Türkiye – Özbekistan İlişkilerinde Bahar Ayları

Putin’den 10 yıl önce ince “Kırım” uyarısı: Karşılık veririz

ƏRDOĞANDAN PUTİNƏ İKİ TƏKLİF: QARABAĞ VƏ TÜRKMƏNİSTAN

Iran-Azerbaijan Energy Relatıons ın the post-sanctions era

Putin və Ərdoğanın üz-üzə qaldığı dördüncü nöqtə: “Yeni savaş

Gündem 20 Nisan 2021
27

“Ermənistan dağılmağa doğru gedən bir ölkədir, bunun qarşısını alan isə Rusiyadır. Ermənistanın kiminsə qabağında yox, öz ayaqları üstə dayanmağa nə maddi, nə də mənəvi gücü var. Ermənistan nə Azərbaycan, nə də Türkiyənin qabağında dayana bilər. Bu mümkün deyil”.

Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Ermənistanda seçki yaxınlaşdıqca, Baş nazir Nikol Paşinyanla keçmiş hakimiyyət nümayəndələri arasındakı mübarizə də kəskinləşir. Sizcə, bu mübarizə ölkə daxilində qarşıdurmaya gəlib çıxa bilərmi?

– Ermənistanın siyasi həyatı iki cəbhəyə bölünüb. Bir tərəfdə dayanan siyasi qüvvələr Rusiyanı, digərləri də Qərbi təmsil edirlər. Əlbəttə, hər iki tərəfin məqsədi səsçoxluğuyla parlamentə daxil olmaqdır. Amma cəmiyyət daxilində ziddiyyətlər və parçalanma elə dərinləşib ki, ermənilər kimə səs verəcəklərini bilmirlər. Çünki 44 günlük müharibəyə birbaşa müdaxilə etməyən Rusiyanı satqın kimi qəbul edirlər. Ermənilərin iddiasına görə, Rusiya bu müharibənin başlamasına göz yumdu, nəticədə Qarabağı “itirdilər”. Rusiyanı “düşmən” kimi qəbul edən ermənilər həm də onu anlayırlar ki, ruslar olmasa, Ermənistan tam batar. Amma qənaətimə görə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın üzləşdiyi problemlər dərinləşməkdə davam edəcək. Ümumilikdə isə keçmiş hakimiyyət nümayəndələri ilə Paşinyan arasındakı kəskinləşən mübarizənin qarşıdurmaya səbəb olacağını düşünmürəm. Amma ziddiyyətlər və daxili gərginliyin bir qədər də artacağını deyə bilərəm.

Seçkilərə gəldikdə, Rusiya Paşinyanın qalib gəlməsində maraqlı kimi görünür. Çünki Paşinyan bir anlaşmaya imza atıb, yəni üzərinə bir missiya götürüb. O, bu missiyanı axıradək yerinə yetirməsə, bunlar Türkiyə və Azərbaycanla əlavə problemlərin yaranmasına gətirib çıxaracaq. Ermənistan bu ölkələrlə əlaqələrini bərpa etməsə, uzun illərdir qaldığı blokada daha da dərinləşəcək və müharibə riski aradan qalxmayacaq. Bunun baş verməməsi üçün isə Ermənistan Türkiyə və Azərbaycana qarşı qondarma iddialarından imtina etməlidir. Ermənistanın gələcəyi bu yöndə hansı qərarı verməsindən asılı olacaq.

– Qalib gəlmək şansı yüksək qiymətləndirilən Paşinyanın seçildikdən sonra xarici siyasəti hansı yöndə olacaq: əvvəlki – anti-Rusiya siyasətini davam etdirib Qərbə yaxınlaşacaq, yoxsa Moskvadan asılılığı daha da artacaq?

– Paşinyan qərbyönümlü siyasətçi kimi tanınır. Məlumdur ki, o, Qərbdən aldığı dəstəklə hakimiyyətə gəlib. Lakin Paşinyanın özü də bu müddət ərzində gördü ki, Ermənistan Rusiyasız heçdir. Yəni Ermənistan dağılmağa doğru gedən bir ölkədir, bunun qarşısını alan isə Rusiyadır. Ermənistanın kiminsə qabağında yox, öz ayaqları üstə dayanmağa nə maddi, nə də mənəvi gücü var. Ermənistan nə Azərbaycan, nə də Türkiyənin qabağında dayana bilər. Bu mümkün deyil.

Hesab edirəm ki, Paşinyan seçkilərdə qalib gəlsə, Qərb və Rusiya arasında ortaq bir xətt tutmağa çalışacaq. Çünki onun nə tam şəkildə Qərbə yönəlmək imkanı var, nə də tam şəkildə Rusiyadan imtina etmək. Rusiya olmasa, nəinki Paşinyanın özünün, Ermənistanın varlığı şübhə altına düşəcək. İndiki məqamda rusların Zəngəzurda ikinci hərbi baza qurması ilə bağlı məlumatın dövriyyəyə buraxılması da təsadüfi deyil. Əlbəttə, bunun Ermənistanın istəyi olduğunu, amma əsas fikrin Rusiyadan gəldiyini düşünürəm. Bu isə o deməkdir ki, Ermənistanın Rusiyadan asılılığı daha da artacaq. Vaxtilə Paşinyanı hakimiyyətə gətirən Qərb və Soros da bunun qarşısında heç nə edə bilmir. Yəni sabah Rusiya geri çəkilsə, Ermənistan Türkiyə və Azərbaycanla üz-üzə qalmalı olacaq. Bunu isə Ermənistanda kimsə istəmir, o cümlədən Paşinyan.

– Rusiya Türkiyə ilə münasibətləri niyə gərginləşdirir? Beynəlxalq təzyiqlərin artdığı bir vaxtda bu, onun nəyinə lazımdır? Ümumiyyətlə, bu gərginliyin miqyası nə qədər böyüyə bilər?

– Tarixi təcrübə də göstərir ki, Rusiya və Türkiyə heç vaxt dost olmayıb. Ara-sıra yaxınlaşmalar olur ki, bunlar da siyasi maraqlardan irəli gəlir. Amma Qarabağdakı müharibədən əvvəl Suriya və Liviyada gedən proseslər də göstərdi ki, ruslar və türklər müəyyən məqamlarda sövdələşməyə gedə bilirlər. Burada Türkiyə və Rusiya liderləri arasındakı münasibət və onların yürütdükləri siyasətdən də çox şey asılıdır. Ərdoğan və Putin arasında normal və balanslaşdırılmış əlaqələr var. Yəni müəyyən məqamlarda bir-birini anlaya, qarşılıqlı güzəştlərə gedə bilirlər. Hər iki lideri üz-üzə gətirən üçüncü nöqtə Qarabağ oldu. Rusiya Qarabağdakı son müharibədən sonra Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi. Rusiya bundan sonra bunu dana bilməz. Türkiyəni Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa Rusiyanın gücü çatmaz. Bu gün həmin güclü Türkiyə Azərbaycanın yanındadır. Azərbaycan istədiyi müddətə qədər də bu belə olacaq.

İndi isə Rusiya və Türkiyə Ukraynada üz-üzə qalıb. Daha doğrusu, Türkiyənin Ukraynaya verdiyi dəstək Rusiyanı qıcıqlandırır, narahat edir. Amma bu etirazlara baxmayaraq, Türkiyə açıq şəkildə bildirir ki, Ukraynanın, Krım tatarlarının yanındadır. Rusiya isə ən azı onu istəyir ki, Türkiyə onu dəstəkləməsə də, heç olmasa, bitərəf qalsın. Amma Türkiyə Rusiyanın bu istəyinə getmir. Ümumiyyətlə, Ukrayna məsələsi olmasa belə, Türkiyə və Rusiyanın dost olması mümkün deyil. Amma Rusiya Türkiyə ilə münasibətlərini qıra da bilmir, bunda da iqtisadi maraqları önəmli rol oynayır. Bu gün Rusiyanın Avropaya əsas çıxış qapısı Türkiyədir. Rusiya bu maraqlarını nəzərə alaraq, Türkiyə ilə gərginliyi çox da dərinləşdirməməyə çalışır. Buna görə də, mövcud gərginliyin diplomatik müstəvidən o tərəfə keçəcəyini düşünmürəm.

– Ukrayna ətrafında yaranmış gərginlik Rusiyaya qarşı beynəlxalq təzyiqləri sərtləşdirib. Sizcə, bununla Rusiyanı dayandırmaq mümkün olacaqmı, yoxsa, bunlar rusları daha da aqressivləşdirəcək?

– Bu məsələdə beynəlxalq səviyyədə Rusiyaya göstərilən təpki və təzyiq kifayət qədər sərtdir. Krım və Donbas məsələləri həllini tapmadıqca da, bu təzyiqlər getdikcə artacaq. Amma buna baxmayaraq, Bayden Putini görüşə çağırdı. Bu isə onu göstərir ki, dünyanın iki nəhəng hərbi gücü üz-üzə gəlmək niyyətində deyil. Təzyiqlərə gəldikdə, bunun ABŞ və Avropa Birliyi tərəfindən bundan sonra da davam etdiriləcəyini düşünürəm. Çünki Rusiya Krımı qaytarmaq niyyətində deyil. Bu təzyiqlərin miqyasından asılı olmayaraq, Rusiya bu məsələni bitmiş hesab edir.

Donbasa gəldikdə, bu yöndə ehtimal olunan savaş Ukraynaya əlavə itkilər yaşada bilər. Bu, irimiqyaslı müharibə deməkdir. İndi Ukrayna çalışır ki, vəziyyət bu həddə gəlib çatmasın. Ukrayna Qərbdən çox Türkiyədən dəstək gözləyir. Amma Türkiyənin Azərbaycana verdiyi dəstəyi Ukraynaya da verəcəyini düşünmürəm. ABŞ-ın da buna Ukraynaya görə Rusiya ilə savaşa gibi irəcəyini zənn etmirəm.

Mənsur Rəğbətoğlu

Yorumlar