KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Arastun Orujlu: “İranda ciddi sistem böhranı əlamətləri mövcuddur”

Arastun Orujlu: “İranda ciddi sistem böhranı əlamətləri mövcuddur”

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
65 0

İran İslam Respublikasında Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla rəsmi şəxslərin mayın 19-da həlak olduğu helikopter qəzası bütün dünya mediasının əsas müzakirə mövzusudur.

Xarici medialarda əsas versiya odur ki, son illərdə Rəisinin rejimə sədaqəti və onun qəddar üsulları Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyini ali lider kimi dəyişdirmək potensialı ilə bağlı fərziyyələri də gücləndirib.

Vaşinqtonun Demokratiyaları Müdafiə Fondunun baş əməkdaşı Behnam Ben Taleblu politico.eo-ya deyib ki, Rəisi İranın inqilabi elitasının daha gənc hissəsini təmsil edirdi:

“O, Xameneyinin sükan arxasında olmasını istədiyi insanlardan idi. Amma Rəisinin ölümü onun varisi üçün seçim prosesini daraldır. Xameneyinin öz oğlu isə potensial namizədlərdən biridir”.

“Rəisinin ölümü bir çox iranlılar arasında Seyid Əli Xameneyinin oğlu Müctəbanın atasının yerinə keçmək uğrunda yarışda öncül olacağına inamı artıracaq”, – deyə nəşr yazıb.

Səslənən versiyaların fonunda hadisənin qəza və ya sui-qəsd səbəbindən baş verməsi bir çox sualları ortaya çıxarır.

Bu suallarla bağlı Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ASTNA-ya danışıb.

* * *

Sual: Ərəstun bəy, mayın 19-da İran Prezidentinin və xarici işlər nazirinin, eləcə də digər rəsmilərin olduğu helikopterin qəzaya uğraması hadisəsini siz necə dəyərləndirirsiz? Bu, sizcə, qəzadır, yoxsa təxribat?

Cavab: Hadisə ilə bağlı ilk gündən yalnız bir versiya vardı: pis hava şəraiti və texniki nasazlıq, amma bu günlərdə İran Prezidenti Administrasiyasının rəhbəri açıqlama verib bildirdi ki, hava şəraiti normal olub. O, həmçinin bunu da dedi ki, Prezident helikopterinin komandiri buludlardan yüksəyə qalxmaq əmri verib ki, bundan sonra da helikopter ilə əlaqə kəsilib. Bu, artıq rəsmi versiyaya ziddiyyət təşkil edir, amma heç də suiqəsd iddiası irəli sürmür. Hələlik məncə əsas kimi ilkin rəsmi açıqlama götürülə bilər, amma istisna deyil ki, qəza ətrafında bu tipli müzakirələr davam edəcək və müxtəlif versiyalar ortaya atılacaq. Bunun səbəbi isə artıq texniki deyil, daha çox siyasi olacaq. Ölkə seçkiyə hazırlaşır və indi tərəflər arasında mübarizə kəskinləşdikcə qəza ilə bağlı müəyyən “yeniliklər” də gündəmə gələcək. Amma dediyim kimi, onlar daha çox siyasi mübarizə aləti kimi ortaya atılacaq. Onda da nəyin həqiqət, nəyin spekulyasiya olduğunu müəyyən etmək daha da çətinləşəcək. Odur ki, məncə indi əsas məsələ ortada olan faktdır: İran Prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub və ölkədə yeni prezident seçkiləri keçiriləcək.

Sual: Hər bir halda qəza və ya təxribat olmasından asılı olmayaraq bu hadisə bir ölkənin təhlükəsizlik məsələsidir. Bu hadisəyə görə məsuliyyət kimin üzərindədir?

Cavab: Qəzanın başvermə səbəbləri araşdırılır, amma artıq indi məlum olan təfərrüatlar belə qənaətə gəlməyə əsas verir ki, İranda ciddi sistem böhranı əlamətləri mövcuddur. Əgər ölkə öz birinci şəxsinin təhlükəsizliyini təmin edə bilmirsə bu, o deməkdir ki, onun istər aviasiya təhlükəsizliyi, istərsə də ümumi təhlükəsizlik sahəsində ciddi boşluqlar mövcuddur. Əlbəttə bunun müxtəlif səbəbləri var ki, İran hökuməti də onların arasından öz maraqlarına uyğun gələnləri seçib qabartmağa üstünlük verir. Məsələn, sabiq xarici işlər naziri Cavad Zərif qəzanın səbəbini İrana tətbiq olunmuş sanksiyalarda axtarır. Halbuki həmin sanksiyalar Çin və Rusiya kimi dövlətlərlə münasibətlərə təsir etmir. Hər iki ölkənin qabaqcıl aviasiya, o cümlədən də helikopter istehsalı sənayesi olduğu halda Prezidentin 45-50 ilin helikopterindən istifadə etməsi kimin günahıdır? Təbii ki, rəsmi Tehran belə suallara cavab verməyəcək, çünki istənilən halda məsuliyyət onun, yəni İran hökumətinin üzərindədir. Başqa bir misal isə qəza baş verən ərazidə axtarış-xilasetmə tədbirlərinin səmərəsiz həyata keçirilməsi oldu ki, bu da ölkədə ümumi idarəetmə sistemi problemlərinin olduğunu üzə çıxardı. Bunun da məsuliyyəti ölkə hökumətinin üzərinə düşür.

Sual: Bu hadisəni təxribat və daxili çəkişmənin nəticəsi kimi qələmə verənlər də var. Ehtimalları nəzərə alsaq, əgər bu hadisə xarici amillərdən qaynaqlanırsa, sizcə bunun arxasında kim dayana bilər? Daxili çəkişmənin nəticəsidirsə, bunu edənlər Prezidenti aradan götürməklə nəyə nail olmaq istəyirlər?

Cavab: Dediyim kimi, ölkədə yeni prezident seçkiləri elan olunub və indi hakimiyyətə iddialı namizədlər və qruplar arasında mübarizə kəskinləşdikcə müxtəlif qarşılıqlı ittihamlar da olacaq. O cümlədən də qəza ilə bağlı. Amma bunlar heç bir halda həqiqətin üzə çıxmasına xidmət etməyəcək. Ona görə də nəyin həqiqət, nəyin uydurma olduğunu söyləmək də daha çətin olacaq. Üstəlik də indiki mübarizə həm də ölkənin real başçısı olan Ali Dini Rəhbərin varisi olmaq uğrunda gedəcək. Deməli, əvvəlki rəqabətlə müqayisədə daha sərt yarışma gözləyə bilərik. Rəisinin kiminsə tərəfindən qəzaya uğradılması ehtimalına gəlincə, burada ittihamlar həm daxili, həm də xarici düşmənlərə ünvanlana bilər. Xarici düşmənlərlə bağlı yenilik olmayacaq, çünki burada hazır reseptlər mövcuddur: ABŞ, İsrail və sionistlərin xidmətində dayanan hansısa üçüncü dövlətlər. Fikrimcə daha maraqlı daxili düşmənlərlə bağlı ittihamlar ola bilər və bunun üçün də müvafiq şərtlər mövcuddur. Məsələn, şərti olaraq “mühafizəkarlar” və “mötədillər” arasında illərdir gedən daxili çəkişmələr indi özünün kuliminasiya nöqtəsinə çata bilər. Bu isə İran üçün təkcə yeni siyasi situasiyanın deyil, həm də yeni paradiqmaların meydana çıxması demək olardı. Başqa sözlə, söhbət burada heç də müasir İranın tarixində parlaq simalardan olmayan İbrahim Rəisinin şəxsiyyətindən və ya rolundan deyil, daha çox onun üzərində qurulmuş hakimiyyət uğrunda mübarizədən gedə bilər. Hədəfdə Prezident deyil, hakimiyyət uğrunda mübarizədir ki, həmin mübarizədə də bütün vasitələrdən istifadə olunacaq.

Sual: Bu hadisə Azərbaycan Prezidenti ilə İran Prezidentinin sərhəddəki görüşündən və iki ölkə münasibətlərinə dair çox pozitiv bəyanatlar səsləndirdikdən bir neçə saat sonra baş verdi. Azərbaycan və İran arasında xeyli müddət idi ki, münasibətlər soyumuşdu. Bəlkə elə kimlərsə İran- Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəmədikləri üçün bu hadisəni törədiblər? Yəni bu hadisədə Azərbaycanla münasibətlər amili rol oynaya bilərmi?

Cavab: Belə bir ssenari inandırıcı görünmür. İlk növbədə ona görə ki, iki ölkə arasındakı münasibətləri pozmaq üçün başqa daha sadə və sınanmış üsullar mövcuddur. Bunun üçün Prezidentə suiqəsd etmək kimi ciddi, çətin və məsuliyyətli bir addıma ehtiyac yoxdur. İkincisi, Azərbaycanla İran arasında münasibətləri pozmağa ümumiyyətlə cəhd etmək mənasızdır, çünki onlar zamanla öz ənənəvi məcrasına qayıdacaq. Hər kəs yaxşı anlayır ki, həmin görüş də, görüş zamanı verilən mesajlar da daha çox üçüncü tərəflərə ünvanlanmışdı. Nəhayət, bir daha demək istəyirəm ki, ortada suiqəsd versiyası yoxdur. İran Prezidentinin helikopteri çətin hava şəraitində texniki nasazlıq üzündən qəzaya uğrayıb. Rəsmi versiya budur. Qalan bütün mülahizələr yalnız konspiroloji xarakter daşıyır. Ən azı bu gün reallıq budur

Sual: İlham Əliyev Bakıdakı İran səfirliyində başsağlığı verərkən Rəisi ilə son görüşündəki razılaşmaları nəzərdə tutaraq deyib ki, əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Sizcə bu hadisələr Azərbaycan və İran arasında əldə edilmiş razılaşmaları, münasibətləri yenidən poza bilərmi?

Cavab: Düşünürəm ki, İranda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq iki ölkə arasında münasibətlərdə hansısa əsaslı dəyişikliklər olmayacaq. Hələlik görünən budur ki, istənilən halda İranda hakimiyyətin mərkəzləşdirilməsi tendensiyaları güclənəcək. Bu da ölkədəki mövcud ictimai-siyasi şəraitdə idarəetmə sisteminin qorunub saxlanılması üçün vacibdir. Ümumiyyətlə, bu seçkilərdən sonra İranın istər daxili, istərsə də xarici siyasətində sərtləşmə olacağı istisna deyil. Təbii ki, bu da öz təsirini bütün spektr boyu göstərəcək. O cümlədən də Azərbaycana münasibətdə.

Sual: Bundan sonra İranda və ya İranın digər ölkələrlə münasibətlərində hansı dəyişikliklər və ya yeniliklər ola bilərmi?

Cavab: Yuxarıda qeyd etdiyim kimi, İranda hakimiyyət uğrunda mübarizə ölkənin daxili ictimai-siyasi şəraitinə təsirsiz ötüşməyəcək. Bunun mümkün neqativ çıxarlarının qarşısını almaq üçün siyasi xəttdə sərtləşmə olacaq. Rejim özünü qorumaq üçün sərt və qəti tədbirlərə əl atacaq. Bunun da eyni dərəcədə həm arzu olunan, həm də ona tam əks nəticələri ola bilər. Bunu eyni dərəcədə daxili və xarici siyasətə şamil etmək olar. Ümumi olaraq isə bunu demək olar ki, İrandakı teokratik rejim növbəti sınaq mərhələsinə qədəm qoyur. Onun həmin mərhələdən hansı nəticələrlə çıxacağı isə təkcə İran hakimiyyətinin davranışından asılı deyil. Bu, Tehranın öz qonşuları ilə münasibətləri ilə yanaşı həm də Yaxın Şərq uğrunda davam edən geosiyasi mübarizənin gedişatından asılı olacaq
Kamran Mahmudov
https://turan.az/az/boyuk-serq/iranda-ciddi-sistem-bohrani-elametleri-movcuddur-780879?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2zzyXzHevadTsVoKZlkBJZ_rSDvFEo1qDlwQ300sNVvRWKKjppcrqgMyg_aem_AfU3WB-bC88uuZ1dpX0RQ2ZDhIpDi5YYxy_n4MWg5wtB8Ihg-vgrbAUulP2GXHxPZKF4b7esHM8uTiYY9K_3YRXj

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir