KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ümumtürk milli şüurunun daşıyıcıları kimi fəaliyyət göstəririk

Ümumtürk milli şüurunun daşıyıcıları kimi fəaliyyət göstəririk

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
383 0

Qalib Ağayev: “Biz yaşadığımız ölkələrdə yalnız Azərbaycanın deyil, eyni zamanda Ümumtürk milli şüurunun daşıyıcıları kimi fəaliyyət göstəririk”

Artıq üçüncü ildir ki, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatı Təşkilatının səyləri nəticəsində Türkiyənin Antalya şəhərində dünyanın müxtəlif ölkələrindən gələn Azərbaycan diaspor təşkilatlarının toplantısı keçirilir. Toplantıda Avropa, Rusiya, Türkiyə, Azərbaycan, İran və s. ölkələrdən qatılanların olması toplantının sanbalını və əhəmiyyətini artırır. Toplantının əsas təşkilatçısı, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatı Təşkilatının sədri Qalib Ağayevlə söhbətimizə də bununla bağlı məlumat verməsini xahiş edərək başladıq…

– Sovet filmində olan kimi biz də hər il diaspor aktivləri ilə birlikdə Antaliyaya səfər edirik. Bu il üçüncü il olacaqdır ki, Rusiyanın müxtəlif regionlarının təşkilat rəhbərləri ilə birlikdə həm münasibətlərimizi və əməkdaşlığımızı sıxlaşdırmaq, həm də istirahət etməyi planlaşdırırıq. Antalya səfərində müxtəlif regionların təşkilat rəhbərləri ilə yanaşı, ictimai xadimlər, alimlər, iş adamları bir yerə toplaşıb 8-10 gün ərzində həm əməkdaşlıq məsələləri qururuq, həm də dincəlirik. 2014-cü ildə Antalyada tanınmış alim, ictimai xadim Heydər İmanovun yubileyini təşkil etdik. Rusiyaya həsr edilmiş birinci nərd turniri keçirildi. Həmin il Antaliyanın rus icması ilə görüşlərimiz oldu, şahmat və başqa intellektual idman növlərindən ibarət yarışlar təşkil etdik. 2015-ci ildə təşkil edilən ikinci nərd turniri 17 noyabr Azərbaycan Milli Dirçəliş gününə həsr edildi. Yenə də Antaliyanın rus icması ilə əlaqələri genişləndirdik. Bu il isə bizim toplantıya Türkiyədən, Avropadan, Rusiyadan, Azərbaycandan qoşulmaq istəyirlər. Bu ilki, yəni üçüncü nərd turnirini Mustafa Kamal Atatürkə həsr edəcəyik. Bir sıra tədbirlər, dəyirmi masalar keçirməyi, təşkilatlar arasındakı əməkdaşlığı inkişaf etdirməyi, əməkdaşlıq proqramı və formalarını genişləndirməyi nəzərdə tutmuşuq. Antaliyanın şəhər meri ilə və rus icması ilə görüşlərimiz, Antaliyada keçirilən Dostluq festivalında aktiv şəkildə iştirakımız planlaşdırılıb. Toplantılarımız əsasən Side də Seher san 5* otelində 19-29 noyabr tarixlərində olacaq.

– Toplantının təşkilində məqsəd nədir?

– Əslində bizim bu fəaliyyətimiz istirahətdən daha çox birlikdə əməkdaşlığa daha çox oxşayır. Biz bir-birimizlə yaxından tanış oluruq. Bir-birimizə olan etibarımız artır. Belə bir məsəl var, qardaşın necə adamdır sualına, yoldaş olmamışam cavabı verilir. Mən hər zaman düşünürdüm ki, niyə azərbaycanlılar birlikdə işləmir, əməkdaşlıq etmir, bir-birinə etibar etmir, nəticədə də ciddi bir işbirliyi alınmır. Hətta Rusiyada bir-biri ilə yox, Azərbayacan gedərək qohumları ilə yenidən qohumlaşırlar. Rusiyadakı Azərbaycan diasporunun nə vəziyyətdə olması hamıya bəllidir. Əsas məqsədimiz təşkilatlararası münasibətləri yaxınlaşdırmaq, genişləndirmək, birgə planlar hazırlamaq, onları həyata keçirmək, sadaladığım neqativ halların aradan qalxmasına çalışmaqdır.

– Toplantıya kimlərin qatılacağı dəqiqləşib?

– İlkin anlaşmaya görə ən çox Rusiyadan – Moskva şəhəri və vilayəti, Uzaq Şərq, Sibir, Volqaboyu, Sankt-Peterburq, o cümlədən Ukrayna, Azərbaycan, Avropa, Türkiyə, İran kimi ölkələrdən, onların regionlarından təşkilat nümayəndələri qoşulmaq fikirlərini təsdiqləyiblər.

– Əvvəlki toplantıların nə kimi nəticələri olub?

– Bir-birimizi tanımışıq, əlaqələrimiz artıb, birlikdə əməkdaşlıq eməyə başlamışıq. Ənənəvi nərd turnirlərini keçiririk, müxtəlif insanların maraqlarını ödəyən proqramlar hazırlayırıq ki, darıxdırıcı olmasın. Bu insanların hesabına Antaliya görüşlərinin coğrafiyası və sanbalı ötən hər ildə daha da artır.

– Türkiyə dövlətinin toplantıya münasibəti necədir?

– Açıq desək hələlik gözlədiyimiz münasibəti görə bilmirik. Əslində biz də bu tədbirlərimiz haqqında normal informasiya hazırlayıb verməmişik və ona görə də onlardan da ciddi reaksiya gözləmirik. Amma bizim bu toplantılarımız ən azından Türkiyə turizminə ciddi töhfədir. Bundan başqa unutmaq olmaz ki, biz yaşadığımız ölkələrdə yalnız Azərbaycanın deyil, eyni zamanda Ümumtürk milli şüurunun daşıyıcıları kimi fəaliyyət göstəririk. Əslində məhz bu iki mühüm məqam Türkiyənin gələcək inkişafında maraqlı olan bütün təşkilatların – istər dövlət olsun, istər qeyri-hökumət təşkilatı olsun, hamısının diqqətini cəlb etməli, onlar bizimlə əməkdaşlıqda fəal olmalıdırlar.

– Gələcəkdə bu toplantıları genişləndirməyi nəzərdə tutursunuzmu?

– Əlbəttə toplantılarımızı genişləndirməyə, orada Azərbaycan-Rusiya-Türkiyə münasibətlərinin inkişafında maraqlı olan insanları cəlb etməyə çalışırıq. Bu istiqamətdə daha çox insanın qatıldığı dəyirmi masa və konfrans keçirmək, elmi, mədəni, biznes əlaqələrini inkişaf etdirmək, toplantılarımıza və çalışmalarımıza daha çox sayda ziyalı və yaradıcı insanları cəlb etmək fikrimiz var. Bu eyni zamanda dünyanın müxtəlif ölkələrindəki diaspora fəallarının, Azərbaycanın mənafeyi uğrunda birlikdə işləməyi öyrənmələri istiqamətində atılan ciddi addımdır.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir