Vizyon

İran’ın 17/25 Aralık’ı Mı Geliyor?

İbni-Xəldun: Ərəblər nədən vəhşidir?

Şirvanın və Azərbaycanın xilaskarı Osman Paşa

Türkiyəli politoloq: “NATO Türkiyənin müstəqil iradəsini qəbul edə bilmir”

“Terror hadisəsində Rusiya izi görünür”

Gündem 18 Şubat 2016
476

“Terror hadisəsində Rusiya izi görünür”
Hasan Oktay: “Prosesin gedişatı Türkiyəni Suriya müharibəsinə cəlb etmək və Rusiya ilə döyüşdürmək istəyini ortaya qoyur”

Qardaş Türkiyəni yasa boğan, Ankarada törədilmiş, 28 nəfərin ölümü, 61 nəfərin isə yaralanması ilə nəticələnən terror aktından sonra ölkənin hər yerində insanların söhbəti bu mövzudadır. Hər kəs hadisənin kimin və nəyə görə törədə bilməsindən danışır. Hökumət ilkin açıqlama yayıb, terrorçunun haradan gəldiyi bəllidir, amma əsl ssenari müəllifləri və təşkilatçılar azadlıqdadır. Təbii ki, təhlükəsizlik qüvvələri artıq əməliyyat keçirir, çox sayda tutulanlar da var. Deyilənə görə, eyni vaxtda 7 vilayətdə keçirilən əməliyyat zamanı bu partlayışla əlaqəsi ola biləcək 12 şübhəli saxlanılıb. Üstəlik, Türk Silahlı Qüvvələri həm PKK-ya, həm də Suriya ərazisindəki YPG-yə zərbələr endirib, 70-dən çox kürd terrorçu öldürülüb. Amma bütün bunlar heç də Türkiyə ictimaiyyətinin narahatlığını azaltmır. KAFKASSAM-ın direktoru Hasan Oktayla, necə deyərlər, ayaqüstü bu mövzuda söhbət elədim. Siz də söhbətimizə şərik olun:

– Ankaradakı partlayışı törədən terrorçunun əslən Suriyadan olan Saleh Najar olduğu bildirildi. Deyilənə görə, 1992-ci il təvəllüdlüdür. Suriyanın şimalında yerləşən Amuda qəsəbəsində yaşayırmış.

– Milliyyətcə ərəbdir, yoxsa kürd?

– Kürd olduğu söylənilir. Buna baxmayaraq, Suriyadakı Demokratik Birlik Partiyasının sədri Saleh Müslüm terrorçunun onlarla hər hansı bağlılığının olması faktını rədd edir. Mən deyim ki, Türkiyə bu açıqlamanı verərkən bir az tələsib. Amma xeyirli tərəfi də var – Ankara əslində, terrorçunun kimliyinə dair açıqlama verməklə, hadisəni aydınlaşdırmaq üçün zaman qazanıb.

– Məncə, partlayışı kimin törətməsindən daha çox, onun ssenarisini kimlərin yazdığını və bu prosesdə kimlərin iştirak etməsini aydınlaşdırmaq daha vacibdir…

– Bu düşünülmüş və idarəolunan terror aktıdır. Ona görə də bu terror olayında yalnız bir nəfərin iştirak etdiyini demək yanlışlıq olardı. Bir fakta diqqət edin: partlayışda istifadə edilən avtomobili İzmirdə oğurlayıblar. Amma nömrəsini əlüstü dəyişiblər. Çünki həmin gün maşına vurulmuş nömrə İstanbuldakı avtomobillərdən birindən açılıb. Sonra da avtomobilə xeyli miqdarda partlayıcı yüklənib və Böyük Millət Məclisi ilə Silahlı Qüvvələrin Baş Qərargahının aralığında, əsgərlərin keçmək istədiyi bir vaxtda partladılıb. Belə uzun və ağır prosesi Suriyadan gəlmiş bir gəncin təkbaşına icra etməsi mümkünsüzdür. Hər halda terror olayının arxasında ilk görünən PKK-PYD-YPG üçlüyüdür. Amma burada başqa əllər də görünür. Şərh vermək çətin olsa da, prosesin gedişatı Türkiyəni Suriya müharibəsinə cəlb eləmək və Rusiya ilə döyüşdürmək istəyini ortaya qoyur.

– Bu olayda İŞİD-in də əli ola bilərdi, niyə məhz PKK-PYD-YPG üçlüyündən şübhələnirlər?

– Yenə deyirəm, terroru törədən şəxsin həmin bölgədən gəldiyi və milliyyətcə kürd olduğu bəllidir. Amma onun hansı təşkilat və ya kəşfiyyat orqanı ilə əməkdaşlıq eləməsinə dair sübut yoxdur. Bəli, YPG-nin adı çəkilir, amma Saleh Müslümün də dediklərini diqqətdən qaçırmaq olmaz. Çalışmaq lazımdır ki, proses boyu soyuqqanlı davranılsın, əks təqdirdə, Rusiya ilə müharibə başlaya bilər.

– Rusiyadan şübhələnilir, amma Moskva hadisədən sonra ilk olaraq başsağlığı mesajı göndərdi və terror olayını pisləyən bəyanat yaydı…

– İşin arxasında Rusiyanın olma ehtimalı var. Amma bunu isbatlamaq çox çətindir və ya təsdiqlənsə belə, gizli saxlanılacaq. Bütün hallarda Rusiyanın olma ehtimalı olduqca güclüdür. Nəzərə alın ki, ABŞ YPG-yə silah versə də, əslində, bu təşkilat Rusiyanın təsiri altındadır. Türkiyənin YPG silahlılarının mövqelərini top atəşinə tutması Ankarada baş verən partlayışın görünən səbəbidir. Rus təyyarəsinin vurulmasından, Davudoğlunun Ukrayna səfəri zamanı verdiyi bəyanatlar və əməkdaşlıq müstəvisində alınan qərarlardan, eləcə də Böyük Millət Məclisində səsləndirdiyi çıxışlardan sonra Rusiyanın Türkiyədə hansısa belə qanlı hücumlar həyata keçirəcəyi gözləmək mümkün idi.

– Bu hadisə yaşandı. Keçdi. Siz şəxsən yaxın bir ay ərzində nələr gözləyirsiniz, hansı sürprizlərlə qarşılaşacaq ictimaiyyət?

– Mən bu qənaətdəyəm ki, hökumətin yanlış mövqeyi üzündən ölkə əziyyət çəkir. Əgər Türkiyə xarici siyasətini dəyişməsə, indiki mövqeyində qalarsa ikinci Suriyaya çevriləcək. Türkiyənin Suriyada etmək istədiklərini burada Rusiya və İran edəcək, Əsədin yerində isə Ərdoğan olacaq. Mən bu fikri artıq beş ildir səsləndirirəm: bizim hökumət Əsəd getsin deməklə, əslində, Ərdoğanın getməsini sürətləndirir. Əgər proseslər bu cür davam edərsə, Türkiyədə vətəndaş müharibəsi başlayacaq. Bunun qarşısını almağın yeganə yolu isə odur ki, Ərdoğan təcili Təhlükəsizlik Şurasının iclasını keçirməli, ölkədəki qarmaqarışıqlığı yoluna qoymaq üçün müharibə deyil, sülh və diplomatiya taktikasını seçdiyini elan etməlidir.

Vüsal Tağıbəyli

Yorumlar