KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: İslam İnqilabından sonra İranda ən qanlı terror: İzlər hara aparır?

Aqşin Kərimov: İslam İnqilabından sonra İranda ən qanlı terror: İzlər hara aparır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
113 0

SEPAH-ın ən elit qanadı olan Qüds Qüvvələrinin sabiq komandanı Qasım Süleymaninin ölümünün ildönümündə törədilən iki partlayış terror aktı kimi tövsif edilir.

Deməli, partlayışlar Süleymaninin ABŞ tərəfindən öldürülməsinin ildönümü ilə bağlı keçirilən aksiyaya hədəflənib.

Bu hadisə İranda İslam İnqilabından (1979-cu il – red.) sonra ən qanlı terror aktıdır.

Terrorun hadisənin təşkilatçıları üçün simvolik əhəmiyyəti iki kontekstdə diqqət çəkə bilər.

Birincisi, düz 4 il əvvəl Süleymani İraqda ABŞ-nin həyata keçirdiyi aviazərbələr nəticəsində həlak olmuşdu. Süleymaninin anım günündə onun məzarının yaxınlığında törədilən partlayışlar İrana dörd il əvvəli xatırladaraq aşağıdakı məqsədləri ifadə edir:

– İranda bu il keçiriləcək parlament və Ekspert Assambleyası seçkiləri fonunda ölkənin təhlükəsizlik mühitində neqativ tendensiyalar məqsədyönlü şəkildə davam etdiriləcək;

– İranın beynəlxalq və regional aktorluq sistemindəki qəzəbləndirici ritorikaları və eskalasiyaları gücləndirəcək hərəkət trayektoriyalarına zərbələr endiriləcək.

İkincisi, terror hadisəsi İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ərəfəsində törədildi ki, bunun da Ankara-Tehran strateji yaxınlaşmasını təmin edən ideyalarına qarşı qiymətləndirmə yükü ola bilər.

Gələk terrorun ideya müəlliflərinə və onun sonrakı prosesləri hesablayan dəyərləndirmələrinə.

İran hadisəni terror aktı kimi qiymətləndirir, onun rəqibi ABŞ isə məsuliyyəti İŞİD-in üzərinə atır. İranın düşmən elan etdiyi İsrail partlayışlara görə məsuliyyət daşıması üçün heç bir səbəb görmür və ABŞ də Təl-Əvivdən anonim mənbələrlə mediaya ötürdüyü bu mövqeni dəstəkləyir.

Lakin indiyədək İran rəsmi şəkildə İsraili günahlandırmayıb. Bununla belə, yüksəksəviyyəli rəsmilər qanlı hadisəyə görə “sərt cavab” vəd ediblər.

Göründüyü kimi məsuliyyət bölgüsündə informasiya fonu yaradılır, lakin həqiqətən də İranın mürəkkəb siyasi quruluşu, təhlükəsizlik boşluqları və rəqiblərinin çoxluğu mənzərəsində terrorun əsl səbəbkarlarını müəyyən etmək çətindir.
Çünki hadisə:

– İranda yaxınlaşan seçkilər səbəbi ilə daxili siyasi-ruhani sistemdə artan rəqabətin,

– İranın İsrail-HƏMAS müharibəsindəki ikinciyə dəstək üçün aktiv fəaliyyətlərinin,

– Tehranın Qırmızı dənizdə proksi qüvvəsi olan husilər vasitəsilə ABŞ-yə qarşı hücumların arxasında dayanmasının kənarında saxlanıla bilməz.

Deməli qanlı hadisə İranın hərbi-siyasi və ruhani elitasındakı seçkiöncəsi “didişmələrlə” yanaşı, həm də Tehranın xarici siyasət izləri ilə əlaqəli şəkildə baş vermə ehtimalını gücləndirir.

Hər halda İran son sui-qəsdlərə və terror hücumuna adekvat cavab verməsə, bu, Tehrana qarşı növbəti zərbələrə səbəb ola bilər.

Terrorun ardından ölkədə tüğyan edən sosial-iqtisadi problemlər də yenidən gündəmdə ağırlıq təşkil edə və növbəti genişmiqyaslı etiraz dalğası başlana bilər.

Amma bir versiya da diqqət mərkəzinə gəlir ki, İran regionda İŞİD-in varlığını əlində əsas tutaraq bölgədəki hərbi-siyasi aktivliyinin çərçivələrini genişləndirmək şanslarını əlindən buraxan deyil.

Amma bunun İran-İŞİD savaşında terror təşkilatına qarşı çəkindiricilik aktı yaradıb-yaratmayacağı da tamam başqa bir müzakirə mövzusu olaraq qalır.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir