KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Rusiyadan Zəngəzur dəhlizi ilə əlaqədar “yüksəksəviyyəli” bəyanat

Aqşin Kərimov: Rusiyadan Zəngəzur dəhlizi ilə əlaqədar “yüksəksəviyyəli” bəyanat

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
138 0

Rusiya baş nazirinin müavini Aleksey Overçukun Zəngəzur dəhlizi layihəsini özündə ehtiva edən açıqlaması diqqət çəkir.

Overçuk bildirib ki:

– Bakı və İrəvan arasında dəmir yolunun açılmasını nəzərdə tutan sənədlər yüksək hazırlıq səviyyəsindədir,

– Hazırda layihənin maliyyə həcmi hesablanır, lakin hələlik konkret rəqəmlər yoxdur.

Overçuk Azərbaycan-Ermənistan sülh gündəliyinin regional kommunikasiyalar aspektində Rusiyanın vasitəçiliyini də qabartmağı yaddan çıxarmayıb və gələcək brokerlik üçün topu tərəflərin ayağına atıb.

Overçukun açıqlamasından sonra Rusiya ilə Qərbin Cənubi Qafqazda daha çox hansı platforma üzərinə çıxıb rəqabət apardığı aydın görünür.

Bu, perspektiv Zəngəzur dəhlizi layihəsi fonunda Moskva ilə Qərbin bir-birinə qarşı regional təcrid planının əlamətlərinə işarə edir.

Rusiya və Qərb dəhlizlə əlaqədar oyunda kənarda dayanmamaqda israrlıdır və onlar indi bu məsələdə alət qazanmaq üçün Azərbaycan-Ermənistan gündəliyinə təsir imkanlarını artırmağa cəhd edirlər.

Overçukun dəmir yolu ilə əlaqədar mövqeyinin ardınca “Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırlarsa, o zaman biz də təbii ki, iştiraka hazırıq” deməsi Moskvanın Qərblə sülh gündəliyinə təsir etmək yarışının növbəti fazasını əhatə etdiyi anlamı verir.

Moskvanı bu məsələdə həvəsləndirən 10 Noyabr Bəyanatının 9-cu bəndidir, çünki orada perspektiv regional nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin həyata keçirəcəyi bildirilir.
Ancaq Azərbaycan bunu Rusiyanın geosiyasi ambisiyalarının təmininə deyil, özünün strateji maraqlarının ifadəsi istiqamətinə yönləndirir.

Bu mənada, Bakı Zəngəzur dəhlizi layihəsini Rusiya-Qərb hibrid müharibəsinin toqquşma məkanı çərçivəsindən çıxarıb səmərəli əməkdaşlığı təşviq edir.

Azərbaycan bu cür tənzimləyici manevrlərini strateji müttəfiqi Türkiyə ilə razılaşdırır, Ankara isə Qərblə Rusiya arasındakı oyun qaydalarını peşəkarlıqla davam etdirir.

Deməli, Overçukun açıqlaması Türkiyənin maraq dairəsindən kənarda deyil və məntiqlə Moskvanın mövqeyi Bakı üçün də məqbul variantdır.

Overçuk bəlkə də prosesləri qabaqlamaq istəyir, “dəhlizlə əlaqədar razılaşmada Ermənistan Kremlin mövqeyini ciddi nəzərə alıb Qərblə sövdələşməyə girməməlidir” mövqeyini xatırladır.

Kreml bundan sonra Zəngəzur dəhlizi aktında qaydalar tərtib etmək cəhdinin davamını gətirə bilər.

Lakin hələ bir çox sual qalmaqdadır, çünki prosesin Rusiya və Ermənistan arasında eyni istiqamət üzrə davam edəcəyini proqnozlaşdırmaq çətinləşir.

Rusiya indi çalışır ki, dəhlizin yaradılması istiqamətində Ermənistana qarşı aqressivlik nümayiş etdirsin və bunu Qərbə qarşı güc nümunəsi kimi çatdırsın. Görünür ki, Rusiya özü hansısa “yol xəritəsi” hazırlayaraq bunu “yüksəksəviyyəli” adlandırır və Ermənistanı da həmin sənədlə razılaşmağa çağırır.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir