Ermənistanın baş naziri Nikol Paşinyan son bir ayda dünyanın müxtəlif televiziya kanallarına, radiolarına, qəzetlərınə xeyli müsahibə verib. Paşinyan ona olan maraqdan gen-bol istifadə edir. Müsahibələrin əksəriyyətini izləmişəm və ya oxumuşam. Paşinyan müsahibələrində Azərbaycan əleyhinə xeyli fikir söyləyib, Ermənistanın mövqeyinin haqlı olduğunu iddia edib. Əlbəttə, Paşinyanın yalan danışdığı aydındır, məsələn son müsahibəsində “Ermənistanda bir azərbaycanlının burnu belə qanamayıb” deyəndə bunun necə böyük yalan olduğunu bilirik. Ancaq bunun yalan olduğunu biz bilirik, bu arqumenti darmadağın edən kifayət qədər fakta malikik. Ancaq xarici ölkələrdə bunu bilmirlər və beləcə münaqişəyə Paşinyanın müsahibədə dediyi sözlərlə baxırlar.
Biz bu yalanların qarşısını almaq və Paşinyan kimi Azərbaycandan da verilən müsahibələrin sayını artırmaq əvəzinə xarici işlər nazirimiz Elmar Məmmədyarov deyir ki, “Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan məndə peşəkar diplomat təəssüratı yaradıb”. Bəlkə də Zöhrab Mnatsakanyan Elmar Məmmədyarovun dediyi kimi Edvard Nalbandyandan daha peşəkardır, ancaq bunun bizə nə faydası var? Onlar bizim əleyhimizə yalanlarını səsləndirirlər, biz isə onların “peşəkarlıqlarından” dəm vururuq.
Elhan Şahinoğlu