirir;
Baydenin planı aktivləşdirməsi ötən ay Avropa turnesi ilə başlandı:
– “Bir kəmər, bir yol” layihəsinin əsas müəllifi sayılan İngiltərəyə alternativ layihə təklif etdi;
– G-7 sammiti və NATO zirvəsi ilə Tramp dövründə uzaqlaşan köhnə müttəfiqlərini yenidən birləşdirməyə çalışdı: xarici təhlükə yenə Rusiya olaraq göstərildi; əslində Ukraynada Rusiya ilə “son anda müharibədən yayınan” kimi görünən böhran daha çox danışılmış döyüşə bənzəyirdi;
– Ərdoğanla görüşdə Türkiyənin NATO-da aktiv fəaliyyətinə razılıq verdi: ABŞ və NATO-nun Əfqanıstanda yerini Türkiyəyə verməsi də Baydenin strateji gedişidir və hədəf Orta Dəhlizin aparıcı qüvvəsi olan, yeni regional güc olmaq istiqamətində irəliləyən, Mərkəzi Asiyaya doğru hərəkət edən Türkiyənin Çinə və Rusiyaya qarşı NATO gücü olaraq istifadə etmək, Pekin-Ankara, Moskva-Ankara münasibətlərində anlaşılmazlıqları dərinləşdirmək kimi görünür;
– Və proseslər Bayden-Putin görüşündə “danışılmış döyüş”ün davam etdirilməsi qərarının verildiyi ehtimalını önə çıxarır;
Bu təmaslardan sonra Talibanın Əfqanıstanda irəliləməsi prosesi başlandı və nəhayət, hakimiyyəti ələ keçirdilər.
Hər şey Bayden Administrasiyasının planlaşdırdığı kimi olacaq? Sualın cavabı şübhəlidir, hətta ABŞ-da, xüsusilə Pentaqonda bunun yanlış strategiya olduğunu düşünən qruplar da var.
Niyə cavablar şübhəlidir?
Birincisi, Taliban 20 il öncəki təşkilat deyil: bütün tərəflərlə masaya əyləşməsi, danışıqlar yolunu əsas götürməsi də bunu deməyə əsas verir;
İkincisi, Bölgədə marağı olan bütün ölkələr Talibanla işləmək istədiklərini elan etdi;
Burada ölkələrin maraqlarına diqqət etmək lazımdır:
Türkiyə: Ankara Əfqanıstanda ABŞ-ın planında iştirak edirmiş kimi görünsə də, strateji hədəfləri var;
– Təhlükəsizliyi təmin etməklə NATO daxilində nüfuzunu artırır;
– Azərbaycandan Mərkəzi Asiyaya, Mərkəzi Asiyadan Əfqanıstan üzərindən Pakistana uzanan coğrafiyada təsirini artırır: bu, gələcək Türkiyə-Azərbaycan-Pakistan xəttində mümkün ittifaqlar baxımından əhəmiyyətlidir;
– Talibanı Pakistan üzərindən nəzarətdə saxlamaqla Mərkəzi Asiya regionuna sıçraya biləcək təhlükələrin önünü kəsir və bu coğrafiyada artan təsirini daha da genişləndirir;
– Orta dəhlizin əsas təhlükəsizlik qarantyoru kimi Çin, eləcə də layihənin müəlliflərindən olan ingilislər qarşısında əlini gücləndirir;
Rusiya: Moskvanın Talibanın gəlişindən üç istiqamətdə istifadə etmək imkanı var;
1. Mərkəzdənqaçma siyasəti müşahidə olunan Mərkəzi Asiya ölkələrini “xarici təhlükə” qarşısında qoruyur və “rus ittifaqlarının” çətirini gücləndirir;
2. Mərkəzi Asiyada güclənən Türkiyə faktorunun Əfqanıstan bataqlığında itəcəyi perspektivini düşünür;
3. Və ən əsas Orta Dəhlizin perspektivinin arxa plana keçəcəyi, eləcə də Cənub dəhlizində maneələrin artacağını, beləliklə, özünün yerləşdiyi Şimal dəhlizinin ön plana çıxacağını hesablayır: burada Vaşinqton və Moskvanın gizli razılaşması ehtimalı önə çıxır; ABŞ-ın Rusiyanın başa çatdırdığı “Şimal axını” layihəsinə qarşı sanksiyaları aradan götürməsi Avropada Almaniyanı yenidən qazanmaq gedişi ilə yanaşı, Çinə qarşı birgə hərəkət etmək qarşılığında Moskvaya verdiyi “pay”dır; Moskva “bir kəmər, bir yol” layihəsində Çinlə anlaşıb, lakin Çinin Mərkəzi Asiyanı “udmasının” qarşısını almaq, Şimal dəhlizi ilə əlini gücləndirmək, Türkiyənin türkdilli ölkələr üzərində təsirini zəiflətmək üçün danışıqlara gedir; bu, Rusiyanın iki planından biridir, digər plan isə Mərkəzi Asiyanı ABŞ, yaxud Çinlə deyil, Türkiyə ilə birlikdə paylaşmaq və iki qütb – Pekin və Vaşinqton arasında həlledici gücünü artırmaqdır; Moskva ikili oynayır deyə bilərik;
Çin: Pekin ABŞ-ın Əfqanıstanda olmasını strateji maraqlarına təhlükə hesab etsə də, amerikalıların bölgədə mövcudluğunun yaratdığı təhlükəsizlik mühitdən istifadə edirdi. ABŞ-ın çıxmasından sonra əvvəldən işlədiyi Talibanla anlaşa biləcəyini düşünür.
– Əfqanıstana daxil olmur, əvəzində üçüncü ölkələrin – Türkiyənin mövcudluğunu dəstəkləyir;
– – Talibanı “bir kəmər, bir yol” layihəsində iştiraka razı salmaq istəyir: bunun üçün investisiya qoymağa hazırdır;
– Buna nail olacaqsa, ABŞ-ın planını sıradan çıxaracaq və ciddi siyasi qazanc əldə edəcək;
İran: Tehran məzhəb məsələsinə görə strateji düşməni olan və Əfqanıstanda ABŞ-a qarşı birgə hərəkət Talibanı fürsət olaraq da görür, xüsusilə Cənub dəhlizinin təhlükəsizliyini və perspektivini təmin edə bilər;
Hərçənd, İran və Talibanın Əfqanıstan İslam Əmirliyi arasında məzhəb məsələsi – qatı şiəlik və sünnilik – gələcəkdə problemlər də yarada bilər; radikal ünsürlərin İslam Əmirliyinin çətiri altına toplanması ehtimalı da İran üçün təhlükələr vəd edir; istisna deyil ki, ABŞ-ın Talibanı önə çəkməsi bu bölgədə “məzhəb qarşıdurması”nın yaradılmasına da hesablanıb;
Çoxtərəfli görünən prosesdə Talibanın sərgiləcəyi mövqe aydınlaşdırıcı faktor olacaq: ABŞ-ın bölgədən “minalarını yerləşdirmədən” ayrılmadığını, Talibanın İslam Əmirliyi yaratması və monolit olmadığı, radikal qrupların mövcudluğu faktını kənara qoymaq çətindir. Əfqanıstanın Asiyanın cənub-şərqinə və mərkəzinə qeyri-stabillik gətirəcəyi ehtimalı daha güclü görünür.
Və burada 5 il öncə ortaya çıxan bir fakt yada düşür: 2016-cı ildə Çində keçirilən və Pekinin Vaşinqtona meydan oxuduğu G-20 sammitindən günlər öncə Pentaqonun strateji araşdırma mərkəzi olan “Rand Corporation” şirkətinin Çinlə müharibəyə hazırlıq ssenarisi üzərində işlədiyi məlumatı yayıldı: ssenariyə görə, əsas mübarizə 2025-ci ildə və Mərkəzi Asiyada ola bilər;
Asif Nərimanlı kafkassam
- Anasayfa
- »
- Azerbaycan
- »
- Asif Nerimanlı: Əfqanıstan bataqlığı: Zəngəzurdan Kabilə uzanan mübarizə…
Asif Nerimanlı: Əfqanıstan bataqlığı: Zəngəzurdan Kabilə uzanan mübarizə…
380 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.