KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Amasya sülhündən sonra Səfəvi-Osmanlı münasibətləri müasir Türkiyə tarixşünaslığında

Amasya sülhündən sonra Səfəvi-Osmanlı münasibətləri müasir Türkiyə tarixşünaslığında

Hasan Oktay Hasan Oktay - - 42 dk okuma süresi
807 0

Amasya sülhündən sonra Səfəvi-Osmanlı münasibətləri müasir Türkiyə tarixşünaslığında

XVI əsrin birinci yarısında Osmanlı-Səfəvi müharibələri Cənubi Qafqaz ölkələrinin xarici siyasət tarixinin ən əhəmiyyətli amillərindəndir. Osmanlı sultanları Səlim və Süleymanın Azərbaycanı zəbt etmək cəhdləri hər şeydən əvvəl iqtisadi mülahizələrdən, xüsusən də ölkənin ipək xammalının iri tədarükçüsü olmasından, təbii ehtiyatlarının zənginliyindən və nəhayət, Avropa və Asiyanın gəlirli tranzit ticarət yollarının Azərbaycandan keçməsindən irəli gəlirdi. Osmanlı Türkiyəsi Xəzər dənizinə çıxmaq və Orta Asiya ölkələri ilə bilavasitə əlaqələrə girmək üçün mümkün olan bütün tədbirləri görürdü [5,92].

Azərbaycanı işğal etmək cəhdlərinin nəticə vermədiyinə əmin olduqdan sonra Sultan Süleymanın Səfəvilərlə sülh bağlamağa razı oldu. Öz qüdrətinin ən yüksək dövrünü yaşayan Osmanlı dövləti ilə Səfəvi dövləti arasında Amasya sülhü bağlandı. R.Kılıçın qeyd etdiyi kimi, Amasya sülhü ilə Osmanlı və Səfəvi dövlətləri arasında yarım əsrdən çox davam edən düşmənçiliyə son qoyuldu. Səfəvi dövləti 55 il ərzində Osmanlı sultanları tərəfindən rəsmən qəbul edilməmişdi. Amasya sülhü bu baxımdan I Şah Təhmasibin böyük qələbəsi idi. Çünki Səfəvi dövlətinin mövcudluğunu Osmanlı sultanına qəbul etdirdi. Qarşılığında isə Osmanlı dövlətinə 1514-cü ildən bəri ələ keçirilən torpaqları – İraq, Şərqi Anadolu və Gürcüstandakı torpaqları, şəhər və qalaları qazandırdı [11,354]. Beləliklə, Amasya sülhü iki dövlət arasında müharibə vəziyyətinə son qoydu. Osmanlı sultanları Çaldıran döyüşündən bu yana 41 il ildir düşmən kimi gördükləri Səfəviləri rəsmən müstəqil dövlət kimi qəbul etdilər. Bununla da iki dövlət arasında dinc münasibətlərin inkişafı üçün geniş imkanlar yarandı.

Türkiyə tarixçilərinin qənaətinə görə, Osmanlı dövləti Amasya sülhünün şərtlərinə əməl etsə də, Səfəvi dövləti bu şərtləri yerinə yetirməkdən çəkinmiş, hətta Şərqi Anadoluda qızılbaş təbliğatını davam etdirmişdilər. Osmanlı dövləti lazımi tədbirlər görməyə çalışsa da, Səfəvilər sülhə riayət etdiklərini bildirən məktublar və hədiyyələrlə bərabər elçilər göndərərək iki üzlü mövqe nümayiş etdirdilər [19,29-30; 10,80]. R.Kılıçın fikrincə, Amasya sülhünə görə Osmanlı dövlətində qalan, ancaq Səfəvilərin nəzərlərini çəkmədikləri Axıska bölgəsi, Altunqala, Qars və Ərdahan ərazilərini ələ keçirmək üçün Səfəvi ordusunun hücumları davam etmişdi. Osmanlı baş vəziri Qara Əhməd paşa Amasyadan qayıdan Səfəvi elçisinə “Amasyada Şah Təhmasibin vükəlasına cavabnamə” göndərmişdi. Ərdəbil mütəvəllisi və baş vəzir Məsum Səfəviyə, eləcə də Səfəvi vəzirləri Şahqulu Xəlifə Rumlu, Bədir xan Ustaclı və Qorçubaşı Sevindik Əfşara ünvanlanmış məktubda sülhün şərtləri xatırladılaraq Altunqalanın təhvil verilməsi tələb edilmişdi: 1. Padşahımız tərəfindən dostluğun və sülhün təməlləri müəyyən edilərək elçiniz Ağa ilə namey-i hümayun göndərilmişdir. Sülhün bizim tərəfimizdən pozulacağını zənn etməyin. Padşahımız xəzinəsini artırmaqdan və ölkəsini yeni fəthlərlə genişləndirməkdən imtina etmişdir. Bütün arzusu müsəlmanların sülh içində yaşaması, məbədlər və məscidlərə hörmət göstərilməsi və ibadətləri həyata keçirməsidir. 2. Ədavətə səbəb o ölkədə bir qrup şəxsin Əshabı-Kibara ədavət göstərməsi idi ki, o da aradan qaldırıldı. 3. Atabəy II Keyxosrovun mərkəz seçdiyi Altunqala təslim edilməlidir [Bax: 6,619-620; 13,246-247; 10,80-81].

R.Kılıç yazır ki, Şah Təhmasib Altunqalanı vermədiyi kimi, II Keyxosrovun naibi Çalıkoğlu Varazı Kars, Ərdahan, Axalkələk və Çıldır gölünün sahillərinə göndərərək qarət etdirmişdi [10,81]. F.Kırzıoğlunun fikrincə, Sultan Süleyman bu məsələ ilə bağlı Şah Təhmasibə xüsusi məktub göndərmişdi [13,248]. Məktubda Amasya sülhünə görə sərhədlər müəyyən edildiyi üçün Kars, Ərdahan və Açıqbaşa təcavüz edildiyinin yolverilməz olduğu vurğulanmışdı. Sultan Süleymanın məktubu lazımi nəticələr verdi. Belə ki, Şah Təhmasib elçisi Həmzə Sultanla göndərdiyi məktubunda ölkədə şərabxanaların bağladıldığı, ərbabı-fıskın ortadan qaldırıldığını bildirmişdi. Səfəvi elçisi Sultan Süleyman tərəfindən iltifatla qəbul edilmişdi. Osmanlı sultanı Səfəvi şahının həyata keçirdiyi tədbirlərdən məmnun qaldığını bildirmiş, dini qaydalara əməl edilməsinin vacibliyini özündə əks etdirən məktubunu Şah Təhmasibə yollamışdı [3,11-12; 10,82]. Osmanlı sultanı Həmzə Sultan ilə göndərdiyi cavab məktubunda “Osmanlı əmirlərindən Zeynal bəy və adamlarının Təsuc qəsəbəsindən İraqa ziyarətə gedənlərə qarşı həyata keçirdikləri soyğunçuluq hərəkətinin araşdırıldığını, hadisənin baş verdiyi əraziyə xüsusi çavuşlar göndərildiyini, fitnə-fəsad törədənlərə layiq olduğu cəzanın veriləcəyini xəbər verirdi”. Səfəvi elçisi Sultan Süleymanın məktubu və qiymətli hədiyyələrlə məmnun şəkildə geri qayıtdı. Bununla da, Amasya sülhündən sonra iki dövlət arasındakı münasibətlər nizama salınmış və sülhün qorunub saxlanması üçün dostluq məktublarının göndərilməsi davam etdirilmişdir [3,12; 10,82].

Türkiyə tarixçilərinin qənaətinə görə, iki dövlət arasındakı xoş münasibət, tərəflərin ən mühüm hadisələrlə bağlı məktublar göndərməsi davam etdirilmişdi. 1556-cı il avqustun 15-də Süleymaniyyə camesinin açılış tədbirində iştirak etmək və Rüstəm paşanın ikinci dəfə baş vəzir seçilməsini təbrik etmək üçün Şah Təhmasib böyük elçi heyətini İstanbula göndərdi. Səfəvi elçisi qiymətli hədiyyələrlə birlikdə Sultan Süleymana, Xürrəm Sultana və Rüstəm paşaya məktublar gətirmişdi [27,459; 8,139; 15,645; 3,12-13; 10,82-83; 11,360-361]. Şah Təhmasibin elçisi Kəmaləddin Tebet Ağa çox nadir Quran-ı Kərim nüsxələri ilə yanaşı, qiymətli hədiyyələri və şahın məktubunu Sultan Süleymana təqdim etmişdi. Şahın xanımı Xürrəm Sultana, oğlu Məhəmməd Xudabəndə isə Rüstəm paşaya məktub göndərmişdi [8,157; 23,180-181; 4,79]. R.Kılıç yazır ki, Şah Təhmasib Süleymaniyyə camesinin açılışı məqsədilə göndərdiyi məktubunda camenin açılması münasibətilə Qanunini təbrik edir və elçisi Kəmaləddin Tebet Ağa ilə üç nadir Quran nüsxəsini hədiyyə göndərdiyini, cameyə döşəmək üçün yaxşı toxunmuş xalılar göndərə biləcəyini də bildirmişdi [10,83]. Sultan Süleyman Səfəvi elçisi ilə şah Təhmasibə təşəkkür məktubu göndərmişdi. O, Səfəvi şahının təbriklərindən məmnun qaldığını, iki dövlət arasında sülhün davamlı olmasını bildirmiş, göndərilən hədiyyələr üçün təşəkkür etmişdir. O, Süleymaniyyə camesinin bütün ehtiyaclarının təmin edildiyini bildirmiş, Səfəvi elçilərinə bol hədiyyələr və Şah Təhmasibə məktub göndərmişdir [10,83-84].

Göründüyü kimi, iki dövlət arasında bağlanmış sülhün şərtlərinə əməl edilərək tərəflərin bir-birinə elçilər vasitəsilə məktublar və qiymətli hədiyyələr göndərməsi sayəsində sülh şəraitinin qorunub saxlanmış və qarşılıqlı münasibətləri daha da möhkəmləndirməyə çalışmışlar. R.Kılıçın fikrincə, Qanuni Sultan Süleyman Şərqi Anadoluda sakitliyə nail olmaq, əsas qüvvələrini Qərbə yönəltmək, ölkə daxilindəki asayişi təmin etmək məqsədilə şiə Səfəvi dövlətini ortadan qaldırmaq fikrindən imtina etmişdi. O, xeyli geniş əraziyə yayılan Səfəvi dövlətini sülh yolu ilə Şərqi Anadoludan, Ərəb İraqından və Azərbaycandan uzaq tutmağa çalışmışdı. Bu məqsədlə Şah Təhmasibə dostluq məktubları göndərmişdi [11,365]. R.Kılıç Amasya sülhünün şərtləri ilə bağlı ciddi səhvə yol verərək guya Azərbaycanın da Osmanlı dövlətinə birləşdirildiyini yazdığı üçün burada da Osmanlı sultanının Şah Təhmasibi Azərbaycandan uzaq tutmağa çalışdığını göstərir.

Qeyd etmək lazımdır ki, 1555-ci ildə imzalanmış Amasya sülhündən sonra Azərbaycan Səfəvi dövlətinin Osmanlı Türkiyəsi ilə münasibətlərində I Şah Təhmasibin hakimiyyətinin sonuna qədər sülh dövrü davam etdi.

1559-cu ilin avqustunda Şahzadə Bayəzidin oz ailəsi və on iki min nəfərlik dəstəsi ilə I Şah Təhmasibə sığınması Səfəvi-Osmanlı münasibətlərində xeyli gərginlik yaratdı. Bayəzid taxt-tac uğrunda qardaşı Səlimlə mübarizədə Konya yaxınlığında mayın sonlarında baş verən döyüşdə məğlub olaraq Amasyaya döndü. R.Kılıç yazır ki, Sultan Süleyman oğlu Bayəzidin Konyada məğlub olduğunu və əfv olunması üçün məktub göndərməsinə baxmayaraq, onun qətl edilməsi üçün verilmiş fitvanın həyata keçirilməsini tələb etdi. Şahzadə Səlim iyunun 13-də böyük qüvvə ilə Amasya üzərinə hərəkət etdi. Çarəsiz vəziyyətə düşən şahzadə Bayəzid iyulun əvvəllərində Amasyanı tərk edərək Sivasa, sonra isə Ərzuruma gəlmiş, bəylərbəyi Ayas paşa tərəfindən təmtəraqla qarşılanmışdı [11,379-380]. F.Kırzıoğlu yazır ki, Ayas paşa şahzadə Bayəzidin bağışlanması üçün Sultan Süleymana məktub göndərsə də, sultanın fərmanına əsasən Qaraman bəylərbəyi Fərhad paşa, Diyarbəkr bəylərbəyi İsgəndər paşa, Sivas bəylərbəyi Əli paşa Ərzuruma çataraq Çoban körpüsünə irəliləyərək şahzadəni təqib etmişdilər. Onlar Araz çayının kənarında Qaradərə adlı yerdə şahzadə Bayəzidə yetişsələr də, o, döyüşə girməyərək Çuxursədə doğru hərəkət etmişdi [13,253]. Türkiyə tarixçilərinin fikrincə, şahzadə Bayəzidə xoş münasibət göstərdiyinə görə Ayas paşa edam edilmişdi. Şahzadə Bayəzid əfv olunaraq bağışlanması üçün atasına və baş vəzir Rüstəm paşaya göndərdiyi məktublara münasib cavab almadığı üçün Çuxursəd sərhədində Malatya bəyi Mustafa paşa və Antəp bəyi Xosrov paşa ilə döyüşdə qalib gəlmişdi. Bu qanlı döyüşdən sonra heç bir ümidi qalmayan Bayəzid Çuxursəd hakimi Nizaməddin Şahquluya müraciət edərək Səfəvi dövlətinə sığınmaq istədiyini bildirmiş və 1559-cu il avqustun ortalarında Səfəvi torpaqlarına girmişdir [27,407; 2,314; 7,171; 25,127-128; 11,383-384].

Bu zaman Şahqulu Sultan Astrabadda olan I Şah Təhmasibdən razılıq gəlincəyə kimi Bayəzidə İrəvanda qalmağa razılıq vermişdi. I Şah Təhmasib hadisədən xəbər tutaraq təcili Qəzvinə dönmüş və şahzadənin paytaxta gətirilməsini əmr etmişdir. Ş.Turanın fikrincə, Səfəvi şahı Bayəzidin ölkəsinə sığınmasını “Bu bizə Əlqasın qarşılığında Allahın bir böyük ərmağanıdır” deyərək vaxtı ilə qardaşı Əlqas Mirzənin Osmanlı dövlətinə sığınmasına bənzətmişdi [25,173]. Bayəzid və tərəfdarları 1559-cu il noyabrın 24-də Qızılbaş paytaxtında təntənə ilə qarşılanmışdı. Şah ziyafətlər və hədiyyələr verməkdə xəsislik etməmişdi. R.Kılıç yazır ki, şahzadə Bayəzidin I Şah Təhmasib tərəfindən xoş qarşılandığından xəbər tutan Sultan Süleyman dərhal I Şah Təhmasibə Ərdahan sancaqbəyi Sinan bəylə məktub göndərərək ona sığınanların qaytarılmasını tələb etmişdi. Osmanlı sultanı məktubunda oğlu Bayəzidin üsyanı, Konya döyüşü barədə məlumat verərək aradakı dostluğu uyğun olaraq onun təslim edilməsini bildirmişdi. Əks təqdirdə qiyamçı şahzadəni ələ keçirmək üçün Osmanlı ordusunun Səfəvi torpaqlarına girəcəyini bildirmişdi [11,388-389]. Səfəvi şahı öz elçisi Tebet Ağanı Sinan bəylə İstanbula göndərərək şahzadənin bağışlanmasını Sultan Süleymandan xahiş etmişdi. I Şah Təhmasib şahzadə Səlimə Seyfəddin Eriş ağa və Bəxtiyar Zülqədərli ilə göndərdiyi məktubunda inadcıl şahzadə Bayəzidin cahillik etdiyini, ata hüququndan və böyük qardaş buyruğundan ağılsızlıq edərək çıxdığını bildirərək “yüksək xanədanınızla aramızdakı dostluq və əlaqənin möhkəm təməllərə dayandığına inanaraq günahlarını əfv etdirmək üçün şəfaət diləmək ümidi ilə səmimi dostumuzun yanına gəlmişdir… Etdiyi pis əməllərin və hərəkətlərin cəzasını dadmış, ümidləri puça çıxdığı üçün üzr diləmək və tövbə etməyə gəlmişdir…Sultan Süleyman onu tutub sizə təslim etməmi xahiş etmişdir. Doğrusu belə bir hərəkət mənə və atama heç bir zaman adət və ənənə olmamışdır” deyərək şahzadə Bayəzidin əfv olunaraq bağışlanmasını xahiş etmişdir [11,392-393]. Şərafəddin Turanın fikrincə, I Şah Təhmasibin Sultan Süleymana və şahzadə Səlimə göndərdiyi ilk məktublarda şahzadə Bayəzidin əfv olun-ması və keçmiş sancağına göndərilməsi xahiş edilirdi. Lakin onun təslim edilməsi barədə ardıcıl olaraq göndərilən məktublar I Şah Təhmasibin niyyətinin dəyişməsinə səbəb olmuşdur [25,138-139; 21,81].

O.Ə.Əfəndiyev yazır ki, öz mənafeyini düşünən Təhmasib, Süleymanın oğlunun onun yanına qaçmasından daha çox faydalanmaq barədə düşünürdü. Üç il şahın sarayında qalmış şahzadə Bayəzid onu türk sultanına qarşı yürüşə təhrik etmişdi. Şah, ölkəyə çoxlu bədbəxtliklər gətirmiş müharibəni yenidən başlamaq fikrindən uzaq idi. Şah, Bayəzidin təslim olunması müqabilində türk elçilərindən Bağdadın öz oğlu Heydər Mirzəyə verilməsini və yaxud oğullarından birinin Osmanlı əqazisində sancaqbəyi təyin edilməsini və Kərbaladakı şiə türbələrinə nəzarət etmək üçün qızılbaş xadiminin ora buraxılmasını tələb edirdi. Şahın bütün bu kələkləri, özünün qiyamçı oğlunun danışıqsız qaytarılmasında təkid edən, Osmanlı-Səfəvi münasibətlərinin yenidən pisləşə biləcəyi ilə hədələyən sultan tərəfindən rədd edildi [5,105]. Ş.Turanın fikrincə, I Şah Təhmasib şahzadə Bayəzid və oğlanlarının təslim edilməsini israrla tələb edən Sultan Süleymanın onun şərtlərini rədd etdiyini görərək Osmanlı elçisinə Bayəzidi sərbəst buraxacağını söyləmişdi. Şahzadə Bayəzid sərbəst buraxılarsa və Səfəvi şahının yardımını alarsa şahzadələr arasında savaşın yenidən başlamasına yol aça bilərdi. Bu daxili və xarici məsələlərlə məşğul olan Osmanlı dövlətini çətin vəziyyətə sala bilərdi. Buna görə də, Sultan Süleyman I Şah Təhmasiblə yumşaq davranmağın vacib olduğunu anlamış və şahzadənin təslim edilməsi üçün onun tələblərinin yerinə yetirilməsini münasib bilmişdi [25,147-148; 11,401-402].

Türkiyə tarixçilərinin qənaətinə görə, Sultan Süleyman Səfəvi şahının Bayəzidi təslim etməsini gecikdirməsi və yeni tələblərlə çıxış etməsini nəzərə alaraq Səfəvilər üzərinə yürüş etməyi düşünmüşdü. Hətta o, Özbək xanı Pir Məhəmmədə və Gürcüstan hakimi Sultan İbrahimə yazdığı məktublarda bu niyyəti barədə xəbər vermişdi. Laki Səfəvilərə qarşı başlanacaq müharibənin fayda verməyəcəyini, şahın bayəzidi buraxdığı təqdirdə yaranacaq vəziyyəti nəzərə alaraq fikrindən çəkinmişdi [25,150-151; 10,27; 11,402]. İsgəndər bəy Münşi yazır ki, “…Sultan Süleyman Mərəş hakimi Əli paşanı və öz çaşnigirbaşısı Həsən ağanı etimadlı ağalarından və çavuşlarından iki yüz nəfərlə birlikdə Sultan Bayəzidi tələb etmək üçün Səfəvi sarayına göndərdi. Lakin Bayəzidlə öz arasında yaranmış nifaqa və narazılığa baxmayaraq, Əli paşa və Həsən ağa amansız və zalım adamlar olduqlarından cənnətməkan şah onlara etimad göstərmədi. Bayəzidi onlara təhvil vermədi və bu məqsədlə ixtiyar sahibi olan, Allahı tanıyan ağsaqqalların göndərilməsini istədi” [9,231-232].

Şahzadə Bayəzidin və oğlanlarının təslim edilməsi və ya qətl edilməsi ilə bağlı I Şah Təhmasiblə Osmanlı sultanı Süleyman və oğlu şahzadə Səlim arasında üç ilə qədər məktublaşma davam etdi. M.T.Gökbilgin yazır ki, I Şah Təhmasib şahzadə Bayəzid və oğlanlarının təslimi üçün Osmanlı sultanından 900 min qızıl və oğlu Səlimdən də 300 min qızıl alacağına, onları Ərzurumda təhvil verəcəyi təqdirdə Qars qalasına da sahib olacağına təminat almışdı. Lakin Sultan Süleyman şahzadələrin Ərzurumda təhvil verilmədiyini bəhanə edərək Qars qalasını vermədi [7,172; 8,143].

Türkiyə tarixçilərinin fikrincə, 1562-ci il iyulun 16-da Van hakimi Xosrov paşa başda olmaqla Qəzvinə sultanın böyük elçi heyəti gəldi. Osmanlı elçisi sultanın vəd etdiyi hədiyyələri və pulun şahzadə Bayəzid və oğlanlarının təslim edilməsindən sonra Ərzurumda veriləcəyini bildirərək Sultan Süleymanın məktubunu şaha təqdim etdi. Məktubda “Bayəzid və oğlanlarının təslim ediləcəyi təqdirdə Səfəvi xanədanına qarşı bizim tərəfimizdən və övladlarım tərəfindən düşmənçilik güdülməyəcək və Səfəvi ölkəsinə hər hansı bir zərər verilməyəcək, aramızda sürəkli olaraq sülh və barış davam edəcəkdir” bildirilirdi [7,173; 11,403-404]. İsgəndər bəy Münşi bu məsələyə aydınlıq gətirərək yazır: “… Sultan Süleyman tərəfdən aydın fikirli, başbilən bir kişi sayılan, Osmanlı xanədanının əməkdarlarından olan Xosrov paşa bir sıra etimadlı ağsaqqallarla bərabər gəldi. Sultan Süleyman öz xətti ilə o həzrətə iki məktub yazıb göndərmişdi. Həmin məktubda nəsilbənəsil aralıqdakı əhdü-peymanın təzələnməsinin və bunun and içilməklə möhkəmləndirilməsinin vacibliyi izhar olunur, sülh şərtləri xatırlanaraq və dostcasına sözlər ifadə olunaraq, Sultan bayəzidin və oğullarının göndərilməsi istənilirdi. Bu təklifə etiraz etmək əhdü-peymanın pozulmasına, həngamə qopmasına və müsəlmanların vəziyyətinin korlanmasına gətirib çıxaracaqdı. Bu xahişə əməl etmək isə camaatın və Allah bəndələrinin rifahına səbəb olacaqdı. Məhz buna görə də Şah Təhmasib bütün camaatın asayişini nəzərə alıb, sülh şərtlərindən vaz keçmədi və o xain fitnəkarı dörd oğlu ilə birlikdə sağ-sağlam Xosrov paşaya və onun adamlarına təhvil verdi. Beləliklə, cənnətməkan şah həzrətləri ilə Rum sultanı arasında sülhün əsasları bu ildə daha da möhkəmləndi” [9,232].

O.Ə.Əfəndiyev yazır ki, Türkiyə ilə yeni hərbi münaqişə təhlükəsi qarşısında ehtiyat edən, bəlkə də qızıla tamahı artan I Təhmasib Bayəzidi və onun dörd oğlunu sultan nümayəndələrinin sərəncamına verdi. Onlar oradaca edam edildilər, cənazələri isə Osmanlı Türkiyəsinə aparıldı. Şərəf xan Bidlisinin məlumatına görə, türk elçiləri bu “xidmət” müqabilində sultanın ümumi məbləği 30 min İraq tüməninə bərabər olan 400 min florini, şahzadə Səlimin isə 100 min florinini şaha təqdim etdilər [5,105]. İsgəndər bəy Münşi yazır ki, “heç kimin xəyalından keçmirdi ki, Xosrov paşanın heyəti bu vilayətdə Bayəzidə xətər yetirərlər. Amma onlar xondkarın fərmanı ilə tərəddüd etmədən və təxirə salmadan Bayəzid və dörd oğlunu qətlə yetirdilər və onların cəsədlərini Ruma apardılar” [9,232]. Ş.Turanın fikrincə, arada məzhəb və fikir ayrılığının olmasına baxmayaraq Qəzvin əhalisi Osmanlı şahzadələrinin bu cür qətl edilməsini nifrətlə qarşıladı. Osmanlı elçiləri getdikləri yerlərdə daşlanmış oldular. Buna görə də onlar vaxt itirmədən avqustun 1-də Çuxursədə doğru hərəkət etdilər [25,205-206]. Türkiyə tarixçilərinin qənaətinə görə, Sultan Süleyman və oğlu şahzadə Səlim Bayəzid və dörd oğlunun təhvil verilməsi müqabilində I Şah Təhmasibə 500 min florin qızıl pul göndərmişdi [25,207; 11,]. İsgəndər bəy Münşi bununla bağlı yazır: “Osmanlı xanədanının böyüklərindən sayılan, yüksək təfəkkür və zəka sahibi, dünya sakinlərinin asayişini düşünən və aqil bir kişi olan Xosrov paşa xondgarın qapıçıbaşısı Əli ağa ilə birlikdə … dostluq üslubunda təvazökarcasına yazılmış bir sədaqət məktubu gətirdilər. Onların ardınca xondgarın etibarlı adamlarından olan İlyas bəy adlı birisi fələyin məhvəri olan dərgaha gəlib, Rumdan gətirdiyi qeysər hədiyyələrini və ərməğanlarını .. Şah Təhmasibə təqdim etdi. Hədiyyələr arasında hər biri misilsizlikdən dəm vuran, yəhərləri daş-qaşla və qızılla bəzədilmiş, çulları isə Rum zərbaftasından toxunmuş qırx baş Şam və ərəb cinsli bədöv atlar və əlli min tümən İraq şahisinə bərabər olan beş yüz min ədəd əşrəfi və flori məbləğində nəfis qumaşlar və mallar vardı” [9,259]. Bu bir daha göstərir ki, Sultan Süleyman və oğlu şahzadə Səlim Bayəzid və oğlanlarının azad edilməsi müqabilində I Şah Təhmasibə yarım milyon dəyərində nağd qızıl pul deyil, qiymətli hədiyyələr göndərmişdir.

Beləliklə, 1562-ci il iyulun 23-də şahzadə Bayəzid və oğlanlarının Osmanlı nümayəndələrinə təhvil verilərək öldürülməsi və avqustun 1-də Qəzvindən aparılması ilə Osmanlı və Səfəvi dövlətləri arasında yetişməkdə olan münaqişə aradan qaxdı və xəyanət hesabına sülh əldə olundu.

R.Kılıç yazır ki, şahzadə Bayəzid və oğlanları ilə bağlı hadisələr Osmanlı dövləti ilə Səfəvi dövləti arasında üç ilə qədər gərginlik yaratdı. Nəticədə şahzadə Səlim Osmanlı taxtının yeganə varisi oldu, I Şah Təhmasib yarım milyona yaxın qızıl almaqla yanaşı, irəlidə Osmanlı taxtına keçəcək şahzadə Səlimlə dostluq münasibətinin davam edəcəyinə təminat aldı [11,406-407]. Ş.Turan yazır ki, Səfəvi elçisi Bəşarət ağa Şah Təhmasibin niyyətini həyata keçirərək Səlimdən Bayəzidin təsliminə qarşılıq bundan sonra Səfəvilərə dost qalacağını vurğulayaraq yazılı bir sənəd, əhdnamə almağa müvəffəq olmuşdu. Həmin əhdnaməyə görə, Səlim Allahın yardımı ilə Osmanlı taxtına çıxmağa nail olarsa aradakı barışığa sadiq qalacaq, o tərəfə düşmən gözü ilə baxmayacaqdı. Səlim özündən sonra taxta çıxacaq oğlanlarının və nəvələrinin bu əhdə sadiq qalması üçün onlara öyüt verəcək və vəsiyyət edəcəkdi [25,202].

M.T.Gökbilginin fikrincə, I Şah Təhmasib bu hadisələrin ardınca Sultan Süleymana elçi heyəti göndərərək qiymətli hədiyyələr təqdim etdi, Osmanlı sultanından türkmənlər və özbəklərə qarşı yardım istədi. Lakin sünni özbəklərə qarşı şiə Səfəvilərə yardım etmək münasib bilinmədiyi əsas gətirilərək rədd edildi. Səfəvi ölkəsində Həcc ziyarətinə gedənlərin Osmanlı ərazisindən keçməsinə icazə verilməsi xahişi ziyarətçilərin ərəb qəbilələrinin təcavüzünə məruz qalacağı nəzərə alınaraq qəbul edilmədi. Yalnız Bidlis hakiminin şaha xəyanət edərək Bağdada qaçan oğlanlarının təslim edilməsinə müsbət cavab verildi [8,144; 11,407].

Türkiyə tarixçilərinin qənaətinə görə, Osmanlı-Səfəvi münasibətləri I Şah Təhmasibin ölümünə kimi dostluq məcrasında davam etmişdi. Səfəvi şahı Xorasanı özbəklərdən geri almışdı. Əli Sultan 1564-cü ildə Xorasana qarətedici səfərə təşəbbüs göstərsə də məğlub olmuşdu. Osmanlı dövləti sülhə sadiq qalaraq hadisələrə müdaxilə etməmişdi [15,639; 11,407]. R.Kılıç yazır ki, 1565-ci ildə Səfəvilərə qarşı yardım istəyən gürcü əmirlərinə də on ildən bəri davam edən sülh əsas gətirilərək yardım göstərilməmiş, sülhü pozacaq hadisələr ortada olmadığı üçün onun pozulmasının islama uyğun olmadığı cavabı verilmişdi [11,407]. Bütün bu hadisələr Osmanlı dövləti ilə Səfəvi dövləti arasında imzalanmış Amasya sülhünün şərtlərinə tərəflərin sadiq qaldığını göstərir.

1566-cı il sentyabrın 7-də Sultan Süleyman Sigetvar səfərində öldü, sentyabrın 24-də oğlu II Səlim hakimiyyətə keçdi. Ş.Turan yazır ki, Sultan II Səlim müharibələri sevməmiş, şahzadəliyi dövründə olduğu kimi sülh tərəfdarı olmuş, I Şah Təhmasibə verdiyi əhdə sadiq qalaraq Səfəvi dövləti ilə dostluq münasibətlərini davam etdirmişdi [26,440; 12,95]. İsgəndər bəy Münşi bu barədə yazır: “Sultan Süleymanın ölümündən sonra oğlu Sultan Səlim qeysər mülkünün malikinə və İsgəndər taxt-tacının sahibinə çevrildi. 975-ci ildə (08.07.1567-25.06.1567) onun yanına Məhəmməd xan adlı elçisini tamam şövkət və həşəmətlə darüssəltənə Qəzvinə gələrək, Sultan Səlimin ata-oğul münasibəti üslubunda yazılmış və dostcasına diləklərin yer aldığı ənbər qoxulu məktubunu gətirib, sülh müqaviləsinin qaydalarına riayət olunmasını və ata-oğul münasibətlərinin təməllərinin möhkəmlən-dirilməsini tam təkid etdi” [9,259]. Mənbənin təsdiq etdiyi kimi, II Sultan Səlimin Osmanlı taxt-tacına keçməsi ilə iki dövlət arasında mövcud olan sülh şəraiti qorunub saxlanıldı. Şübhəsiz ki, bu münasibətlərin davam etdirilməsinə Səfəvi hökmdarı I Şah Təhmasib də ciddi maraq göstərirdi.

Türkiyə tarixçilərinin fikrincə, II Sultan Səlimin taxta keçməsini təbrik etmək üçün I Şah Təhmasib Çuxursəd hakimi Şahqulu Sultan Ustaclını qiymətli hədiyyələr və min nəfərlik böyük heyətlə İstanbula göndərdi. Elçi heyətində geyindiyi paltarların düyməsi almazdan olan 120 nəfər türk əsilzadəsi, arxalarında qızıl və gümüş saplardan toxunmuş çəpkən geyinən 200 Səfəvi atlısı gəlirdi. Onların ardında Türkiyə ilə ticarət əlaqələrini həyata keçirən tacirlər qrupu hərəkət edirdi. 1700 heyvan elçi heyətinin yükünü daşıyırdı. II Sultan Səlimə və Osmanlı əyanlarına aparılan hədiyyələr 44 dəvə yükündə idi. Böyük Səfəvi musiqi qrupu heyətin önündə gəlirdi. Elçi heyəti Ərzurum bəylərbəyi tərəfindən qarşılanaraq Ərzurum-Toqat-Amasya-Merzifon-Osmancıq-Bolu yolu ilə Üsküdara gətirildi. Elçi heyəti Piyalə paşa tərəfindən İstanbulda qarşılanaraq At meydanındakı Xəncərli Sultan sarayında yerləşdirildi. 1568-ci ilin fevralında elçi Ədirnədə qışlağa çəkilmiş II Sultan Səlimin sarayına gətirildi. Rumeli bəylərbəyi Şəmsi Əhməd paşa və vəzirlərlə görüşdükdən sonra Səfəvi elçisi sultan tərəfindən qəbul edildi. Elçinin şərəfinə ziyafətlər verildikdən sonra əvvəllər tərəflər arasında bağlanmış sülhü təsdiq edən məktub ona təqdim olundu və geri dönməsinə icazə verildi [16,6-7; 18,115]. Y.M.Mahmudovun fikrincə, Sultan Süleyman Qanuninin ölümündən sonra hakimiyyətə gələn II Səlim (1566-1574) Kipr əməliyyatını uğurla başa çatdırmaq üçün mühüm hazırlıqlar görmüşdü. O, Osmanlı imperiyasının bütün hərbi qüvvələrini Venesiyaya qarşı yönəltmək üçün əvvəlcə Səfəvi dövləti tərəfindən təhlükəsizliyini təmin etdi: 1568-ci il fevralın 16-da Ədirnəyə gəlmiş Səfəvi elçisi Şahqulu xanla aparılan danışıqlar nəticəsində II Sultan Səlim 1555-ci il Amasya müqaviləsinin qüvvədə qaldığını təsdiq etdi [17,253].

F.Kırzıoğlu yazır ki, II Sultan Səlim Ədirnədən Qəzvinə dönən Səfəvi elçisi ilə göndərdiyi məktubunda Amasya sülhünün şərtlərini təsdiq etdiyini, atam Sultan Süleyman sizin qardaşım şahzadə Bayəzidə göstərdiyiniz hərəkətlərdən məmnun qalaraq sizə dost idi, mən də dost qalacağam. Buna görə də, II Sultan Səlim dövründə Səfəvilərlə dostluq əlaqələri davam etdi, kiçik bir sərhəd münaqişəsi belə baş vermədi [13,255]. Y.Öztunanın fikrincə, I Şah Təhmasibin Osmanlı sarayına göndərdiyi bu möhtəşəm elçi heyəti qarşısında qoyulan vəzifəni uğurla başa çatdırdı. II Sultan Səlim hakimiyyəti dövründə Osmanlı-Səfəvi sülhünə sadiq qalaraq onu pozmadı [18,115].

İsgəndər bəy Münşinin verdiyi məlumata görə, 1569-cu ildə Səfəvi və Osmanlı dövlətləri arasındakı münasibətlərdə müəyyən gərginlik yarandı. O, yazır: “Həcc ziyarətinə gedən vəkilüssəltənə Məsum bəy Səfəvi həcc yolunda bir sıra yoldaşları və oğlu Xanmirzə ilə birlikdə öldürülüb, şəhidlik dərəcəsinə çatdı. Rumilər bu yaramaz hərəkətin qəti surətdə bədəvi ərəblər tərəfindən törədildiyini bildirdilər. Sultan Səlim özünün Əli ağa adlı mötəbər elçisini həmin hadisəyə görə üzr istəmək və özünə məzəmmətdən bəraət qazandırmaq üçün əşrəfin xidmətinə göndərdi və o həzrət müsəlmanların halının rifahını, insanların əhvalının əmin-amanlığını və sabitliyini nəzərə alaraq, üzrxahlığı qəbul etdi” [9,259-260]. Beləliklə, II Sultan Səlimin hakimiyyətə gəlməsi ilə Səfəvi-Osmanlı münasibətlərində ortaya çıxan gərginlik aradan qaldırıldı. İki dövlət arasında dostluq əlaqələrinin davam etdirilməsinə II Sultan Səlim tərəfindən təminat verildi.

Ö.Küpəli yazır ki, 1560-cı ildən etibarən Osmanlı dövlətinin Qafqazla bağlı marağı daha da artdı. Bu maraq yalnız Səfəviləri zərərsizləşdirmək məqsədindən irəli gəlmirdi. Şimalda yeni bir təhlükə mənbəyinə çevrilən Böyük Moskva knyazlığı 1552-ci ildə Qazanı, 1556-cı ildə də Həştərxanı ələ keçirərək Xəzər dənizinin şimalında vəziyyəti dəyişdiyi üçün Şərqlə bağlı siyasəti yenidən nəzərdən keçirmək lazım idi [14,8]. Bəsrə-Bağdad-Hələb tranzit ticarət yolunu qorumaq və Hindistan ticarətini tamamilə nəzarət altına almaq üçün dənizdə Portuqaliya ilə amansız mübarizəyə başlayan Osmanlı dövləti Asiyanın içərilərindən gələn quru ticarət yollarını hakimiyyəti altına almaq üçün ciddi təşəbbüs göstərdi. XVI əsrin ortalarında rusların ingilislərlə birlikdə Nijni-Novqorod-Arxangelsk ticarət yolunu açması Osmanlı dövlətini önəmli gəlirdən məhrum etdi. Bunun qarşısını almaq üçün Osmanlı dövləti 1569-cu ildə Həştərxana yürüş təşkil edərək Volqa-Don kanalını açmağa çalışaraq Xəzər dənizinə donanma çıxarmağa cəhd etdi. Bu plan həyata keçərdisə rus və Səfəvi təhdidlərinə zərbə vurular, Xəzər dənizi sahilindəki ipək istehsalı mərkəzlərinin ələ keçirilməsinə və Orta Asiyadan Xəzər dənizinin şimalından keçən Xarəzm-Həştərxan-Krım ticarət yolunu nəzarət altına almağa imkan verərdi [14,33].

Qeyd etmək lazımdır ki, Həştərxan səfərinin uğursuz olması Osmanlı dövlətinə nəzərdə tutduğu planı gerçəkləşdirməyə imkan vermədi. Bununla belə, Amasya müqaviləsindən sonra təqribən 20 il ərzində Səfəvi-Osmanlı sərhədlərində sülh münasibətləri pozulmadı. Şah Təhmasib ömrünün sonunadək (1576) Amasya müqaviləsinin şərtlərinə sadiq qaldı. Artıq qeyd olunduğu kimi, o, 1568-ci il fevralın 16-da öz elçisi Şahqulu xan Ustaclını Ədirnəyə göndərib Amasya müqaviləsinin qüvvədə qalması barədə yeni Osmanlı sultanı II Səlimdən də təminat almışdı. Səfəvi hökmdarı, ölümündən bir il əvvəl, 1575-ci il mayın 13-də Toxmaq xan Ustaclını İstanbula göndərib Amasya müqaviləsinin şərtlərini II Səlimdən sonra hakimiyyətə gələn Sultan III Murada (1574-1595) da qəbul etdirmişdi [17,261].

Göründüyü kimi, Şah Təhmasibin yeritdiyi ardıcıl xarici siyasət nəticəsində Qərb dövlətlərinin Səfəviləri yenidən Osmanlı imperiyasına qarşı qaldırmaq niyyətləri baş tutmadı. Qərb diploma-tiyasının mahiyyətinə bələd olan Şah Təhmasib ömrünün axırlarınadək Amasya müqaviləsinə sadiq qaldı.

Beləliklə, Amasya müqaviləsindən sonra Səfəvi-Osmanlı münasibətlərinin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsinin öyrənilməsi göstərir ki, bu məsələ Türkiyə tarixçilərinin araşdırmalarında müstəqil tədqiqat obyekti olmasa da, Sultan Süleymanın və varislərinin dövründə Osmanlı dövlətinin siyasi tarixindən bəhs olunan əsərlərdə öz əksini tapmışdır. Türkiyə tarixçilərinin etiraf etdikləri kimi, Şah Təhmasib dövründə iki dövlət arasındakı münasibətlər dostluq şəraitində davam etmiş, hətta hər hansı bir sərhəd münaqişəsi baş verməmişdi.

 

Ədəbİyyat:

1. Azərbaycan tarixi. Yeddi cilddə, üçüncü cild. Bakı, Elm, 1999.

2. Danişmend İ.H. İzahlı Osmanlı tarihi kronolojisi. c. II. Türkiye Yayınevi, İstanbul, 1948.

3. Diyanet A.A. İlk Osmanlı-İran Antlaşması (1555 Amasya Musalahası). İstanbul Üniveristesi, Eedebiyat Fakultesi Basımevi, İstanbul, 1971.

4. Erendil M.Tarihde Türk-İran ilişkileri. Genel Kurmay Basımevi, 1976

5. Əfəndiyev O.Ə. Azərbaycan Səfəvi dövləti. Bakı, 2007.

6. Feridun bey. Münşeatüs-selatin. c.I. İstanbul, 1274.

7. Gökbilgin M.T. Kanuni Sultan Süleyman. M.E.B. Yayınları, İstanbul, 1992.

8. Gökbilgin M.T. Süleyman I. İslam Ansiklopedisi, c.XI. M.E.Basımevi, İstanbul, 1970, s. 99-155.

9. İsgəndər bəy Münşi. Tarix-I alamara-yi Abbasi. Farscadan tərcümənin, önsözün, şərhlərin və göstəricilərin müəllifləri AMEA-nın müxbir üzvü, t.e.d., prof. Oqtay Əfəndiyev, t.e.n. Namiq Musalı. Bakı, 2009.

10. Kılıç R. XVI ve XVII yüzyıllarda Osmanlı- İran siyasi Antlaşmaları. Tez Yayınları. İstanbul, 2001.

11. Kılıç R. Kanuni devri Osmanlı – İran münasebetleri (1520- 1566). IQ Kültür Sanat Yayınçılık, İstanbul, 2006.

12. Kılıç R. Osmanlı devletinin İran politikası (16. ve 17. Yüzyıllar). /Türk dış politikası. Osmanlı dönemi. c.1. İstanbul, 2008.

13. Kırzıoğlu F. Osmanlıların Kafkas ellerini fethi (1451-1590). İstanbul, 1992.

14. Küpəli Ö. Osmanlı-Safevi münasebetleri (1612-1639). Yayınlanmamış doktora tezi. İzmir, 2009.

15. Kütükoğlu B. Tehmasib I. İslam Ansiklopedisi, c.XI. M.E.Basımevi. İstanbul, 1970, s. 637-647.

16. Kütükoğlu B. Osmanlı-İran siyasi münasebetleri (1578-1612). İstanbul, 1993.

17. Mahmudov Y. Azərbaycan diplomatiyası. Bakı, Təhsil, 2006.

18. Öztuna Y. Başlanğıcından zamanımıza kadar Türkiye tarihi. c. 7. İstanbul, 1965.

19. Saray М. Türk- İran münasebetlerinde şiiligin rolu. T.K.A.E. Yayınları, Аnkara, 1990.

20. Sevim A, Yücel Y. Türkiye tarihi. c. II. T.T.K. Basımevi, Ankara, 1990.

21. Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu. T.T.K. Basımevi, Ankara, 1992.

22. Şah Təhmasibin təzkirəsi. Fars dilindən tərcümə və müqəddimə Rəhimov Əbülfəz Haşım oğlunundur. Bakı, Azərnəşr, 1996.

23. Tekindağ Ş. Fatihden III. Murada kadar Osmanlı tarihi (1451-1574). İstanbul, 1977.

24. Turan Ş. Kanuninin oğlu Şezade Bayezid Vakası. TTK Basmevi, Ankara, 1961.

25. Turan Ş. Kanuni Sultan Süleyman dönemi taht kavgaları. İstanbul, 2011.

26. Turan Ş. II Selim. //İslam Ansiklopedisi. c. 10. MEB, İstanbul, 1996, s.

27. Uzunçarşılı İ.H. Osmanlı tarihi. c. II. T.T.K. Basımevi, Ankara, 1988.

 

Tofiq Nəcəfli

Tarix üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir