Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycana səfər etdi. Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Berdiməhəmmədov dedi ki, müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir.
Həqiqətən 15-20 il əvvəl iki ölkə arasındakı münasibətlərdə mövcud olan gərginlik yoxdur. SSRİ dağıldıqdan sonra Türkmənistanla Azərbaycan arasında gərginlik yaradan əsas səbəblərdən biri Xəzər dənizindəki “Kəpəz” yatağıyla bağlı idi. Azərbaycan neftçilərinin kəşf etdiyi həmin yatağı Türkmənistan özününkü sayır və adını “Sərdar” qoymuşdu. Azərbaycan münasibətləri daha da gərginləşdirməmək üçün həmin yataqda çalışmalara başlamadı. Bunun qarşılığında da Türkmənistan həmin yatağa olan iddasını əvvəlki illərdə olduğu kimi sərt şəkildə gündəmə gətirmir.
Türkmənistan və Azərbaycan prezidentləri arasında görüşlərin intensivliyi artıb. Təxminən bir aydan sonra sentyabrın 17-də Azərbaycan prezidenti Türkmənistana gedərək V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək.
Türkmənistan prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə arasında bir neçə sənəd imzalanıb. Bunlardan ən vacibi prezidentlərin imzaladıqları “strateji tərəfdaşlıq haqqında bəyannamədir”. Digər sənədlər də əməkdaşlığın inkişafına təkan verməlidir. Məsələn iki ölkənin limanları ilə yük daşımaların artması barədə saziş imzalandı. Bu yolla rəsmi Bakı tikintisi tamamlanan Bakı-Tiflis-Qars dəmiryolu üzərindən yük daşımaların artmasına nail ola bilər. Türkmənistanla Türkiyə bu dəmir yolu vasitəsilə ticarət mübadiləsini artırmaq imkanına malik olacaqlar.
Türkmənistanla Azərbaycan arasındakı əməkdaşlıqda ən vacib mövzu türkmən qazının Azərbaycan üzərindən Avropaya daşınmasını təmin etməkdir. Prezidentlərin Bakı görüşündə mətbuata Xəzərin dibi ilə boru xəttinin çəkilişi haqqında konkret nəsə deyilməsə də, Qurbanqulu Berdiməhəmmədovun mətbuat üçün verdiyi açıqlamada bu sözləri diqqət çəkdi: “Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik”. Faktiki bu o deməkdir ki, Türkmənistan öz qazının nəqli məsələsində Azərbaycanla əməkdaşlıq etmək istəyir.
Türkmənistan öz qazını yalnız Rusiya ilə deyil, başqa marşrutlarla da dünya bazarlarına çatdırmaq istəyir. Rusiyadan asılılıq Türkmənistana baha başa gəlir, “Qazprom” şirkəti istəyəndə türkmən qazını alır, istəməyndə isə boru xəttinin fəaliyyətini dayandırır. Bu isə Türkmənistanda iqtisadi vəziyyəti ağırlaşdırır. Buna görə də Aşqabadın Rusiyanın boru xətti asılılığından qurtulması üçün Xəzərin dibi ilə boru xəttinin tikintisinə razılaşması vacibdir. Ancaq Aşqabadın Avropaya ünvanlanmış “gəlin qazımı sərhəddən alın” təklifinə heç kim razılaşmayacaq. Xəzərin dibi ilə boru xəttinin tikilməsi üçün Türkmənistanın Avropa, Türkiyə və Azərbaycanla səylərini birləşdirməsi və bu qüvvələrin özlərində güc tapıb birlikdə Rusiyaya “bizim daxili işimizə qarışma, Xəzərin dibi ilə boru xəttinin çəkilməsinə mane ola bilməzsən” demələri lazımdır.
“Atlas” Araşdırmalar Mərkəzi