KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Britaniya-Rusiya kəşfiyyat savaşı, “oyuncaq adam”, Uollesin səfəri

Aqşin Kərimov: Britaniya-Rusiya kəşfiyyat savaşı, “oyuncaq adam”, Uollesin səfəri

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
312 0

Qərbin ABŞ-dan da güclü siyasi-qlobal ideyalar istehsal edən digər gücü Böyük Britaniya ikiqütblü beynəlxalq münasibətlər sistemində Rusiyaya qarşı dirəniş göstərən həlledici fiqurdur.

Rusiya kəşfiyyatı bir ara Britaniyada təxribat planlarını sistemli şəkildə həyata keçirirdi, Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsi hadisəsindən sonra Britaniya xəfiyyələri Moskvanı ifşa edən dəlillər ortaya qoydu.

Bununla belə, iki ölkə arasında kəşfiyyat savaşı davam edir və Çinin Britaniyada “çekist” şəbəkəsi qurmasında sözsüz ki, Moskvanın da barmaq izləri var.

Ukrayna böhranının radiusunun getdikcə genişlənməsi isə Britaniyanı narahat edir və London kəşfiyyat vasitəsilə əldə etdiyi əşyayi-dəlilləri Moskvanın əleyhinə yönəltməyi hədəfləyir.
Britaniyanın xarici işlər üzrə dövlət katibi (xarici işlər naziri) Liz Trassın fevralın 10-da Moskvaya səfəri də həmin məlumatlarla Rusiyanı çəkindirmək məqsədi daşıyırdı.

Nəzərə alaq ki, bundan əvvəl Britaniya kəşfiyyatı Rusiyanın Ukraynada Prezident Zelenskinin devrilməsi və yeni oyuncaq hökumət quracağına dair anonsla çıxış etmişdi.

Britaniya kəşfiyyatı dəqiq işləyir, dünya nizamını formalaşdırır, bu baxımdan həmin xəbərdarlıqdan yola çıxaraq deyə bilərik ki, London Rusiyanın “oyuncaq adamı” barədə də məlumatlara sahibdir.

Xarici işlər naziri Liz Trassın səfərini həmin informasiya və informasiyanın doğurduğu versiyalarla nəzərdən keçirmək lazımdır, yəqin ki, Britaniya əlindəki məlumatları, Rusiyanın kəşfiyyat mexanizmlərinin bir qismini qlobal ictimaiyyətin diqqətinə çatdıracağını Kremlə bildirib.

Ancaq Londonun nə dediyi Rusiya üçün önəm kəsb etmir, onsuz da Rusiya beynəlxalq ictimaiyyətin qəzəbinə tuş gələn addımlara tez-tez gedir və peşəkar şəkildə malalayıcı bəyanatlarla hamını təqsirkar çıxarır, elə ona əks qütbdə dayanan güclərin də mahiyyəti Moskvadan fərqlənmir.

Liz Trassın səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla gərgin atmosferdə danışıqlar apardığını Rusiya baş diplomatı belə xarakterizə edib: Lallarla karların danışığı. Yəni bir-birlərini dinləsələr də, eşitmirlər və öz bildiklərini edəcəklərini deyirlər.

Trassın Moskva səfərinin paralelində Britaniya baş naziri Boris Consonun Polşaya gedişi diqqət çəkir. Özü də Conson Polşadan Rusiyaya əzələ nümayiş etdirmək üçün Varşavadakı hərbi bazaya gedib və ölkəsinin hərbçiləri ilə foto paylaşıb.

Soyuq müharibənin təməlləri üzərində cərəyan edən bu cür proseslər hərbi müdaxilə ssenarilərinin gündəmdə ağırlıq təşkil etməsinə səbəb olur.

Diplomatiyanın inandırmaq üçün potensialı qalmayanda, söz hərbiyə verilir, Liz Trassın ardınca Britaniyanın müdafiə naziri Ben Uollesin Moskvaya səfəri baş tutub, onun rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü gözlənilir.

Şoyqu-Uolles görüşünün təşkili hərb variantını aktual edir, yəqin ki, cənab Uolles Ukraynaya müdaxilənin Rusiyaya baha başa gələcəyini baxışları buzu “kəsən” Şoyqunun diqqətinə çatdıracaq.

Rusiyanın hərbi cəhətdən Ukraynadan kənar cəbhələrdə də əsəbləri tarıma çəkəcək üstünlüyü bundan ibarətdir ki, Rusiyada çox güclü sualtı gəmilər mövcuddur.

Rusiya sualtı gəmiləri daim mövqelərini dəyişməklə məşğuldur. ABŞ, Böyük Britaniya bu gedişatı izləyirlər.

Şoyqu-Uolles danışıqlarında Britaniya da Ukraynadan kənar cəbhədə hərbi qüdrətini nümayiş etdirə biləcəyini masa üzərinə qoyacaq.

Bir sözlə, iki nüvə gücü bir-birinin beynəlxalq ictimaiyyətə bəlli olmayan hərbi potensiallarını çəkindirici amil kimi təqdim edəcək.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir