KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Lavrovun müsəlmanları birləşdirmək çağırışı – Kremlin məkrli planı, yoxsa…

Lavrovun müsəlmanları birləşdirmək çağırışı – Kremlin məkrli planı, yoxsa…

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
388 0

“Kafkassam”ın rəhbəri Həsən Oktay Rusiya XİN rəhbərinin açıqlamasını Moskvanın yeni strateji gedişi hesab edir…

Rusiya müsəlmanları birləşdirməyə çalışır. Daha doğrusu, aralarında münaqişə olan müsəlman dövlətlərini bir araya gətirmək fikrindədir. Bu barədə xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Reportun xəbərinə görə, Rusiya XİN başçısı “Russia Today”” telekanalına müsahibəsində deyib ki, “bütün müsəlmanların birliyini elan edəcək və İranla Səudiyyə Ərəbistanı arasında barışığı asanlaşdıracaq ümumislam konfransının keçirilməsinin vaxtı çatıb”. Onun sözlərinə görə, müsəlman dünyasında problemləri ümumi İslam həmrəyliyi çərçivəsində konfessional bərabərlik yolu ilə həll etmək daha yaxşı olardı. XİN başçısı Rusiyanın tərəflər arasında dialoq qurmağın və hər iki ölkəni maraqlandıran məsələlərin nəzərdən keçirilməsinin tərəfdarı olduğunu söyləyib: “Regionun iki böyük ölkəsindən söhbət gedir, ola bilməz ki, onların regionda ortaq maraqları olmasın. Sadəcə, oyun qaydalarını tənzimləməlidirlər. Bu işdə yardım göstərməyə hazırıq”.

Əlbəttə, son illərdə Yaxın Şərqdə aktiv oyunçuya çevrilən Rusiyanın xarici işlər nazirinin bölgəni böyük müharibə ilə təhdid edən İran-Səudiyyə qarşıdurmasının aradan qaldırılması təşəbbüsü ilə çıxış etməsi normaldır. Moskvanın bu təşəbbüsü, hətta nail olmasa belə, onun bölgədə rolunu və nüfuzunu gücləndirə bilər. Belə bir planın ortaya atılması və bu istiqamətdə Rusiyanın rəhbərliyi ilə prosesin başlanması Moskvanın diplomatik üstünlüyü mənasına gələcək.

Doğrudur, indilikdə İran və Səudiyyə Ərəbistanının barışması o qədər də asan görünmür, əksinə, proseslər qarşıdurmanın daha da dərinləşəcəyindən xəbər verir. Ancaq Lavrov bir məsələdə haqlıdır ki, iki dövlətin də hansısa məsələlərdə ortaq maraqlarının olması mümkündür. Lakin indiki hakimiyyətlərin dövründə barışığın əldə olunması qeyri-mümkün görünür.

Image result for Hasan Oktay

Ankarada yerləşən “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oktay Lavrovun açıqlamasını Rusiyanın yeni strateji gedişi hesab edir. Onun fikrincə, Rusiya həm öz daxilindəki müsəlman əhali, həm də bütövlükdə müsəlman aləmində təsirini gücləndirməyə çalışır: “Tramp yeni təhlükəsizlik strategiyasını açıqladı və məlum oldu ki, Çin gələcək dövrdə bütün diqqətləri üzərinə çəkəcək. Rusiya bu mərhələdə söz sahibi olmaq üçün ilk növbədə 20 milyona yaxın öz müsəlman əhalisi üzərində söz sahibi olmaq, təsirini möhkəmlətmək istəyir. Eyni zamanda Rusiya İslam Əməkdaşlıq Təşkilatına ən azından indiki mərhələdə müşahidəçi kimi daxil olmaq istəyir. İslam dünyasını tərəfinə çəkə biləcək bu yeni strategiya Yeni Dünya Sisteminin qurulmasında mühüm faktor olacaq”.

Bu səbəbdən Həsən Oktayın fikrincə, Rusiya müsəlman aləminin bir nömrəli probleminə çevrilmiş, faktiki olaraq müsəlman ölkələrini bölmüş İran-Səudiyyə Ərəbistanı gərginliyi üzərində söz sahibi olmaq istəyir: “Bununla da münaqişə həll olunmasa belə, Rusiya mövqeyini qəti şəkildə ortaya qoyduğu üçün gələcəkdə istənilən problemdə Moskvada aktiv rol ala biləcək. Bu da Rusiyaya ciddi mənada manevr imkanları yaradacaq”.

Həsən Oktay Rusiyanın bu fəallığının arxasında həm də Türkiyə ilə yaxınlaşmanın olduğunu düşünür. Ekspertin fikrincə, Türkiyə yeni mərhələdə aktiv regional siyasət aparacaq: “Son zamanlar Türkiyənin xarici siyasətdə etdiyi həmlələr yeni qurulacaq dünya sistemində ciddi rol almasında Ankaraya yardım edəcək. Türkiyə-Rusiya əlaqələrini də bu baxımdan dəyərləndirsək, yeni dönəmdə Türkiyənin çox aktiv bir xarici siyasət yürütməsinin şahidi olacağıq”.

Bəs Rusiyanın Yaxın Şərqdə böyük bir böhranı həll etmək üçün potensialı varmı? H.Oktay deyir ki, Rusiya prosesin içərisindədir, münaqişə ilə tanışdır: “Rusiya və Türkiyə bu qarşıdurmanı dayandırıb bölgədə aktiv rol ala bilər. Rusiya ilə Türkiyə arasında baş verən ”təyyarə” böhranı buna sübutdur”.

“Rusiya müsəlmanların problemlərinin həllində nə qədər səmimidir, 25 ildir işğal altında olan Qarabağın azad edilməsi istiqamətində ciddi cəhdi olmayan Moskvanın müsəlman aləminin problemlərinə nə qədər yaxındır” sualına cavabında ekspert qeyd edir ki, Qarabağ münaqişəsini Rusiya “özününküləşdirib”, bu səbəbdən kənardan müdaxilə mümkün olmur: “Qarabağ münaqişəsindəki vəziyyətə fərqli yanaşmaq lazımdır. İslam dünyasındakı problemləri müsəlmanlar özləri həll edə bilmədikləri üçün kənardan müdaxilə ehtiyacı hər zaman yaranır. Bu səbəbdən də xarici güclər, o cümlədən Rusiya indi məhz buna görə dövriyyədədir. Qarabağ probleminin həlli belə baxanda asandır, digər tərəfdən də çox çətindir. Bu, regional münaqişə olduğu üçün müəyyən mənada Rusiyanın az qala, daxili problemi kimi təqdim olunur. Bu isə münaqişənin həllini daha da çətinləşdirir, çünki istənilən halda həll bir ölkədən asılı olur. Konfliktin həllinin asan yolu Azərbaycanın hər şeyi gözə alaraq hərəkət etməsidir. Ancaq indiki zamanda bu mümkün deyil”.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir