Rus basının “Akkuyu casusu” iddiası: Akkuyu projesinde tuhaf şeyler de oluyordu

LAVROV BMT-NİN 4 QƏTNAMƏSİNİ ƏSAS SAYMIR

Fransız-Alman Ortaklığı Derinleşiyor

Trump-Putin Temmuz ayı görüşmesinde Afganistan’a ortak müdahalemi görüşülecek

Azərbaycanda Türkiyə imici və ya Türkiyədə Azərbaycan imici

Azerbaycan 14 Şubat 2017
456

“Ölkələr arasında mədəni əlaqələr siyasi və iqtisadi əlaqələrdən sonra gəlir. Lakin Azərbaycan və Türkiyə arasında münasibətlər bir qədər spesifik xüsusiyyətə malikdir.” Ə.Ələsgərli

Azərbaycanda Türkiyə imici və ya Türkiyədə Azərbaycan imici
Azərbaycan Respublikasında doğulmuş-böyümüş, taleyin nəsibiylə Türkiyəyə gəlmiş Ələskər Ələsgərli. O, Karabük Universiteti İqtisadi və İdaretmə Elmləri fakültəsində Beynəlxalq Əlaqələr bölümünün rəhbəridir. Rusiya, Orta Asiya və Qafqaz regionu ilə bağlı araşdırmaların müəllifi olan Ə.Ələsgərlinin tədqiqatları arasında Gürcüstanda yaşayan müsəlman azlıqlar, habelə Qafqazda yaşayan türk xalqlarının sosial və ictimai vəziyyətinə dair problemlər yer alır.

Ələsgər Ələsgərlinin fikrinə görə, “Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etsə də, hələ kəşf olunmamış böyük potensiallar var. Xüsusi diqqət verilməli məqamlardan biri siyasi-mədəni istiqamətdir.

Ümumiyyətlə, ölkələr arasında münasibətlərdə bir qayda olaraq mədəni əlaqələr siyasi və iqtisadi əlaqələrdən sonra gəlir. Lakin Azərbaycan və Türkiyə arasında münasibətlər bir qədər spesifik xüsusiyyətə malikdir. İki ölkə xalqları arasında soy birliyi, dil, din, adət və ənənələrdəki yaxınlıq və s. faktorlar mədəni əlaqələrin daha sürətlə inkişaf etməsi üçün zəngin baza yaradır. Bu münasibətlər nəticə etibarilə iki ölkə arasında siyasi münasibətlərin xarakterinə də təsir göstərir. Ona görə də ikitərəfli münasibətlərin inkişaf etdirilməsində mədəni dəyərlər müstəsna əhəmiyyətə malikdir.”

Azərbaycanda Türkiyə imici və ya Türkiyədə Azərbaycan imici.

Karabük Universiteti İqtisadi və İdaretmə Elmləri fakültəsində Beynəlxalq Əlaqələr bölümünün rəhbəri Ələsgər Ələsgərli maraqlı məqama toxunaraq deyir: “Ümumtürk mədəniyyəti bu gün böyük ölçüdə populyar mədəniyyət vasitəsilə tanınır. Yəni türk sənətçiləri, mahnıları, seriallar və televiziya proqramları Türkiyənin “yumşaq güc”dən istifadə etməsi baxımından böyük imkanlar yaradır. Azərbaycan mədəniyyəti isə daha çox klassik və peşəkar əsərlər üzərindən təbliğ edilir. İkincinin təbliği birincidən daha çətindir və peşəkarlıq tələb edir. Təəssüf ki, Azərbaycanın klassik və eyni zamanda, populyar sənət ünsürlərinə çevrilmiş bir sıra mədəni dəyərlərinin Türkiyədə qiymətləndirilməsi çətinliklərlə müşayiət olunur. Üstəlik, erməni diasporu tərəfindən Azərbaycanın mədəni dəyərlərinin mənimsənilməsi cəhdləri də var. Məsələn, götürək, “Sarı gəlin” xalq mahnısını. Bu mahnının tarixçəsinə dair Türkiyədə müxtəlif yanaşmalar var. Müxtəlif mübahisələrin olması təbii haldır. Bu mübahisələr aparıldığı zaman elmi əsaslara söykənilməli, ortada olan mənbələr hərtərəfli araşdırılmalı və nəticə çıxarılmalıdır. Lakin bir sıra mədəni dəyərlər kimi, “Sarı gəlin” türküsü də Türkiyədəki ermənipərəst bəzi qondarma “ziyalılar” tərəfindən onların adına yazılmaqdadır. Türk mətbuatında “Sarı gəlin”in erməni türküsü olmasına dair iddialar da yer alır. Amma bu iddialara professional cavab da verilir. Azərbaycanlı bəstəkar Cavanşir Quliyev bununla bağlı peşəkar bir açıqlama verdi. Bildirdi ki, “Sarı gəlin” mahnısı “Şur” muğamı əsasında yaradılıb, uzun mahnılardan sayılır. Uzun türkülər isə türk xalqları folklorunun önəmli hissəsi hesab edilir. Bəstələmə tərzinə görə, digər xalqların mahnılarından nəqarətin olmaması ilə fərqlənir. Bəstəkar elmi əsaslardan yola çıxaraq “Sarı gəlin”in bir Azərbaycan türküsü, yəni türk xalqının musiqisi olduğunu ifadə etdi.
Yaxud da “Çırpınırdın, Qara dəniz” mahnısı ətrafında da bir ara fikir dəllalları meydana gəlmişdi. Guya bu mahnının musiqisi hələ XVIII əsrdə Sayat Nova tərəfindən bəstələnib. Halbuki sözləri Əhməd Cavada və musiqisi Üzeyir Hacıbəyliyə aid olan “Çırpınırdın, Qara dəniz” mahnısı Azərbaycanın mədəniyyət tarixində özünəməxsus mənəvi yeri olan, Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən çox qiymətli əsərdir. Bununla həm də müəlliflik hüquqları tapdalanır.
Mədəni irsimizin də mənimsənilməsi, əslində, zaman-zaman qarşımıza çıxan “erməni məsələsi”nin tərkib hissəsidir. Bu, Azərbaycanın da, Türkiyənin də problemidir və keçmişdə bu üzdən nələr yaşadığımızı bilirik, hər iki ölkənin xalqlarının qan yaddaşı buna şahiddir. Unutmamaq millətin tarix şüurunu canlı tutmasının ən vacib şərtidir. Tarix şüur bir ağac kimidir. Hər zaman bəslənməlidir. Əgər bəsləməsən, yavaş-yavaş quruyar və məhv olub gedər.
Bu gün Türkiyədə bir çox ölkələrin mədəniyyət mərkəzi fəaliyyət göstərir. Təkcə ABŞ, İngiltərə, Fransa kimi böyük dövlətlərin deyil, bir çox ərəb ölkələrinin və İranın da mədəniyyət mərkəzləri var. Bu mərkəzlər öz ölkələrinin tarixi, dili, mədəniyyəti və ictimai əlaqələri sahəsində müxtəlif tədbirlər, kurslar və s. təşkil edir. Türkiyədə Azərbaycan dərnəkləri, cəmiyyətlər də var, amma Türkiyədə geniş miqyasda fəaliyyət göstərən və hər kəsin tanıdığı mədəniyyət mərkəzimiz yoxdur. İctimai və mədəni sahədə dəyərlərimiz və milli məsələlərimizin yükü çox vaxt ayrı-ayrı soydaşlarımızın çiyinləri üzərindədir. Diaspor fəaliyyəti şəxsi məsələ deyil, millət və dövlət məsələsidir.

Biz bəzən bugünkü erməni dövlətinin qurulduğu torpaqların türklərin tarixi yurdları, Yerevanın İrəvan olduğunu tarixçilərə belə başa salmaqda çətinlik çəkirik. Halbuki Şərqi Anadolu və Qafqaz bir-birindən qoparılmağa çalışılan (bu gün də davam edən) türklük mədəni arealı içindəki bütövlüyün eyni çalarlara, eyni özəlliklərə sahib parçalarıdır. Bu problemin həlli istiqamətində lazımi addımların atılmasının vaxtı çoxdan çatmışdır.
Bir məsələyə də diqqət çəkmək istəyirəm. Bəzən Azərbaycanda sosial şəbəkələrdə, forumlarda və mətbuatda xüsusilə belə fikirlər söylənilir ki, tarix, mədəniyyət, milli mətbəx, folklor və s. kimi sahələrdə ermənilərlə aparılan polemikalar mənasızdır, buna zaman itirməyə dəyməz. Burada söhbət bu və ya digər mahnı, çalğı aləti, yemək növündən getmir. Belə bir yanaşma dar düşüncənin məhsuludur. Mədəni dəyərlərin qorunması milli və mənəvi bir vəzifədir.

Müasir dövrdə dövlətlər arasında “yumşaq güc” faktorunun əhəmiyyəti olduqca böyükdür və bu gücün ünsürləri arasında mədəni dəyərlərin tanınması və təbliği müstəsna əhəmiyyətə malikdir.”

Etiketlәr: Qara dəniz” , “Çırpınırdın , “Sarı gəlin” , Türkiyə-Azərbaycan münasibətləri , Ali Alesgerli , Əli Ələsgərli , Karabük Universiteti İqtisadi və İdaretmə Elmləri fakültəsi , Qafqazda yaşayan türk xalqları , Türkiyədə Azərbaycan imici , Azərbaycanda Türkiyə imici

Yorumlar