KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə-Rusiya-İran üçlüyünün Suriya ittifaqının növbəti toplantısı baş tutdu

Türkiyə-Rusiya-İran üçlüyünün Suriya ittifaqının növbəti toplantısı baş tutdu

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
327 0

Ankarada gözlənilən Türkiyə-Rusiya-İran üçlü sammiti baş tutub. Liderlər Ankarada Beştəpədə Prezident Sarayında bir araya gəliblər. Üçlü görüş mediaya qapalı keçirilib. Türkiyə heyətində prezident Ərdoğanla yanaşı baş qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, milli müdafiə naziri Nurəddin Canikli, MİT sədri Hakan Fidan və prezidentin sözçüsü İbrahim Kalın olub. Rusiya və İrandan isə əsas heyətdə prezidentlərlə yanaşı xarici işlər nazirləri və səfirlər olub. Toplantıdan sonra liderlər mətbuat üçün brifinq keçiriblər.

Qeyd edək ki, Ankarada keçirilən liderlər sammiti ikinci tədbir hesab olunur. İlk sammit İran, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə 2017-ci il noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçirilib. Ankarada keçirilən sammit 1 saat 40 dəqiqə davam edib.

Sammitdən verilən xəbərlər, liderlərin açıqlamalarına əsasən sammit zamanı hər 3 ölkənin lideri bir daha Suriyanın ərazi bütövlüyünə vurğu ediblər. Liderlər terrorla mübarizə adı altında bölgədə yeni reallığın yaradılmasına dair hər cür fəaliyyəti rədd etdikləri vurğulayıb. Liderlərin ortaq bəyanatında 22 noyabr Soçi sammitindən sonra Suriyada baş verənlər qeyd olunub və eyni zamanda yanvarda Astanada başladılan prosesin Suriya böhranının həlli istiqamətində mühüm addım olduğu qeyd olunub. Eyni zamanda liderlər Suriyada atəşkəsin təmin edilməsi, BMT TŞ-nin 2254 saylı qətnaməsi əsasında münaqişənin həll olunması ilə bağlı prosesi davam etdirmək üçün əməkdaşlığı davam etdirəcəklərini bildiriblər.

Bundan başqa Suriyanın suverenliyi, müstəqilliyi, birliyi, ərazi bütövlüyü və hansısa bir qrup mərkəzli olmayan sistemini müdafiə etdiyi bəyan edilib. Bundan başqa 30 yanvarda Soçidə keçirilən Suriya Milli Dialoq Konqresində qəbul olunmuş qərara əsasən Konstitusiya Komissiyasının qurulması prosesinin sürətləndirilməsi qərarlaşdırılıb. Liderlər terrorla mübarizə, qeyd olunan terror təşkilatlarının atəşkəsə qoşulmuş və qoşulacaq silahlı müxalif qruplardan ayrılması, mülki itkilərin qarşısının alınması istiqamətində önəm daşıdığını vurğulayıb. Bundan başqa sammitdə əldə olunmuş razılaşmaya əsasən növbəti sammit Tehranda keçiriləcək.


Liderlərin ayrılıqda açıqlamaları da olub və hər 3 ölkə prezidentinin açıqlamasında önəmli vurğu Suriyanın ərazi bütövlüyünün qorunması, Astana prosesinin başlanğıcında elan olunduğu kimi, terror təşkilatlarının müxaliflərdən ayrılması və ikincilərin atəşkəsə cəlb olunması, terror qruplarının isə məhv edilməsinə vurğu edilib. Bundan başqa hər 3 lider bəyan edib ki, əməliyyatlar davam edəcək, BMT-nin qəbul etdiyi prinsiplərə uyğun şəkildə Suriya münaqişəsinin həlli prosesi davam etdiriləcək. Eyni zamanda hər 3 lider açıq və ya örtülü şəkildə ABŞ-ın Suriyadakı rolunu tənqid edib, kürdlərə, eləcə də İŞİD-ə dəstək verməkdə ittiham ediblər.

Ankara sammiti 15 ay əvvəl Rusiya, Türkiyə və İranın birgə iştirakı ilə başladılmış Astana prosesinin davamıdır. Hazırda hər 3 ölkə Suriyada ciddi şəkildə əməkdaşlıq edir və məhz bu əməkdaşlıq nəticəsində Suriya münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişlərə nail olunub. Regionda və xüsusən də Suriyada aktiv gücü və rolu olan bu 3 ölkənin koordinasiyalı fəaliyyəti nəticəsində Suriyada böyük atəşkəs imzalanıb, İdlib kimi bölgədə nəzarət Türkiyənin əlinə keçib. Bundan başqa Türkiyə son il yarımda Suriyada iki uğurlu əməliyyat (“Fırat Kalkanı” və “Zeytin Dalı” – K.R.) keçirib, 4 min kvadrat kilometr əraziləri təmizləyib. Eyni zamanda İŞİD böyük ölçüdə məhv edilib, yalnız mərkəzdə kiçik bir sahədə mövcudluğunu qoruyub saxlayır. Tezliklə böyük siyasi anlaşma üçün danışıqların başlaması gözlənilir. ancaq eyni zamanda Türkiyənin Suriyanın şimalında daha böyük əraziləri nəzarətə götürməsi Tehran-Ankara xəttində narazılıq yarada bilər. O cümlədən hələlik büruzə verməsə də Moskvanın da xoşuna gəlməyə bilər. Ankara sammitində prezident Həsən Ruhani Afrin bölgəsinin Suriya hökumətinin nəzarətinə verilməsinin daha uyğun olacağını dilə gətirib.

Ancaq ümumilikdə fikir ayrılıqlarına və nəzərdə tutulan maraqların fərqliliklərinə rəğmən, bu, yeni bir əməkdaşlıq formatıdır və ötən ilin payızında Türkiyə və İranın koordinasiyalı şəkildə İraqda Kərkük şəhərinin təmizlənməsi əməliyyatı nəzərə alınmazsa bölgədə ciddi bir hərbi-siyasi əməkdaşlıq blokuna çevrilir.

Yeri gəlmişkən, bir gün əvvəl Rusiya ordusu baş qərargah rəisi Valeriy Gerasimov Ankaraya səfər edərək türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Ehtimal ki, generallar məhz prezidentlərin açıqlamadığı məsələləri, yəni Suriyadakı hərbi əməliyyatları müzakirə edib. Ehtimal ki, Ankarada bağlı qapılar arxasında həm də hərbi əməliyyatların növbəti mərhələsi, Menbic əməliyyatının taleyi müzakirə olunub.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir