KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Ərdoğanın Azərbaycana səfəri dünyaya mesajdır”

“Ərdoğanın Azərbaycana səfəri dünyaya mesajdır”

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
300 0

Türkiyədə dövlətin idarəolunması sistemi dəyişdi – bundan sonra ölkəni parlamentin seçdiyi baş nazir deyil, xalqdan səs alan, fövqəlsəlahiyyət prezident idarə edəcək. Bunlar öz yerində, yazımızın qayəsi xalq səsverməsi ilə seçilmiş ilk prezidentin ilk səfərinin Azərbaycana etməsindən söz açmaqdır. Axı Türkiyənin baş nazirləri və prezidentləri indiyədək ilk səfərlərini Şimali Kipr Türk Cümhuriyyətinə edərdilər. Deməli, onsuz da qardaş olan Türkiyə ilə Azərbaycanın bir-birinə bağlılığı daha vacib hal almaqdadır.

Bu yerdə qeyd edim ki, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat konfransı keçirən Ərdoğan söz vermişdi ki, prezident seçildiyi təqdirdə, ilk səfərini Azərbaycana edəcək və sözünün üstündə də durdu.

Bu gün bütün türk qəzet və saytları Ərdoğanın Bakıya səfərindən bəhs etməkdədirlər. Məsələn, haberekibi.com “Prezident Ərdoğan prezident seçilən kimi, ilk səfərini qardaş ölkə Azərbaycana etdi” yazdığı halda, ən maraqlı başlığı “Milliyyət” öz xəbərinə verdi. Qəzet yazıb ki, “Prezident söz vermişdi! Bir ilk yaşandı”.

Ərdoğan Bakıya çatar-çatmaz, Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət edib, Türk Şəhidliyində olub və sair. Təbii ki, sonrakı görüşləri və aparacağı danışıqlar da iki müstəqil türk dövlətinin münasibətlərini daha da gücləndirməyə xidmət edəcək.

Türk mediasında yazılan bir cümlə azərbaycanlı oxucuların gözlərini nurlandırıb. Qəzetlər yazıb ki, Ərdoğan Şəhidlər Xiyabanını ziyət edərkən, oradakı hər bir şəhid məzarının üzərinə bir çiçək qoyub və bunun özü də ora ziyarətə gələn xarici dövlət başçılarının etmədiyi ilk davranışdır.

Bundan sonra isə Ərdoğan abidənin Şərəf dəftərinə bunları yazıb: “Əziz şəhidlərimiz, tarixi 24 iyun seçkilərindən sonra prezident idarə sisteminin 1-ci prezidenti olaraq mənəvi hüzurunuzda olmaqdan böyük şərəf duyuram. Sizlərin fədakarlığınızdan aldığımız ilhamla bu günədək olduğu kimi, inşallah bundan sonra da Türkiyə – Azərbaycan əlaqələrinin inkişafı üçün hər sahədə əmək sərf edəcəyik. Ruhlarınız şad olsun”.

Bu arada qeyd edək ki, Prezident Ərdoğan Bakıda dövlət agentliyinə müsahibəsində də deyib ki, “Bildiyiniz kimi, biz bu qardaşlığımızı “bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra, qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik”.

Ərdoğan daha sonra deyib: “Bu gün İlham Əliyevlə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram”.

KAFKASSAM-ın direktoru, eləcə də Beynəlxalq “Vizyon” Universiteti rektorunun müavini Hasan Oktay Hafta.az-a bildirib ki, Türkiyədə 24 iyunda keçirilmiş seçkidən sonra yeni dövlət idarəetmə sistemi dövriyyəyə girib. “Prezidentliyin yeni idarəetmə sistemi olduğu və baş nazir vəzifəsinin ləğv edildiyi yeni sistemdə Türkiyə daxili və xarici siyasət sahəsində olduqca aktiv fəaliyyət göstərəcək. Bu mənada, türkiyənin xarici siyasətdə daha çox önəm verdiyi iki ölkə var: Azərbaycan və KKTC. Ərdoğanın andiçmə törənini bitirər-bitirməz Bakıya səfər eləməsi Azərbaycan üçün çox vacibdir. Çünki Türkiyənin dəstəyini almış Azərbaycan və KKTC beynəlxalq sistemdə və regional siyasi münasibətlərdə mövqelərini xeyli gücləndirəcəklər. Türkiyənin Azərbaycana daha çox diqqət ayırması və bu dəstəyini mütəmadi şəkildə artıraraq davam etdirməsi yaxın gələcəkdə Türkiyənin yürüdəcəyi xarici siyasətin ip uclarını aşkara çıxarır. Yəni bu o deməkdir ki, Azərbaycan və KKTC hər zaman Türkiyə üçün çox vacib maraq dairəsidir”.

Tanınmış iqtisadçı Hüseyn Üzər bildirir ki, Türkiyədə reallaşmış seçkilərdən sonra prezident üsul-idarəçilik sisteminə keçid, ölkənin artıq önümüzdəkidönəmdə “G-8”ə daxil olacağına işarədir. “Azaldılmış məmur sistemi, sürətli qərar vermə mexanizmi və texnokrat sayıla biləcək peşəkarların idarə etdiyi dövlət, artıq bölgənin siyasi, ticari və strateji müstəvidə ən güclü dövlətlərindən biri olmağa namzəddir. İlk ziyarətin Azərbaycana edilməsinə gəlincə isə, bu iki ölkə arasında dostluq, ticarət və qardaşlıq bağlarınının daha da güclənəcəyinə işarədir. Necə ki, 15 iyul hadisələri zamanı ilk olaraq, qardaş Azərbaycan Türkiyənin yanında oldu, indi də Türkiyənin qardaşının yanında olması cox təbidir” deyən iqtisadçı onu da bildirir ki, ərsəyə gətirilmiş neft boru xətləri, TANAP və sair regional və ticari əlaqələri genişləndirən iki qardaş dövlət, Azərbaycanın dəstəyi ilə həm də Türk – Rus əlaqələrinin inkişafında açar rolu oynamaqdadır. “Xüsusilə də son illərdə Türkiyə – Rusiya mülki, hərbi və ticari əlaqələrində büyük inkişaf qeydə alınıb. S-400 havadan müdafiə sistemi və nüvə mərkəzinin inşasına dair atılan addımlar Türkiyə və Rusiyanı bir-birinə daha da yaxınlaşdırıb. İqtisadi və regional mənfəətlərdən başqa, yüzilliklərə söykənən bu əlaqələrin ticari və hərbi sahələrdə də inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına uyğun olacaq” deyir H.Üzər.

Üçüncü qardaş ölkə olan KKTC Din İşləri İdarəsinin sözçüsü Şükrü Aydın qeyd edir ki, Türkiyə – Azərbaycan münasibətləri iki ölkənin strateji əlaqələri baxımından dərin və mənalı təməl üzərində qurulub. “Biz Azərbaycan xalqını adı türk olan bir bütünün fərqli ölkələrdə yaşayan üzvləri kimi görürük. Seçilən dövlət başçılarının ilk olaraq bir-birilərini ziyarət etmələri simvolik mənadan daha çox, bu tarixi dərinlikdən və birlikdən qaynaqlanır. Bu isə, ənənə deyil, onları seçən xalqın tələbidir. Dünyaya baxdığımız zaman, bir-biriylə heç bir əlaqəsi və yaxınlığı olmayan ölkələrin ortaq tərəflər taparaq birlik olduqlarını görürük. Səbəbi, əsrimizin şərtlərində güclü, azad və müstəqil yaşamağın yolunun birlik qurmaqla düz mütənasib olmaqdan keçməsidir. Azərbaycanla Türkiyə arasında münasibətləri daha da gücləndirib, digər türk dövlətlərini də bu birlik ruhuna daxil etmək üçün çalışmalıyıq. Ortaq pul, ortaq pasport, maneəsiz səyahət, vətəndaşlıq kimi mövcud əngəllərin ortadan qalxdığı, daha mütərəqqi, insanları xoşbəxt və mürəffəh bir türk dünyası, Azərbaycandan Türkəyəyə, Türkmənistandan Qazaxıstana, Özbəkistandan Qırğızıstana, Şimali Kipr Türk Cümhuriyətinə qədər, mənim olduğu qədər əminəm ki, hər bir türkün xəyalıdır. Hökumət başçılarının ziyarətləri bu xəyalı həyata keçirən kiçik, amma böyük nəticələrə götürəcək addımlardır” deyir Ş.Aydın.

Araşdırmaçı yazar Qasım Alcan bildirir ki, bu sağlam təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə kömək göstərən təbii əsasların gücləndirilməsi yönümündə 200-dən çox anlaşma imzalanıb, ölkələrimiz arasında yüksəksəviyyəli səfərlər ildən-ilə artmaqdadır. Xüsusilə Xəzərin enerji ehtiyyatlarını dünya bazarına çıxarmaq üçün tikilmiş Bakı-Tiflis-Ceyhan boru və Bakı-Tiflis-Ərzurum qaz kəməri layihələrinin reallaşdırılması Azərbaycanla Türkiyə arasında qardaşlıqdan strateji ortaqlığa gedən yolda fövqəladə rol oynayıb. “Türkiyənin Azərbaycanla münasibətləri çoxşahəli və strateji səviyyədədir. Mütəmadi davam edən yüksək səviyyəli səfərlər, əlaqələri inkişafa doğru itələyən ən vacib amildir. Dövlət adamlarının iqtidara gəldikdən və ya simvolik önəmi olan hadisələrdən dərhal sonra bir-birini ziyarət etməsi artıq ənənə şəklini alıb” deyən Q.Alcana görə, iki qardaş ölkə arasında münasibətlər gələcəkdə daha da güclənəcək.

Beynəlxalq şərhci, KAFKASSAM politoloğu Çağatay Balcı da qəzetimizə müsahibəsində deyir ki, Ərdoğanın birinci prezident olaraq ilk səfərini məhz Azərbaycana etməsi bu iki ölkənin türk dünyasının iki böyük və önəmli gücü olduğunu göstərməkdədir. “Türkiyədə və ya Azərbaycanda tarix boyunca nə zaman böyük bir dəyişiklik olsa, bu iki ölkə bir-birinin yanında olub. Ərdoğanın bu ziyarəti türk qardaşlığının güclənməsini sürətləndirəcək və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları bütün dünyaya agah olacaq” deyən politoloq əlavə edib ki, ilk ziyarətin KKTC-yə deyil, məhz Azərbaycana edilməsinin səbəbi, Azərbaycanın ən böyük türk dövlətlərindən biri olmasıdır və bu səfər dünyaya verilən mesajdır.

Vüsal Tağıbəyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir