KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Trampın Qüds səfəri və Yaxın Şərqdə yeni planlar

Trampın Qüds səfəri və Yaxın Şərqdə yeni planlar

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
354 0

İlk xarici səfər turunu davam etdirən ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı səfərindən sonra İsrailə gəlib. İlk olaraq Təl-Əviv “Ben Qurion” hava limanında rəsmi açıqlama verən ABŞ prezidenti İsrailə dəstək mesajı verib və “Yaxın Şərqdə sülh üçün birlikdə çalışacaqlarını” bəyan edib. İsrail prezidenti isə bu səfərin ərəb-İsrail münaqişəsinin həllində dönüş nöqtəsi olacağını bildirib.

İsrail baş naziri Benyamin Netanyahu bu səfəri “tarixi hadisə” adlandırıb və daha əvvəl heç bir ABŞ prezidentinin ilk xarici səfərini İsrailə etmədiyini deyib. Eyni zamanda bu səfərin ərəb-İsrail sülhü üçün bir ümid yaratdığını deyən Netanyahu “ümid edirəm bir gün İsrail baş naziri Təl-Əvivdən ər-Riyada uça biləcək” deyib. Bununla da aradakı bəzi problemlərin hələ də qaldığına işarə edib. Çünki ilk dəfə Tramp ər-Riyaddan İsrailə təyyarə ilə birbaşa reyslə gəlib. Səudiyyə Ərəbistanı İsraili dövlət olaraq tanımır, iki ölkə arasında əlaqələr mövcud deyil.

ABŞ prezidenti deyib ki. İsrailə səfəri iki ölkə arasında “qırılmaz bağı” yenidən təsdiq etmək olub. Daha sonra Tramp həyat yoldaşı, qızı və yəhudi əsilli kürəkəni, eyni zamanda müşaviri Kuşnerlə birlikdə Qüdsdəki məşhur “ağlama divarı”na gedib və vəzifədə olan ilk ABŞ prezidenti olaraq divar önündə dua edib, yazdığı məktubu divarın yarığına qoyub. Həyat yoldaşı və qızı isə divara qadınlar üçün olan bölümdən girib.

Qeyd edək ki, ABŞ-ın bundan əvvəlki prezidenti Obama da 2008-ci ildə seçkilərdən bir neçə ay əvvəl, prezidentliyə namizəd olarkən iyul ayında Qüdsü ziyarət edərək “ağlama divarı”nda dua edib. Obama bununla yəhudi lobbisinin dəstəyini təmin edib. Tramp isə ilk dəfə fəaliyyətdə olan bir prezident kimi Qüdsə gedərək divar önündə dua edib.

Trampın Qüdsə səfər etməsi, “ağlama divarı”nda dua etməsi dünyada böyük rezonans doğurub. İlk növbədə İsrail rəhbərliyi bu hadisədən məmnun görünüb. Baş nazir Netanyahu Trampın hava limanındakı şəklini paylaşaraq “hər zaman güclü” mesajını yazıb. Eyni paylaşımı Tramp da öz səhifəsində yayıb. Trampın Səudiyyə Ərəbistanına, ordan da İsrailə səfər etməsi ABŞ-ın yeni siyasət cizgisini göstərir. ABŞ-ın yeni prezidenti prioritet olaraq İsrailin təhlükəsizliyi və ərəb dünyası ilə yaxınlaşma olaraq gördüyü mesajını verib. Bazar günü ər-Riyadda olan Tramp ərəb ölkələri ilə böyük silah anlaşması imzalayıb, təkcə Səudiyyə Ərəbistanı ilə 10 illik silah və texniki dəstək müqaviləsinin məbləği 350 milyard dollar olub. Onun 110 milyard dolları imzalandığı gündən qüvvəyə minib.

Trampın səfəri və imzaladığı anlaşmalar ilk növbədə Amerika silah sənayesi üçün böyük bir dəstəkdir. ABŞ iqtisadiyyatı üçün 350 milyardlıq müqavilə dollar uzun müddətli və dünyada bərabəri olmayan böyük bir anlaşmadır. Ancaq eyni zamanda bu anlaşma körfəz ərəb dövlətləri üçün yeni təhlükəsizlik qarantiyası və ABŞ himayəsi deməkdir. Çünki hazırda həm Yəməndə, həm də Suriyada körfəz ərəb ölkələrinin mövqeləri ciddi şəkildə zəifləyib. Uzun müddət Suriyada müxalif güclərə verilən hərbi-siyasi və maddi dəstəyə rəğmən qalib gəlmək mümkün olmadı. İraqda hakimiyyətin dəyişdirilməsi, ölkənin bölünməsi ssenarisi uğursuz oldu. Son 3 ildə isə Səudiyyə Ərəbistanı və müttəfiq orduları ilə birlikdə Yəməndə Husi üsyançılarını məğlub edə bilmədi. Əksinə, ərəb koalisiyasının amansız hücumları nəticəsində dinc əhaliyə ağır zərbələr vuruldu, ölkə faktiki olaraq dağıdıldı. Ancaq ən müasir silah və texnika ilə silahlanmış ərəb ordusu Yəməndə husi müqavimətini qıra bilmədi. Əksinə, günü gündən zəifləyir və mövqelərini itirir, artıq Yəmən qüvvələri Səudiyyə Ərəbistanının içərilərinə hücum edirlər. İndiki mürəkkəb vəziyyətdə, ər-Riyad ölkə daxilində siyasi anlaşmazlığın dərinləşəcəyindən ehtiyat etdiyi üçün güclü xarici dəstəyə ehtiyac duyur. Amerika ilə imzalanan fantastik məbləğdə silah anlaşması krallıq üçün bir təminat anlaşmasıdır.

Məsələnin daha bir mühüm tərəfi isə daxili siyasi vəziyyətdir. Krallıq daxilində ciddi siyasi proseslər baş verir. Hətta xarici mediada kral Salmanın hakimiyyəti oğlu Məhəmmədə ötürməyə hazırlaşdığı və bu səbəbdən bəzi şəxsləri mühüm postlardan kənarlaşdırdığı, bunun isə narazılığı artırdığı haqda iddialar var. Bu mənada Trampla imzalanan anlaşma indiki hakimiyyətin özü üçün də bir “qoruma zirehidir”.

Aydın məsələdir ki, Trampın da qeyd elədiyi kimi, İran hər nə qədər bölgədə Səudiyyə Ərəbistanı ilə kəskin rəqabətdə olsa da, İranın bu ölkə üçün ciddi təhdidi mövcud deyil, hətta Yəmən məsələsində də 8 il əvvəl olduğu kimi husilərlə də anlaşmaq mümkündür. Amma hazırkı hakimiyyət anlaşmaya deyil, savaşmaya daha meylli hərəkət edir və bununla da sanki daxili problemləri ört-basdır etmək, diqqəti xaricdəki daha böyük düşmənə yönəltmək istəyir.
Bunun daha bir nümunəsi isə silah anlaşmasının doğurduğu riskdir. Məlumdur ki, müsəlman dünyasının mərkəzi ölkəsinin bu qədər həcmdə silah və maddi anlaşma imzalaması, ABŞ infrastrukturunun yenilənməsinə milyardlarla dollar ayırması müsəlman dünyasında narazılıqla qarşılanır. Üstəlik Trampın nümayişkaranə şəkildə Krallığa dəvət olunub böyük ehtiram göstərilməsi müsəlman aləmində narazılıq doğurub. Bunu ər-Riyad da bilməmiş deyil. Bütün bunları bilə-bilək risk etməsi daha böyük və əhəmiyyətli addımın olduğuna işarədir. Bu isə ehtimal olunur ki, Kralın hakimiyyəti oğluna ötürməsi ssenarisidir.

İran ərəblər üçün nə qədər təhlükəli olsa da, ona qarşı bu qədər riski gözə alan addımlar atıla bilməzdi. Üstəlik ərəblərin İrana qarşı birbaşa savaşa girməsi gözlənilən deyil, ən yaxşı halda ABŞ-İsrail koalisiyasını dəstəkləyə bilərlər. Bu isə indiki zamanda real deyil. Əslində İran indi ABŞ üçün ərəbləri daha çox təsir altına alması üçün təhlükə obyektidir. Ancaq Yaxın Şərqdə demək olar ki. bütün ölkələrin daxilində ciddi münaqişə mənbələri olduğu üçün hər bir iqtidar kənarda, özü də mümkün qədər uzaq kənarda düşməninin olmasını istəyir. Bu düşmən isə var. Ümumi mənzərəyə baxanda hər kəs “üzərinə düşən” rolu bacarıqla oynayır. Yalnız bir detal var ki, bu oyunlar getdikcə daha açıq oynanılır və prosesi kənardan izləyən sadə insanlar əslində real savaşın “din-məzhəb, vətən mübarizəsi” olmadığını daha aydın şəkildə görə bilirlər. Son günlər müsəlman fəalların, nüfuzlu media orqanlarının və analitiklərinin rəyindən də bu məyusluq və narazılığı açıq şəkildə görmək mümkündür.

Kənan Rovsenoglu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir