KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ərəb millətçiliyinin 100 ildir bitməyən Fəxrəddin paşa sancısı

Ərəb millətçiliyinin 100 ildir bitməyən Fəxrəddin paşa sancısı

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
330 0

“Mədinə qaplanı”nın həyat hekayəsi
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayedin Osmanlı zabiti Fəxrəddin Paşanı ittiham edən paylaşımı ciddi etirazlara səbəb olub. Türkiyə prezidenti, hökumət, müxalifət ərəb nazirin ittihamına sərt cavab veriblər. Çünki məsələ tarixi olmaqdan daha çox siyasi mahiyyət daşıyır: Türkiyə ilə münasibətlərində ciddi soyuqluq olan ərəb ölkələrindən birinin yüksək rütbəli məmuru tarix üzərindən hərəkət edərək hazırkı Türkiyəni ittiham edir.

Musavat.com bildirir ki, Şeyx Zayedin paylaşımı belədir: “1916-cı ildə Türk Fəxri paşanın Mədinə əl-Münəvvərə xalqının haqqına girdiyi və onların mallarını qarət etdiyini, onları oğurladığını, Şamdan İstanbula “səfərbərlik” elan edərək, Mədinədəki əlyazmaları oğurladığını bilirdiniz? Bax, Ərdoğanın babalarının müsəlman ərəblərlə əlaqələri bu idi”.

Göründüyü kimi, ittiham tarix üzərindən həm də bu günə aiddir. Hazırda Türkiyə və körfəz ərəb ölkələri arasında soyuqluq var və bunu ən çox qabardan ölkələrdən biri də BƏƏ-dir. Qəribə də olsa bu gərginliyin səbəbkarı da bir başqa ərəb ölkəsi, yəni Qətərdir. Ancaq nazirin

Türkiyəni Fəxrəddin paşa üzərindən “vurması” ortada həm də ərəb millətçiliyi içərisində illərdir davam edən türk düşmənçiliyini gündəmə gətirib. Siyasi əlaqələrdən asılı olaraq bir çox zaman gizlədilən bu münasibət bəzən özünü bu şəkildə büruzə verir. Konkret olaraq bu ittihama gəlincə, burada ciddi təhriflər var. Hər zaman olduğu kimi, tarix siyasətə alət ediləndə tarixi hadisələr kontekstdən çıxarılaraq maraqlara xidmət etdirilir.

Ancaq doğrudanmı ərəb millətçiləri haqlıdır? Fəxrəddin paşanın əməllərinə 100 ildən sonra baxıb bir oğurluq adlandırmaq olarmı? Bu hadisələrə bir daha dönmək üçün tarixə nəzər salmaq lazımdır.

Bolqarıstanlı türk
Fəxrəddin Türkkan 1868-ci ildə hazırda Bolqarıstan ərazisində yerləşən Ruse (türkcə Rusçuk – K.R.) şəhərində doğulub. 1877-78-ci il müharibəsindən sonra ailəsi İstanubla köçüb. 1891-ci ildə hərbi məktəbi bitirərək orduda qərargah zabiti kimi xidmətə başlayıb. Balkan müharibəsi zamanı zabit kimi qəhrəmanlıq göstərib, Ədirnənin geri alınmasında xüsusi xidmətləri olub. Birinci dünya müharibəsi başlayanda polkovnik rütbəsi daşıyan Fəxrəddin Türkkan Osmanlı dövlətinin 4-cü ordusu, 12-ci korpusuna komandir təyin olunub və Mosulda xidmət edib. 1915-ci ildə isə eyni zamanda 4-cü ordu komandanının müavini təyin olunub. Bu dövrdə Urfa, Zeytun, Haçin, Musadağı kimi bölgələrdə erməni silahlılarına qarşı mübarizəyə rəhbərlik edib.

Osmanlıya qarşı ərəb üsyanı

1916-cı ildə Məkkə şərifi (rəhbəri) Hüseyn Britaniya hökuməti ilə anlaşaraq Osmanlıya qarşı silahlı üsyana hazırlaşır. Ərəbistanda vəziyyətin qarışacağını görən 4-cü ordu komandanı Camal paşa 1916-cı il mayın 28-də general (paşa) Fəxrəddin Türkkanı Mədinəyə göndərir. Mayın 31-də Mədinəyə gələn paşa üsyanın başlayacağını görür və bu barədə komandanlığa məlumat verir. 3 iyun 1916-cı ildə şərif Hüseyn və 4 oğlunun başçılığı altında ərəblərin Osmanlıya qarşı üsyanı başlayır. ərəblər dəmir yollarını və teleqraf xətlərini dağıtmağa başlayırlar. Sonrakı günlərdə Mədinədəki postlara hücumlar olsa da, üsyançılar uğursuzluğa düçar olur və geri çəkilir.

O zaman Fəxrəddin paşanın məhdud imkanlarla çoxlu sayda və ingilsilərin dəstəyini alan şərif Hüseyn tərəfdarlarına qarşı ciddi müqavimət göstərir. Ancaq ərəblərin hücumları getdikcə daha kəskin hal alır və saray Mədinəni boşaltmaq haqda göstəriş verir. Ancaq Mədinədəki Osmanlı bayrağını öz əli ilə endirməkdən imtina edən Fəxrəddin paşa hər ehtimala qarşı Mədinədəki müqəddəs əmanətləri toplayaraq 2 min əsgərin mühafizəsi altında İstanbula göndərir. Bundan az sonra isə Osmanlı ordusu şimala doğru çəkilməyə başlasa da, Fəxrəddin paşa Mədinəni tərk etməyib müdafiəni davam etdirir.

30 oktaybr 1918-ci ildə Osmanlı dövləti məğlub olaraq Mondros müqaviləsini imzalayır. Məğlubiyyətin qaydalarına əsasən Fəxrəddin paşa da təslim olmalıydı. Ancaq o, təslim olmur və sursatı, ərzağı bitənə qədər Mədinəni müdafiə etməyə davam edir. 72 gündən sonra, 1919-cu il yanvarın 13-də ərzaq və silah-sursatı bitən paşa təslim olur.

Fəxrəddin paşanın Mədinə müdafiəsi 2 il 7 ay davam edir və bununla da Mədinədəki 400 illik Osmanlı hakimiyyəti başa çatır. Britaniya ordusu tərəfindən “Türk qaplanı” adı verilən Fəxrəddin paşa Mədinədən hərbi əsir kimi Misirə, oradan da Maltaya sürgün edilir. 1921-ci ilə qədər sürgündə qaldıqdan sonra azad edilir və Türkiyəyə geri dönür. Hətta barəsində Antanta dövlətləri tərəfindən qurulmuş məhkəmə tərəfindən ölüm hökmü çıxarılır. Ancaq Ankarada qurulan Türkiyə parlamentinin səyləri nəticəsində azad edilərək Ankaraya gətirilir. Türkiyə ordusuna qatılan Fəxrəddin paşa cənub cəbhəsinə, fransızlara qarşı müharibəyə göndərilir. Ancaq tezliklə fransızlarla sülh bağlanır və müharibə başa çatır.

Fəxrəddin paşa 1921-ci ilin noyabrında Türkiyə parlamenti tərəfindən Əfqanıstana səfir təyin olunur. 1936-cı ilə qədər Türkiyə dövlətinə xidmət edən paşa həmin il istefaya çıxır. Fəxrəddin Türkkan 1948-ci ildə vəfat edir. Mədinənin müdafiəsində göstərdiyi qəhrəmanlığa görə, “Mədinə müdafiəçisi”, “Türk qaplanı”, “Çöl qaplanı”, “Mədinə qəhrəmanı” kimi ləqəbləri ilə məşhur olan Fəxrəddin paşa Mədinədəki müqəddəs dini əşyaları ingilis işğalından xilas edərək İstanbula gətirdiyi üçün çox sevilir. Çünki əks təqdirdə həmin əşyalar indi İstanbulda deyil, London muzeylərində olacaqdı. Ərəblər hələ də bu əşyaları tələb edirlər.

Topqapı əmanətləri

Fəxrəddin paşanın Mədinədən İstanbula göndərdiyi əşyalar 30 ədəd tarixi və dini baxımdan əvəssiz olan dəyərli əşyalardır. Burada qədim əlyazmalı Quran, qılınclar, qədim əlyazıları ilə Quran ayələri yazılmış lövhələr, təsbehlər, kitablar və sair əşyalar var.

Ərəb ölkələri bir neçə dəfə “müqəddəs əmanətlər”in geri qaytarılması tələbini rəli sürsələr də, əşyaların xilafətin son paytaxtında olması və müsəlmanların mühafizəsində olması arqumenti ilə bu tələblər qəbul olunmayıb. Ancaq ərəb siyasi millətçiliyi zaman-zaman Türkiyə ilə münasibətlər soyuyanda bu mövzunu gündəmə gətirir və Türkiyəyə qarşı arqument kimi istifadə edirlər.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir