KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Livan, İraq və İran etirazlarını nə birləşdirir

Livan, İraq və İran etirazlarını nə birləşdirir

Gülnara İnanç Gülnara İnanç - - 11 dk okuma süresi
268 0

Noyabrın ortalarında İranda başlayan kütləvi etirazlar səngisə də ölkə içində inkişaf edən proseslər və dünyanı yönəldən güclərin bölgə uğrunda mübarizəsi olayların davam edəcəyini deyir.

Tehran hakimiyyəti xarici qüvvələrin ölkədəki iştişaşlarda əli olduğunu bəyan etdi. İlk baxışdan şablon görünən və etimadsızlıqla qarşılanan bəyanat əslində oyunların İran coğrafiyasından kənarda dövran etdiyinə və Tehran hakimiyyətini sıxışdırıb çəmbərə salmaq niyyəti güddüyünə işarədir.

Bu, heç də iranlıların yaşayışlarında məmnun olduqları və hazırki iqtidardan razı olduqları demək deyil. Sadəcə olaraq manipulyatorlar insanların narazılıq hisslərindən bölgəyə yeni cizgi vermək üçün və İranı içəridən dəyişmək üçün istifadə edirlər.

Elə isə qeyd edək ki, İranda yanacağın qiymətinin qalxmasının səbəb olan kütləvi etirazlar ilə demək olar ki, paralel İraq və Livanda bənzər xalq manifestasiları vardı. Bütün bu kütləvi aksiyaların mayasında sosial tələblər, hökumətin istefası dursa da, məsələnin arxasında Yaxın Şərqin bölüşdürülməsində iştirak edən güclərin İranın bölgədəki nüfuzunu zəiflətmək cəhdi durur.

Məsələn, İraqdakı etiraz aksiyalarında İran əleyhinə şüarlar səsləndirilib. Yeri gəlmişkən hər 3 ölkədəki etirazlarda bəzi fərqlər olmaqla şüarlar çox oxşardır.Mitinqçilərin qənaətincə , hazırki İraq hökuməti Tehrandan dəstək alır. İraq və Livan aksiyalarında şüarlarında belə oxşarlıq var. Bağdadın Təhrir meydanında isə aksiyaçıların trasporantlarından birində belə bir yazı olub: «Beyrutdan Bağdada qədər korrupsiyaya qarşı vahid inqilab ».1.

Oktyabr ayının sonlarında İraq parlamentində təmsil olunan Muktada Əs Sədrin şiə partiyası və İraq kommunist partiyasından olan deputatların birləşdiyi “Sayerun” bloku xalqın tələbləri müzakirə olunmayana qədər parlamentin binasını tərk etməyəcəklərini bildiriblər.2.

Görünür ki, Əs-Sədr prosesləri nəzarətdə saxlamaq üçün təşəbbüsü ələ almağa çalışıb.

Diqqət çəkən başqa bir məsələ isə, İraqdakı aksiyaların şiələrin sıx yaşadığı və ölkənin cənubunda yerləşən və İranın təsir dairəsində olan Qut, Ən- Nəcəf, Divaniyə, Nasiriyə və Bəsrədə baş verməsidir.

Oktyabrın sonlarında Beyrutda hökumət əleyhinə aksiyaların iştirakçıları ilə hərbiləşdirilmiş şiə hərəkatı “Hizbullah” tərəfdarları araşında baş verən toqquşmada bir neçə nəfər xəsarət almışdı. Bu təşkilatın lideri Hasan Nasrulla isə iddia edir ki, Beyrutda keçirilən kütləvi aksiyalar ölkədəki xarici səfirliklər və bəzi Livan partiyaları tərəfindən maliyyələşir. 3.

Livan Demokrat Hərəkatının lideri Jacques Tamer də ölkədəki etirazların xaricdən dəstək aldığını dilə gətirib : “Ölkədə getdikcə fəallaşan sosial-siyasi etirazların nəyi hədəf aldığı hələ məlum deyil. Böyük ehtimalla onlar xarici güclər tərəfindən nəzarət olunur. ABŞ təmsilçilərinin Livanda fəaliyyət göstərdiyini və ölkədəki qarışılığı maliyyələşdiyi fikrindəyəm.” 4.

Noyabrın əvvəlində isə Livanın baş naziri Saad Həriri Səudiyyə Ərəbistanına səfəri zamanı qəfildən istefa verib və bu qərarının səbəbini “Hizbullah” tərəfindən həyatı üçün təhlükə olacağından qorxması ilə bağlayıb. O, atası Rafik Həririnin 2005-ci ildə “Hizbullahın” təşkil etdiyi teraktda həlak olduğunu xatırladıb.5.

Göründüyü kimi, Ər-Riyadda İranın Livandakı təsiri müzakirə olunub.

Qeyd edək ki, Livanda 2015-ci ildə formalaşan milli barışıq koalisiya hökumətinin tərkibinə əksər partiyalarla birgə “Hizbullah” da daxildir. Belə ki, “Hizbullah” vasitəsilə Tehranın Livanda təsirini gücləndirməsi üçün meydan var. Əslində, “Hizbullah” ın təhlükə olduğu deyiləndə İran nəzərə tutulur.

İran bölgədə şiələrin himayədarı kimi çıxış edir və tələb olunan dəstəyi göstərir. Tehran hakimiyyətini zəiflətmək istəyən güclər bunun üçün İranın regiondakı dini əsaslara dayanan qollarını kəsmək istəyir.

Bir fakta diqqət çəkmək lazımdır ki, İranda da son üç ildə baş verən etirazlar şiələrin müqəddəs ibadətgahları və mühafizıkarların mərkəzi sayılan, hazırki iqtıdarın arxalandığı Məşhəd və Qumda da geniş yayılmışdı.

Qərbin bölgədəki aparıcı partnyoru olan İsrail hadisələrə artıq avqustdan təkan vermişdi. İsrailin pilotsuz təyyarələri və qırıcıları artıq avqustun 25-də Livanın ərazilərinə daxil olmuş və dronlardan biri “Hizbullahın” informasiya mərkəzi yaxınlığında partlamışdı. Bir gün sonra isə İsrail qırıcıları Qəzzə bölgəsində Həmas hərəkatının hərbi bazasına zərbə endirmişdi. Qeyd edək ki, bu əməlyyatlar qısa fasilələrlə hələ də davam edir.

Elə həmin gün İsrail hərbi-hava qüvvələri Suriyanın Akrab şəhərindəki şiə qruplaşmalarına və İranın “Əl Qüds” qüvvələrinə zərbə endirmiş və onları preventiv tədbirlər adlandırmışdı.6.

İsrail İraq ərazisində İranla əlaqəli olan “Xalq səfərbərliyi gücləri”nin bazaları yaxınlığında kəşfiyyat apparmağa çalışsalar da İraq hərbi-hava qüvvələri təyyarəyə atəş açıblar.7

Beləliklə, bir neçə gün ərzində İsrail qüvvələri İranın tərəfdaşı olan Suriya, Livan, İraq və Fələstində hərbi əməliyyatlar aparıb. İsrail hərbçilərinin fikrincə, Livan “Hizbullahı” ilə son qarşılıqlı atışmalar 2006-cı ildən bəri baş vermiş ən ciddilərindən biridir.8.

İsrail Livanla sərhəddində yerləşən bazalarındakı hərbi texnikanın sayını artırmasını “Hizbullah” və onun müttəfiqlərinə qarşı genişmiqyaslı bir əməliyyat hazırlandığına işarədir.

Ər-Riyadla İranın Yəməndə xusilər , Suriyada isə mövcud iqtidara münasibətdə maraqlarının toqquşması isə çoxdan məlum bir faktdır.

Sentyabr ayının sonlarında Səudiyyə Ərəbistanının neft obyektləri vuruldu. Yəmənin xusi silahlıları hücum aktına görə məsuliyyəti üzərlərinə götürsələr də, Ər-Riyad rəsmiləri zərbənin xusilərin yerləşdiyi cənub istiqamətindən deyil, şimaldan vurulduğunu bildiriblər. Bundan əlavə , krallığın rəsmilərinin təsbitinə görə, raket zərbələri İran ərazisindən atılıb və silahlar da bu ölkənin istehsalıdır.9

Rəsmi Tehran öz növbəsində Ər-Riyadın ittihamlarını əsassız adlandırdı.

Əvvəldə qeyd etdiyimiz Həririnin Səudiyyə Ərəbistanda səfərdə olarkən istefa verməsində Səud ailəsinin məqsədi Livanda İranın təsirini minimuma endirməkdir.

Fransanın xarici işlər naziri Jan -İv Le Drian Saad Həririnin istefasının Livanda böhranı daha da ağırlaşdıracağını vurğulaması 10 “Hizbullahın” istefadan narahatlığının səbəbini aydınladır.

Əslində, Livanda çətinliklə qorunan siyasi istiqrar pozularsa, ölkənin parçalanmaq təhlükəsi var. Bu halda hazırda iqtidarda təmsil olunan “Hizbullah” in ictimai-siyasi gücü əhəmiyyətini itirəcək.

“Hizbullah” rəhbərliyi sözügedən istefada Səud sülaləsini ittiham etdi və bununla da həm qonşu ölkənin, həm də şiə qruplaşmasının özünün proseslərdə maraqlı olduqlarını sübut etdi.

Səuduyyə Ərəbistanının kralı Salman ben Abdel Azizin dekabrın 10-da Fars Körfəzi dövlətləri əməkdaşlıq şurasının dövlət başçılarının 40-cı sammitinin açılışında dedikləri yuxarıda qeyd olunan fikirləri bir daha təsdiqləyir: “Bölgə dövlətləri o cümlədən İranın siyasətindən doğan təhlükəsizlik və stabilliyə təhdidlərlə birgə mübarizə aparmalıdır. Fars körfəsi regionu mürəkkəb inkişaf dövrünü yaşayır. Bu isə bölgə dövlətləri və bütün dünya birliyinin sax əməkdaşlığını tələb edir. İranın hövzə ətrafında səbatı pozmaq kimi düşmənçilik cəhdləri və Tehranın terrorizmi dəsrəkləməsi fonunda çağırışlara qarşısəylərimizi birləşdirmək vacibdir”.11

Türkiyə isə bu arada Suriyanın şimalında PKK / PYD-YPG terrorçularına qarşı “Sülh bulağı” adlı hərbi əməliyyatlara başladı. Ankara həmin əməliyyatları şərh edən İran prezidenti, xarici işlər naziri və ruhani lider Xameneyinin PKK / PYD-YPG yerinə “kürd xalqı” ifadəsini işlətməsindən narazı qaldı. Xameneyi cümə xütbəsində “Türkiyə Osmanlı xəyalları ilə yaşayır. Türkiyə həmən Suriyadan çıxmalıdır” dedi.

Tehranda polisin nəzarətində kürdlərin sıx yaşadığı məhəllələrdə Türkiyə əleyhinə şüarlar səsləndirildi və Türkiyə bayrağı yandırıldı, səfirliyinin binasının divarlarına Türkiyə əleyhinə şüarlar yazıldı . 12
Maraqlıdır ki, bu ilin mart ayında Türkiyə və İran PKK\PJAK-a qarşı birgə əməliyyat həyata keçirmişdi. İndi isə Tehran terrorçu kəlməsindən imtina etdi.
Çünki Tehran “Sülh bulağı” əməliyyatının pərdəarxasında qalan səbəblərdən biri kimi Suriyada İranın mövqelərini zəiflətmək olduğunu gördü.

Prosesləri analiz edərkən İranı eyni vaxtda müxtəlif cəbhələrdən sıxışdırmaq cəhdi görünür. İranın bölgədəki dayaqlarını sarsıtmaq cəhdi isə planın birinci mərhələsidir.

Gülnara İnanc, “Etnoqlobus” Beynəlxalq onlayn analitik mərkəzin direktoru, ekspert
Mənbələr:

1. https://www.dw.com/ru/%D0%B2-%D0%B8%D1%80%D0%B0%D0%BA%D0%B5-%D0%B2%D0%BE%D0%B7%D0%BE%D0%B1%D0%BD%D0%BE%D0%B2%D0%B8%D0%BB%D0%B8%D1%81%D1%8C-%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BF%D1%80%D0%B0%D0%B2%D0%B8%D1%82%D0%B5%D0%BB%D1%8C%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D1%8B%D0%B5-%D0%BF%D1%80%D0%BE%D1%82%D0%B5%D1%81%D1%82%D1%8B/a-51290031

2. https://www.bbc.com/russian/news-50199592

3. https://ru.euronews.com/2019/10/26/lebanon-protests-continue

4. https://tr.topwar.ru/164840-tel-aviv-i-zabytaja-neft-livana.html

5. https://www.dw.com/ru/%D1%81%D1%82%D0%B0%D0%BD%D0%B5%D1%82-%D0%BB%D0%B8-%D0%BB%D0%B8%D0%B2%D0%B0%D0%BD-%D1%8F%D0%B1%D0%BB%D0%BE%D0%BA%D0%BE%D0%BC-%D1%80%D0%B0%D0%B7%D0%B4%D0%BE%D1%80%D0%B0-%D0%BC%D0%B5%D0%B6%D0%B4%D1%83-%D1%8D%D1%80-%D1%80%D0%B8%D1%8F%D0%B4%D0%BE%D0%BC-%D0%B8-%D1%82%D0%B5%D0%B3%D0%B5%D1%80%D0%B0%D0%BD%D0%BE%D0%BC/a-41343454

6. https://www.gazeta.ru/army/2019/08/27/12604771.shtml
7. https://www.gazeta.ru/army/2019/08/27/12604771.shtml
8. https://www.gazeta.ru/army/2019/08/27/12604771.shtml
9. https://www.bbc.com/russian/news-49785873
10. https://ria.ru/20191029/1560369669.html
11. https://www.aa.com.tr/ru/%D0%BC%D0%B8%D1%80/%D1%81%D0%B0%D1%83%D0%B4%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%B8%D0%B9-%D0%BA%D0%BE%D1%80%D0%BE%D0%BB%D1%8C-%D0%BF%D1%80%D0%B8%D0%B7%D0%B2%D0%B0%D0%BB-%D0%BA-%D0%B1%D0%BE%D1%80%D1%8C%D0%B1%D0%B5-%D1%81-%D1%83%D0%B3%D1%80%D0%BE%D0%B7%D0%BE%D0%B9-%D0%B8%D1%80%D0%B0%D0%BD%D0%B0/1669705

12. https://www.aa.com.tr/tr/analiz/baris-pinari-harekati-iranda-karsit-gruplari-birlestirdi/1615975

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir