KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Ramiyə Məmmədova: Ermənistana dəstək Azərbaycanla münasibətləri gərginləşdirəcək

Ramiyə Məmmədova: Ermənistana dəstək Azərbaycanla münasibətləri gərginləşdirəcək

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
371 0

Bildiyimiz kimi, bu günlərdə ABŞ-ın Yaxın Şərq üzrə məşhur politoloqu, Buş administrasiyasında Pentaqonun diplomatiya üzrə katibinin müavini olmuş Maykl Doran özünün Twitter səhifəsində, 1989-cu ildə Azərbaycan-İran sərhəddinni Naxçıvan hisssəsində sərhədlərin sökülməsi ilə bağlı tarixi şəkil paylaşıb belə bir fikir yazıb: “Siz İslam Respublikası rəhbərlərinin ən böyük qorxularından birinə baxırsınız” – deyə qeyd edib.

Bu məsələyə diqqəti yönəldən politoloq Ramiyə Məmmədova Bizimyol.info saytına açıqlamasında, Maykl Duranın paylaşdığı tvit-statusun tarixi baxımdan çox maraqlı olduğunu diqqətə çatdırdı: “Bu şəkil, Azərbaycanın yaxın tarixində baş vermiş bir hadisəni yenidən bizə xatırlatdı. Bu, bir-biri ilə tarixi bağlılığı olan şimali və cənubi azərbaycanlıların bir-birinə olan sevgisinin nümayişidir. İran Azərbaycanla həmsərhəd olmasına və orada 35 milyondan çox azərbaycanlının yaşamasına baxmayaraq, müəyyən zamanlarda bizə qarşı əks mövqedə olduqlarını görmüşük. İran İslam dövləti olsa da, bizimlə eyni inancı, yəni şiəlik inancını daşımasına baxmayaraq mövqeyimiz bu ölkə tərəfindən qəbul olunmur. Uzun illərdir ki, bu siyasət davam edir. Onların əsas etimadı, Azərbaycanla düşmən olan Ermənistanadır. Bu gün də onlar Ermənistana xüsusi rəğbət bəsləyirlər. Bu da İranın fars milliyətçiliyi və fars rejimi siyasətindən irəli gəlir. Mənə elə gəlir ki, bu düşmənçilik azərbaycanlılara qarşı bəslədikləri kindən və qorxu hissindən irəli gəlir. Onlar Azərbaycanla yanaşı, ümumilikdə Türk dünyasından qorxurlar. İranda yaşayan həmvətənlilərimiz bu gün də Azərbaycanla birləşmək və bölünmüş vətəni böyük görmək istəyirlər. Bu da İranı qorxudan ən başlıca amillərdən biridir. Azərbaycanlıların hər an haqq səsini çıxarması və etirazını bildirməsi indidən İranı parçalamaq təhlükəsi ilə üz-üzə qoyur. Tarixdən də bilirik ki, İranda baş vermiş bütün inqilabların əsas rəhbərləri və aparıcı qüvvəsi Azərbaycan Türkləri olub”.

Ramiyə Məmmədova Ramiyə Məmmədova
“Azərbaycan-İran əlaqələri hazırda hansı səviyyədədir? Münasibətlərin daha da inkişaf etməsi üçün hansı siyasi-iqtisadi qərarlar var və hansı addımlar atıla bilər?”

İki ölkə arasındakı münasibətlərin o qədər də ürəkaçan olmadığını deyən politoloq qeyd etdi ki, hazırda münasibətlərin yenidən bərpası prosesi gedir: “Bir müddət əvvəl iki ölkə arasında baş verən gərginliyi hamımız yaxşı xatırlayırıq. İranın Ermənistana verdiyi dəstək, yəni Azərbaycan torpaqlarından iri yük maşınlarının keçirilməsi, düşmən tərəfə həm maddi-mənəvi, həm də silah-sursat baxımından dəstək verilməsi dövlətimizə qarşı çıxması deməkdir. İranın 30 il ərzində torpaqlarımızda, əsasən də Qarabağ torpaqlarında istədiyi kimi hərəkət etməsinin, sadə dillə desək, at oynatmasının qarşısı alınmalıdır. Onlar bu illər ərzində Qarabağdakı sərvətlərimizdən kifayət qədər yararlanıblar. Artıq bu talançılığa dövlətimiz tərəfindən son qoyuldu. Bunlarla yanaşı, dövlətimizin qonşu dövlətlərlə balanslaşdırılmış qonşuluq siyasəti çərçivəsində İran dövləti ilə də münasibətlərini yenidən inkişaf etdirməyə başladı. Rəsmi Tehran Azərbaycandan, Türkiyədən və Pakistandan gələn təzyiqləri açıq şəkildə gördü və başa düşdü ki, Qarabağdan çıxmasa, həm rəsmi Bakı ilə münasibətləri gərginləşəcək, həm də Cənubi Qafqazdakı mövqeyini itirəcək ki, bu da onlara böyük zərbə vuracaq, hətta Qarabağda reallaşdırılacaq bütün layihələrdən uzaqlaşdırılacaq. Tehranda çox yaxşı başa düşürlər ki, həyata keçirdikləri siyasət, Qarabağda gedən proseslərdəki iştirakı və Ermənistana verdiyi dəstək Azərbaycanla münasibətləri daha da gərginləşdirəcək. İran həm Moskvada, həm də İstanbul şəhərində 3+3 formatında keçirilən görüşdə iştirakı göstərdi ki, Tehran hakimiyyəti bölgədə söz sahibi olmaq və qonşularla münasibətləri yenidən quraraq inkişaf etdirməyə çalışır”.

Müsahibimiz düşünür ki, İranın azərbaycanlılara qarşı apardığı haqsız siyasət sonda onun özünə böyük zərbə vuracaq: “Baş verənlərlə əlaqədar olaraq Cənubi Azərbaycanda yaşayan həmvətənlilərimiz Tehrana daha da dərindən nifrət bəsləyirlər. İranda bu gün mövcud olan gərginlik və Maykl Duranın paylaşdığı tvit-statusundan da göründüyü kimi, Araz çayı vasitsi ilə bir dövlətin və bir xalqın iki yerə bölünməsi çox ciddi problemlər yaradır. Vaxt gələcək, Araz çayının hər iki tərəfi birləşməyə və bir araya gəlməyə çalışacaq. İran rejimindən və bu ölkədə baş verən proseslərdən azərbaycanlılar o qədər beziblər ki, hər an ayağa qalxmağa, birləşmək şüarları səsləndirməyə hazırdırlar. Onlara öz dillərində danışmağa, məktəblər açmağa, öz milli mədəniyyətlərini nümayiş və inkişaf etdirməyə icazə vermədikləri üçün Azərbaycana qaçıb gəlmək istəyirlər. Artıq bir çoxu rejimin zülmündən qaçaraq Türkiyəyə getməyə başlayıblar. Bu gün Türkiyədən ev alan xarici vətəndaşların böyük əksəriyyəti İran azərbaycanlılarıdır. Bütün bunlardan İran nəticə çıxarmalı və başa düşməlidir ki, soydaşlarımıza etdikləri zülm sonda öz başlarında partlayacaq. Mənə elə gəlir ki, bu zülm rejimi ordakı soydaşlarımızın əli ilə devriləcək”.

Rövşən Ziya, Bizimyol.info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir