KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Rusiya-“Hizbullah”: Yaxın Şərqdən Cənubi Qafqaza uzanan bəla

Aqşin Kərimov: Rusiya-“Hizbullah”: Yaxın Şərqdən Cənubi Qafqaza uzanan bəla

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
238 0
İranın proksi qüvvəsi “Hizbullah” ilə Rusiya arasındakı əməkdaşlıq onların Suriyada Bəşər Əsəd rejimi ilə eyni ittifaqda vuruşduğu zamandan başlayıb.
Rusiya “Hizbullah”la başlayan əməkdaşlıqdan sonra Livanda təsir dairəsini Yaxın Şərq strategiyasının bir hissəsi olaraq genişləndirdi, bunun müqabilində İranın, “Hizbullah”ın qeyri-qanuni maliyyələşdirmə sxemlərində iştirak etdi.
Beləliklə, Rusiya ilə “Hizbullah” arasındakı əməkdaşlıq hərbi çərçivələrdən kənara çıxdı və iqtisadi komponentlərlə yaddaşlarda qaldı.
İran-Rusiya-Suriya xətti ilə SEPAH-ın Qüds Qüvvələrinin kisəsinə neft qaçaqmalçılığı yolu ilə axan vəsaitlərdə Moskvanın rəsmi şəkildə iştirakı artıq sirr deyil.
ABŞ-nin Xəzinədarlıq Departamenti qaçaqmalçılıq şəbəkəsində Rusiyanın rəsmi iştirakını ifşa edib və bildirib ki, sanksiyalardan yayınma mexanizmləri Kreml tərəfindən dəstəklənir.
İndi isə Rusiya üzləşdiyi təcrid oxundan çıxmaq üçün İranın, “Hizbullah”ın vəfa borcunu ödəməsini istəyə bilər, hərçənd, Moskva ilə “Hizbullah”ın əməkdaşlığının miqyası və gələcək faydaları barədə nəticə çıxarmaq çətindir. Çünki ortada strateji əməkdaşlıq yoxdur, sadəcə, maliyyə təminatına söykənən prinsiplər daha aydın nəzərə çarpır.
Rusiyanın rəqibi ABŞ-nin Yaxın Şərqdəki təsirləri azalır, ancaq Vaşinqton çevik qalmaq üçün tərəfdaşlarına mümkün Moskva-“Hizbullah” əməkdaşlıq xəttini qırmaq təlimatını verə bilər.
Bu məsələdə ABŞ-yə ən çox yaxınlıq göstərə biləcək ölkə İsraildir, hərçənd ki, İsrailin Rusiya ilə münasibətləri yaxşıdır və bu iki dövlət bir-birinin Yaxın Şərqdəki hərəkətlərini görməzdən gələ bilir.
İnandırıcı gəlmir ki, Rusiya İran və onun proksi qüvvəsi ilə dərin və əbədi əməkdaşlıq yaratsın, hər halda ABŞ-nin mövqeləri silkələnsə də, o, bunun qarşısını ala biləcək resurslardan məhrum olmayıb.
Bununla belə, Yaxın Şərq üzrə geosiyasi tənliklərdəki məchulları tapmaq getdikcə çətinləşir, çünki daha iddialı və ambisiyalarının çərçivələrini genişləndirən Çin meydana daxil olur.
Bu, tənliklərin həllini asanlaşdırmaqdan uzaqdır, hələ buraya Türkiyənin regional maraqlarını da əlavə etsək, vəziyyətin labirint içərisində olduğunu təsəvvür etmək olur.
Yaxın Şərq regionu növbəti eskalasiya üçün yüksək potensiala malikdir və proseslər Suriya cəbhəsindəki amillərlə birbaşa bağlantıya malikdir.
Artıq İranın Suriya üzrə aktivliyini yüksəltdiyi görünür, bu, böyük ölçüdə regional sütunları tərpədə bilər.
Təbii ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi zamanda böyük aktorlardan faydalı regional təşəbbüslər gözləmək də əbəsdir. Əksinə, mübahisələrin elementlərinin Cənubi Qafqazdan tutmuş, Mərkəzi Asiyaya qədər düşə bilmək potensialı aradan qalxmayıb.
Cənubi Qafqazda aktiv fazaya keçə biləcək hərəkətlilik gözlənilir, xüsusilə Türkiyədəki prezident seçkisinin nəticələrindən sonra Ankaranın gündəliyi onun rəqiblərinin xoşuna gəlməyə bilər.
İranın mövqeyi, onsuz da, bəllidir, o, Cənubi Qafqazda da ikinci “Hizbullah” yaratmaq sevdasından vaz keçməyib, üstəgəl, nə qədər qəribə səslənsə də, PKK ilə əməkdaşlıq modeli qurmağa da səy göstərir, hərçənd onların da bir-birindən xoşu gəlmir.
Sürprizlər həmişə olub və yeni reallıqlar kontekstində yenə üzə çıxacaq, buna görə də Azərbaycan və Türkiyə bir-birinin strateji maraqlarını müdafiə etmək üçün başqa tərəfdaşları ilə əzmlə işləmək çağırışı ilə üzləşirlər.
Üfüqdə İranın nüvə proqramının yarada biləcəyi mənfi hadisələr də görünür, deməli, Bakı-Ankara tandemi təkcə ikitərəfli əlaqələri deyil, həm də çoxformatlı əməkdaşlıq modellərini üstün tutacaq.
Yox, bu ona görə deyil ki, məsələ yalnız Cənubi Qafqazla yekunlaşır, problem ondadır ki, Cənubi Qafqazda baş verə biləcək hadisələrin səsləri başqa regionlara da gedib çıxacaq.
Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir