KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Soçi görüşü Brüssel müzakirələri üçün “yol xəritəsi” olacaq

Kənan Novruzov: Soçi görüşü Brüssel müzakirələri üçün “yol xəritəsi” olacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
293 0

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Soçidə keçiriləcək üçtərəfli görüşün maraqlı nəticələrlə yadda qalacağını güman etmək olar. İlk növbədə onu deyək ki, belə bir görüş çoxdan planlaşdırılırdı. Sadəcə Paşinyan prosesi mümkün qədər uzatmağa çalışırdı. Qərbin yenidən canlanmasından, o cümlədən Brüssel görüşü barədə razılıq əldə olunduqdan sonra isə Moskvanın İrəvana təsiri artdı.
Rusiya baş nazir müavini Aleksey Overçukun Bakı və İrəvana səfəri Soçi görüşünə hazırlıq idi. Yəqin ki, həmin səfərlərdə ilkin müzakirələr olub.
Böyük ehtimalla Moskva görüşdə müəyyən razılaşmaların əldə olunmasına, sənədlərin imzalanmasına çalışacaq. Çünki Kreml Brüssel görüşünə kimi bütün məsələləri özü həll etmək niyyətindədir. Əks halda Qərbin proseslərə təsir imkanı artacaq, Rusiya arxa planda qalacaq. Əlbəttə, bu, şimal qonşumuz üçün arzuolunan ssenari deyil. Əksinə, Kreml moderatorluq statusunu davam etdirmək niyyətindədir.
Görüşdə Zəngəzur dəhlizinin açılması barədə razılığın olması qətiyyən istisna deyil. Birincisi ona görə ki, artıq bu barədə qeyri- rəsmi olsa belə, məlumatlar yayılmaqdadır. Ermənistan parlamentində sərhədlərin müəyyənləşdirilməsi barədə dinləmələrin keçirilməsi və müxalifətin etirazları onu deməyə əsas verir ki, düşmən ölkə rəsmiləri də proseslərin gedişatından xəbərdardırlar. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Biz diqqəti Azərbaycanla Ermənistan arasında ticarət- iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpasına və inkişafına yönəltmişik” açıqlaması da bu aspektdən xarakterikdir. Nəzərə almaq lazımdır ki, sözügedən dəhlizin açılması Rusiyanın özü üçün də ciddi dividentdir. Zəngəzur dəhlizinin açılmasından sonra Rusiya ora da öz qoşunlarını yerləşdirməyə çalışa bilər.
Putin hər iki tərəfi razı salmağa çalışacaq. Bu, rəsmi Bakının və İrəvanın Qərbə meyil etməməsi üçün ona lazımdır. Görüşün nəticəsini bizim maraqlarımıza cavab verəcəyini indidən təxmin etmək olar. Paşinyan isə bacardığı qədər dirənmək istəyəcək. Çünki hansısa razılıq, o cümlədən Zəngəzur dəhlizinə dair anlaşma daxildəki etirazları daha da gücləndirəcək. Üstəgəl, Moskva istədiyinə nail olduqdan sonra hakimiyyətdə Paşinyanın olub- olmaması əhəmiyyətini itirə bilər. Beləliklə, Paşinyan hakimiyyəti üçün təhlükə yaranması mümkündür. Lakin baş nazirin Soçidə ciddi müqavimət göstərə biləcəyi də ağlabatan deyil.
İstənilən halda görüşdən sonra bir çox məsələlər aydınlanacaq və bu, Brüssel müzakirələri üçün “yol xəritəsi” olacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir