KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arastun Orujlu: Həmas-İsrail qarşıdurması: Böyük müharibənin anonsu yoxsa…?

Arastun Orujlu: Həmas-İsrail qarşıdurması: Böyük müharibənin anonsu yoxsa…?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
144 0

Həmas-İsrail qarşıdurmalarının mütəmadi xarakter daşımasına baxmayaraq bu dəfə baş verənlər dünya gündəmi olmaqla yanaşı, həm də əvvəlkilərdən qat-qat ciddi rezonans doğurmaqdadır. Bu da səbəbsiz deyil. Onlar çox olsa da, əsas səbəb hal-hazırda davam edən qarşıdurmanın əvvəlkilərin “sxemindən” kənara çıxmasıdır.

Həmas-İsrail qarşıdurmalarının “ənənəvi sxemi” isə təxminən belə olub: Həmas İsrail ərazisini raket atəşinə tutur, İsrail aviasiyası isə buna cavab olaraq Qəzza bölgəsini bombardman edir. Həmasın atdığı raketlərin səmərəliliyi az olsa da, İsrail bombardmanları hər dəfə yüzlərlə silhalının və dinc sakinin həyatına son qoymuşdur.

Belə qarşıdurmalar 2006, 2008, 2012, 2014 və 2021-ci illərdə baş vermişdir. Bunlardan ən qanlısı (2014) 40 günədək davam etmiş, nəticədə 2.000-dən Qəzza sakini həlak olmuş və 7.000-dək ev dağıdılmışdır. Bu dəfə isə Həmas təkcə İsraili raket atəşinə tutmaqla kifayətlənməyərək ölkənin daxilinə müdaxilə etdi.

Həmas silahlılarının ciddi mühafizə olunan Qəzza-İsrail səddini necə keçməsi barədə çoxsaylı mülahizə və versiyalar olsa da, bir məqam aydındır: raket hücumu ilə sinxron havadan, sudan və qurudan hücuma keçən Həmasın əsas məqsədi nəzərdə tutulmuş əməliyyatı ən qısa zamanda həyata keçirmək idi.

Məhdud resurslara və logistik imkanlara malik olan, əksər parametrlər üzrə nizami ordu sayıla bilməyəcək Həmas bundan artığına iddia edə də bilməzdi. Görünür, əməliyyatın əsas hədəfinə çatması üçün də elə bunlar kifayət edirdi. Təbii ki, həm də hücum əməliyyatının yüksək dəqiqliklə hazırlanaraq həyata keçirilməsi.

Həmas liderləri sərəncamlarında olan resurslarla böyük uğura imza ata biləcəklərini düşünmürdülər. Buna heç ehtiyac da yox idi, çünki hücumun əsas məqsədi Yaxın Şərqdə sabitliyi pozaraq müharibə təhdidi yaratmaq (1), İsrailin müdafiəsində olan zəiflikləri nümayiş etdirmək (2), Fələstin məsələsini yenidən gündəmə gətirmək(3) idi.

2-ci və 3-cü məqsədlərin Həmasın qarşısında qoyduğu vəzifələrə aid olduğunu qəbul etməklə yanaşı, 1-cinin onun fəaliyyət planında olmadığını görmək də çətin deyil. Elə əməliyyatın hazırlıq və reallaşdırma səviyyəsi də Həmasın qanlı hücumunun arxasında güclü dövlətlərin və ya onlardan birinin dayanmasına işarə edir.

Bunun digər bir əlaməti də hücumun dinc əhali arasında çoxsaylı itkilərlə həyata keçirilməsidir. Deməli, baş verənlərin dünyada ciddi rezonans doğurması da sifarişçinin planına daxil olmuşdur. Qaranlıq məqamlardan biri və ən əsası isə həmin sifarişçinin kimliyidir ki, burda da müxtəlif mənbələrin göstərdiyi ünvanlar müxtəlifdir.

Burada bir məqamı da qeyd etmək lazımdır ki, hücum əməliyyatının qəddarlıqla həyata keçirilməsi həm də Həmasın marağında olub. Belə ki, bu şəkildə keçirilən hücum əməliyyatı İsrailin davamlı olaraq ərəb torpaqlarında məskunlaşdırıdığı əhaliyə təhlükəsiz şəraitdə yaşaya bilməyəcəyini nümayiş etdirmək idi.

Amma Yaxın Şərqdə qarşıdurmaların olacağı əvvəldən də hər kəsə bəlli idi. Xüsusilə də Hindistanın paytaxtı Dehlidə keçirilən G-20 sammiti zamanı “Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi” (İndia-Middle East-Europe Economic Corridor və ya qısaca IMEC) haqqında niyyət memorandumu imzalandıqdan sonra.

Aydındır ki, belə bir layihənin reallaşması əvvəllər nəzərdə tutulmuş nə “Şərq-Qərb” və nə də “Şimal-Cənub” dəhizlərinin yaradılmasında maraqlı olan tərəfləri qane edə bilməzdi. Yəqin elə həmin səbəbdən də imzalama ərəfəsində və ondan sonra Yaxın Şərqdə, habelə Şərqi Aralıq dənizi hövzəsində hərbi gücün artırılması müşahidə olunurdu.

Həmasın hücumunun ilk günündə bunun arxasında hansı ölkənin dayandığı barədə ehtimallarda daha çox İranın adı çəkilsə də, son 2 gündə elə İsrail ekspertləri tərəfindən həmin eyhamların ünvanı İrandan yan keçərək daha çox şimala yönəlməyə başlayır. Bəzi ekspertlər isə əməliyyatın kiber komponentinin İranın imkanları çərçivəsində olmadığını qeyd edirlər.

Belə mülahizələrə rəvac verən məqamlardan biri də Rusiya rəsmilərinin və Kreml təbliğatının sərgilədiyi müəmmalı mövqedir.
Rusiya təbliğatının baş verənlərdə ABŞ-ı və NATO-nu günahlandırması, Həmasa bəzən sətiraltı, bəzən də açıq simpatiya ifadə etməsi də həmin mülahizələrə yol açır.

Eyni zamanda hadisə baş verən gün ABŞ prezidenti C. Baydenin Konqresdən Ukraynaya yardım üçün 100 mlrd dollar istəməsi və ABŞ dövlət katibi A. Bllinkenin “hadisənin arxasında İranın dayanması barədə faktların olmaması” bəyanatı da belə mülahizələrin güclənməsinə xidmət etdi.

Sonuncu bəyanat görünür, həm də Netanyahu hökumətinə ABŞ-ın indiki mərhələdə İsrailin İrana qarşı atacağı hərhansı addımı dəstəkləməyə biləcəyi mesajidir. Vaşinqtonun Tel-Əvivdən fərqli olaraq ilanın quyruğunu tapdalamaqdansa daha çox onun başını əzməkdə maraqlı olduğu görünməkdədir.

Üstəlik də İrana qarşı başladılacaq istənilən hərbi əməliyyat Rusiyanın Yaxın Şərqə hərbi müdaxiləsinə yol aça bilər. Odur ki, ABŞ Rusiyanı Ukrayna bataqlığında batırmağa davam etməkdə israrlı görünür. İranla arada olan ziddiyyətləri isə bundan sonrakı mərhələdə və nisbətən daha rahat həll etmək olar.

Digər tərəfdən də Yaxın Şərqdə başlaya biləcək istənilən böyük müharibə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini doğulmadan dəfn edə bilər. Çünki digər məsələlər bir yana, müharibə təhdidi olan bölgəyə hərhansı investorun yatırım edəcəyi ən yaxşı halda məntiqsizlik olardı.

Amma bütün bunlardan israrla qaçmaq istəyi də Yaxın Şərqdə müharibə təhlükəsinin qarşısının alınacağına təminat vermir. Buna da səbəb bölgədəki dondurulmuş “köhnə” və “yeni” münaqişə ocaqlarıdır ki, onlardan hər biri istənilən zaman detonator rolunu oynaya bilər. Elə son Həmas-İsrail qarşıdurması kimi…

Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir